50-ci illərin mundialları: "Bern döyüşü", ağlasığmaz alman hiyləgərliyi və kralın doğuluşu
Bizi izləyin

İdman

50-ci illərin mundialları: "Bern döyüşü", ağlasığmaz alman hiyləgərliyi və kralın doğuluşu

50-ci illərin mundialları: "Bern döyüşü", ağlasığmaz alman hiyləgərliyi və kralın doğuluşu

Dünya çempionatlarının tarixi barədə silsilə yazılarımızın üçüncü hissəsində futbolun ən qollu, ən qalmaqallı və bəlkə də ən vacib iki turnirinə səyahət edirik. İlk yazılarımızda dünya çempionatlarının necə yaranmasından, İkinci Dünya müharibəsinin futbola vurduğu zərbədən və 1950-ci ildəki "Marakana sükutu"ndan bəhs etmişdik.

İndi isə diqqət mərkəzində FİFA-nın 50 illik yubileyinə təsadüf edən DÇ-1954 (İsveçrə) və "Futbol Kralı"nın səhnəyə çıxdığı DÇ-1958 (İsveç) var. Möhtəşəm geridönüşlər, ağlasığmaz taktiki fəndlər və hələ də qırılmayan rekordlarla dolu bu iki mundial futbol tarixini birdəfəlik dəyişdi.

DÇ-1954: Hiyləgərlik, dopinq və "qızıl komanda"nın çöküşü

1954-cü ildə FİFA-nın 50 yaşı tamam olurdu və bu əlamətdar hadisəni qeyd etmək üçün 5-ci dünya çempionatı təşkilatın mənzil-qərargahının yerləşdiyi İsveçrəyə həvalə edildi. Bu turnir, orta hesabla hər oyuna vurulan 5.38 qol göstəricisi ilə ən məhsuldar dünya çempionatı kimi adını tarixə yazdırdı. Lakin turnir təkcə qollarla deyil, qəribə qaydaları və böyük qalmaqalları ilə də yadda qaldı.

O dövrün ən güclü komandası, şübhəsiz ki, Macarıstan idi. Ferenç Puşkaşın liderlik etdiyi "qızıl komanda" (möhtəşəm macarlar) illərdir məğlubiyyət nə olduğunu bilmir, rəqiblərini darmadağın edirdi. Dünya çempionatı da onlar üçün asan gəzinti kimi başlamışdı. İlk oyunda Cənubi Koreyanı 9:0 hesabı ilə məğlub edən macarlar, ikinci görüşdə Qərbi Almaniya (AFR) ilə üz-üzə gəldilər.

Almaniya yığmasının baş məşqçisi Zepp Herberger futbol tarixinin ən böyük hiylələrindən birinə əl atdı. O, qrupdakı həlledici pley-off oyunu (Türkiyəyə qarşı) öncəsi əsas oyunçularını dincəltmək qərarına gəldi və Macarıstanla oyuna ehtiyat heyəti buraxdı. Nəticədə almanlar 8:3 hesabı ilə darmadağın oldular, lakin Herbergerin planı işlədi. Əsas heyət həm dincəldi, həm də alman müdafiəçilər macarların ən yaxşı oyunçusu Ferenç Puşkaşı zədələyərək sıradan çıxartdılar.

Almanların hiyləgərliyi bununla bitmirdi. Herbergerin köməkçisi Albert Zinq Macarıstan millisinin qaldığı oteldə qeydiyyatdan keçmişdi. O, hər gün "qızıl komanda"nın məşqlərini gizlicə izləyir və gecələr toplanan məlumatları alman məşqçilər korpusuna ötürürdü.

"Bern döyüş"ü

Turnirin 1/4 finalında Macarıstan və Braziliya arasında baş tutan oyun futbol tarixinin ən qəddar matçlarından biri kimi xatırlanır. Oyunda 3 qırmızı vərəqə və onlarla qayda pozuntusu qeydə alındı. Lakin əsl xaos final fitindən sonra baş verdi. Futbolçular arasında başlayan dava paltardəyişmə otağına qədər uzandı. Ferenç Puşkaşın braziliyalı rəqibinin başına sifon (qazlı su qabı) çırptığı, Macarıstan millisinin baş məşqçisi Qustav Şebeşin isə aldığı zərbədən sonra başına 4 tikiş qoyulduğu bu qanlı olay tarixə "Bern döyüş"ü adı ilə düşdü.

"Bern möcüzəsi" və dopinq iddiaları

Finalda qrup mərhələsində qarşılaşmış Macarıstan və Almaniya yenidən üz-üzə gəldi. Bu dəfə almanlar əsas heyətlə meydanda idilər. Oyuna sürətli başlayan macarlar artıq 8-ci dəqiqədə 2:0 öndə idilər. Hamı kubokun sahibinin artıq bəlli olduğunu düşünərkən, "Bern möcüzəsi" baş verdi. Almanlar hesabı bərabərləşdirdi və sona 6 dəqiqə qalmış Helmut Rahnın qolu ilə 3:2 hesablı qələbə qazanaraq ilk dəfə dünya çempionu oldular.

Almanların bu qələbəsində iki mühüm detalı vurğulamaq lazımdır. Final günü güclü yağış yağırdı və meydança palçığa dönmüşdü. Texnikalı macarlar palçıqda sürüşərkən, almanlar Adolf Dasslerin ("Adidas") yaratdığı yeni, dəyişdirilə bilən şipli butslar sayəsində ayaq üstə möhkəm dayanırdılar.

Oyundan sonra bir neçə alman futbolçu sarılıq xəstəliyinə tutuldu. İllər sonra Leypsiq Universitetinin apardığı araşdırmalar nəticəsində məlum oldu ki, futbolçulara finaldan öncə "C vitamini" adı altında İkinci Dünya müharibəsində əsgərlərə verilən güclü stimullaşdırıcı - metamfetamin iynələri vurulubmuş.

DÇ-1958: Yeni eranın başlanğıcı və İsveçin yaşıl meydanları

1958-ci ildə İsveçdə keçirilən 6-cı dünya çempionatı bir çox ilklərə səhnə oldu. Bu, SSRİ millisinin, həmçinin Böyük Britaniyanın hər 4 komandasının (İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya) eyni anda qatıldığı ilk və yeganə mundial idi. Turnir eyni zamanda hücum futbolunun - Braziliyanın gətirdiyi inqilabi 4-2-4 taktikasının qələbəsi kimi tarixə keçdi.

Final turnirində hələ də 16 iştirakçı var idi və 53 federasiya İsveçdə yer almaq uğrunda mübarizə aparırdı. Və bir dəfə də seçmə turnir həqiqətən həyəcanlı oldu. İkiqat dünya çempionu İtaliya, ikiqat dünya çempionu Uruqvay və İspaniya turnirə vəsiqə qazana bilmədilər. Şərqi Avropa ölkələri üçün SSRİ-nin debütü, şübhəsiz ki, əlamətdar bir hadisə idi. Komanda 1956-cı ildə Melburnda Olimpiya qızıl medalını qazanmışdı və uğurun Dünya Kubokunda davam etdirilməsi planlaşdırılırdı.

Nəhayət, onilliklər boyu davam edən müzakirələrdən sonra təşkilatçılar müasir dünyaya daha tanış olan bir format hazırladılar. 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölündü.

1958-ci il Dünya Kubokunda SSRİ və İngiltərə milli komandaları arasında oyun

"Futbol Kralı"nın Səhnəyə Çıxışı

"DÇ-1950 həddən artıq arxayınlığın və rəqibə hörmətsizliyin futbolda necə bağışlanmaz olduğunu göstərən ən böyük dərs olaraq tarixə keçdi. Bu dərsi o gün televizor qarşısında ağlayan atasını təsəlli edən 9 yaşlı bir uşaq da izləyirdi. O uşaq sonradan bütün dünyada "Futbol kralı" kimi tanınacaq Pele idi..."

Bu, ötən həftəki yazımızın sonluğunda qeyd etdiyimiz hissədən kiçik xatırlatmadı. 8 il sonra yaşıl meydanlar həmin uşağın - Pelenin ayaqları altında idi...

DÇ-1958 tarixin ən yaxşı futbolçularından birinin - 17 yaşında gələcək əfsanənin doğuşuna şahidlik etdi. Braziliya qrup mərhələsində SSRİ ilə qarşılaşarkən Pele və millinin digər dahisi Qarrinça ilk dəfə dünya çempionatında meydana çıxdılar. Matçın ilk 3 dəqiqəsində Qarrinçanın göstərdiyi fantastik performans sonradan mütəxəssislər tərəfindən "futbol tarixinin ən yaxşı 3 dəqiqəsi" adlandırılacaqdı.

Zədədən yeni qayıtmış Pele turnirin pley-off mərhələsində əsl fırtına qopardı. 1/4 finalda Uelsə vurduğu qolla o, dünya çempionatları tarixində qol vuran ən gənc futbolçu (17 yaş 239 gün) oldu. Yarımfinalda Fransaya 3 qol vuran gənc dahi komandasını finala daşıdı.

Pele və Garrincha

Mavi formalar və Qırılan tilsim

Finalda Braziliya ev sahibi İsveçlə qarşılaşırdı. Hər iki komandanın əsas forması sarı rəngdə olduğu üçün püşk atıldı və İsveç sarı formanı geyinmək hüququ qazandı. Braziliya 1950-ci ilin qorxulu yuxusu olan ağ formalardan imtina edib yeni forma axtarışına çıxdı. Sonda işçilər yerli mağazadan 22 ədəd mavi rəngli köynək aldılar və üzərinə Braziliya gerbini tikdilər.

Matç Braziliyanın 5:2 hesablı möhtəşəm qələbəsi ilə başa çatdı. Pele bu oyunda sinəsi ilə topu qəbul edib müdafiəçinin başı üzərindən aşırdığı məşhur "sombrero" fəndini edərək turnirin ən gözəl qoluna imza atdı. Final fitindən sonra 17 yaşlı gənc hıçqıraraq ağlayırdı. O, 8 il əvvəl atasına verdiyi "Mən sənin üçün Dünya Kubokunu qazanacağam" sözünü tutmuşdu.

Braziliya milli komandası 1958-ci il Dünya Kubokundakı qələbəsini qeyd edir.

Turnirin ən böyük fərdi rekordu fransız hücumçu Jüst Fontenə məxsusdur. O, cəmi 6 oyunda 13 qol vuraraq bu günə qədər heç kimin qıra bilmədiyi tarixi bir rekorda imza atdı.

Hamı Peledən danışsa da, turnirin ən yaxşı futbolçusu mükafatını Braziliya millisinin hücumlarının əsas memarı, mərkəz yarımmüdafiəçisi Didi qazandı.

Turnirin ən yaxşı qapıçısı seçilən Harri Qreqq həm də əsl qəhrəman idi. Çempionatdan cəmi 4 ay əvvəl "Mançester Yunayted" komandasının Münhendə yaşadığı dəhşətli təyyarə qəzasında sağ qalan Qreqq, öz həyatını təhlükəyə ataraq komanda yoldaşlarını (o cümlədən Bobbi Çarltonu) yanan təyyarədən xilas etmişdi.

DÇ-1958 Braziliyanın möhtəşəm zəfəri və hücum futbolunun qələbəsi ilə başa çatdı. Bu, başqa qitədən olan yığmaların Avropadakı ilk zəfəri idi. Bütün dünya futbolun "yeni kral"ının və Braziliyanın qızıl erasının ayaq səslərini eşidirdi. Qarşıda hələ neçə-neçə dastanlar yazılacaqdı...

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm