Dünyamızı elə gözəlləşdirirdi ki... - Londonda Humay Quliyevanın xatirə gecəsi keçirilib
Bizi izləyin

Hadisə

Dünyamızı elə gözəlləşdirirdi ki... - Londonda Humay Quliyevanın xatirə gecəsi keçirilib

Martın 15-də Londondakı “Frontline Club”da Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, 2021-ci ilin martında Kolumbiyanın Medellin şəhərində faciəli şəkildə həlak olmuş Humay Quliyevanın xatirə axşamı keçirilib.

Vaxtı ilə bp şirkətinin Bakı ofisində Humayın çalışdığı sahəyə rəhbərlik etmiş Kler Bebbinqton və İngiltərədə yaşayan dostların dəvəti ilə Humayın anası, “Huma quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova tədbirdə iştirak məqsədi ilə Londona gəlib.

Görüş yeri kimi məhz “Frontline club”un – ön cəbhə jurnalistləri klubunun seçilməsi təsadüfi sayıla bilməz. Bura qısa həyatında dünyanın qaynar nöqtələrində çalışmış Humayın ruhuna və fəaliyyətinə uyğun bir məkandır.

Xatirə axşamında əvvəldən sona qədər xüsusi bir istilik, dostluq və səmimiyyət əhval-ruhiyyəsi hökm sürürdü. Dostları və həmkarları Humay haqda yaddaşlarında dərin iz buraxmış maraqlı xatirələrini bölüşdülər.

“Hiss edəndə ki, kiminsə ağır vəziyyətini yüngülləşdirə bilmisən, bu elə sevinc mənbəyidir ki, ölçüb qurtarmaq mümkün deyil”.

Humayın – həmişə insanların köməyinə yetməyə, ürəyinin odu ilə onları isindirməyə çalışan gənc, ağıllı, güclü və cəsarətli qızın bu sözləri onun şəxsiyyət və xarakterini uzun-uzadı təsvirlərdən daha yaxşı ifadə edir.

İki nüfuzlu ali məktəbi – Türkiyənin Bilkent universitetini bakalavr, ABŞ-ın məşhur Kolumbiya universitetini magistr dərəcəsi ilə başa vuran Humay müxtəlif vaxtlarda bp-nin Bakı ofisində, Vaşinqtonda Dünya Bankında, “Financial Times” qəzetində, Azərbaycan Mərkəzi Bankında işləmişdi. Parlaq təhsili, bir neçə xarici dili mükəmməl bilməsi, insanlarla asan ünsiyyət qurmaq bacarığı, təşəbbüskarlıq və işgüzarlığı Humayın qarşısında istər Bakıda, istərsə də beynəlxalq təşkilatlarda uğurlu karyera üçün imkanlar açırdı.

Lakin o, daha çətin, mürəkkəb, böyük cəsarət tələb edən bir yol seçdi: müharibə və etnik konfliktlərdən əziyyət çəkən insanların yardımına yetişmək qərarına gəldi. Beynəlxalq Qırmızı Xaç Komitəsində işləməyə başladı. 2014-2015-ci illərdə, hərbi əməliyyatların qızğın çağında BQXK-nin Mariupol, 2018-2019-cu illərdə isə Slavyansk ofisində çalışdı. Mərkəzi Afrika Respublikasındakı ofisdə BQXK nümayəndəsi olduğu dövrdə dini və etnik səbəblərdən bir-birinə düşmən kəsilmiş afrikalıların ümumi dil tapmalarına kiçik töhfəsini verdi. Sonuncu iş yeri Kolumbiyanın Medellin şəhəri oldu. Burada yerli ofisdə insan haqlarının qorunmasına cavabdeh qrupun fəaliyyətinə rəhbərlik edirdi.

Humayı tanıyanların hamısı bir ağızdan onun parlaq, güclü, cazibədar və pozitiv olduğunu deyirlər.

İnsanlara işıq və xeyirxahlıq paylamaq

“Biz Nyu-Yorkda tanış olmuşduq. Humay nadir insan, geniş dünyagörüşünə malik istedadlı gənc qız idi. Onun səmimiyyəti, nəciblik və xeyirxahlığı haqda düşünəndə əminliklə deyə bilərəm ki, bəlkə də həyatımda rast gəldiyim ən cəsur, təmənnasız insan idi” - Londonda yaşayan tanınmış skripkaçı Səbinə Rakçeyeva Humayı belə xatırlayır.

Onun dediyinə görə, geniş imkanlarına baxmayaraq Humay adamlar üçün faydalı olmaqdan başqa yol seçə bilməzdi: “O, fərqli idi. Həyatda asan yollarla getməyi sevmirdi. Çox qeyri-adi, səxavətli və mərd təbiətə malik idi”.

“Humay köməyə ehtiyacı olanlara həmişə şəfqət hissi ilə yanaşırdı. Dara düşənlərə yardım göstərə biləndə özünü çox xoşbəxt sayırdı. İş şəraiti mürəkkəb olsa da, həmişə xoşrəftar, gülərüz idi.

Onun zəngin mənəvi dünyası vardı, yüksək erudisiyaya malik idi. Ədəbiyyatı, incəsənəti sevirdi. Mədəniyyətə yüksək zövq və tələbkarlıqla yanaşırdı” – deyə Humayın başqa bir dostu - bp London ofisinin əməkdaşı Tural Vəliyev fikirlərini bölüşür.

“Onu fərqləndirən əsas xüsusiyyətlər xeyirxahlığı, yardımsevərliyi idi. Səmimiliyi, istiqanlılığı ilə hamının ürəyini fəth etməyi bacarırdı”. Bu da Turalın sözləridir.

“Xaricdə işlədiyi dövrdə Humay dəfələrlə Bakıdakı keçmiş həmkarlarından birinə pul göndərib, ehtiyacı olanlara çatdırmağı xahiş etmişdi”, - deyə Tural söhbətinə davam edir: “Humay dünyamızı gücü çatdığı qədər gözəlləşdirməyə çalışırdı”.

Turalın dediyinə görə Humay çox maraqlı müsahib idi. Dostları onun söhbətindən doymurdu. Xeyli maraqlı tarixçələr bilirdi, onları cəlbedici şəkildə danışmağı, ən başlıcası isə hər hadisə, yaxud şəxslə bağlı öz fikrini, qənaətini dəqiq ifadə etməyi bacarırdı.

Tural eşitdiyi əhvalatlardan birini bizimlə bölüşdü. Deməli, Bilkentdə təhsil aldığı dövrdə Humay universitet kampusunda gəzərkən riyaziyyat fakültəsinin qarşısındakı meydançada böyük royal quraşdırıldığını görür. Maraqlananda deyirlər ki, məşhur türk pianoçusu Fazil Say fakültə tələbələri üçün konsert verəcək. Humay soruşur ki, konsert niyə məsələn, gözəl sənətlər fakültəsinin tələbələri deyil, riyaziyyatçılar üçün təşkil olunur? Cavab verirlər ki, bəs burada oxuyanlar klassik musiqi dinləməyə vaxt və imkan tapa bilmədiklərindən belə bir seçim edilib.

“Humay deyirdi: “Heç vaxt oturub gözləmək lazım deyil ki, sənin yanına gəlsinlər, gərək insan özü həmişə nəyə isə can atsın”- deyə Tural söhbətinə yekun vurur.

“Onun çox böyük ürəyi vardı”

Humay üçün həyatda heç bir maneə yox idi. Qarşısına məqsədlər qoyur və onlara nail olurdu. Müxtəlif ölkələrdə işlədiyi zaman fərqli mədəniyyətlərə asanlıqla uyğunlaşırdı. Dünyanın müxtəlif guşələrində çoxlu dostları vardı. Humay insanları sevirdi və ətrafdakılar da ona eyni məhəbbətlə cavab verirdilər.

“Humay həyatda rast gəldiyim ən bilikli, ağıllı gənclərdən idi. Çox özünəməxsus, hətta deyərdim, xüsusi insan idi. Gözəl mahnı oxuyurdu. Rəqs etməyi çox sevirdi. Adamlarla asanlıqla ünsiyyət qururdu” – deyə rəfiqəsi Nərgiz Kişiyeva keçmiş günləri xatırlayır;

“Bir dəfə Bakıdakı caz festivalı zamanı konsertə getmişdik. Amerikalı ifaçı Karmen çox xoşumuza gəldi. Humay dedi ki, mütləq onunla tanış olmalıyıq. Razılaşmadım, dedim, gör ətrafda nə qədər adam var! Necə yaxınlaşacağıq? Az sonra baxıb görürəm ki, Humay band-qrupun üzvləri arasındadır, oturub onlarla nəyisə müzakirə edir. Sonra hamımız birlikdə İçərişəhərə getdik. Qonaqlarla qədim Bakının küçə və meydanlarında xeyli gəzdik, onlara gözəl şəhərimiz, xalqımızın qədim tarixi, mədəniyyəti haqda danışdıq.

Humay yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Gördüyü hər işə, necə deyərlər, ürəyini, canını qoyurdu. Yenə deyirəm, qeyri-adi insan idi...”

“Humay həm zahirən, həm də daxilən gözəl idi. Həyatımda daxili və zahiri gözəlliyi bir-birini belə mükəmməl şəkildə tamamlayan ikinci bir şəxs görməmişdim. Təsəvvür etməyə çətinlik çəkirəm: onun Ukrayna, Mərkəzi Afrika Respublikası və Kolumbiyada gördüyü işlərin öhdəsindən gəlmək üçün nə qədər güclü olmaq lazımdır! Humay isə sanki kəpənək kimi zərif, həm də çox güclü idi. Onun böyük iradi qüvvəsi vardı” – britaniyalı Kler Bebbinqton illər öncə bp Bakı ofisində rəhbəri olduğu Humayı belə xatırlayır.

Dediyinə görə çox nikbin, həyatsevər insan kimi tanıdığı bu gənc qız özü ilə ofisə bol işıq və xoş aura gətirmişdi.

Xatirə Morrison Humayla ilk dəfə bp şirkətinə gənc mütəxəssislər cəlb edildiyi zaman tanış olmuşdu:

“Biz ölkənin gələcəyində müəyyən rol oynayacaq gənclər axtarırdıq. İnanırdıq ki, onlar Azərbaycanın tarixinə öz bilik və enerjilərini gətirəcəklər. Humay bütün tələblərə cavab verirdi. Ona görə də tərəddüdsüz seçdiyimiz iki nəfərdən biri oldu”.

Xatirə xanımın dediyinə görə, Humayın üzündən çəkilməyən təbəssüm, xeyirxahlığı, daim nəyəsə can atması, hamıya can yandırması onu kollektivin sevimlisinə çevirmişdi.

“Humay bizim ürəyimizdə yaşayır. Bundan sonra da daim yaşayacaq”- deyə Xatirə xanım sözlərinə yekun vurur.

...Yer üzündən gözəgörünməz yüksəklikdə

uçmaqla keçirmiş bir quş adıdır adım: Huma

Humayın xatirəsini yaşatmaq məqsədilə yaradılmış və adını daşıyan “Huma quşu” Təhsilə Yardın Fondu onun xeyirxah işini davam etdirir. “Humay uşaqlıqdan çox rəhmdil, ürəyiyumşaq, şəfqətli idi. Başqalarını da xoşbəxt görmək üçün özündə olanı dostları və rəfiqələri, hətta tanımadığı adamlarla bölməyə hazır idi”- deyə anası, fondun prezidenti Şəhla xanım Vəzirova bizə qızı haqda danışır:

“Ailəmiz qərara gəldi ki, Humayın işini davam etdirək – şəxsi hesabındakı pulları imkansız ailələrdən olan istedadlı gənclərin təhsilinə xərcləyək. Çünki yaxşı təhsil almaq, daim biliklərə can atmaq Humay üçün həmişə çox mühüm məsələ idi”.

Humay Avropa və Amerikada təhsil almış azərbaycanlı gənclər Forumunun fəal üzvlərindən idi. Həmyaşıdları ilə görüşlərdə dönə-dönə təhsilin əhəmiyyətini vurğulayır, onları öz üzərində işləməyə, cəsur və təşəbbüskar olmağa çağırırdı. “Cəsarətli olsanız, üzünüzə daim yeni imkanlar, yeni qapılar açılacaq” – bu sözlər Humayın həyat devizi idi.

“Huma quşu” Fondu imkansız ailələrdən olan istedadlı gənclərə təhsillərini davam etdirməyə, habelə Qarabağ müharibəsi veteranlarına İT üzrə ixtisaslara yiyələnib həyatlarını yenidən qurmağa yardım göstərir.

Bir il öncə təsis edilən Fond artıq üç tələbənin xaricdə təhsilini maliyyələşdirir. Onların ikisi Ankarada təhsil alır: biri tibb fakültəsinin tələbəsidir, digəri musiqi təhsilini davam etdirir. Üçüncü gəncimiz isə Almaniya konservatoriyalarının birində oxuyur.

“Fond istedadlı gənclərə yardım göstərməklə bağlı xeyirxah fəaliyyətini davam etdirəcək, onların ölkənin və xalqın gələcəyi üçün gərəkli vətəndaşlar kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcək” – deyə Şəhla xanım sözünü tamamlayır.

Humayın da arzusu bu idi.

Aida Sultanova

London

Oxumağa davam et
Reklam
Reklam

Gündəm