İdman
Həyəcanlı idim, Prezident dedi ki... - Hacı Əliyevlə MÜSAHİBƏ
Üçqat dünya çempionu, üçqat Avropa çempionu və ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev Teleqraf.com-un “Sözünü de” layihəsində qonaq olub.
Publika.az">Publika.az həmin müsahibəni təqdim edir:
- Hacı bəy, prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etdi. Sizinlə prezident arasında maraqlı dialoq oldu. Görüş haqqında təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Qeyd etdiyiniz kimi cənab prezidentlə görüşməyimizin səbəbi Avropa çempionatında qazandığımız uğur idi. Bilirsiniz ki, komandamız Avropa çempionatında üçüncü dəfə komanda hesabında birinci yeri tutdu. Prezidentlə görüşə gedəndə deyilmişdi ki, Avropa medalı taxılmalıdır.
Heç vaxt görüşlərdə qazandığımız medalları taxmamışıq. Bəzi idmançılar var ki, medal taxmağı xoşlayırlar. Amma mənə elə gəlir ki, buna ehtiyac yoxdur. Əsas odur tarixə adın düşsün, nəticələrin bəllidirsə, medalların sayına nə ehtiyac...
- Prezident İlham Əliyevlə görüşdə çox həyəcanlı idiniz...
- Bəli, həyəcanlı idim. Səhv etmirəmsə, səkkiz, ya da doqquzuncu dəfədir prezidentlə görüşdə olurdum. İlk dəfə cənab prezidentlə yaxından belə dialoqumuz 2017-ci ildə üçüncü dəfə dünya çempionu adı qazananda olub. Mən uşaq vaxtı Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbində məşq etmişəm. Abşeron Olimpiya İdman Kompleksinin açılışında rayonun ən titullu idmançısı kimi məni də dəvət etmişdilər. Tədbirdə Olimpiya və dünya çempionları da iştirak edirdi. Çıxış zamanı cənab İlham Əliyevə idmana göstərdiyi diqqət və qayğıya görə təşəkkürümü bildirdim.
Üçüncü dəfə dünya çempionu olanda bu, tariximizdə ilk idi deyə ölkə başçısı tərəfindən Prezidentin fərdi təqaüdünə layiq görüldüm. O zaman prezidentə təşəkkürümü bildirdim ki, mənə fərdi təqaüd təyin edib. Onda da prezidentlə qısa bir dialoq yarandı. Cənab prezident mənə dedi ki, üçqat dünya çempionu olmaq olimpiya çempionu olmağa bərabərdir. Bu, tarixi nailiyyətdir. Ona görə sənə prezident təqaüdü verilir.
Bu dəfə Avropa çempionatından gələndə sərbəst güləş üzrə ən yaşlı və köhnə idmançı olduğuma görə mənə çıxış verdilər. Bilirsiniz ki, komandamızda çoxu gənclərdir. Ölkə başçısının qarşısında təkrar-təkrar çıxış olsa belə həyəcan yaradır. Ona görə bir balaca həyəcanlandım.
Düzdür, istərdim daha da rahat danışım. Ümumiyyətlə, idmançılar danışmağı çox sevmir. Onların işi nəticə göstərməkdir. Çox sevindim ki, cənab prezidentlə belə bir maraqlı söhbət alındı. Bir daha hamı şahid oldu ki, prezident mənim idman uğurlarımla, işimlə yaxından maraqlanır. İdmanda qazandığım nəticələr haqqında çox dəqiq məlumatlı idi.
Sözsüz, dövlət başçısının məni Olimpiya çempionu görməsi böyük bir uğurdur. Amma istərdim həqiqətən Olimpiya çempionu olum. İki Olimpiya medalım var, biri gümüş, biri bürünc. İnşallah, qızıl medal da qazanaram.
- 2024-cü ildə Parisdə keçilirlən Yay Olimpiya Oyunlarına hazırlaşırsınız?
- Bəli, hazırlaşıram.
- Siz Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında gümüş medal qazandınız. Yarışmaya qatılmaq üçün tərəddüdünüzə səbəb nə idi?
- Sonuncu Tokio Yay Olimpiya Oyunlarından sonra bir qədər istirahətə vaxt ayırdım. Bu, vacib idi. Səhhətimlə problemlər yaranmışdı, istirahət etməli idim. Üç aya yaxın dincəldim. Komandamız Avropa çempionatına hazırlaşırdılar, Dağıstanda, Mahaçqalada, sonra Azərbaycanda təlim-məşqlərdə oldular. Mənsə heç birinə qatılmadım.
Sonuncu Avropa çempionatının təlim-məşqində düşündüm ki, ikiqat məşq edim. Sonda Avropa çempionatında güləşmək qərarı verdim. Düzdür, komandaya qoşulmasam da, fərdi məşq edirdim. Amma fərdi məşqlə komanda məşqi tam fərqlidir.
Avropa çempionatına yollananda bildik ki, sonuncu problemlərlə bağlı Rusiya, Belarusiya və Ukrayna idmançıları çıxış etməyəcəklər. Düşündüm ki, bu, dördüncü dəfə Avropa çempionu olmaq üçün bir şansdır. Tarixdə güləş üzrə dördüncü dəfə Avropa çempionu olmaq yoxdur. Mən, Cəbrayıl Həsənov və Namiq Abdullayev üç dəfə Avropa çempionu olmuşuq. Fikirləşirdim ki, yeni bir tarix yaza bilərəm, amma qismət olmadı. Finalda məğlub oldum, amma zənnimcə, gələcəkdə rəqibi məğlub etmək olar.
- Prezident İlham Əliyevin bu qədər diqqət mərkəzində olduğunuzu bilirdinizmi?
- Sözsüz ki, cənab prezident üç dəfə dünya çempionu olmağımı bilirdi. Buna görə Prezidentin fərdi təqaüdü və Olimpiya təqaüdü alıram. Onu da deyim ki, Olimpiya təqüdünü ancaq Olimpiya çempionları alırlar. Mənsə Olimpiya çempionu deyiləm, amma prezident məni bu statusda görür. Bu da mənim üçün böyük uğurdur, qazandığım nəticələrə qiymət verilir, dəyələndirirlər.
Mən hətta ölkə başçımıza bildirmişdim ki, sonuncu Tokio Yay Olimpiya Oyunlarından sonra bəlkə idmandan kənarlaşdım. Prezident çıxışında qeyd etdi ki, istəməzdim idmandan uzaqlaşasan. Ölkə başçısı tərəfindən belə sözlər eşitmək insana güc verir və həvəs yaranır.
İnşallah, yenə də əlimdən gələn odur ki, Parisdə baş tutacaq Olimpiya Oyunlarında yaxşı nəticə göstərim. Əgər üçüncü dəfə Olimpiya oyunlarında medal qazansam, Azərbaycan idman tarixində ilk olacaq. İlk azərbaycanlı ola bilərəm ki, üçüncü dəfə Olimpiya medalı gətirəm.
- Fərid Qayıbov Gənclər və idman naziri təyin edildi. İdman sahəsində nə kimi yeniliklərə ehtiyac var? Yeni nazirin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Təyin edilən nazir idmançılara yaxın olmağa çalışır. Bir neçə idmançını hava limanında qəbul elədi, bəzilərilə nazirlikdə görüşdü. Bu, idmançılar üçün böyük stimuldur. Mənə elə gəlir, yeni nazirimiz yeniyetmə, gənc idmançılara daha çox üstünlük verməlidir. İstərdim ki, yeni güləş məktəbləri yaradılsın. Arzulayardım ki, öz adıma da bir güləş məktəbi açılsın. Hər şeyin təməli məktəbdən başlayır. Əsas məktəb güclü olsun ki, gələcəyin idmançıları yaxşı nəticə versinlər. Fərqi yoxdur, güləş, cudo və yaxud başqa idman sahəsi olsun. Əsas odur ki, aşağı siniflərdə təməl qoyulsun.
Onu da qeyd edim ki, idmançıların əksəriyyəti kasıb ailələrdən çıxır. Onlar öz güclərinə qalib gəlib, nəticə qazanıb, maddi vəziyyətlərini düzəltmək və irəliləmək istəyirlər. Mən də o yolu keçib gəlmişəm.
İstərdim federasiyalarımız da nazirin daim diqqətində olsun. Onsuz cənab prezident tərəfindən federasiyalara tapşırıq verilib ki, düzgün işləsinlər, idmançılara yaxşı baxsınlar.
Düzdür, nazir bütün federasiyalarda qonaq olub, yenə də istərdim ki, federasiyalar nəzarətdə saxlanılsın. İdmançılara yaxşı baxılmalıdır ki, yaxşı nəticə əldə olunsun. Bu kimi məsələlərə daha artıq diqqət ayrılsa, gələcəkdə uğurlarımız daha çox olar.
- Bir çox idmançıların idman zalları var. Sizin necə?
- İdman zalım yoxdur. Güləş başqa idman növlərindən fərqlidir. Güləş Azərbaycanda, cənab prezidentin də qeyd etdiyi kimi, ən populyar idman növüdür. Və ən çətin idman növü də güləşdir. Bu gün burada güləşim, sabah gedib hansısa uşağa məşq keçim, bunun üçün vaxt və şərait yoxdur. Amma bəzi idmançılar bir yerdə məşq edir, sonra da dərs keçirlər.
- Demək, tələbəniz də yoxdur...
- Yoxdur... Özüm hazırda güləşdiyimə görə imkan və vaxt çatdıra bilmirəm. Əlbəttə, istərdim ölkəmizdə adıma güləş məktəbi yaradılsın. Bu məktəbdəm həm özüm, həm də gələcək güləşçilərimiz istifadə edə bilsinlər. Mənə elə gəlir ki, gələcəkdə istəyim yerinə yetirilə bilər.
- Siz bütün yarışlarda ermənilərə qalib gəlmisiniz, yalnız bir dəfə məğlub olmusunuz. Ümumiyyətlə, ermənilərlə yarış zamanı 44 günlük zəfərimizdən əvvəl və sonra hansı hissləri keçirirdiniz?
- Ümumiyyətlə, səkkiz-doqquz dəfə erməni idmançılarla qarşılaşmışam, yalnız bir oyunda məğlub olmuşam. Məğlub olmağımın səbəbini açıqlayıram.
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında turnirdə ikinci olaraq Olimpiya oyunlarına vəsiqə qazandım. Həmin turnir zamanı gözümdən ciddi əməliyyat keçirdim. Hətta görmə qabiliyyətimi itirə də bilərdim, riskli əməliyyat idi. Əməliyyatdan beş-altı ay sonra idmana başlamalı idim, amma iki ay sonra lisenziya xarakterli yarışa yollandım. Finalda erməni rəqibi ilə qarşılaşdım. Əslində, finala artıq çıxmışdım. Erməni idmançı ilə qarşılaşmaya da bilərdim, görüşə hazır deyildim.
Amma görüşə qatıldım və məğlub oldum. Həmin idmançıya 2019-cu ildə Minskdə keçirilən Avropa oyunlarında qalib gəlmişdim. Elə azarkeşlər var ki, erməniyə uduzmağı pis qəbul edirlər. Düzdür, ermənilər bizim düşmənimizdir, başa düşürəm. Biz 44 günlük müharibədə onlara öz gücümüzü göstərdik.
Mən bu gün də deyirəm, istəmərəm ki, hansısa idmançımız erməniyə uduzan zaman onu atəşə tutsunlar, tənqir etsinləır, sıxışdırsınlar. Ola bilər, həmin idmançı o sıxıntıdan sonra idmandan uzaqlaşa, özünə bir şey də edə bilər...
- Siz erməni idmançıya uduzan zaman hansı hissləri keçirdiniz? Təbii ki, daha çox qalib gəlmisiniz.
- Mən heç nəyə fikir vermədim, çünki doqquz dəfə erməni idmançısına qalib gəlmişəm, bir dəfə uduzmaqla böyük bir şey olmur. Gələcəkdə də bizim idmançılarımızın ermənilərə uduzmasını arzulamıram. Düzdür, bizim idmançılar erməni idmançılarına daha çox qalib gəlirlər, amma məğlub olanlarımız da olur. İdmanı siyasətə qatmağı xoşlamıram.
44 günlük müharibədən əvvəl ermənilərin yarışda özündənrazı gəzmələri, arxayın hərəkətləri var idi. Biz qalib gəldikdən sonra hiss edirəm ki, səsləri batıb. Bizim idmançılarla, məşqçilərlə təmasda olmağa çalışırlar. Sanki artıq düşmənçiliyi kənara qoymağa çalışırlar. Ünsiyyət yaratmağa, yaxud idmançılarımız qalib gələndə təbrik etməyə cəhd edirlər.
Elə hal olub ki, biz qalib gələndə erməni məşqçiləri yaxınlaşıb təbrik ediblər. Onlar yaxınlaşanda biz başqa istiqamətə dönürük, çox yaxına getmirik, amma yenə də təbrik edib keçirlər.
- İşğaldan azad edilən torpaqlarımıza getmisinizmi?
- Hələ yox. İnşallah, mütləq səfər edəcəm.
- Azərbaycan Güləş Federasiyasında bəzi dəyişikliklər oldu. Bu, idmançıların oyununa necə təsir göstərdi?
- Bəli, rəhbərliyimiz dəyişdi. Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti təyin edildi. Başqa ciddi dəyişikliklər olmadı. İnanıram ki, Mikayıl Cabbarov Azərbaycan güləşinə gözəl uğurlar gətirəcək. Diqqət, qayğı və bir az öncə də qeyd etdiyim kimi idmançıların maddi problemləri həllini tapacaq, maaşların artırılması, mükfatların verilməsi halları baş verəcək.
Bilirsiniz ki, bir müddət əvvəl Güləş Federasiyasında maaşların verilməsində problemlər yaranmışdı. Artıq bu problemlər ortadan qalxıb. Mükafatlarımız da vaxtı-vaxtında veriləcək. Hər bir yarışın özünə aid mükafatı olacaq.
- Bir az öncə qeyd etdiniz ki, Macarıstanda baş tutan Avropa çempionatında üç ölkə - Rusiya, Ukrayna və Belarusiyanın iştirak etmədi. Maraqlıdır, ən təhlükəli rəqib kimi hansı ölkənin idmançısını qəbul edirdiniz?
- Təhlükəli rəqiblər çoxdur. Demək olar ki, Dağıstan idmançıları Avropanın bütün ölkələrinə səpələniblər. Mən Macarıstan idmançısına məğlub oldum, o da əslən dağıstanlı idi, macar deyildi.
Deməzdim ki, rus idmançıları dəhşət təhlükəldir. Hamı bilir ki, Dağıstan güləş məktəbi çox güclüdür. Onların yarışda iştirak etməməsi bizim gənclərimiz üçün böyük şans idi. Çünki Rusiya komandasının heyətində Olimpiya və Dünya çempionları vardı. Biz yaranmış şansdan yaxşı istifadə etdik.
- Sizin ən aqressiv rəqibiniz kimdir? Sizin Hacımurad Rəşidovla daha çox mübahisəniz düşür...
- Aqressiv rəqib yoxdur, sadəcə görüşün gedişatı zamanı bəzi problemlər yaranır. Əslində, Rəşidovla ciddi şəxsi problemim olmayıb. Hakimlər tərəfindən haqsızlıq baş verib. Bu da idmançıya aid olmayan hal idi.
Yalnız düşmən ölkənin idmançıları aqressiv olurlar. Məğlubiyyət zaman davaya meyil edirlər. Sonuncu Avropa çempionatında Taleh Məmmədov yarımfinalda erməni idmançıya qalib gəldi. Erməni idmançısı xalça üzərində elə iyrənc hərəkət edirdi ki, Taleh Məmmədov hərəkət etdikcə ayağını uzadırdı ki, yıxılsın. Bəzən onlar belə iyrənc hərəkətlər edirlər, amma mənim elə bir aqressiv probelimim yoxdur.
- Varlı idmançısınız, hər hansı biznes sahəniz varmı?
- Bəlkə də varlıyam, çünki ətrafımda gözəl dostlarım var... Onların ətrafımda olması var-dövlət deməkdir. Gözəl ailəm, gözəl övladlarım var. Onların varlığı mənim üçün böyük hadisədir. Maddiyyata gəlincə, o da pis deyil. Qazandığım nəticələrə görə dövlət başçımız və federasiyamız tərəfindən mükafatlar almışam. Çalışmışam ki, aldığım mükafatları düzgün istiqamətə xərcləyim və yatırım edim.
İdman sahəsi çətindir. Çalışmışam ki, Allahın mənə verdiyi qələbələr nəticəsinqə qazandığçm mükafatları boşuna sərf etməyim. Bu, Allahın mənə açdığı bir yoldur, düşünürəm ki, pul və şanslardan düzgün istifadə etmək laızmdır. Hamı kimi evim, avtomobilim var.
- Neçə övlad atasısınız?
- Aişə və Əsma adlı iki qızım var.
- Ən yaxın dostunuz kimdir?
- Ən yaxın dostum qardaşımdır. İdman sahəsindən ən yaxın dostum Rəşad Sadıqov və Rafael Ağayevdir. Ümumiyyətlə, bütün idmançılarla dostluq münasibəti saxlayıram.
- Boş vaxtlarınızda futbol oynayırsınız. Rəşad Sadıqova qalib gəlmisiniz?
- Rəşad Sadıqovla eyni komandada futbol oynamışam. Heç vaxt Rəşad Sadıqova qarşı oynamaram. Mənə elə gəlir, oyanaya da bilmərəm... Onunla futbol oynamaq tam başqa bir hissdir.
- Bir çox idmançılar özlərinə ləqəb götürüblər. Sizin ləqəbiniz yoxdur...
- Bəli, ləqəbim yoxdur, ancaq döyüşçülər özlərinə ləqəb seçirlər. Bir ara mənə “Qızıl oğlan” deyirdilər. Çox qızıl medal qazandığıma görə... Bu ləqəbi özümə götürmədim, belə şeyi xoşlamıram Ümumilikdə, öz adım bəs edir.
- Hansı yaşda idman karyeranıza son qoymağı düşünürsünüz? Bu zaman hansı işlə məşğul olmağı planlaşdırısınız?
- Olimpiya oyunlarından sonra böyük idmanla vidalaşmalıyam, 32-33 yaşım olacaq. Gənclər yetişir və gənclərə yol açmaq laızmdır. Çox uğurlar əldə etmişəm. Düşünürəm ki, gələcəkdə cənab prezident tərəfindən idmana aid hansısa vəzifəyə təyin ediləcəm.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı