"Arı" və dünyanın ən yaxşı xaç atası: 41 yaşı tamam olan Ronaldo haqqında bilmədikləriniz - Foto/Videolar
Bizi izləyin

İdman

"Arı" və dünyanın ən yaxşı xaç atası: 41 yaşı tamam olan Ronaldo haqqında bilmədikləriniz - Foto/Videolar

Bu gün futbolun canlı əfsanəsi, hazırda karyerasını Səudiyyə Ərəbistanında - “Əl-Nəsr”də davam etdirən Kriştiano Ronaldo 41 yaşını qeyd edir.

Onun şöhrət dolu illəri geridə qalıb. “Mançester Yunayted”, “Real”, “Yuventus”dakı çıxışları bu gün də azarkeşlərin xatirəsindədir. Bəs bütün bunlardan əvvəl Ronaldo necə idi? O, haradan gəldi? Zirvəyə gedən yolu necə keçdi?

Madeyrada, maşınların səs-küyü altında, düz küçənin ortasında futbol oynayırdılar. İşi-gücü olan sürücülər son anda əyləci basır, sonra da ucadan söyüş söyürdülər. Amma uşaqlarla nə edəsən?

Gənc Ronaldo atası ilə, marca.com

Madeyrada futbol gələcəyə yatırım deyil. Varlı valideynlərin uşaqlarını “Nike” formasında ideal idman zallarına aparması kimi. Orada futbol həyat tərzidir. Üstəlik, onun varlı valideynləri də yox idi.

Anası Mariya Doloreş duş Santuş aşpaz və ya xadimə kimi işləyirdi, atası Joze Diniş Aveyro isə qazonu biçir və içirdi. Yeri gəlmişkən, o, planlaşdırılmamış ən kiçik oğluna sevimli siyasətçisi Ronald Reyqanın şərəfinə Ronaldo adını vermişdi. Üstəlik, Diniş Aveyro övladına ən uyğun xaç atasını da tapmışdı.

“Mən Ronaldonun xaç atası oldum, çünki o vaxt “Andorrinya” klubunda oynayırdım, atası isə klubun inzibatçı idi. O, Ronaldonun doğulduğu gün məndən xahiş etdi.

Qəribə vəziyyət alındı. Həmin gün bizim oyun var idi, ona görə mən və Diniş xaç suyuna salınma mərasiminə gecikdik. Keşiş artıq onu xaç suyuna salmaq istəmirdi. Onu razı salmalı olduq. Elə də yaxşı hekayə deyil, çünki hamı yalnız ikimizi gözləyirdi”, – deyə Fernan Barroş Souza xatırlayır.

Həmin vaxt o artıq karyerasını bitirirdi, amma gəncliyində Madeyranın elit klubu “Nasyonal”da çıxış etmişdi.

Bilməyənlər üçün qeyd edək ki, Madeyra, əhalisi 250 min olan bir adadır, Mərakeş Portuqaliyadan daha yaxındır, baxmayaraq ki, bu torpaq Böyük Coğrafi Kəşflər dövründən Portuqaliyaya məxsusdur. Yeri gəlmişkən, burada Xristofer Kolumbun da abidəsi var.

Gənc Ronaldo ailəsi ilə birlikdə, marca.com

Barroş Souza ilk dəfə istedadı görən və oğlanı “Andorrinya”nın futbol məktəbinə yazdıran şəxs olub:

“O, bütün uşaqlar kimi idi. Amma digərləri dərs oxuyanda, o buna fikir vermirdi və futbol oynayırdı. Onu fərqləndirən də bu idi”.

Ronaldonu parta arxasına oturtmağa sadəcə adam yox idi. Həmişə sərxoş olan atası tribunadan uşaq komandasının vurduğu qolları alqışlayır, evdə isə öyünürdü: “Görməliydiniz! Kriştiano bu gün yenə iki qol vurdu!”

Doloreş və qızlar isə onu belə dinləmirdilər. Bu, arzu edilən bir uşaqlıq deyildi və getdikcə onun xarakterinə, davranışına təsir edirdi.

Image

“Artıq 8-9 yaşında Ronaldo möhtəşəm oyunçu idi. Və çox həssas idi. Ona top verməyəndə ağlayırdı. Komanda yoldaşları dava edirdi. Çox qol vururdu, amma biz ona “ağlağan” ləqəbini vermişdik”, – deyə o vaxt onunla oynamış, indi isə adada uşaqları məşq etdirən Rikardo Santoş xatırlayır.

Komanda yoldaşı Rui də bunu təsdiqləyir: “Kriştiano uduzanda həmişə ağlayırdı”.

Uduzmağın əvəzini çıxmaq üçün isə bütün günü qaçırdı. Cədvəldən asılı olmayaraq, gecə yarısına qədər küçələrdə idi. Onun tələsəcəyi bir evi yox idi.

“Neçə qol vurduğunu bilmirəm, amma hamıdan çox olduğu dəqiqdir. Bir dəfə 3:0 udurduq, bütün qolları o vurmuşdu. Sonra Ronaldo zədələndi və biz 3:4 uduzduq”, – Santoş deyir.

Image

Bu vaxt xaç atası Barroşu “Nasyonal”da inzibati vəzifəyə götürdülər və dərhal ona Ronaldo ilə bağlı tapşırıq verdilər: “Məsələ ondadır ki, onlar “Andorrinya”da oynayan istedadlı bir uşaq haqqında eşitmişdilər, onu həm də əsas rəqib “Maritimu” almaq istəyirdi. Stadiona gəlib bunun Ronaldo olduğunu biləndə təəccübləndim! (gülür)”.

Həmin vaxt Diniş artıq tamamilə dibdə idi, buna görə danışıqları Barroş Doloreşlə aparırdı. Ananı sevindirən məqam o oldu ki, Barroş xaç oğluna nəzarət edəcəyinə söz verdi. Hətta onun üçün internatda otaq da ayırdılar, çünki genləri və ətraf mühiti çox sual doğururdu. Meydanda Ronaldo hətta bu sahədə dişini tökmüş məşqçiləri belə heyrətləndirirdi.

“Mən onu “Nasyonal”da bir il məşq etdirmişəm. Kapitan idi və artıq özündən 3 yaş böyük uşaqlara qarşı oynayırdı. Çox vaxt onların arasında da seçilirdi. Burada, Madeyrada onun istedadı hamıya bəlli idi. Matçlara gələn hər kəs onu adanın ən istedadlı futbolçusu hesab edirdi”- deyə məşqçi Pedro Talinyaş bildirir.

Image

Gülməlidir, amma “Andorrinya” Ronaldoya görə cəmi 20 top və iki dəst forma aldı. Hər şey göz önündə dəyişirdi. Məşqçilər və tərəfdaşlar üçün o, artıq “Ağlağan” yox, meydanda durmadan işlədiyinə görə “Arı” idi.

Bir gün Kriştiano tribunada anasını və bacılarını da gördü: “Onları heç vaxt unutmayacağam. Bir-birinə sıxılıb oturmuşdular və isti görünürdülər. Əl çalmır, qışqırmırdılar, sadəcə mənə əl edirdilər. Elə bil ilk dəfə futbola gəlmişdilər”.

Həmin gün Ronaldo onlar üçün 3 qol vurdu.

Barroş Souza başa düşürdü ki, kasıb ailə üçün bu istedad Tanrının bir hədiyyəsidir. Tezliklə o, “Sportinq”in (Lissabon) üzvü olan hakim Joao Markeş de Freytaşın telefonunu tapdı: “Danışdıq, amma mən məşqçi deyiləm deyə skaut Aurelio Pereyra ilə əlaqə saxladım. Ona dedim ki, ola bilsin, sənin üçün çox yaxşı bir uşaq var”.

Pereyra əvvəlcə inanmadı və uşağı Lissabona gətirməyi xahiş etdi. Barroş Doloreşin yanına gəlib dedi ki, əgər razı olsa, bileti öz pulu ilə alacaq. Ana dərhal razılaşdı. O da hər şeyi anlayırdı. Kriştiano 12 yaşında ilk dəfə paytaxta gəldi.

Image

“Şənbə günü idi, çərşənbə axşamı isə Aurelio dedi ki, uşaq elə səviyyədədir ki, hətta peşəkarlar ona baxmağa gəlirdilər”, - deyə Barroş həmin günü xatırlayır.

Beləcə Ronaldo “Sportinq”ə düşdü. Həmin vaxt isə 1997-ci il idi və Portuqaliya futbolu yüksəlişdəydi. Luiş Fiqo, Rui Koşta, Nunu Qomeş, Serxio Konseysao.

Madeyranın kasıb məhəllələrindən gələn Kriştiano onları yaxşı tanımırdı, məktəbdə isə bütün fənlərdən kəsilmişdi. Üstəlik, meydanda əsas ulduz o yox, Fernando Paim idi. Hətta Ronaldo özü də etiraf edirdi ki, Paim ondan daha bacarıqlıdır.

“Madeyralıların ləhcəsi lissabonlulardan fərqlənir. Onlar periferiyadır. Ronaldo məktəbdə çətinlik çəkirdi, ona gülürdülər, o isə müqavimət göstərirdi. Bunlar onun üçün ağır illər idi”, – Freytaş izah edir.

Buy cr7 sporting New Arrivals Cristiano Ronaldo Talks The Moment I Knew His  1st Sporting

Bir il sonra Kriştiano “Sportinq”i atıb Madeyraya qayıtdı, amma evin qarşısında Barroş onu saxladı: “Müdaxilə etməli oldum və izah etdim ki, geri qayıdıb ‘Sportinq’də oynamalıdır, çünki ailəsinin yeganə gələcəyi odur”.

O söhbətdən sonra Ronaldo həmişəlik dəyişdi. Lissabona qayıdanda sanki hər hərəkəti həyatından asılı imiş kimi məşq edirdi.Artıq göz yaşları yox idi. Onların yerini təkəbbür, hətta kobudluq aldı. 14 yaşında müəllimi kifayət qədər hörmət göstərmədiyinə görə ona stul atdığı üçün məktəbdən qovuldu.

O vaxt onunla oynamış Kristofer Almeida de Pilar bunu belə xatırlayır: “Ronaldo digərlərindən gördüyü işlə seçilirdi, təkcə məşqlərdə yox, məşqdən sonra da. O, həmişə qalır və ən zəif tərəfləri üzərində yarım saat əlavə çalışırdı. Beləcə ,digərlərindən qat-qat böyük nüfuz qazandı. Onun məşqi, tərəfdaşları motivasiya etməsi, səhvlərini düzəltməsi, qalib gəlmək və hamını heyrətləndirmək istəyi bizi aşırdı”.

15 yaşında onda anadangəlmə taxikardiya tapıldı. Problem lazerlə aradan qaldırıldı. 16 yaşında artıq “Sportinq”in dörd müxtəlif komandasında oynayıb əvəzedici heyətə yüksəlmişdi. 17 yaşında isə Laslo Beleni qərar verdi ki, vaxt çatıb.

Rumıniyalı məşqçi 2002-ci ilin yayında ÇL təsnifatında “İnter”ə qarşı matçda Ronaldonu meydana buraxdı. Qol və ötürmə olmasa da, oyundan sonra “Record” nəşri ondan yazdı: “Bu gənc oğlana diqqət yetirin. Topu necə sürətlə aparır, driblinqi nə qədər qeyri-adidir və qapıya nə qədər məqsədyönlü zərbələr vurur!”

Beleni isə əlavə edirdi: “O, yaşına uyğun olmayan bir insan kimi oynayır və davranırdı. Soyunub-geyinmə otağında bir az zarafatcıl idi, meydanda isə mükəmməl idi. 16-17 yaş üçün bu səviyyədə yetkinlik normal deyil”.

Məhz o, mərkəz hücumçusu olan Ronaldonu cinaha keçirdi, çünki gəncin stoperlərlə mübarizədə gücü çatmırdı: “O, cəmi 60 kq idi, rəqib müdafiəçilər isə 100 kq. Düşündük ki, sürəti və driblinqi ilə cinahda daha effektli olacaq”.

Və yanılmadılar. 7 oktyabr 2002-ci ildə “Moreyrense”yə qarşı Ronaldo ilk qolunu vurdu. Həm də sonradan ona dünya şöhrəti gətirəcək üslubda. Həmin qolun təsirini heç nə azalda bilməzdi, nə də “Sportinq”in uğursuz mövsümü.

Avropanın bütün nəhəng klubları demək olar eyni vaxtda Kriştianoya maraq göstərdi, məşqçisi isə qiyməti qaldırırdı: “O, Fiqodan da, Eysebiodan da yaxşı olacaq! Buna əminəm!”

Soruşa bilərsiniz ki, Ronaldo niyə məhz “Mançester Yunayted”ə keçdi? Birincisi, Karlos Keyroşun sayəsində “Yunayted”in “Sportinq”lə əməkdaşlıq müqaviləsi var idi. Sonradan bu yolla Anderson və Nani də alınmışdı. Üstəlik, 6 avqust 2003-də yenilənmiş “Joze Alvalade” stadionunun açılışına məhz MY dəvət edilmişdi.

Rio Ferdinand xatırlayırdı ki, komanda o qədər də sevinmirdi, çünki ABŞ turundan yenicə qayıtmışdılar. Ronaldonu isə ümumiyyətlə tanımırdılar. O, diqqəti birbaşa oyunu ilə çəkdi: “Bir hissədən sonra Con O’Şeyə oksigen balonu lazım oldu!”

Ser Aleks Ferqyuson isə artıq ilk hissədə direktor Piter Kenyona SMS yazmışdı: “Biz onu almadan stadionu tərk etməyəcəyik”.

Sonrasını hamı gördü. Ronaldo 20 ildən çox qaçdı, məşq etdi, pəhriz saxladı, hətta qrafiklə yatdı ki, sağlam həyat tərzinin simvoluna çevrilsin və sonda dünya çempionatı istisna olmaqla hər şeyi qazansın.

“Hamı məqsədimi bilir. Zədə olmasa, 1000 qola çatacağam”, – o, bu gün vəd edir. Bu rəqəmə cəmi 39 qol qalıb. Və bir də mütləq gedəcəyi son dünya çempionatı.

Kriştiano bilmir ki, onun məşqlərini həbsxana kamerasının pəncərəsindən çoxdan unudulmuş Fabio Paim izləyir. “Sportinq” akademiyasının ulduzu vaxtilə “Çelsi”yə keçdiı, pulları əyləncələrə xərclədi, Anqola liqasına düşdü və sonda kokainə görə həbs olundu. Belə hekayələr nə qədər olub və olacaq? İstedad fədakarlıq olmadan heç nədir.

Kasıb məhəllədən çıxan uşaq, Barroş olmasaydı, asanlıqla itib gedərdi. Onlar bu əlaqəni ömür boyu qoruyub saxladılar. Xaç atası onu ziyarət edir, Ronaldonun isə artıq böyük ailəsi var.

Image

Freytaş da etiraf edir: “Mən Kriştianonu çox sevirəm. O, yaxşı insan və ailə başçısıdır, ailəsini heç vaxt unutmayıb. Üstəlik, adada bir çox insana kömək edib”.

Elə buna görə də onun şərəfinə heykəllər var, muzey var. İnsanlar "kim bütün zamanların ən yaxşısıdır" deyə mübahisə edirik, amma Madeyrada bu sual çoxdan cavablanıb.

“Burada doğulan bütün uşaqlar Kriştiano kimi oynamaq istəyir. Onun kimi olmaq istəyirlər. Amma bilirsən nə düşünürəm? Madeyrada ikinci Ronaldo heç vaxt olmayacaq. Yalnız bu biri var” - deyə Kriştiano ilə oynamış Rui bildiririr.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm