Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu
Bizi izləyin

İdman

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) fəaliyyətinin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, Federasiyanın İdarə Heyətinin yığıncağında rəhbər vəzifələrə yeni təyinatlar təsdiqlənib.

Peşəkar Boks Federasiyasının 1-ci vitse-prezidenti Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-prezidenti Ziya Əliyev, baş katibi isə Orxan Muxtarov təyin ediliblər.

Federasiyanın 1-ci vitse-prezidenti təyin edilən Fərhad Acalov 2000-ci ildə Azərbaycanın boks üzrə ilk Dünya çempionu olub. Dünya çempionatının ən texnikalı boksçusu seçilən Fərhad Acalov sonrakı illərdə “Baku Fight Lab” (əvvəlki adı ilə, “Rabitə Boks Klubu”) boks klubunun icraçı direktoru olub. Fərhad Acalov həmçinin Azərbaycanın əməkdar idman ustası və əməkdar məşqçisidir. Onun rəhbərliyi altında klubun boksçuları ölkəmizi Dünya, Avropa və Olimpiya miqyaslı yarışlarda təmsil edərək ən yüksək nəticələr əldə ediblər.

APBF-nin xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilən Ziya Əliyev isə bir neçə Dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir. Komitənin baş katibi təyin edilən Orxan Muxtarov “Baku Fires” boks klubunda işləməyə başlamış, daha sonra Bakıda keçirilmiş Avropa Oyunları və İslam Həmrəylik oyunları zamanı boks yarışlarının keçirilməsinə rəhbərlik edib. Bu il Bakıda keçirilən Gənclər Olimpiya festivalının 5 idman növü üzrə rəhbəri olub.

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə bu sahənin inkişafına cavabdehdir. Bir neçə ay öncə Federasiyanın Prezidenti vəzifəsinə seçilən A.Həsənov bu sahənin inkişafı istiqamətində müxtəlif işlərin həyata keçiriləcəyini bildirmişdir. Federasiyanın yaxın gələcəkdə WBA, WBC, IBF, WBO və s. beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlığa başlaması nəzərdə tutulub.

Azərbaycanda peşəkar boks döyüşlərinin təşkil edilməsi Federasiyanın əsas məqsədləri sırasındadır. Federasiya Azərbaycanlı peşəkar boksçuların beynəlxalq səviyyədə tanıtımını və onların arasından dünya səviyyəli ulduzların formalaşmasını hədəfləyir.

Peşəkar Boks Federasiyasının vəzifələrinə peşəkar boksçulara, menecerlərə, promouter və promouter şirkətlərinə, həmçinin hakimlərə müvafiq lisenziyaların verilməsi də daxildir. Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edən qurumdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm