“Statoil” neft şirkəti “Şahdəniz”dən niyə getdi, “Petronas”ı Azərbaycana nə bağlayır?
Bizi izləyin

Ekopublika.az

“Statoil” neft şirkəti “Şahdəniz”dən niyə getdi, “Petronas”ı Azərbaycana nə bağlayır?

Məlum olduğu kimi, Norveçin “Statoil” neft şirkəti “Şahdəniz”də qalan 15,5 faizlik səhmlərini Malayziyanın “Petronas” şirkətinə satmaqla layihəni tamamilə tərk edib.

“Statoil”in “Petronas”la əldə etdiyi razılaşmanın dəyəri 2, 25 milyard dollardır. Sazişin 2015-ci ilin əvvəllərində bağlanacağı gözlənilir. Qeyd edək ki, “Statoil”in Şahdənizdəki payı 2014-cü ilin II rübünün nəticələrinə görə, sutkada 38 min barel neft ekvivalentidir. Şirkətin vitse-prezidenti Lars Kristian Başer açıqlamasında bildirib ki, Azərbaycandakı səhmlərini satmaqla bağlı qərar portfelin optimallaşdırılması və şirkətin maliyyə çevikliyini artırmaqla bağlıdır.

“Statoil kimi böyük bir neft və qaz şirkəti niyə “Şahdəniz”dən getməsinə münasibət bildirən iqtisadçı-ekspert İlham Şaban Publika.az-a açıqlamasında qeyd edib ki, əslində, Norveçin dövlətə məxsus neft və qaz şirkətinin gec-tez belə bir qərar verəcəyi artıq bir il əvvəl özünü büruzə verməyə başlamışdı: “O zaman, yəni 2013-cü ilin oktyabrın sonunda “Statoil” şirkəti Fransanın “Total” şirkəti ilə SOCAR-a bildirmişdilər ki, onlar TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu “Statoil” nümayəndələri qeyri-rəsmi söhbətlərdə layihənin bahalığı ilə izah etməyə çalışırdılar. Və nəhayət, 2013-cü ilin dekabrında SOCAR və tərəfdaşları “Şahdəniz”in “Mərhələ-2” layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən Norveç şirkəti tərəfindən gözlənilməz bir “bəd xəbər” aldı. Bu xəbərin məğzi ondan ibarət idi ki, “Statoil” faktiki olaraq Xəzər qazının Avropaya çatdırılması yönümündə ən önəmli resursr bazası kimi ortada olan “Şahdəniz-2” layihəsinin bahalığını bəhanə gətirib, onun maliyyələşdirilməsində problemlərlə özləşdiyini ortaya qoyurdu və layihənin operatoruna, o çümlədən layihəni təsdiq etməli olan Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, “mən payımı satmalıyam”. Bu məqamda faktiki olaraq BP və SOCAR qısa zamanda “Statoil”in 10%-ni alaraq dekabrın 17-də “Mərhələ-2” layihəsinin nəzərdə tutulduğu vaxtda imzalanmasını həyata keçirə bildilər”.

İqtisadçı bildirir ki, bu gün “Statoil” “Şahdəniz”dəki və Cənub-Qafqaz boru kəməri layihəsindəki 15,5% payını, o cümlədən “Azerbaijan Gas Supply Company” şirkətindəki 12,4%-ni Malaziyanın “Petronas” şirkətinə 2,25 milyard dollara satıb: “Cəmi 1 il əvvəl isə “Statoil” “BP” ilə “Şahdəniz”də eyni paya malik idi. Həmçinin hüquqi baxımdan Azərbaycan qazının Şahdəniz-1 layihəsində satıcısı kimi kommersiya operatoru olaraq qalırdı. Butun bunlardan imtina etmək, məncə, həqiqətən kommersiya strategiyasi ilə və ya rentabelliyin azlığı məsələsi ilə inandırıcı görünə bilməz. İkinci dəlili meqa layihələri tərk edəndə adətən kiçik və orta şirkətlər gətirirlər. Layihənin kommersiya cəhətdən cəlbediciliyini isə o məqam vurğulayır ki, “Statoil” “Şahdəniz”dəki öz payını 1 il əvvəlkindən çox da olmasa, ancaq baha sata bildi. Əgər 2013-cü ilin dekabrında 10%-lik payını 1,45 milyard dollara BP və SOCAR-a satmışdısa, indi 15% payını 2,25 milyarda satdı. Əgər nəzərə alsaq ki, dollar bahalaşmağa doğru gedir, demək, “Şahdəniz”ə olan maraq - əsasən də regionda işləyən şirkətlər - tərəfindən böyükdür. Elə bu yaxınlarda TPAO-nun öz payını 9 faizdən 19%-dək yüksəltməsi buna real sübutdur. Belədirsə, demək “Statoil”un “Şahdəniz”dən və infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil.

Bu arada onu da bildirək ki, Malayziyanın “Petronas” şirkətinin Azərbaycan bazarına çıxışı təsadüfü xarekter daşımıır.

Malayziya şirkətinin artıq Xəzər regiounda təcrübəsi var. Belə ki,”Petronas Chariqali” şirkəti Xəzərin Türkmən sektorunda 1996-cı ildə hasilatın pay bölgüsü sazişi (HPBS) müqaviləsi bağlamağa müvəffəq olub.

Müqavilə sahəsinə “Diyarbəkir”,”Maqtımqulu”,”Ovez”,”Maşrıkov” və “Qaraqol-dəniz” kimi sahələr daxildir. 2006-cı ilin mayında şirkət neftin kommersiya hasilatına və ixracına başlayıb. Hasil edilən neftin bir hissəsi 2010-cu ilin yayından dünya bazarlarına Azərbaycan vasitəsilə nəql edilir. “SOCAR Trading” şirkəti nefti tankerlərlə “AzTrans” terminalına çatdırır, ordan isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıcını götürdüyü BP şirkətinin Səngəçal terminalına boru vasitəsilə daşınır. BTC vasitəsilə keçən il 3.2 milyon ton türkmən nefti nəql edilib, cari ildə isə hər ay 300 min tondan çox neft nəql edilir.

Qeyd edək ki, cari ilin 27 mayında SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda “Petronas” şirkətinin prezidenti Tan Sri Dato Şamsul Azhar Abbası qəbul etmişdi. Görüş zamanı tərəflər arasında qlobal layihələrdə tərəfdaşlıq məsələləri müzakirə edilmişdi. Bundan əlavə, sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Bakıda Malayziya səfirliyinin açılış mərasimində iştirak edib.

“Petronas” – Malayziyanın dövlət neft və qaz şirkətidir. Şirkət 1974-cü ildə yaradılıb. Hazırda şirkət 35 ölkədə fəaliyyət göstərir. Hazırda şirkət ölkənin büdcə gəlirlərinin 40% təmin edir. 2014-cü ilin birinci rübünün nəticələrinə görə, şirkət gündə 2.26 milyon barel neft ekvivalenti karbohidrogen hasil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm