“Şamaxı”nın isveçrəli Kəriminin arzusu: “Qarabağ”da onunla birlikdə oynamaq istəyir - MÜSAHİBƏ
Bizi izləyin

İdman

“Şamaxı”nın isveçrəli Kəriminin arzusu: “Qarabağ”da onunla birlikdə oynamaq istəyir - MÜSAHİBƏ

Ötən il Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildikdən sonra klubların çox sayda xarici futbolçu transfer edəcəyi dəqiq idi. Onların kefiyyətli olub-olmayacağı müzakirə olunurdu.

Zamanla hər kəsin nəyə qadir olduğu üzə çıxdı. Bəziləri elə ilk turdan, digərlər isə uyğunlaşma prosesi başa çatdıqdan sonra özünü göstərdi.

Elə ilk oyunundan diqqət mərkəzində olan futbolçulardan biri “Şamaxı”nın üzvü Kərim Rossi idi. İsveçrəli hücumçu elə birinci turda “Neftçi” ilə oyunda (1:1) vurduğu baxımlı qolla bacarığını nümayiş etdirdi. 8-9 aydır ölkəmizdə çıxış edən Rossi bölgə təmsilçisinin ən məhsuldar futbolçusudur. Ucaboy qoleador Premyer Liqada 8, kubokda isə 3 qolla komandasına töhfə verib.

Son 1 ay isə onun üçün dramatik alınıb. “Qarabağ”la Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda dubl edərək komandasına qələbə qazandırdı - 2:1. Cavab matçında əvvəlcə hesabı bərabərləşdirsə də, son dəqiqəndə (1:3) penaltini qaçırmaqla anti-qəhrəmana çevrildi. Nəticədə komandası mübarizəni dayandırdı.

Ölkə çempionatının 22-ci turunun ötən gün baş tutan “İmişli” ilə görüşə Rossi qaçırdığı penaltinin təsiri ilə çıxmışdı. Bəlkə də bunun nəticəsi idi ki, onun oyunu alınmadı. Oyundan sonra onunla həmsöhbət olduq. Məyusluğu sezilirdi, amma hər bir peşəkar futbolçu kimi toparlanmağa çalışırdı.

- Əvvəlcə “İmişli” ilə oyun barədə danışaq. Sizin üçün oyun çətin keçdi, sanki yorğun idiniz…
- Çətin oyun olacağını bilirdik. 3 gün əvvəl “Qarabağ”la kubok oyunumuz olmuşdu. Bərpa olunmaq üçün vaxt az idi. Həmçinim bilirdik ki, “İmişli” çətin və müdafiədə möhkəm komandadır. Onlara qarşı oynamaq da çətindir. Bütün bu məqamlar oyunumuza təsir etdi.

- “Qarabağ”la kubok oyununda son anda kritik penalti qaçırdınız, həmin anın təsirindən çıxa bilmisiniz?
- Penalti vurmaq bir hücumçu üçün böyük məsuliyyət deməkdir. Vura bilmədiyim üçün məyus idim. Bu məsuliyyəti götürəndə hər şeyi gözə alırıq. Bəzən qol olur, bəzən fürsət qaçır. Hücumçu həyatı belədir. Ötən həftə “Neftçi” ilə oyunda son dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmişdim. Bəzən belə hallar baş verir. Amma bunun“İmişli” ilə oyunuma heç bir pis təsiri olmadı.

- “Qarabağ”a ən çox qol vuran (red - 3 qol) futbolçulardan birisiniz. Bu görüşlərə xüsusi hazırlaşırsınız, yoxsa hansısa prinsipial məqam var?
- Böyük komandalara qarşı oynamaq hər zaman yaxşıdır. Qol vurmaq mənim işimdir. “Qarabağ”a qarşı da işlərim yaxşı getdi, ona görə bu qədər qol vura bildim. Hücumçu kimi də çalışdım ki, bütün oyunlarda qollar vurum. Belə davam etməyə çalışacam.

- “Şamaxı”da özünü yaxşı tərəfdən göstərə bildin, diqqətləri üzərinizə cəlb etmisiniz. Mövsümün sonunda yeni müqavilə imzalayacaqsınız, yoxsa başqa təklifləri dəyərləndirəcəksiniz?
- Hal-hazırda bütün diqqətimi “Şamaxı”ya yönəltmişəm. Mövsümü yaxşı bitirməyə fokuslanmışam. Fikrim ancaq komandamladır. Maraqlananlar ola bilər, amma başqa söz demək istmirəm.

- Belə deyək, Azərbaycanda özünüzü necə hiss edirsiniz? Qalıb oynamaq istəyirsiniz?
- Azərbaycanı sevirəm. Mədəniyyəti, insanları gözəldir. Futbol da, Liqa da çox yaxşıdır. Burada qalıb oynamağa davam edə bilərəm.

- Azərbaycanda “Şamaxı”dan savayı oynamaq istədiyiniz xüsusi klub varmı?
- Hər hansı xüsusi seçim yoxdur. Dostum Abdulla Zubir “Qarabağ”da çıxış edir. Onunla birlikdə oynamaq yaxşı olar. Amma ümumi olaraq xüsusi seçimim yoxdur. Bakıda oynamaq daha yaxşı variant olar.

- Şamaxıda özünüzü necə hiss edirsiniz? Bura Bakıdan fərqlənir. Qışda daim soyuq və qar olur. Ailəniz üçün darıxdırıcı deyil?
- Təbii ki, ailəmlə olduğum üçün burada bir az çətindir. Lakin klub tərəfindən Şamaxıda bütün şərait təmin olunub. Hər hansı problem yoxdur. Təbii ki, Bakı şəhər olaraq daha yaxşıdır. bu, müzakirə olunmazdır. Meydanda yaxşı oynadığım müddətdə mənim üçün problem yoxdur.

- Məsafənin yaxınlığından istifadə edərək istirahət günlərində Bakıya gedirsiniz?
- Fürsət və istirahət olanda 1-2 günlük ailəmlə Bakıya gəzməyə, istirahət etməyə, mental olaraq bərpa olunmağa gedirik.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm