Hadisə
Naxçıvanda ordu hərəkətə keçdi - FOTOLAR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, qədim hərb
ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün
etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi
olaraq muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin
döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının
artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər
keçirilir.
İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı
taktiki təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
hərbi təlimi izləyib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə
Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə
hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş
və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə
ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin
keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi
vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin
artırılması məqsədi daşıyırdı.
Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə
əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və
əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks
zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və
itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf
etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ
keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.
Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq
kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə
Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində
idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan
müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi
üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat
müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm
döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə
saxlanılıb. Düşmən strateji rayonları ələ keçirmək və
torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına
başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi
iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ
qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı
qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ
keçiriblər. Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin
komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək
dərinlikdəki hədəfləri məhv ediblər.
İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və
hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını,
vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket
kompleksləri düşmənə böyük itkilər verib. Bu zaman hava hücumundan
müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya
qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib
və strateji obyektləri hava hücumlarından qoruyub. Sonra atəş
dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli
obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü
qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da
fəallıq nümayiş etdiriblər.
Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər
artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş
qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin
mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya
bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı
bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan
sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu
aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum
qruplaşmasını havadan dəstəkləyib. Bu zaman briqadanın tanklarla
gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki
hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən
müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm
yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla
da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji
vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını
müvəffəqiyyətlə yerinə yetirib.
Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması
münasibətilə zabit, gizir və əsgərləri təbrik edərək deyib: Bu gün
Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bunun bir
səbəbi ölkəmizdəki sabitlik və davamlı inkişafdırsa, digər səbəb
güclü və qüdrətli ordunun olmasıdır. "Hər bir dövlət öz
dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu
olmalıdır", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu
gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Artıq Azərbaycan ordusu inkişaf edərək
müstəqilliyimizin təminatçısına çevrilib. Torpaqlarımız etibarlı
müdafiə olunur.
Ali Məclisin Sədri deyib: Ordu quruculuğu sahəsində həyata
keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam
etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin
muxtar respublikadakı digər birləşmə və hissələri böyük
təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını
artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin
peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var.
Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində
olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və
birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə
çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və
zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə
yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib
keyfiyyətdir.
Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Torpaqlarımızın
müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də
şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və
texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl
olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan
blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə
sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur.
Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir.
Xalq-ordu birliyi vardır. İnsanlar sizə güvənərək rahat yaşayır.
Hər bir hərbi qulluqçu da bilməlidir ki, onun arxasında güclü
dövlətimiz və xalqımız dayanıb.
Ali Məclisin Sədri qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası
Silahlı Qüvvələri Günü münasibətlə Silahlı Qüvvələrimizin
Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini təbrik edib,
çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Ölkəmiz qarşısında duran əsas vəzifə - torpaqlarımızı
işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq"
fikirləri ilə tamamlayıb.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə
Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim
zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə
Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını
yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu
quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq
edib.
Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri
qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali
Məclisin Sədri adından təşəkkür elan olunub.
Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və
bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün"
şüarını səsləndiriblər.




-
Region16:39Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi
-
Nida Təhlil 15:45Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib - Sabiq naziri heyrətləndirən məqam
-
Sağlamlıq14:50Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
-
ABŞ14:12Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
-
İdman14:04Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi - FOTOLAR
-
Rəsmi xronika14:00İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:20Sosial şəbəkələrdə bu reklamlara qarşı diqqətli olun: DİN-dən xəbərdarlıq
-
Sosial12:34Bu şəxslərə birdəfəlik maddi yardım ödəniləcək - SƏRƏNCAM













.webp)





















.png)




