İrana görə qızıl bahalaşır - Azərbaycan bazarına təsiri
Bizi izləyin

Ekopublika.az

İrana görə qızıl bahalaşır - Azərbaycan bazarına təsiri

İran ətrafında gərginlik, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin davamlı xarakter alması fonunda qızılın dünya bazar qiymətləri artım dinamikasını davam etdirir. Fevralın əvvəlində ABŞ-İran danışıqları fonunda bir neçə gün kəskin ucuzlaşan qızılın dəyəri son bir həftədə yenidən bahalaşaraq 5 min dolları keçib. Bir sıra analitik mərkəzlərə görə, qızılın qiyməti cari il ərzində 6 min dolları keçə bilər.

Dünya miqyasında geniş maliyyə xidmətləri göstərən İsveçrənin böyük maliyyə holdinq şirkəti və bankı UBS, qlobal əmtəə sənayesinədən bəhs edən "House View" hesabatını yayımlayıb. Hesabatda investisiya bankının ən son qızıl (XAU/USD) qiymət hədəfi (qiymət proqnozu) 6200 dollar/unsiya səviyyəsində açıqlanıb ki, bu da geosiyasi risklərlə əsaslandırılır.

Şirkətin qızılın daha da bahalaşacağını gözləməsinin əsas səbəblərindən biri İran ilə Vaşinqton arasında gərginliyin artmasıdır. Bu gərginlik xam neft qiymətlərində artıma səbəb olub – bir barel 70 dollar ətrafına çatıb. Analitiklər qeyd edir ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu göcləndirməsi bu ilin əvvəlində Venesuela prezidenti Nicolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyatla müqayisədə daha geniş miqyaslıdır. Bu addım ABŞ-ın Venesuelada olduğu kimi, birdəfəlik əməliyyat deyil, İranla uzunmüddətli müharibəyə hazırlaşdığını göstərir.

UBS-in strateqi Dominik Şnayder bildirib ki, ayrı-ayrı geosiyasi hadisələr nadir hallarda qlobal bazarlara daimi təsir göstərir, lakin onlar müvəqqəti volatillik sıçrayışlarına güclü təkan verir və investorları qızıl kimi portfel hedc alətlərinə yönəldir. Bundan əlavə, Donald Tramp administrasiyasının radikal miqrasiya və rüsum siyasəti özəl investisiyaların ABŞ-dən Avropaya kütləvi yerdəyişməsinin başlanmasına səbəb olub. Bloomberg-in məlumatına görə, vəsait axınının həcmi həftədə 10 milyard dollara qədər artıb. Bu prosesin dünyanın ən böyük iqtisadiyyatında problemlər yaradacağı gözləntiləri də dollara əvəz olaraq qızıla investisiyaları sürətləndirir.

Qızılın bahalaşması Azərbaycan üçün bir neçə tərəfdən əlverişlidir: əvvəla, ölkənin valyuta ehtiyatlarının əksəriyyətinə malik Dövlət Neft Fondunun qızıl investisiyalarında gəlirlilik artır. 2025-ci il ərzində 53,4 ton qızıl alan ARDNF qızıl ehtiyatlarının həcmini 200 tona yüksəldib. Bu, Fondun 73,53 milyard dollarlıq aktivinin 38,2 faizi deməkdir. Buna görə də qızılın qiymətindəki müsbət dəyişiklik Fondun aktivlərində artım deməkdir.

Qızıl bazarında bahalaşma bu qiymətli metalın istehsalçısı olması baxımından da Azərbaycan üçün əlverişli prosesdir. Ötən il Azərbaycanda qızıl istehsalı 11,3 faiz artaraq 2965,1 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq 43,5 kiloqram olub.

2026-cı ilin yanvar ayında isə ölkədə 207.8 kq qızıl istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artım deməkdir...

Azərbaycanda qızılın hasilatı və ixracı ilə Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti və dövlətə məxsus AzərGold QSC məşğuldur. "Anglo Asian Mining PLC"-nin yaydığı məlumata görə, şirkət 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib. Bundan əlavə, 2025-ci ildə gümüş hasilatı 153,333 min unsiya, mis hasilatı isə 7,915 min ton təşkil edib. Cari ildə şirkət 28-33 min unsiya qızıl hasil etməyi planlaşdırır. Şirkətin gümüş hasilatının bu il 170-210 min unsiya, mis hasilatının isə 20-25 min ton olacağı proqnozlaşdırılır.

Beləliklə, 2026-cı ildə şirkət qızıl hasilatını bir il əvvəlki göstərici ilə müqayisədə 31,7 faiz, gümüşü 36,95 faiz, misi isə 3,2 dəfəyə qədər artırmağı planlaşdırır. “Anglo Asian” Mining PLC-nin məlumatına görə, 2026-cı ildə 1 unsiya qızılın hasilatına çəkilən ümumi xərclər ("All-In Sustainable Cost", AISC) 1 500 ilə 1 800 ABŞ dolları, misin hasilatına çəkilən xərclər isə 6 800 ilə 7 800 ABŞ dolları arasında olub.

"AzerGold QSC isə 2025-ci ildə 225,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar buraxılışına əsasən bu, 2024-cü illə müqayisədə 58,6 milyon dollar və ya 35,06 faiz çoxdur.

Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satışı həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur. Fəaliyyətə başladığı dövrdən etibarən mənfəətlə çalışan AzerGold QSC ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüşün satışını həyata keçirərək bundan 1,9 milyard manat gəlir əldə edib.

Onu da qeyd edək ki, AzerGold QSC qızılı həm xaricə ixrac edir, həm də daxili bazarda satır. QSC-nin məlumatına görə, 2025-ci il üzrə daxili bazarda qızıl məhsullarının satış həcmi 2024-cü illə müqayisədə 39 faiz, gümüş məhsullarının satış həcmi isə 170 faiz artıb. Ümumilikdə, 2025-ci ildə daxili pərakəndə satışdan əldə edilən gəlir əvvəlki illə müqayisədə 103 faiz artaraq 41,2 milyon manat təşkil edib.

Qızılın bahalaşmasından zərər çəkən tərəf isə əlbəttə, istehlakçılardır. Azərbaycan əhalisi Şərq və müsəlman ölkəsi kimi qızıl zinət əşyalarına önəm verir. Bu baxımdan bu qiymətli metalın bahalaşması ailə büdcəsinin xərclərində hiss olunur.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən il zərgərlik məmulatları 20 faizə yaxın, bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə isə 33 faiz bahalaşıb. Həm hazır zərgərlik məmulatları, həm də zərgərlikdə istifadə olunan qızıl adətən xaricdən alınır. Rəsmi statistikaya əsasən, ötən il Azərbaycan 6 milyard 264,8 milyon ABŞ dolları dəyərində 57 min 475 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib. Bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq – 40 faiz çoxdur.

Bu qızılın 53,4 min kiloqramını ARDNF idxal edib, qalanı digər özəl şirkət və şəxslər tərəfindən alınıb. Hesabat dövründə Azərbaycan İsveçrədən 1 milyard 198 milyon dollar dəyərində (bir illik artım 8 dəfə) 9 min 384 kiloqram (+4,8 dəfə), Avstraliyadan 889,8 milyon dollar dəyərində ( illik azalma 39 faiz) 8 min 99 kiloqram (-55 faiz), Amerika Birləşmiş Ştatlarından 860 milyon dollar dəyərində (-19 faiz) 7 min 466 kiloqram (-42 faiz), Rusiyadan 677,9 milyon dollar dəyərində (+4 dəfə) 6 min 939 kiloqram (+3,5 dəfə), Özbəkistandan 508,3 milyon ABŞ dolları dəyərində 4 min 149 kiloqram (ilk dəfə tədarük olub) qızıl alıb.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon dollar dəyərində 4 min 522 kiloqram qızıl satılıb. Bu, illik ifadədə 54 faiz və 6 faiz çoxdur.

(Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm