Nərimanın meneceri sirləri açdı: MLS-i hansı liqalardan üstün tutub? - EKSKLÜZİV
Bizi izləyin

İdman

Nərimanın meneceri sirləri açdı: MLS-i hansı liqalardan üstün tutub? - EKSKLÜZİV

"MLS son illərdə marağı artan, amma Avropa çempionatları ilə müqayisədə top olmayan liqadır. MLS olduqca fərqli çempionatdır. Onu sözlə ifadə etmək çətindir".

Bu sözləri Publika.az-a açıqlamasında "Qarabağ"dan "Kolumbus Kryu"ya transfer edilən Nəriman Axundzadənin meneceri Tural Əsgərov gənc futbolçunun transferini şərh edərkən deyib. Təcrübəli futbol adamı 21 yaşlı vingerin MLS-ə transferdə xüsusilə maraqlı olduğunu bildirib.

"Biz bir il, ilyarımdır Nərimanın transferi üzərində çalışırıq. Bu müddət ərzində o, MLS həvəsə göstərirdi, ora getmək istəyirdi. MLS-i Avropanın bəzi liqalarından, Rusiya və Türkiyə çempionatlarından daha maraqlı bilirdi, ora getməyə üstünlük verirdi. Təəssüf ki, Azərbaycandan hələ böyük beşlik ölkələrinin əsas liqalarına transfer baş tutmayıb. Yəqin ki, bunun günahının bir hissəsi bizim üzərimizə düşür, eliyə bilməmişik. Top-5 liqalar istisna olmaqla, Nərimanın əsas istəyi MLS idi".

Nəriman Axundzadənin ölkə xaricinə üz tutmasını dəstəkləyənlər var. Lakin onun seçimi tənqid edilir. Çempionlar Liqasında oynayan komandanı ABŞ-a dəyişməsi və seçimini Avropadan yana etməməsini uğursuz seçim adlandıranlar kifayət qədərdir. Əsgərovun bu məsələyə münasibəti belə oldu:

"Bəli, insanlar haqlı olaraq deyə bilərlər ki, bu yaşda MLS-ə niyə getdi? Çempionlar Liqasından, avrokuboklardan imtina etməyin doğru olmadığını bildirən fikirlər ola bilər. Bunu deyən insanların əsası da var. Mən bir məqama diqqət yönəldim. ABŞ-da basketbol, hokkey kim idman növləri var. Avropada da basketbol çox populyardır və yüksək səviyyədə keçirilən Avroliqa kimi turnir var. Söhbət NBA-dən gedirsə, dünyada elə basketbolçu olmaz oradan təklifi kənara qoyub desin ki, "yox, mən Avroliqada oynayıram". Futbolda bu belə deyil. Yaxın illərdə dəyişiklik olmayacaq. Amma ABŞ-ın idmandakı təşkilati işləri baxımdan təcrübəsi onu göstərir ki, MLS-in inkişafı davam edəcək. Bundan sonra daha çox futbolçu o tərəfə keçməyə üstünlük verəcək. MLS-in çox maraqlı qaydaları var. Onlar çox uzun söhbətlərdir. Məsələn, futbolçular müqavilələrini klubla deyil, liqa ilə bağlayırlar. İnfrastruktur baxımından da İngiltərə Premyer Liqası klublarından geri qalmırlar".

Tural bəy Nərimanın yenidən Avropaya qayıtma ehtimalının olduğunu bildirib. O, bunu MLS-in səviyyəsinin yüksəlməsi və liqada baş verən dəyişikliklərlə əlaqələndirib:

"ABŞ-dan Avropaya transferlər də çoxdur. Bəlkə 10 il əvvəl idi ki, MLS-ə karyeranı bitirməyə gedirdin. İndi elə deyil. İndi ABŞ-dan Avropaya transfer edilən gənc futbolçuların sayına baxa bilərsiniz. Çünki onlar da inkişaf edirlər, yaxşı şəraitləri var, yaxşı futbolçular yetişir. Bu baxımdan hesab edirəm ki, Nəriman çox maraqlı seçim edib. Bu seçimi edərkən ciddi mənada heç nə itirmir. Əksinə, qazana bilər. Ola bilər ki, müvəqqəti və ya bəlkə də ömürlük Çempionlar Liqasından kənarda qalır. Amma orada da maraqlı yarışlar var. Hər şey Nərimanın özündən asılı olacaq. Onun komandaya, məşqçiyə uyğunlaşma məsələləri var. Uğur və uğursuzluq futbolun sifətidir. İnşallah uğurlu olar".

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm