Azərbaycanlı qızlardan film kimi uğur: Qəfil yollandıqları DÇ-yə belə damğa vurdular - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlı qızlardan film kimi uğur: Qəfil yollandıqları DÇ-yə belə damğa vurdular - FOTOLAR

Ötən gün İspaniyanın Linares şəhərində keçirilən qadın şahmatçılar arasında komandalar üzrə dünya çempionatı başa çatdı. Azərbaycan yığması finalda rusiyalı şahmatçılardan ibarət FİDE komandasına 1:3 və 1,5:2,5 hesabları ilə uduzaraq turniri ikinci pillədə tamamladı. Bu nəticə yığmamız üçün tarixi göstəricidir. Çünki komandamız ilk dəfə dünya çempionatında medal qazandı.

Yarış həm də bir fərdi uğurla yadda qaldı: birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva 10 oyunda topladığı 6 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib oldu.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva yer aldı. Onlara kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov rəhbərlik etdi.

Bu nəticəyə aparan yol isə maraqlıdır. Çünki Azərbaycan millisi bu yarışa planlı şəkildə hazırlaşan komandalardan deyildi. Əksinə, onların çempionata düşməsi bir növ zəncirvari təsadüflərin nəticəsi oldu.

Bir neçə ay əvvəl FİDE dünya çempionatına vəsiqə verəcək son komanda üçün Azərbaycan və Özbəkistan arasında seçim edə bilməmişdi. Bakıda təşkil olunan matçda özbəklər qalib gəldi və vəsiqəni qazandı. Bizim komanda üçün isə mövzu bağlanmış sayılırdı.

Lakin çempionatın startına iki gün qalmış vəziyyət dəyişdi. Əlcəzair yığmasının sənədlərində problem yarandı və İspaniya komandaya viza vermədi. Belə bir məqamda FİDE-nin seçimi Azərbaycan oldu. Evlərində istirahət edən şahmatçılara zənglər edildi və şad xəbər çatdırıldı. Federasiya qısa müddətdə sənədləri hazırladı və komanda təcili şəkildə Linaresə yollandı.

Turnirə hazırlıqsız yollanan komandadan gözləntilər minimum idi. Hər kəs rahat çıxış edirdi. Qrup mərhələsində 4-cü yeri tutan komandamızın əsas uğurlar pley-offda gəldi. 1/4 finalda ötən ilin dünya çempionu Gürcüstan, yarımfinalda isə 2023-cü ilin dünya ikincisi Qazaxıstan mübarizədən kənarlaşdırıldı. Bu mərhələlərdə komandanın sakit, amma inamlı oyunu xüsusi diqqət çəkirdi.

Finalda isə artıq güc fərqi hiss olunurdu. FİDE komandası reytinqli rusiyalı şahmatçılardan qurulmuşdu. Azərbaycan bəzi mövqelərdə şanslar qazansa da, sonda rəqib daha stabil oynadı. Amma turnirin sonunda mütəxəssislərin bir fikir var idi: komanda yarışa hazırlıqlı getsəydi, final daha fərqli ola bilərdi.

Turnir bitdikdən dərhal sonra komandanın üzvlərindən biri olan Gövhər Beydullayeva ilə əlaqə saxladıq. Gecə saatları olmasına rəğmən 22 yaşlı şahmatçımız Publika.az-ın suallarını eksklüziv olaraq cavablandırmaq imtina etmədi:

- Yarışla bağlı təəssüratlarınız necədir?

- Məlum olduğu kimi, bizim bu yarışa gəlməyimiz təsadüf oldu. Çempionata gələcəyimizi startdan 2-3 gün qabaq öyrəndik. Əlcəzair komandası viza məsələlərinə görə yarışa qatıla bilmədiyinə görə vəsiqə bizə verildi. Bu, bizim üçün çox gözlənilməz oldu. Şəxsən mən 2-3 ay klassik yarış oynamamağı planlaşdırmışdım, bu yarışın olması mənim üçün gözlənilməz oldu.

Turnir ümumilikdə çox gərgin şəraitdə keçdi. Rəqiblərimiz çox güclü idi. Dünyanın ən güclü şahmat ölkələri – Rusiya, Gürcüstan, Çin, Hindistan bu yarışda iştirak edirdi. Biz qrup mərhələsində 4-cü yerlə kifayətlənsək də, finala gedən yolda əvvəlcə 2023-cü ilin dünya çempionu Gürcüstan komandasını və həmin yarışda ikinci olan Qazaxıstan millisini məğlub etdik.

Final görüşündə rus şahmatçılardan ibarət FİDE yığması ilə qarşılaşdıq. Bu komandanın da heyətində dünyanın ilk 10-luğunda olan 3 şahmatçı var idi. Bizdən reytinq baxımından daha üstün idilər. Buna rəğmən mən inanırdım ki, onlara da qalib gələ bilərik. Hətta bəzi vəziyyətlərdə qələbə şansımız da var idi. Lakin bu dəfə şans bizimlə olmadı. Bununla belə, bu uğuru yüksək qiymətləndirirəm. Çünki bu, Azərbaycan şahmat tarixində dünya çempionatından ilk medaldır.

- Çempionat başlayanda final hədəfiniz var idi?

- Çempionata gəlməyimiz gözlənilməz olduğu üçün yarışdan öncə bir hədəf yox idi, nəticə haqqında düşünmürdük.

- Çempionata son anda, qəfil şəkildə dəvət aldınız. Həmin an hansı hissləri keçirdiniz? Təəccüb, sevinc və ya başqa hisslər yaşadınız?

- Bəli, həmin an gözlənilməz oldu. Öncə bizə belə bir şans olduğu yarışa 4-5 gün qalmış deyilmişdi. Amma ehtimal az olduğu üçün məsələyə çox da köklənmədik. Təbii ki, istəyirdik ki, bu şans bizə verilsin. Bizə vəsiqə veriləndə hədsiz sevindik. Komanda yarışları həmişə daha maraqlı olur, xüsusilə də belə mehriban komanda ilə yarışlara getmək motivasiya verir.

- Hazırlıqsız getmək sizə mane oldu, yoxsa sərbəstlik verdi?

- Biz, yarışlar olmasa belə hər zaman hazırlaşırıq. Amma bəli, sırf bu yarış üçün xüsusi hazırlığımız yox idi. Məncə, daha rahat və nəticəni düşünmədən oynamağımız bizim daha yaxşı çıxış etməyimizə səbəb oldu. Bəlkə də əvvəlcədən bilsəydik, gözləntilərimiz artacaqdı və bu, bizdə stress yarada bilərdi.

- Son nəticəyə əsasən, Azərbaycan komandasını dünyanın ən güclülərindən biri hesab etmək olar?

- Bizim çox güclü və perspektivi olan komandamız var. İnanıram ki, yaxın illərdə biz dünyanın ən güclüsü də olacağıq!

Son olaraq dəstək olan hər kəsə təşəkkür edirəm. Öncə federasiyamızın rəhbəri Mahir Məmmədova, kapitanımız İlahə Qədimovaya, məşqçilərimiz Nicat Abasov, Qədir Hüseynov və əməyi keçən digər şəxslərə, təbii ki, gözəl oyunlara görə komanda yoldaşlarıma minnətdaram.

Biz bu yarış boyunca və yarışdan öncə çox əziyyət çəkdik, çox çalışdıq və çox sevincliyəm ki, Azərbaycan tarixində ilk dəfə komandalar arasında dünya çempionatından medalla qayıtdıq. Bu çox böyük uğurdur və bu uğura görə komandamla fəxr edirəm.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm