Hamını mat qoyan cansız həkim - “Borjomi”
Bizi izləyin

İqtisadi gündəm

Hamını mat qoyan cansız həkim - “Borjomi”

“Borjomi” mineral süfrə sulları Gürcüstanda Borjomi dərəsində yer səthinə çıxan təbii sodalı sudur. Bu sular Borjomidə Gürcüstan Şüşə və Mineral Su şirkətinin zavodlarında qablaşdırılır və dünyanın 130-dan çox ölkəsinə ixrac edilir. Əslində gündəlik həyatımızda istifadə etdiyimiz ”Borjomi” süfrə suları haqqında bildiklərimiz elə bundan uzağa getmir.

Publika.Az ”Borjomi” süfrə suyunun mineral su bazarında brendə çevrilməsinin maraqlı tarixçəsini və unikal istehsal prosesi ilə bağlı məlumatları oxucularına təqdim edir.

Hərbiçilərin tapdığı bulağın suyu dünyada brend oldu

“Borjomi” markası adı altında mineral süfrə sularının istehsalına 120 il əvvəl başlanılıb. Tarixi qaynaqlar isə Borjomi mineral bulaqlarının min ildən çoxdur aşkar edildiyin göstərir. Belə ki, XX əsrin əvvəllərində tapılan 7 daş vanna Borjomi mineral bulaqlarının mövcudluğunun birinci minilliyinin başlanğıcına təsadüf etdiyi faktını ortaya qoyur.

Lakin həmin vaxtlarda bu sudan içmək üçün deyil, çimmək üçün istifadə edildiyi güman olunur. “Borjomi”yə içməli su kimi “həyatı” hərbçilər bəxş edib. 1829-cu ildə Xerson Qrenader alayının əsgərləri Borjomka çayının sağ sahilində mineral su bulağı tapırlar. Polkovnik P.Popov bununla maraqlanır, onun təmizlənməsini, suyun butulkalarda alaya daşınmasını əmr edir. Mədə xəstəliklərindən əziyyət çəkən polkovnik mineral suyun təsirini ilk olaraq öz üzərində sınayır. Su ona müsbət təsir göstərdiyindən bulağın ətrafının daşlarla dövrələnməsini, özü üçün yaxınlıqda hamam və kiçik ev tikilməsini əmr edir.

1837-ci ildə Xerson alayı gürcü qrenaderləri ilə əvəz edildiyindən alay həkimi Əmirov bulaqdan əldə olunmuş suyun tərkibini, təsirini araşdırmağa başlayır. O, suyun ilk nümunələrini Peterburqa göndərir.1841-ci ildə su o qədər məşhurlaşır ki, çarın Qafqazdakı canişini öz qızını müalicə üçün bu yerlərə gətirir. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olmasa da, su qıza çox kömək edir. Canişin birinci bulağı qızının şərəfinə “Yekaterina bulağı”, həmin vaxtda aşkar edilmiş və ətrafında abadlıq işləri aparılan ikinci bulağı isə öz şərəfinə “Yevgeni bulağı” adlandırır. Artıq şöhrəti Peterburqa yayılan “Borjomi” rus çarı Mixail Romanovun da diqqətini çəkir.

1894-cü ildə ərazidə zavod tikilir. Həmin zavod XX əsrin 50-ci illərinə qədər fəaliyyət göstərir. Tarixi qaynaqlara görə, ilk vaxtlar zavodda suyun istehsalı qismən mexanikləşdirilib. Sular əllə, üfürmə üsulu ilə hazırlanan butulkalara qablaşdırılıb. Bununla belə “Borjomi” dünyada tanınmış markaya çevrilməyə nail olub. Gürcüstanın sovetləşdirilməsi “Borjiomi” süfrə suyunun populyarlığını zəiflətməyib. Dəyişən yalnız istirahətə gələnlərin yüksək təbəqəsi və statusu olub. Romanovu Stalin əvəz edib. O da bu suyu çox sevirmiş. Kremlin bircə tədbiri belə “Borjomi”siz keçmirmiş.

“Borjomi” 130 ölkəyə göndərilir

1990-1995-ci illərdə Gürcüstandakı daxili iqtisadi çətinliklər “Borjomi”nin istehsalını kəskin azaltdı. Lakin 1995-ci ildən “Georgian Glass & Mineral Water Co. N.V.” şirkəti iki sudoldurma zavodunda “Borjomi” istehsalını bərpa etdi. O vaxtdan başlayaraq suyun istehsalı 40 dəfə artdı.

2006-cı ilin may ayında Rusiyadakı İstehlakçıların Müdafiə Federal Agentliyinin "Borjomi"nin, o cümlədən Gürcüstanda istehsal olunan bütün məhsulların satışına tətbiq etdiyi qadağa süfrə suyunun ixracında 60% itkiyə səbəb olsa da, şirkət öz satışını genişləndirməyi, yeni bazarlar qazanmağı bacardı. “Borjomi” süfrə suları Mərkəzi Asiya, Avropa İttifaqı ölkələrinə ixrac edilməyə başladı. Hazırda “Borjomi” MDB və Baltik ölkələrində ISO 22000 beynəlxalq standartına cavab verən birinci mineral su hesab olunur. “Borjomi” süfrə suları mineral su bazarının 30%-ni təşkil edir. Dünyanın 130-dan çox ölkəsinə ixrac olunur.

2008-ci ildə təkcə Azərbaycan bazarında 5 milyon “Borjomi” süfrə suyu satılıb. Yeri gəlmişkən, 2009-cu ildə Gürcüstan hökuməti tərəfindən elan olunan hərrac nəticəsində “IDS Borjomi Gürcüstan” "Borjomi"nin istehsalı və doldurulması üçün 25 illik lisenziya əldə edib.

Süfrə suyunun tərkibi 1830-ci ildən bu tərəfə dəyişməyib

“Borjomi” süfrə suyu təbiətin möcüzəsi olduğundan onun hansı şəraitdə istehsal edilməsi insanlara maraqlıdır. Əslində “Borjomi” təbii xüsusiyyətlərinə görə vulkanik mənşəli mineral sudur. Onu dərinlikdən yer səthinə təbii karbon qazı sıxışdırıb çıxarır. Bir çox digər hidrokarbonatlı natriumlu mineral sulardan fərqli olaraq, “Borjomi” yerin altında soyumağa imkan tapmadan “yol boyu” Qafqaz dağlarının süxurlarında olan 60 müxtəlif mineral növü ilə zənginləşərək yer səthinə çatır. 200 m-dən 1500 m-ə qədər dərinliyi olan doqquz quyudan hasil olunur. Suyun təbii termal tempraturu 38-40 dərəcə təşkil edir. Su dərədən zavoda 25 kilometrlik boru kəməri vasitəsi ilə ötürülür. Zavodlara çatdırıldıqdan sonra soyudulur, təbii karbon-dioksid qazı ilə zənginləşdirilərək qablaşdırlır. Onu da bildirək ki, "Borjomi"nin mineral tərkibi 1830-ci ildən bu tərəfə dəyişməyib.

“Borjomi” həm də artıq çəkidən xilas edir

Elmi araşdırmalar göstərir ki, “Borjomi” yerin dərin qatlarındakı minerallaşmış, müasir şirin və az minerallaşdırılmış suların iştirakı ilə əmələ gəlir. Bu süfrə suyu öz xüsusi tərkibinə, şəfaverici xüsusiyyətlərinə görə Fransadakı Vichy-Grande-Grille bulağının və Almaniyadakı Sileziya bulağının məşhur müalicə suyundan heç də geri qalmır. Təsadüfi deyil ki, hələ yüz il bundan öncə Borjomi dərəsindəki kurort avropalılar tərəfindən “rus Vişisi” adlandırılırdı. “Borjomi” süfrə suyu həzm sistemi xəstəliklərinin, həmçinin maddələr mübadisləsinin profilaktikası və müalicəsində, bədənin müqavimətinin gücləndirilməsində müalicəvi əhəmiyyətə malikdir. Süfrə suyunun artıq çəkinin azaldılması kimi təsirləri də var.

Diyetoloq mütəxəssislərin fikrincə, çəkisi çox olan insanların orqanizmlərində su tərkibi hədsiz dərəcədə azaldığından, onlar daha çox su içməlidirlər. Bu halda tərkibində “Borjomi” süfrə suyu kimi karbon, hidrogen sulfid, hidrokarbonat və natrium sulfat ionları olan mineral suya üstünlük verilməlidir. Çünki su karbohidrat və lipid mübadiləsinə müsbət təsir göstərir, adenozintrifosfor turşusunun yaranmasını gücləndirir. Bütün bunlarla bərabər “Borjomi” gündəlik istifadədə də yararlıdır. Bu suyun tərkibində kalsium 100 mq-dan azdır ki, bu da onun süfrə suyu kimi istifadəsini vacib edir.

Leyla

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm