"Sabah" "Qarabağ"ı taxtdan salacaq? - "Nyukasl" səddini keçsələr, vəziyyət gərginləşəcək
Bizi izləyin

İdman

"Sabah" "Qarabağ"ı taxtdan salacaq? - "Nyukasl" səddini keçsələr, vəziyyət gərginləşəcək

"Bir tərəfdən yaxşı çıxış edən "Sabah" var. Son oyunlarda bu komanda həqiqətən yaxşı performans göstərir, "Zirə" kimi komandaya qalib gəlməyi bacardılar. Qarşısında isə 3 cəbhədə mübarizə aparmaq məcburiyyətində qalan, sıx qrafikdə oynamağa çalışan "Qarabağ" var. Əvvəlki illərdə Ağdam klubu avrokuboklarda çıxış edərkən heyətdə rotasiyalar edərək sıx təqvimin öhdəsindən gələ bilirdi. Oyunları yaxşı alınmasa da, ən azı qol vurub qələbə qazanırdılar. Amma son görüşlər göstərdi ki, bu sarıdan çətinlik çəkirlər".

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Azərbaycan Premyer Liqasında çempionluq yarışını Publika.az-a dəyərləndirərkən deyib. 18 turdan sonra "Sabah" 43 xalla liderdir. Son çempion "Qarabağ" isə 4 xal geri qalaraq ikincidir. Ağdam klubu son turda "Turan Tovuz"la görüşdə minimal hesablı çətin qələbə qazandı. Ondan əvvəl isə "köhlən atlar" süpriz şəkildə "Kəpəz"ə məğlub olmuşdular - 0:2.

"Qarabağ" əvəzində Çempionlar Liqasında uğurlu çıxış edir. Ağdam klubu tarix yazaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Bu məqam Qurban Qurbanovun yetirmələri üçün nə qədər uğurlu olsa da, işlərini çətinə salır. Çünki komanda təkcə fevral ayı boyunca 3 cəbhədə - Azərbaycan kuboku, çempionatı və Çempionlar Liqasında mübarizə aparmalıdır. Təqvim olduqca sıxdır.

Bütün bunların fonunda Premyer Liqada "Qarabağ" adət etdiyimiz üzrə zirvədə deyil. Komandanın başının qarışmasından "Sabah" istifadə edib və liderliyi ələ keçirib. "Bayquşlar" hələlik itkisiz irəliləyir. Komandanın Premyer Liqada ardıcıl 7 qələbə seriyası var, cari mövsümdə isə 1 dəfə məğlub olublar.

İndi hər kəsi maraqlandıran suallar var. "Qarabağ"la bağlı çempionatdakı bu vəziyyət nə vaxta qədər davam edəcək? Aslan Kərimovun cavabı belə oldu:

"Mənə elə gəlir ki, bundan sonra çempionat daha maraqlı olacaq. "Qarabağ" "Nyukasl"la oyuna hazırlaşarkən çempionatla yanaşı, kubokda "Şamaxı" ilə də oynamalıdır. Bu ay ərzində "Sabah" və "Neftçi" kimi komandalarla görüşləri də var. Bu oyunlarda həddindən artıq çətinlik çəkəcəklər. Amma "Qarabağ" çempionat oyunlarında zəif çıxış etməsinə rəğmən qələbələr qazana bilir. "Turan Tovuz"la son oyunda belə oldu. Tovuz təmsilçisi ilə görüşdə "Qarabağ"ı belə görməmişdik. Çünki ağdamlılar əsas heyətlə oynamasına rəğmən "Turan Tovuz"a nisbətən az qol imkanı yaratdı, üstünlüyü rəqibə verdi. Görünür ki, biz "Qarabağ"ın belə oyunlarını daha çox görəcəyik".

Kərimovun fikrincə, "Qarabağ" ÇL-də "Nyukasl" səddini aşarsa, çempionatda oynamaq komanda üçün olduqca çətin olacaq:

"Qarabağ" "Nyukasl"ı keçsə, ondan sonra vəziyyət gərginləşəcək. Amma ilkin olaraq fevral "Qarabağ" üçün ağır olacaq. Onları çox çətin oyunlar gözləyir. Bu ay "Qarabağ"ın "Sabah"ı ötüb, lider olma şansı azdır. Amma sonrakı aylarda vəziyyət təqvimə uyğun olacaq. "Qarabağ"ın futbolçuları çox kefiyyətlidir. Təcrübələri də çoxdur. Onların Azərbaycan çempionatı üçün səviyyəsi olduqca yüksəkdir. Dəfələrlə bunu sübut ediblər. Diqqətlərini çempionata yönəltsələr, tam fokuslansalar, qələbələr qazanacaqlar".

Təcrübəli mütəxəssis mövcud vəziyyətə rəğmən "Sabah"ı "Qarabağ"la çempionluq yarışında favorit saymır:

"Mənim üçün də maraqlıdır ki, "Sabah" çempionatın axırına qədər belə davam edə, sabitliyi qoruyub saxlaya biləcək? Bunu nə dərəcədə bacaracaqlar? İkili oyunlarda "Qarabağ"a da qalib gələ bilərlər. Bunu bu mövsüm artıq bir dəfə ediblər. Çempionata uzun marafon kimi baxsaq, indi qollar vursalar da, qələbələr qazansalar da, mənə elə gəlir ki, zamanla çətinliyə düşəcəklər. "Qarabağ" isə həlledici, vacib oyunlarda qalib gəlməyi bacarır. Əsas məqam bu olacaq. Ona görə təxmin edirəm ki, "Qarabağ" çempionluğa bir addım yaxın görünür. Bunun birinci səbəbi komandanın sahib olduğu futbolçuların kefiyyəti və təcrübədir. Bu, sadəcə olaraq dəyərləndirməmizdir. Amma vəziyyətin necə olacağını dəqiqliklə iddia edə bilmərik. Hər şey zamanla müəyyənləşəcək".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm