"Minsk 2019": Azərbaycanın daha bir boksçusu medalı təmin etdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Minsk 2019": Azərbaycanın daha bir boksçusu medalı təmin etdi - FOTO (YENİLƏNDİ)

Azərbaycanın daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.

81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges növbəti döyüşünə çıxıb.

O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb. O, rəqibini 5:0 hesabı ilə yenib.

Azərbaycan təmsilçisi yarımfinalda Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, A.Dominqes yarımfinala yüksələn ikinci boksçumuzdur. Ona qədər Lorenzo Sotomayor (69 kq) Avropa Oyunlarının mükafatını təmin edib.

***

26 iyun 22:07

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.

“Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşündə Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Azərbaycanlı dünya çempionu 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominges (81 kq) rinqə çıxacaq. Lorenso Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib.

***

21:50

Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

125 kq çəki dərəcəsində yer alan təcrübəli pəhləvan 3-cü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2.

Bununla da ölkənin aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc əyarlıdır.

***

20:30

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

74 kq çəkidə yer alan Hacıyev 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.

Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.

***

20:12

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Publika.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

***

19:40

Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0.

***

19:22

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

***

19:02

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm