“Barselona”nın hücum üçlüyü 68 illik rekordu təkrarladı
Bizi izləyin

İdman

“Barselona”nın hücum üçlüyü 68 illik rekordu təkrarladı

“Barselona”nın hücum üçlüyü 68 illik rekordu təkrarladı

“Barselona”nın mövsümə startı diqqətçəkən nəticələrlə yadda qalıb. Kataloniya təmsilçisi La Liqanın ilk 4 turunda 17 qol vurub. Bu qolların 14-də Rafinya, Lamin Yamal və Fermin Lopes üçlüyünün birbaşa payı olub.

Publika.az xəbər verir ki, bu göstərici La Liqanın ilk 4 turunda bir hücum üçlüyünün 1958-59 mövsümündən bəri əldə etdiyi ən yüksək nəticələrdən biridir. Həmin mövsümdə “Real Madrid”in Alfredo Di Stefano, Xose Mariya və Ferens Puşkaşdan ibarət üçlüyü ilk 4 turda 15 qol vurmuşdu.

“Barselona”nın kapitanı Rafinya mövsümün əvvəlində xüsusilə məhsuldar çıxış edir. Braziliyalı futbolçu 4 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə La Liqanın bombardirlər siyahısına başçılıq edir. O, həmçinin klub tarixində La Liqanın ilk 4 turunun hər birində qol vuran üçüncü futbolçu olub. Ondan əvvəl bu göstəriciyə 1953-cü ildə Ladislav Kubala, 2011-12 və 2012-13 mövsümlərində isə Lionel Messi nail olub.

23 yaşlı Fermin Lopes də komandanın hücumunda mühüm rol oynayır. O, 4 turdan sonra 4 qol və 2 assistlə bombardirlər siyahısında üçüncü pillədə qərarlaşıb. Fermin 2011-12 mövsümündə Sesk Fabreqasdan sonra La Liqanın ilk 4 turunda 4 qol vuran ilk ispaniyalı futbolçu olub.

19 yaşlı Lamin Yamal isə 4 qol və 1 məhsuldar ötürmə ilə yanaşı, 4 böyük qol epizodu yaradıb. O, ilk 4 turda ümumilikdə 16 uğurlu driblinq edib. Gənc ulduzun təsiri yalnız qollarla məhdudlaşmır – müdafiəçiləri üzərinə çəkməsi və boşluqlar yaratması da komandanın hücumlarına ciddi təsir göstərir.

“Barselona”nın digər hücum silahlarından biri Entoni Qordon da məhsuldarlığı ilə seçilir. İngiltərəli futbolçu ilk 4 oyunda 4 məhsuldar ötürmə edib. Bu göstərici onun ötən mövsüm “Nyukasl”da 46 matçda cəmi 5 assist etməsi ilə müqayisədə xüsusilə diqqətçəkəndir.

Komandanın yarımmüdafiəçisi Pedri də “Valensiya” ilə oyunda qol vuraraq “Barselona”da ümumi qollarının sayını 29-a çatdırıb və klub tarixinin ən çox qol vuran 100 futbolçusu sırasına daxil olub.

Hazırkı heyətdən Rafinya 81 qolla 33-cü, Lamin Yamal 52 qolla 61-ci, Fermin Lopes 36 qolla 88-ci, Pedri isə 29 qolla 100-cü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm