“Qarabağ”dan çempionluğu kimlər və necə aldılar?
Bizi izləyin

İdman

“Qarabağ”dan çempionluğu kimlər və necə aldılar?

“Qarabağ”dan çempionluğu kimlər və necə aldılar?

Artıq gedişat dəyişməyəcək çempionat elə bu ssenari ilə də yekunlaşacaq. Dəyişən o olacaq ki, “Qarabağ” çempionluğu əldən verəcək. Son 12 mövsümdə ikinci dəfə. Bəs Çempionlar Liqasında tarix yazan komandanın əlindən çempionluq neçə çıxdı?

Bir səbəb ÇL-dəki uğurun “fəsadı”dır

Sözsüz ki, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı Azərbaycan futbol tarixində uzun illər xatırlanacaq. Ən azı bu uğur təkrarlana qədər. Bu isə çox çətin görünür.

Amma “Qarabağ”ın çempionluğu əldən verməsinin əsas səbəblərindən biri də məhz ÇL oldu. Çoxlarımız qəbul etmirik, ancaq Çempionlar Liqası nəhəng və ağır turnirdir.

Burada sərf olunan enerji, qüvvə milli çempionatla müqayisəyə gəlməz. Və bu ağırlığın altından yalnız və yalnız “milyarder” komandalar çıxa bilər. O komandalar ki, 60-70 milyonluq futbolçunu ehtiyatda saxlayır.

Sadə bir misal: ÇL-in pley-offunda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Nyukasl” kimi nəhəng çempionatda fiasko yaşadı.

Yəni ÇL-in ağırlığına tab gətirmək çox çətindir. Bütün qüvvə, enerji və ehtirasını orada qoyduqdan sonra yerli çempionatda oynamaq asan olmur. Belə oyunlardan sonra “Kəpəz”ə məğlub olmaq tam normaldır. Bu baxımdan ÇL “Qarabağ”a növbəti dəfə Azərbaycan çempionu olmağa mane oldu.

Və “Qarabağ” “Kəpəz”, “Şamaxı” kimi komandalarla oyunlarda itirilən xallara görə çempionluqdan məhrum oldu.

Başqa bir səbəb isə “Sabah”dır

Sual yaranır: “Qarabağ” əvvəlki illərdə də daim Avrokubokların qrup mərhələsində çıxış edib, amma həmişə asanlıqla Azərbaycan çempionluğunu təmin edib. Bəs bu il nə baş verdi?

Sualın cavabı çox sadədir: Əvvəlki illərdə Azərbaycan çempionatında rəqabət yox idi. “Qarabağ” və digərləri vardı. Digər komandalar bir-birlərinə bab olduqları üçün mütəmadi olaraq xallar itirirdilər. Belə olanda, “Qarabağ”ın bəzi oyunlarda büdrəməsi də turnir cədvəlindəki mövqeyinə təsir etmirdi. Yəni rəqabətsizlik mühitində “Qarabağ” asanlıqla çempion olurdu.

Bu mövsüm isə fərqli oldu. “Sabah” meydana çıxdı. Ehtiraslı, baxımlı, sabit oynayan “Sabah”. Çempionat boyu yaşanan hakim qalmaqallarına rəğmən, “Sabah” bütün mövsümü az qala birnəfəsə keçirdi. Yersiz xallar itirmədi, oyun tempini aşağı salmadı, keyfiyyətli futbol nümayiş etdirdi və “Qarabağ”ın ÇL yorğunluğundan maksimum yararlandı. “Sabah” bu çempionluğu haqq edib, bu birmənalıdır.

Sabah neçə olacaq?

Azərbaycan çempionatında rəqabətin yaranması olduqca müsbət amildir. “Qarabağ”a bab klub meydana çıxıb. Amma bu rəqabət davamlı olmalıdır. İndi “Sabah”ın üzərində böyük təzyiq olacaq. Komanda Çempionlar Liqasında mübarizə aparacaq. Azərbaycan futbol ictimaiyyəti isə daim maksimumu tələb edir. Bunu “Qarabağ”a münasibətdə görmüşük. Deməli, “Sabah”dan da maksimum tələb ediləcək. “Bayquşlar” Çempionlar Liqasına vəsiqə qazanmağa məhkumdurlar? Bunu onlardan tələb etmək haqsızlıq olar. Bunun üçün uzun yol keçmək lazımdır. “Qarabağ” bunu cəmi iki dəfə bacarıb. Ona görə də realist olmalıyıq, “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanması mümkünsüz görünür. Amma qazanarsa, nə yaxşı.

Ancaq bu komanda Avropa Liqasının qrupunda olmalıdır, olmasa, artıq çempionluq gözdən düşəcək. Çünki Konfrans Liqasının qrupunda oynamaq uğur sayılmayacaq.

Onu da unutmayaq ki, Azərbaycan futbol ictimaiyyəti bir komandaya çempionatdakı yox, Avropadakı nəticəsinə görə qiymət verir.

Bəli, “Sabah” “Qarabağ”dan çempionluğu alır, bu, böyük uğurdur, amma komandanın əsl qiyməti Avrokubokda veriləcək.

“Qarabağ”ı nə gözləyir?

Qorxulu nə isə baş verdiyini düşünmürəm. “Qarabağ”dan çempionluğu bir dəfə də “Neftçi” almışdı. Ondan sonra nə baş verdi? Daha güclü “Qarabağ” qayıtdı. Əvvəlcə Avropa Liqasında tarix yazdı, sonra isə ÇL möcüzəsini yaratdı.

Rəqabət, bəlkə də ən çox “Qarabağ” üçün lazımdır. Bu komanda daha güclü qayıdacaq, təbii ki, sistem yerində qalacaqsa.

Heyətə əl gəzdiriləcək, gedənlər və gələnlər olacaq, amma Qurban Qurbanovun sistemi işlədikcə, daha güclü komanda formalaşacaq.

Ən nəhəng komandaların da eniş yaşadığı vaxtlar olur. Gözümüzün qarşısında “Real”, “Liverpul” nümunəsi var. “Qarabağ” da istisna olmamalıdır. Daimi qələbə ola bilməz. Daimi qələbədən bezən elə azarkeşlər olar. Ona görə də Azərbaycan çempionatında rəqabət olmalıdır. Təkcə “Sabah” yox, “Neftçi” də “Qarabağ”a boy göstərməlidir. Bu komanda ölkə futbolunun tarixidir, böyük bir nəsil üçün dəyərdir. “Neftçi”nin rəqabətədavamlı olması, sözsüz ki, ölkə futboluna rəng qatar, onun inkişafını sürətləndirər.

Azarkeşlər nəyə ümid edə bilər?

“Qarabağ”ın çempionluğu əldən verməsi, həm də azarkeşlərin də havasını almış olacaq. “Köhlən atlar” uğurları ilə azarkeşlərin reallıq hissinə kəskin təsir etmişdi. Az qala ÇL-in qalibi olmağı tələb edirdilər. “Qarabağ” uduzanda stress yaşayırdı Azərbaycan cəmiyyəti. “Qarabağ”ın taxtdan düşməsi stressdən çıxmağa böyük yardımçı olacaq. Azərbaycan futbolunun real durumunu, əslində kim olduğumuzu dərk edəcəyik.

Amma naümid də olmayaq. Sadəcə stressi üzərimizdən ataq, inanaq ki, Azərbaycan futbolunda sağlam rəqabət formalaşacaq, “Qarabağ” daha güclü qayıdacaq, “Sabah” mövsümi komanda olmayacaq, “Neftçi” “böyük” statusunu bərpa edəcək. Azərbaycan futbolunun intibah dövrü məhz onda başlayacaq.

Müəllif: Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm