• USD 1,7000 0,00% EUR 2,0182 -0,12%
    • GBP 2,2637 +0,29% RUB 0,0223 +0,45%

Türkiyə daha çox ziyan çəkəcək – İQTİSADİ ANALİZ

Türkiyə daha çox ziyan çəkəcək – İQTİSADİ ANALİZ

Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dünəndən etibarən Türkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Bu ölkə Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Belə ki, ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların ölkə iqtisadiyyatına töhfəsi 4 milyard dollardan çox olub.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34,3 milyard dollar olub: “Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu heç də kiçik rəqəm deyil.

Son illər Türkiyə-Rusiya iqtisadi əlaqələrinin inkişaf etməsi də müşahidə edilirdi. Belə ki, ötən il Türkiyənin Rusiyaya ixracı 5,9 milyard dollar olub. Bir fakta diqqət yetirmək lazımdır ki, Türkiyənin ixrac etdiyi qida məhsullarının 20, tekstil məmulatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir. Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir”.

İqtisadçı bildirib ki, ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub: “Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominant mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kubmetr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir. İki ölkə arasındaki ticari rəqəmlər son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də, Rusiya tərəfi də bu prosesdən itkisiz çıxmayacaq. Belə ki, Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda, Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındandır.

Başqa tərəfdən, iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb edilib. Belə ki, Türkiyənin Rusiyanın dövlət şirkəti olan “Rosatom”la 2013-cü ildə 1200 meqavattlıq reaktorun quraşdırılması haqda bağladığı müqavilənin dəyəri 20 milyard dollardır. Söhbət birbaşa Rusiya şirkətinin faydalandığı layihədən gedir. Avropa İttifaqının “Cənub axını”na “yox” deməsindən sonra Moskva hələ də “Türk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır.

Düzdür, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda şimal qonşumuzda alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il sözügedən ölkələrin iqtisadi münasibətlərinə təsirsiz ötüşməyib. Belə ki, bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracatı 40 faiz azalaraq 2,7 milyard dollara düşüb”.

V.Bayramov onu da qeyd edib ki, Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir: “Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adıçəkilən ölkələr arasında münasibətlər gəginləşəcəyi halda, Azərbaycan şirkətləri qida, xüsusən də aqrar məhsulların Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR