Dünyanın gözü Bakıya dikildi, saatlar sonra başlayır - Məşhurlarımızdan MÖHTƏŞƏM CAVABLAR
Bizi izləyin

İdman

Dünyanın gözü Bakıya dikildi, saatlar sonra başlayır - Məşhurlarımızdan MÖHTƏŞƏM CAVABLAR

"Milli ruha bağlı insanam, odur ki, bugünkü oyunda hansı komandanın qalib gəlməsi o qədər də maraqlı deyil. Sözsüz ki, həm vətəndaş, həm müğənni, həm də ev sahibliyi kimi iştirak etməyimiz çox sevindirir. Çünki bu gecə dünyanın bütün diqqəti paytaxt Bakıda olacaq. Bu, məni həqiqətən qürurlandırır".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti və futbol azarkeşi kimi tanınan Ağadadaş Ağayev bir neçə saat sonra UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar danışarkən deyib.

Sənətçi bildirib ki, bu gün ölkə tarixinə xüsusi bir hadisə kimi düşəcək: "Bu oyunun Azərbaycanda keçirilməsi çox mühüm hadisədir. Azərbaycan gənc dövlət olsa da, dünyada artıq öz sözünü demiş ölkədir. Bu da prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. İdman və mədəniyyət siyasətlə bağlı olmasa da, bir ölkənin tanınmasında və bir xalqın dünyaya inteqrasiya etməsində misilsiz rola malikdir. 100 ildir müstəqil olmasına baxmayaraq, belə bir nailiyyət əldə edə bilməyən ölkələr var. Bu fikir, xüsusilə, müsəlman ölkələrinə aiddir".

Sənətçi bildirib ki, Azərbaycan gənc dövlət olsa da, idman sahəsində böyük uğurlara imza atıb: "Birinci Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları Bakıda çox yüksək səviyyədə təşkil edilmişdi. Həmçinin, gimnastika, güləş və idmanın digər sahələri üzrə mötəbər tədbirlər həyata keçirilib. Futbol isə dünyada ən çox izlənilən və böyük azarkeş ordusu olan dünyəvi oyundur. Avropa Liqasının final oyunun Azərbaycanda keçirilməsi nəhəng və böyük təcrübəyə malik olan ölkələri sözün əsl mənasında təəccübləndirir. 30 mindən çox xarici vətəndaşın Azərbaycana gəlməsi həm milli dəyərlərimiz, həm qonaqpərvərliyimiz, həm tarixi abidələrimiz, həm Bakının gözəlliyi və digər tərəfləri ilə tanış olmaq deməkdir".

Ağadadaş Ağayev bildirib ki, ingilis tamaşaçıları dünyada ən xuliqan azarkeşlərdir: "İngilis futbol azarkeşləri xuliqanlığı ilə həmişə seçilib. Allahdan təmənnam odur ki, dövlət başçımızın və onun komandasının çəkdiyi əziyyət böyük bir qələbə ilə başa çatsın. Düşmənlərimiz yox, dostlarımız sevinsin. Bu gözəl gün tarixə yazılsın. Bir neçə il əvvəl Türkiyədə keçirilən İtaliya və İngiltərə komandalarının final çempionatında ingilislər özünü çox pis aparmışdı, təxribata əl atmışdı. Hətta iki ingilis vətəndaşı dünyasını dəyişmişdi. İnanıram ki, bu hadisələrin heç biri bizdə baş verməyəcək. Çünki təhlükəsizlik və ictimai sabitlik Bakıda çox yüksək səviyyədə təmin edilib. Bildiyim qədərilə, hüquq-mühafizə orqanları əməkdaşları mayın 31-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq və xoşagəlməz hadisələr bizdən yan keçəcək. İnanıram ki, 29 May Azərbaycanın tarixinə düşəcək".

Müğənni Ədalət Şükürov isə qeyd edib ki, final oyununun Bakıda baş tutması birbaşa ölkənin tanınması deməkdir:

"Çox sevindirici haldır ki, Avropa Liqasının final oyunu Bakıda keçirilir. 25 il əvvəl Azərbaycanı xarici ölkələrdə tanımırdılar, heç harada yerləşdiyini bilmirdilər. Odur ki, bu gözəl tədbirlər birbaşa ölkəmizin tanınmasına xidmət edir. Bu, həm siyasi, həm idman, həm də ölkənin nüfuzunun artması tərəfindən əhəmiyyətli hadisədir. Fəxr edirəm ki, ölkəmizdə belə bir oyun keçirilir".

Əməkdar artist Rəşad İlyasov final oyunu ilə əlaqədar olaraq son günlərdə Bakıda xeyli sayda turistlə qarşıladığını deyib:

"Dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi müsbət hadisədir. Yolla gələndə görürəm ki, ölkəmizə nə qədər futbol azarkeşləri qonaq gəlib. Formalarını geyinib axşamkı oyuna hazırlaşırlar. Futbol dünyanın ən aparıcı sahələrindən biridir. Odur ki, beynəlxalq əhəmiyyətli futbol tədbirinin keçirilməsi bilavasitə Azərbaycanın tanınması və yaxşı mənada təmsil olunması deməkdir. Final oyununa uzun müddətdir ki, hazırlıq yüksək səviyyədə gedir. Hər iki komandaya uğurlar arzu edirəm, inşallah gözəl bir oyun keçər".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm