Televiziyaların çoxu sıradan çıxardı, əgər... - Zeynal Məmmədli ilə MÜSAHİBƏ
Bizi izləyin

İKT

Televiziyaların çoxu sıradan çıxardı, əgər... - Zeynal Məmmədli ilə MÜSAHİBƏ

Dünən Milli Televiziya və Radio Şurasının iclası keçirildi. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olundu. İnformasiya texnologiyalarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maarifləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab olundu.

Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul etdi.

Bəs bu yeni telekanal necə olacaq? Hansı formada fəaliyyət göstərəcək? Yeni açılacaq televiziya kanalının ötən gün bağlanan “Lider TV” ilə hər hansı bağlılığı varmı?

Bu istiqamətdəki suallarımızı tanınmış media eksperti, BDU-nun TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədliyə ünvanladıq. Z.Məmmədli Publika.az-a müsahibəsində adıçəkilən istiqamətdəki çatışmazlıqlardan danışdı.

- Zeynal müəllim, təhsil və informasiya texnologiyalarının inkişafındakı yenilikləri əhatə edəcək təzə telekanalın açılmasına Azərbaycanda ehtiyac varmı?

- Ümumilikdə götürsək, sözsüz ki, belə bir telekanalın açılmasına ehtiyac var. Xüsusən də distant təhsil ortaya çıxandan sonra ayrıca ixtisaslaşmış, belə bir kanalın olmasına ehtiyac danılmazdır. Digər tərəfdən, düşünmək olar ki, bizdə büdcədən maliyyələşən iki televiziya var. İstər AzTV-nin, istərsə də İctimai Televiziyanın borcudur ki, təhsillə, onun keyfiyyəti ilə bağlı verilişlər hazırlasınlar. Bizdə təhsillə bağlı xüsusi proqramlar olmalıdır. Onu sonradan köçürüb özlərində saxlaya bilməlidirlər. Bu televiziyalar həmin məsələlərlə məşğul olmalıdırlar. Büdcədən pullar ayrılır. Təsəvvür edin, yeni və ayrıca telekanal fəaliyyətə başlayır. Sanki özəl kanal olacaq. Onun maliyyəsi necə olacaq, bəlli deyil.

- Bəs yeni açılan kanal bu bazara daxil olmağa hazırdırmı?

- Hazır olub-olmadığını demək çətindir. Üstəlik, bu gün Azərbaycandakı media reklam bazarının durumunu bilmirik. Bu, açıqlanmır. Bu bazarda bütövlükdə nə qədər vəsaitin olması da məlum deyil. O da açıqlanmır. Yəni, kobud ifadə etsək, yeni fəaliyyətə başlayan telekanal hansı halda özü üçün bu puldan qopara bilər. Bütün bunları bilmədən yeni telekanalın fəaliyyətinin necə olacağı ilə bağlı fikirlər söyləmək çətindir. Onun bu bazarda özünə yer tutacağı inandırıcı gəlmir. Bu kanalın verilişlərini hansı kadrların hazırlayacağı da bəlli deyil. Məndə bu haqda təsəvvür yoxdur. Bu istiqamətdə təcrübə toplanılıbmı, əsas məsələlərdən biri də budur. Bilirsiniz, mən indi təhsil haqqında hazırlanan proqramlara baxıram, çox aşağı səviyyədədir. Empatiya edirəm, özümü uşaqların yerinə qoyuram, deyirəm ki, görəsən, mən bu verilişə baxa bilərəmmi, bir az izləyib görürəm ki, baxa bilmirəm. Müşahidələrim də göstərir ki, uşaqlar hazırlanan proqramlara, verilişlərə maraq göstərmir. Təbii ki, təhsil və innovativ yeniliklərlə bağlı verilişlərə hazırda çox ehtiyac var. Amma bu cür verilişlər göydən düşməyəcək, ilk növbədə onların harada hazırlanması, hansı təcrübənin əsas götürülməsi kimi məsələlər araşdırılmalıdır. Çoxlu sualların olduğu bir anda belə bir kanalın yaradılacağını elan etmək mənim üçün qeyri-real görünür.

- Azərbaycanda sizin dediyiniz peşəkarlıq müstəvisində həmin verilişləri, televiziya proqramlarını hazırlayacaq ixtisaslı jurnalistlər varmı?

- Sırf ixtisaslaşmış jurnalistlər varmı?.. Çevrəmə baxıram və sizin bu sualınızı müsbət cavablandıra bilmirəm. Bunun üçün zaman və ixtisaslaşma lazımdır. Auditoriyanı, uşaq psixologiyasını bilmək çox vacibdir. Həmin fənləri bilən, tədris edən müəllimlər, təlimçilər tapılmalıdır. Bu təlimçiləri kütləvi kommunikasiyanın dilinə alışdırmaq lazımdır. Veriliş biçimlərini düşünməyin özü çox böyük işdir. Bunlar öz həllini tapmalıdır. Birdən-birə bir kanala lisenziya verməklə bu cür məsələlər həll olunmur.

- Dünyada da ixtisaslaşmış kanal təcrübəsi var. Azərbaycanda bu cür kanalların iş prinsipi necə olmalıdır; dövlət büdcəsindən maliyyələşib ancaq ixtisaslı verilişlər hazırlamalıdır, yoxsa bazara uyğun verilişlər hazırlayıb media-reklam bazarının tələbatlarını ödəməlidir?

- Bunun hər ikisini qarışdırıb qarışıq bir sistem də etmək olar. Dövlət ruhlandırır, bir hissəsini maliyyələşdirir. Bir hissəsini dövlət öz öhdəsinə götürür, tender elan edir, onlara cüzi büdcə ayırır və hər hansı bir tapşırığı kimin yaxşı edəcəyi təqdirdə onu qalib sayır. Burada əsas kapital da qalib komanda üçün ayrılır, onlar üçün nəzərdə tutulur. Qalib qrup biznes plan hazırlayır və nümunələrdən fraqmentlər verir. Sən də ona baxıb qərar çıxarırsan. Məndə olan məlumata görə, dünya təcrübəsində də bu cürdür. Çox təəssüf ki, Azərbaycanda hər şeyə “alınar alınar, alınmaz da alınmaz” prinsipi ilə yanaşılır. Digər tərəfdən, bu cür kanal bir seqmentə ünvanlanmalıdır. Həmin seqmenti nə qədər tanıdığımız, onu nə dərəcədə öyrəndiyimiz önəmlidir. Məsələn, məktəb və universitet dövrünün – yeniyetmə və gənclik dönəminin sosioloji araşdırmaları aparılıbmı, bu barədə nəticə nələrdən ibarətdir – kimi suallara cavab tapılmalıdır. Buna vəsait ayrılıbmı, hansı tendensiyalar çıxır?! Əvvəlcə bu kimi məsələlərə cavab tapmaq lazımdır. Sonra işə başlanılmalıdır. Digər ölkələrdəki eyniyaşlılarla hansı özəlliklər və fərqlərin olması öyrənilməlidir. Bunları öyrənmədən birdən-birə telekanal açmaq effektli olmayacaq. Yəni, qeyri-real görünür. Mən sahibkar olsaydım, xalqımı, ölkənin gənclərini sevsəydim, kor-koranə bu işə pul buraxmazdım.

- “Lider”in bağlanmasını yeni televiziya kanalının açılması ilə əlaqələndirmək olarmı?

- Yox, fikrimcə, birbaşa əlaqə yoxdur. Amma boş qalan tezliyin yerinə yeni kanal açmaq nöqteyi-nəzərdən əlaqə ola bilər. Yəni, tezlik boşdur, hazır avadanlıqlar və bəlli miqdarda hazır kadrlar var. Bu baxımdan bağlantı var. Sırf o kanalı bağlayıb bunu açaq prinsipi ilə “Lider TV”nin fəaliyyətinə xitam verilməyib. Ancaq bu tendensiya bizi gözləyəcək. Əgər bizdə sərbəst bazar olsaydı, fəaliyyət göstərən televiziyaların çoxu sıradan çıxardı. Bunu birmənalı şəkildə deyirəm. Hətta təhsil və innovativ yenilikləri, İKT ilə bağlı verilişləri İctimai Televiziya da öz üzərinə götürə bilər. Çünki birbaşa onun təyinatıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm