• USD 1,7000 0,00% EUR 2,0024 0,00%
    • GBP 2,2562 0,00% RUB 0,0256 0,00%

Rusiyanın qaranlıq gələcəyi: zəifləyən iqtisadiyyat, sürətlə silahlanan rəqiblər – HESABAT

  • Hesabat
  • 10 Aprel 2016 14:08
  • 2 735 Baxış
Rusiyanın qaranlıq gələcəyi: zəifləyən iqtisadiyyat, sürətlə silahlanan rəqiblər – HESABAT

Yola saldığımız həftənin əsas müzakirə mövzusu neft istehsalçılarının Dohada keçirəcəkləri toplantı və FED-in növbəti dəfə faiz artımına gedib-getməyəcəyi oldu. İri istehsalçıların hasilatı donduracağına dair optimist gözləntilər Brent tipli xam neftin barrelini 5 faizə yaxın bahalaşdırdı. Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondundan (BVF) sonra "Goldman Sachs" investisiya bankı da Rusiyanın 2016-cı il üçün ÜDM proqnozunu azaltdı. Avro Bölgəsində işsizlik rəqəmləri aşağı düşdü. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2016-cı il üçün qlobal ticarətin həcmi üzrə artım proqnozunu 3,9%-dən 2,8%-ə endirdi. Bir ildə dünya silahlanmaya 1.7 trilyon dollar xərclədi.

Başlayaq Rusiya iqtisadiyyatnıdan… Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin isə “Rusiya iqtisadiyyatı əmtəə bazarındakı böhranın pik şokunu artıq yaşadığını deyib. O bildirib ki, risklər var, ancaq Rusiya iqtisadiyyatı üçün vəziyyət çox təhlükəli deyil. Yeni qaydalara adaptasiya olunub”. Onun sözlərinə görə, hazırda Rusiya iqtisadiyyatının vəziyyəti cənub-şərqi Asiya, Braziliya, Türkiyə ilə müqayisədə daha yaxşıdır. Belə ki, Rusiya yeni şərtlərə adaptasiya olub.

Bu arada qeyd edək ki, DB və BVF-dan sonra "Goldman Sachs" investisiya bankı da Rusiyanın 2016-cı il üçün ÜDM proqnozunu azaldıb. ABŞ-ın investisiya bankı bundan əvvəlki proqnozunda Rusiya iqtisadiyyatının cari ildə 1,5% artacağını proqnozlaşdırsa da, daha sonra proqnozunu 0,5%-ə azaldıb. Bankın yeni hesabatına görə, Rusiya iqtisadiyyatı yalnız 2017-ci ilin ilk rübündə 1,5% artıma nail ola biləcək.

Sənəddə, həmçinin bildirilib ki, Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) sərt monetar siyasətini sürdürməyə davam edib. Keçən il monetar siyasətini yumşaltmağa çalışan Rusiya Bankı avqust ayında prosesi dayandırıb. Bankın hesab edir ki, monetar siyasət iyun ayında 0,5 bənd yumşaldılacaq və 2017-ci ilin ortalarına qədər ümumilikdə 5 bənd azaldılacaq. Qeyd edək ki, hazırda Rusiyada uçot dərəcəsi 11% təşkil edir.

FED-in isə gələcək günlərdə faiz artımına gedib-getməyəcəyi tapmaca olub. FED yetkilisi Robert Kaplan FED-in faiz artımına yaxınlaşmaqda olduğunu qeyd edib. R.Kaplan faiz artımının “yavaş, təmkinli və səbirli” olacağını deyib: “ABŞ iqtisadiyyatı güclü olduğunu sübut etdi, xarici kövrəkliklər mövzusunda oyanıq olmağa ehtiyacı var”.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2016-cı il üçün qlobal ticarətin həcmi üzrə artım proqnozunu 3,9%-dən 2,8%-ə endirib. ÜTT proqnozun azaldılmasına səbəb olaraq Çin iqtisadiyyatındakı yavaşlamanı və valyuta məzənnələrindəki volatilliyi göstərib. ÜTT-nin baş direktoru Roberto Azevedo qeyd edib ki, dünyada ticarətin həcmi artarkən valyuta məzənnələrindəki sərt dalğalanma və xammal qiymətlərindəki azalma səbəbindən ticarətin həcminin dəyəri aşağı düşür.

O, bu vəziyyətin həssas iqtisadiyyata sahib olan inkişaf edən ölkələr üçün təhlükələr yaratdığını bildirib.

ÜTT məruzəsində 2017-ci ildə qlobal ticarətin 3,6% arta biləcəyini, lakin inkişaf edən ölkələrin maliyyə vəziyyətinin pisləşməsi fonunda bu proqnozu azalda biləcəyini qeyd edib.

BVF rəhbəri Kristin Laqard (Christine Lagarde) da bu həftə boş dayanmayıb. O, qlobal iqtisadi canlanmanın getdikcə artan risklərlə üzləşdiyini bəyan edib. Deyib ki, gəlirlərin qeyri-bərabər bölüşdürülməsinin yaratdığı pessimizm insanlarda "preventiv", yəni vəsaitlərini qorumaq meylləri gücləndirib.

K.Laqard Frankfurtdakı toplantıda çıxışında qlobal iqtisadiyyatın son 6 ayda pisləşdiyini xatırladıb, həmçinin qeyd edib ki, Çindəki yavaşlama, xammal qiymətlərindəki azalma və bəzi ölkələrin sərt maliyyə siyasəti vəziyyəti daha da çıxılmaz edir. BVF rəhbəri iqtisadi artımın inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə yayılacağı gözləntilərinin puça çıxdığını bildirib.

Daha bir xəbər dünya ölkələrinin sürətlə silahlanması ilə bağlıdır. Belə ki, hesabatlara görə, 2015-ci ildə silahlanma xərcləri artaraq 1.7 trilyon dollara yüksəlib. Birinci sırada 596 milyard dollarlıq xərcləmə ilə Amerika Birləşmiş Ştatları gəlir. Çin Xalq Respublikası siyahıda ikinci sırada yer alır. Üçüncü sıranı 87.2 milyard dollarlıq xərcləmə ilə Səudiyyə Ərəbistanı alıb. Bu ölkə silahlanmaya 66.4 milyard dollar xərcləyib. Rusiya 55.5 milyard dollar sərf edib. Türkiyə də 2011-2015-ci illərdə silah idxalına pul xərcləyən 10 ölkə arasında 6-cı sırada yer alıb. Avropa daxilində isə 2015-ci ildə 328 milyard dollar həcmində hərbi xərcləmələr aparılıb. Şərq Avropa ölkələrinin silahlanma xərcləri 2006-cı illə müqayisədə 90 faiz artıb.

Avro Bölgəsində işsizlik nisbəti fevral ayında əvvəlki ayla müqayisədə 10.4 faizdən 10.3 faizə düşüb.

Hansı ki ötən ilin müvafiq dövründə bu nisbət 11.2 faiz idi. Avropa Statistika Ofisi (Eurostat) bildirir ki, hazırda bölgədə işsizlik 2011-ci ilin avqust ayından bu yana ən aşağı səviyyəsinə geriləyib. 28 üzvlü Avropa Birliyində isə bu rəqəm 8.9 faizdir.

İş dünyası

Antalya Bölgəsi Hava limanı Mülkü İdarə Komandirliyi 2016-cı ilin mart ayı üzrə turizmlə bağlı məlumatları açıqlayıb. Məlum olub ki, 2013-cü ildən bu yana liderliyini qoruyan Almaniya mart ayında eniş yaşayıb. Belə ki, martda 109 min 189 alman turist Antaliyaya səfər edib. 2015-ci ilin eyni ayında bu rəqəm 142 min 397 nəfər olmuşdu. İkinci sırada gələn İrandan da Antaliyaya səfər edən jurnalistlərin sayı azalıb. Keçən il Antaliyaya 39 min 663 nəfər iranlı gəlmişdisə, bu ilin mart ayında həmin rəqəm 38 min 204 nəfər olub. İtkinin yaşandığı başqa ölkə İngiltərə olub. Keçən ilin mart ayında 18 min 182 ingilis turist gəlsə də cari ilin mart ayında həmin rəqəm 16 min 657 nəfərə düşüb. İsrail və Danimarkadan Antaliyaya gələnlərin sayı artıb. Antaliya turizmi üçün hədəf bazar ölkələrdən biri Rusiyadır. Ruslar ilk onluğa daxil ola bilməyiblər. Rusiya 75 faiz itki ilə 13-cü sırada qərarlaşıb. 2015-ci ilin mart ayında 10 min 794, 2016-cı ilin mart ayında isə 2 min 653 rus Antaliyaya dincəlməyə gəlib.

“WhatsApp" populyar yazışma mobil mesenceri məlumatların kodlaşdırılmasının yeni sistemini tətbiq edib. Dəyişikliklə əlaqədar istifadəçilərə xəbərdarlıq mesajı göndərilib. Artıq istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq. Kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edilir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Əvvəlcə büdcədən başlayaq. Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan dövlət büdcəsinin mədaxili 3 678,1 mln. manat, xərcləri 2 623,5 mln. manat olub, 1 054,6 mln. manat məbləğində büdcə profisiti yaranıb. Maliyyə Nazirliyinin hesabatına görə, bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 3 570,6 mln. manat proqnoza qarşı 3,0% çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4% icra edilməklə dövlət büdcəsinə 1 542,0 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5%-i və yaxud 1 210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz bəndi çoxdur. Dövlət Gömrük Komitəsi proqnoza 114,8% əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% və yaxud 74,9 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 660,0 mln. manat vəsait transfert edilib. Cari ilin I rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3% və yaxud 2 623,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4%-i və yaxud 1 426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8%, yaxud 52,0 mln. manat çoxdur. Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilib. Onu da qeyd edək ki, bu ilin ilk rübündə icmal büdcənin gəlirləri 4 473,2 mln. manat, xərcləri 3 348,3 mln. manat icra olunub, profisit isə 1 124,9 mln. manat təşkil edib.

Həftənin daha bir önəmli hadisəsi Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıdır. Hansı ki, iclasda çıxış edən dövlət başçısı deyib ki, manatın məzənnəsi sabitləşib. Vəziyyət tədricən bu istiqamətdə də müsbətə doğru inkişaf edəcək: “Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”.

Prezident həmçinin deyib ki, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə çox önəmli addımlar atılıb: “Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilib. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır.İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.

Məndən bu qədər…

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>