“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı - Gizlədilirmiş…
Bizi izləyin

Sosial

“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı - Gizlədilirmiş…

“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı - Gizlədilirmiş…

Şahidlərlə danışmağa çalışıram. Hər ikisi hıçqırıqlarına ara verərək nəsə söyləməyə cəhd edir. Ancaq fikirləri tez-tez faktların sərhədini aşaraq yaşadıqları ağrılara yönəlir:

“Çirkabdan çıxan məlunlar, varlıqları da, niyyətləri də iyrənc olan şərəfsizlər... Hələ də özümüz üçün heç cür izah edə bilmirik ki, oğlanları, elə hamımızı qərarımızdan döndərmək üçün necə bir hiyləyə əl atdılar, biz bu hiyləyə necə düşdük?! Danışa-danışa bizi necə inandırdılarsa, bir də gördük ki, artıq hamımıza kəmər taxmışdılar. İndi az qala hər gün düşünürəm: əvvəlcədən verdiyimiz qərar necə oldu ki, dəyişdi? Bəlkə onlar elə doğrudan da iblisin özüdürlər?”

Yenə şahidlərin — xoşbəxtlikləri yarımçıq qalmış, həyatları alt-üst olmuş qızlarımızın — hıçqırıqları həqiqətə gedən yolu ağrı ilə doldurur. Bu hıçqırıqlar yalnız dərd içində boğulan ürəklərin fəryadı deyil. Onlar həm də baş verənlərin bütün təfərrüatlarının araşdırılması, haqqın və ədalətin bərqərar olması üçün bir çağırışdır.

Biz bu ədaləti Azərbaycan dövlətinin hüquq sistemindən, qanunun aliliyindən və haqqın müdafiəsinə qalxan cəmiyyətimizdən gözləyirik.

Şahidlər hadisədən əvvəl baş verənləri belə xatırlayırlar:

“Biz ziplayna minmək məsələsini əvvəlcədən dördümüz birlikdə müzakirə etdik. Oğlanların çəkisi çox olduğuna görə onların ziplayna minməməsi qərarına gəldik. Ucalın çəkisi 110, Coşqunun çəkisi isə 120 kiloqram idi. Onlar da buna görə açıq-aşkar narahat idilər və ziplayna minməmək qərarına gəlmişdilər. Beləliklə, hamımızın ortaq və qəti qərarı bu idi: yalnız biz iki qız minək, oğlanlar isə minməsinlər.

Bu qərardan sonra dördümüz də yuxarı qalxaraq ziplayna minəcəyimiz yerə çatdıq. Orada dayanan işçiyə yalnız qızların minəcəyini, oğlanların isə bu qurğudan istifadə etməyəcəyini bildirdik.

İndi yadıma düşür: həmin şəxs bizi fikrimizdən daşındırmaq üçün guya canıyananlıq göstərirdi. Dedi ki, nədən qorxuruq, burada qorxulu heç nə yoxdur, çəkisi bizdən də ağır olan adamlar ziplayna minirlər və qorxmurlar. Sonra oğlanlara üz tutaraq bildirdi ki, xanımlar kanatla aşağı enəcəklər, bəs onlar bu qədər yolu yenidən piyada gedəcəklərmi?

Oğlanlar soruşdular ki, qızların kanatla enəcəyi yer buradan çox uzaqdadırmı? İşçi isə onların tərəddüdünü aradan qaldırmaq əvəzinə, xeyli yol olduğunu, piyada getsələr yorulacaqlarını söylədi. Yenə də qorxacaq bir şey olmadığını, onların da rahatlıqla ziplayna minə biləcəklərini, aşağıda qızlarla birlikdə görüşəcəklərini dedi”.

Hıçqırıqlar arasından eşitdiyim bu sözləri bir daha dəqiqləşdirmək istəyirəm:

“Qızım, həmin işçinin sizi qərarınızdan daşındırmağa yönələn sözlərini bir daha xatırlaya bilərsənmi?”

“Qorxuram onları təkrarlamağa, Asif əmi. Yadıma düşdükcə ürəyim yenidən parçalanır. Hər dəfə təzədən ölüb-dirilmək kimi olur. Nə qədər çalışsam da, həmin işçilərin səsi qulaqlarımdan getmir. O səslər yadıma düşəndə elə bilirəm ki, yenə həyatımda hansısa bədbəxtlik baş verəcək”.

İnsan faciəsini öz mənfəətinə çevirənlər, sizin hərəkətləriniz insanlığa vurulan yaradır. Əgər təhlükəsizlik qaydaları gözardı edilir, insan həyatına münasibətdə məsuliyyətsizliyə yol verilirsə, bunun nəticələri ağır və geri dönməz ola bilər. İnsan həyatının dəyərini mənfəətə qurban vermək olmaz. Heç bir qazanc insanın sağlamlığından və həyatından üstün deyil.

“Mən ədalətin yerini tapmasını istəyirəm!”

Şahidlərdən biri yaşadığı ağrını bu sözlərlə ifadə edir:

“Mənim xoşbəxtliyimi qana bələyən, məni ölümün ağrısı ilə üz-üzə qoyanlar! Əgər qanun qarşısında layiqli cəza verilməsə, mən bu ağrını necə unuda bilərəm? Allahın ədalətinə inanıram, amma mən bu dünyada da ədalətin bərqərar olduğunu görmək istəyirəm. Həm də gec yox, vaxtında.

Bu ağrı ilə yaşadıqca qanunlarımızın ədaləti təmin edəcəyinə dair ümidim gah artır, gah da zəifləyir. Ümidlə ümidsizlik arasında çırpınıram. Göz yaşlarım gah ümidimdən, gah da ümidsizliyimdən doğur”.

Bu sözlər qarşısında bir daha düşünürsən: insan həyatına son qoyan hadisələrin hüquqi araşdırılması yalnız faktların müəyyənləşdirilməsi deyil, həm də zərərçəkənlərin ədalət gözləntisinin cavablandırılmasıdır.

Məhz bu məqamda istintaq qarşısında bir sıra mühüm suallar meydana çıxır.

Ziplayn qurğusuna nəzarət edən işçinin gəncləri ilkin qərarlarından daşındırmağa çalışması hüquqi baxımdan necə qiymətləndirilməlidir? Əgər həmin şəxs təhlükəsizliklə bağlı real riskləri bildiyi və ya bilməli olduğu halda insanları qurğudan istifadə etməyə təşviq edibsə, bu davranış onun mümkün hüquqi məsuliyyətinin müəyyənləşdirilməsində hansı rol oynaya bilər?

Təşviq və ya inandırma hərəkətinin hüquqi qiyməti hadisənin konkret hallarından, şəxsin vəzifə və öhdəliklərindən, təhlükəsizlik qaydalarına əməl edib-etməməsindən, riskləri bilib-bilməməsindən və nəticə ilə davranış arasında səbəbli əlaqənin mövcudluğundan asılıdır.

Bu baxımdan işçinin hərəkətləri istintaq tərəfindən ayrıca və hərtərəfli araşdırılmalı, zərurət yarandıqda müvafiq ekspert rəyləri ilə birlikdə qiymətləndirilməlidir. Bununla belə, yalnız şahid ifadələrinə əsaslanaraq konkret şəxsin cinayət törətdiyi və ya müəyyən cinayət maddəsi ilə məsuliyyət daşıdığı barədə qəti nəticəyə gəlmək olmaz. Belə nəticə sübutların məcmusu əsasında müəyyənləşdirilməlidir.

Mənim qənaətim budur ki, hadisənin başvermə mexanizmi, ziplayn qurğusunun texniki vəziyyəti, təhlükəsizlik qaydalarına əməl olunması, işçilərin üzərinə düşən vəzifələr və gənclərin qurğudan istifadəyə razılıq verməsinə təsir göstərən hallar hərtərəfli araşdırılmalıdır. Əgər hər hansı şəxsin hərəkəti və ya hərəkətsizliyi ilə ölüm hadisəsi arasında hüquqi baxımdan əhəmiyyətli səbəbli əlaqə müəyyən edilərsə, onun əməli qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməlidir.

Şahidlərin danışdıqları faktlar hələ bununla bitmir. Görünür, hadisənin araşdırılmasını tələb edən başqa məqamlar da var. Hər yeni ifadə, hər yeni fakt bu faciənin qaranlıq tərəflərinə işıq sala bilər.

Əsas məsələ bütün suallara emosiyalarla deyil, faktlarla cavab tapmaq, həqiqəti üzə çıxarmaq və qanun qarşısında hər kəsin məsuliyyətini obyektiv müəyyənləşdirməkdir.

Həqiqət gizli qalmamalı, ədalət gecikməməlidir.

Asif Bayramov,
Azərbaycan Universitetinin müəllimi

WhatsApp Image 2026 10 05 at 10.09.53

Oxumağa davam et
Reklam
Reklam

Gündəm