“Çelsi”də depressiyadan 37 yaşında qeyri-peşəkar futbola - Hatçinsonun inanılmaz hekayəsi
Bizi izləyin

İdman

“Çelsi”də depressiyadan 37 yaşında qeyri-peşəkar futbola - Hatçinsonun inanılmaz hekayəsi

“Çelsi”də depressiyadan 37 yaşında qeyri-peşəkar futbola - Hatçinsonun inanılmaz hekayəsi

“Çelsi”nin sabiq futbolçusu Sem Hatçinson karyerasında ağır zədələr, depressiya və ciddi ürək problemi ilə üzləşsə də, 37 yaşında hələ də futbol oynamağa davam edir.

Publika.az xəbər verir ki, “Çelsi” akademiyasının yetirməsi olan Hatçinson 7 yaşından klubda olub və 17 yaşında Joze Mourinyonun rəhbərliyi altında əsas komandada debüt edib. Lakin “Aston Villa”nın ehtiyat komandası ilə matçda aldığı ağır zədədən sonra onun sağ dizində ciddi problem aşkarlanıb.

Uzun müddət müalicə alan futbolçu 2010-cu ildə, cəmi 21 yaşında karyerasını bitirmək qərarına gəlib. Bu qərardan sonra depressiyaya düşdüyünü bildirən Hatçinson psixoloji yardım alıb.

“Zədədən sonra hər şey dağıldı. Mən hələ uşaq idim. Futboldan getdikdən sonra çox pis vəziyyətdə idim və qaranlıq düşüncələrim var idi”, – deyə o, BBC Sport-a danışıb.

Müalicədən sonra dizindəki problemin aradan qaldırılması Hatçinsona futbola qayıtmaq imkanı verib. O, 2011-ci ilin dekabrında yenidən “Çelsi” ilə müqavilə imzalayıb. Sonrakı illərdə müxtəlif zədələr yaşasa da, karyerasını davam etdirərək İngiltərə Çempionşipində 200-dən çox oyuna çıxıb. “Şeffild Vensdey”, “Nottingem Forest”, “Ridinq” və “AFC Uimbldon” kimi klublarda forma geyinib, Niderland və Kiprdə də çıxış edib.

Futbolda ikinci dəfə həyata qayıtdı

Hatçinsonun son illərdəki ən ciddi sınaqlarından biri isə ürəyi ilə bağlı olub.

2025-ci ilin mayında “AFC Uimbldon”un heyətində “Qrimsbi”yə qarşı oyunda sinəsində güclü ağrı, başgicəllənmə və tərləmə hiss edən futbolçu buna baxmayaraq matçı tamamlayıb və komandasına qələbə qazandıran qola imza atıb.

Lakin Londona qayıdarkən vəziyyəti ağırlaşıb və komanda avtobusu xəstəxanaya yönəldilib. Müayinələr zamanı Hatçinsonun infarkt keçirdiyi müəyyənləşib. Ürək damarlarından birinin 75 faiz tıxandığı aşkarlanıb və ona stent qoyulub.

Beş gün xəstəxanada qalan futbolçu sonradan məşqlərə qayıtmaq üçün icazə alıb. Lakin 2025-26 mövsümündə azsaylı oyunlarda iştirak etdikdən sonra 36 yaşında “AFC Uimbldon”dan ayrılıb.

37 yaşında yeni klub

Bir çox futbolçu üçün bu hadisələrdən sonra karyeranı başa vurmaq məntiqli seçim ola bilərdi. Hatçinson isə başqa qərar verib.

2026-cı ilin yayında o, İngiltərənin qeyri-peşəkar liqasında çıxış edən “Farnham Taun”la ikiillik müqavilə imzalayıb. Hazırda 37 yaşlı futbolçu komandanın heyətində mübarizə aparır.

Hatçinson bildirir ki, yarımpeşəkar futbol onun səhhəti baxımından daha uyğun şərait yaradır. O, hər altı aydan bir tibbi müayinədən keçir və gələcəkdə yenidən ürək əməliyyatına ehtiyac duyacağını söyləyib. Buna baxmayaraq, mütəxəssislər hələlik futbol oynamağına icazə verirlər.

“Çelsi”də Mourinyo və Karlo Ançelottinin rəhbərliyi altında çalışan Hatçinson 2012-ci ildə klubun tarixində ilk Çempionlar Liqası kubokunu qazandığı heyətin də üzvü olub. O, finalda meydana çıxmasa da, Münhendə komanda ilə birlikdə olub və sonrakı çempionluq paradında iştirak edib.

Hatçinson indi psixi sağlamlıq və ürək xəstəlikləri ilə bağlı maarifləndirmə fəaliyyətlərində də iştirak edir. O, karyerasına görə müəyyən peşmanlıqları olduğunu desə də, həyatının yaxşı istiqamətdə davam etdiyini vurğulayır.

“Peşmanlıqlarım var, amma yaxşı həyat yaşamışam”, – deyə keçmiş “Çelsi” futbolçusu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm