Nida Təhlil
188 milyardlıq fırıldağı gizlətmək üçün Azərbaycanı hədəf seçdilər – AKP-nin planı
Türkiyədən Azərbaycana qarşı informasiya hücumlarının başlanması, xüsusilə hakim AKP və bu partiyaya yaxın dairələrin iki ölkə arasında münasibətləri məqsədyönlü şəkildə qızışdırmağa hesablanan kampaniyası “nə baş verir” sualını aktuallaşdırdı. Bakıya informasiya hücumlarda ilk olaraq, BMT Baş Assambleyasının 81-ci sessiyasındakı məlum hadisə bəhanə kimi istifadə edildi. Türkiyədə məsələni elə təqdim etməyə çalışdılar ki, sanki İsrailin baş nazirini zalada dinləyən yalnız azərbaycanlı diplomat olub.
Kampaniyanın arxasında AKP-nin dayandığı aydın görünürdü, təkcə ona görə yox ki, Türkiyə hakimiyyəti Azərbaycana edilən hücumlara göz yumurdu, həm də informasiya hücumunun önündə gələnlərin məhz hakim partiyanın media resursları və sosial şəbəkədəki platformaları idi. AKP-nin qopardığı qarğaşa şübhələnməyə əsas verirdi, çünki Fələstin və İsraillə münasibətlər məsələsi Türkiyədə Azərbaycana qarşı uzun müddətdir manipulyasiya edilsə də, beynəlxalq münasibətlərdə sıradan diplomatik hadisənin bu qədər şişirdilməsi diqqət çəkirdi.
Ardınca Azərbaycanda vahid məktəbli formasının tətbiqinin “hicab qadağası” kimi təqdim edilməsi Türkiyənin gündəminə çevrildi. Adətən bu kimi məsələlərdən İranın dini-klerikal dairələrinin siyasi məqsədlər üçün istifadə etdiyini görmüşük. Türkiyənin oyuna daxil olması Azərbaycanda təəccüb doğurur və “pərdəarxasındakı məqsəd nədir” sualı ətrafında şübhələri gücləndirirdi. Axı məktəblərdə vahid geyim məsələsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər birində müxtəlif formalarda tətbiq edilir, o cümlədən, Türkiyənin “yavru Vətən” adlandırdığı Şimali Kipr Türk Cümhuriyyətində. “Hicab qadağası” iddiası ilə Azərbaycana hücum edən AKP və çevrəsindəki siyasi islamçı dairələr indiyə qədər bu ölkələrə hər-hansı reaksiya verməyiblər. Bu fakt Azərbaycanla bağlı “hicab qadağası” kampaniyasında əsl məqsədin dini təəssübkeşlik olmadığını deməyə əsas verir.

Bəs, Türkiyədə hakim dairələr niyə Azərbaycanı hədəfə aldı?
Burada mümkün ehtimalların sayı birdən çoxdur, lakin faktoloji versiya Türkiyənin daxilində baş verənlərdə - 188 milyard TL-lik (təxminən 20 milyard dollar) fond fırıldağında önə çıxır.
Türkiyəni silkələyən fond fırıldağı avqust ayında ortaya çıxdı. Sentyabr ayında isə məsələ ilə bağlı aparılan istintaq fırıldaqda hakim dairələrin, eləcə də AKP-yə yaxın şirkət və şəxslərin iştirakına dair faktları aşkarladı. Bu, Türkiyə cəmiyyətində hakimiyyətə qarşı uzun müddətdir mövcud olan etirazları daha da körüklədi. İYİ Partiyadan olan deputat Turhan Çömezin təbirincə desək, söhbət “188 TIR pul”dan gedir.
Fond fırıldağında yarım milyona yaxın (455 min) investorun kapitalı üç böyük şirkət və 214 fiziki, eləcə də hüquqi şəxs tərəfindən əldə edilib. 188 milyard TL-nin 90 milyardı TERA, 79 milyardı Pusula, 18 milyardı isə Hədəf şirkətinin payına düşür. Bu şirkətlərin hakim dairələrdə bağlantılarının olduğuna dair şübhələr var, xüsusilə qısa müddətdə böyümələri, fəaliyyətlərini genişləndirmələri diqqət çəkir. Misal üçün, 2025-ci ildə kapitalı 1,6 milyard lirə olan Pusula holdinqin 2026-cı ildə kapitalının 27,5 milyard lirəyə yüksəlməsi bu məqamlardan biridir.

Hakimiyyətlə birbaşa bağlantısı olan şəxslər də var. Burada əsasən keçmiş nazir, AKP-nin keçmiş sədr müavini Fatma Betül Sayan Kayanın adı hallanır. Fatma Kaya həyat yoldaşı İlyas Kaya ilə birlikdə İstanbul Fond Birjasında “Özata Denizcilik” şirkətinin səhmlərini ümumilikdə 163 milyon 46 min lirəyə alıb. Dörd ay sonra, fond böhranından qısa müddət əvvəl həmin səhmləri təxminən 2 milyard 170 milyon lirəyə satıblar. Bununla yanaşı, Qiymətli Kağızlar Bazarları Şurasının (SPK) müdaxiləsindən öncə yüzlərlə fiziki və hüquqi şəxs, eləcə də şirkətlər fondlardakı vəsaitlərini yüksək gəlirlə geri götürüblər.
Böyük qazanc əldə edənlər arasında əvvəllər dövlət vəzifələrində çalışmış Osman Arıkan Nacar da var. Türkiyə mediasının məlumatına görə, O.Nacar AKP rəhbərliyi ilə yüksək münasibətlərə malikdir. Onun fond fırıldağından təxminən 20 milyard lirə əldə edərək, xaricə qaçdığı deyilir. AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı da böyük qazanc əldə edib. Maraqlıdır ki, sentyabr ayının sonunda onun əmlakının müsadirə edilməsi ilə bağlı addımlar atıldığı deyilsə də, daha sonra bu tədbirlər ləğv edilib.
Faktlar fond bazarında baş verənlərin arxasında AKP elitasının dayandığı şübhələrini gücləndirir. Hakim partiyanın üzvləri və partiyaya yaxın şəxslərin, şirkətlərin əldə etdiyi gəlirlər də diqqəti bura yönəldir. Prezident Rəcəb Tayyip Ərdoğan “məsələnin nəzarətə götürüldüyünü”, “zərərin kompensasiya ediləcəyini” bəyan etsə də, müxalifət və cəmiyyət buna inanmır. Bütün fırıldağın arxasında məhz AKP elitasının dayandığı, əldə olunan gəlirlərin böyük ölçüsünün onlara çatdığı iddiaları irəli sürülür. Və hər şeyi “AKP-nin səadət zinciri (maliyyə piramidası)” adlandırırlar.

Haqsız görünmürlər, çünki Fatma Betül Sayan Kaya, Hayati Yazıcı kimi partiya rəhbərliyində təmsil olunan şəxslərin adlarının hallanması korrupsiyanın dövlətin ən yüksək pillələrinə qədər uzandığına diqqət çəkir. Ümumiyyətlə, “təmiz siyasət” vədi ilə hakimiyyətə gələn AKP-nin sonradan korrupsiyalaşdığı, dövlət tenderlərinin “yaxın çevrə” arasında paylanılması, kapital bazarlarında qeyri-şəffaflığın olmasına dair məlumatlar, eləcə də Türkiyədə geniş müzakirələrə yol açmış qalmaqallar var. Əsas məsələ AKP-nin bu kimi hallarda İslam dinindən qalxan kimi istifadə etməsidir. Bunu təkcə müxalifət yox, hətta zaman-zaman AKP-yə dəstək verən dini-siyasi çevrələr də dilə gətirirlər. Misal üçün, Yenidən Rifah Partiyası hakim partiyanın bu siyasətini tənqid edən mövqelər sərgiləyib.
Hakim partiyanın “İslam dəyərləri” adı altında böyük holdinq və iş adamlarının sərvətinə əl qoyması da adi hallardan biridir. Hətta 2025-ci ildə şirkətlərə qəyyum təyin edilməsinə imkan verən qanunun qəbul edilməsi ilə bu addımlar legitimləşdirilib. Məlumatlara görə, 2016-cı ildən indiyə qədər 1300-dən çox şirkətə “əl qoyulub”. AKP bu şirkətlərin FETÖ-yə bağlı olduğunu desə də, müxalifət bunun mənimsəmə əməllərini əsaslandırmaq üçün istifadə edildiyini deyir. Türkiyə hakimiyyətinin bu fəaliyyəti beynəlxalq müstəvidə “dövlət səviyyəsində reketçilik” kimi qiymətləndirilir. 188 milyardlıq fond qalmaqalı da Türkiyə hakimiyyətinin son “maliyyə vurğunu” (mənimsəmə) hesab olunur.

Türkiyədə baş verənlər göstərir ki, AKP hakimiyyəti bir tərəfdən iqtisadi çöküşü, inflyasiya və korrupsiya hallarını cəmiyyətə “İslamı qorumaq”, “milli-mənəvi dəyərlər uğrunda mübarizə” kimi təqdim edərək, gizlədir, digər tərəfdən, radikal dini qrupları gücləndirir. Radikal dini qrupların gücləndirilməsindəki hədəf isə cəmiyyətdə xof yaradaraq, xalqın etiraz potensialını nəzarətdə saxlamaqdır. Böyük imtiyazlar və maliyyə dəstəyinin verildiyi radikal dini qruplar AKP-nin “küçə gücü”nü təmsil edir, lazım olanda da həm daxili, həm xarici hədəflərə qarşı istifadə edilir.
Azərbaycanın İstanbuldakı konsulluğunun önündə aksiya keçirən Özgür-Der, həmçinin, Ankarada səfirliyimizin önünə çıxarılan “Köklü Değişim” təşkilatı AKP-nin “küçə gücü”nü təmsil edən radikal dini qruplar arasındadır. Hizbüt-Təhrir (İslam Azadlıq Partiyası) ilə bağlantıları olan “Köklü Değişim” “Rəşidi Xilafətinin qurulması”na çalışır. Maraqlıdır ki, bu təşkilatın Türkiyədə fəaliyyəti qadağan edilsə də, açıq şəkildə Azərbaycan səfirliyinə “aksiya hücumu” təşkil edə bilib.

Bütün bunların fonunda Türkiyədə Azərbaycana qarşı AKP-nin benefisiarı olduğu informasiya hücumlarının səbəbi aydınlaşır: məqsəd 188 milyardlıq fond qalmaqalını arxa plana keçirmək, cəmiyyətin diqqətini yayındırmaqdır. Əvvəlcə radikal dini qrupları diplomatik nümayəndəliklərimizin qarşısına topladılar, daha sonra Oktay Saral və Müfti Aydın kimi siyasətçilər Azərbaycana qarşı bəyanatlar verdi. Sosial media platformalarında isə genişmiqyaslı kapmpaniyaya başladılar. Bu, cəmiyyətin hədəfini dəyişdirmək, gündəmi ölkədəki reallıqdan uzaqlaşdırmağa hesablanıb.
Və yenə dindən istifadə edildi. Şimali Kiprdə, eləcə də Türkiyəyə yaxın olan digər ölkələrdə məktəblilərin dini geyimlərdən istifadəsinə qoyulan qadağa qarşısında susan AKP Azərbaycanda vahid məktəbli forması tətbiq ediləndə “hicabın müdafiəçisi”, “İslamın qoruyucusu” oldu. Göründüyü kimi, hər şey daxili böhranı gizlətməyə hesablanmış plandır. Bu planı reallaşdırmaq – diqqəti hakim elitanın korrupsiya və fond fırıldaqlarından yayındırmaq məqsədilə Azərbaycanla strateji münasibətlər faktiki olaraq, Türkiyədə daxili siyasətin alətinə çevrilib.
Asif Nərimanlı
-
İdman22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi























.jpg)










