Köşə
Qaçırılan rəfiqəmin telefon xoşbəxtliyi
Leyla Sarabi
İnsan iki halda dost seçimində naşı davranır. Birinci qürbətdə, ikinci isə uşaq vaxtı. Qəribçilikdə məlum məsələdir ki, məmləkətindən gələnlərin sayı məhduddur. Hər gördüyünə qucaq açıb, möhkəm sarılmaq məcburiyyətindəsən. Yerli camaata qaynayıb-qarışmaq da zaman alır. Uşaqlıq isə insanın sinir hüceyrələrinin bol olduğu, eyni zamanda da ən qəddar dövrüdür. Özün də fərqinə varmadan məhəllədə birgə oynayıb, savaşdığın qız(lar) ən yaxın rəfiqənə çevrilir. Əksər hallarda ilk dostlarımız da birinci məhəbbətimiz kimi imkansızlığa məhkumdur. Yaş ötdükcə, xüsusən də bir müddət ondan uzaqlaşıb, yenidən üz-üzə gələndə anlayırsan ki, fərqli dünyaların insanlarısınız.
Bir uşaqlıq dostum vardı. Ailələrimiz, mühitimiz bir-birinə tərs-mütənasib olsa da, əbədi dostluğa and içmişdik. Tez-tez bizə gələr, televizoru yandıranda belə anamdan icazə almağıma, hər kəlməbaşı “zəhmət olmasa” deməyimə, valideynlərimin məni hər gün bir neçə dəfə öpməyinə lağ edərdi. Mən də onlara gedəndə anasının ona biganə davranışına, erkən yaşdan boynuna düşən ev işləri ilə əldən düşməyinə üzülərdim. Hətta bir dəfə məktəbdə əli kəsilmişdi. Hamı tökülüşüb gəlmişdi. Üstündən bir neçə saat keçəndən sonra anası özünü yetirib, təmkinlə: “İşdən tələsik çıxdım, dedim, yeməyimi yeyim sonra gəlim” demişdi. Bu mənim beynimin də, qəlbimin də həzm edə bilməyəcəyi durum idi. Çünki mənim təsəvvürümdəki ana ağzının ən əziz tikəsini balasına yedirtməli, onun canı ağrıyanda loxması boğazında düyünlənməli idi. Dedim axı, uşaqlar daha qəddar olurlar.
Fəsillər bir-birini əvəz edir, biz böyüyürdük. Mənimlə birgə arzularım da boy atır, rəfiqəminsa həyatdan gözləntiləri, ümidləri get-gedə kiçilirdi. Çünki ailəsindəki bütün qızlar kimi onu da bir tale gözləyirdi. Subay qohumlarından biri ilə ailə qurub, oğul-uşağa qarışmaq... Məktəbi bitirər-bitirməz valideynləri onu ərə verəcəkdilər. Qohum- əqrəbadan elçiləri də çox idi. Amma niyəsə gecikirdilər, 22 yaşı haqlasa da, hələ ki, evdə idi. Artıq aramızdakı münasibət də səngimişdi. Onların təbirincə desək, hər gün hədər yerə ali məktəbə ayaq döyür, üzüm üzlər görür, əxlaqım pozulurdu. O isə təsərrüfat işlərində anasına kömək edir, telefon tanışlıqları ilə günlərini bir-birinə satırdı.
Bir gün xəbər yayıldı ki, rəfiqəmi qaçırdıblar. Mən də qadın hüquqlarının xam qoruyucusu kimi ailəsilə birgə onu zorla götürüb, qaçan digər qonşumuzun (həm də qohumları idi) qapısını kəsdirdim. Darvazaya çatar-çatmaz qızın anasının ürəyi getdi, nənəsi qarğışlar yağdırmağa başladı, atası ilə qardaşları da kişilərin üstünə şığıyıb, ailəni polislə hədələdilər. Mən də rəfiqəmə qarşı zorakılığa səssiz qalmayıb, hıçqıra-hıçqıra bir saatdan sonra xatırlayamayacağım atəşli ifadələr işlətdim. Lakin xeyri olmadı. Qızı geri qaytarmadılar. Evə qayıdanda anam izah elədi ki, əslində ailə qızqaçırma olayına şaddır, amma el adətinə görə bu “ayin”in yerinə yetirilməsi zəruridir. Təəssüf ki, anam haqlı idi. Bir neçə gündən sonra qədərsiz rəfiqəmin toyu oldu, məhəlləmizə gəlin köçdü. Bir-iki aydan sonra isə qanlı düşmən olan ailələr ağ bayraq qaldırıb, birgə məsud yaşamağa başladılar.
Bu hadisədən bir neçə il sonra mən də ailə qurdum. Günlərin bir günü rəfiqəmlə üz-üzə gəldik. Əri ilə münasibətinin nə yerdə olduğunu, yola gedib-getmədiklərini soruşdum. Çünki qulağıma bəzi xoşagəlməz şayiələr çatmışdı, amma təbii ki, bunu ona bildirmədim. Dedi, “Quran haqqı çox yaxşı ərdi. İnanırsan, keçən dəfə telefonumun ekranı qırıldı, heç əsəbiləşmədi də. Düzəltdirib, gəldı. Özü də məni hər yerə maşınla aparıb-gətirir”.
Öpüşüb, görüşüb, qızdan ayrıldım. Yol boyu bu zəhlətökən fikir məni rahat buraxmadı. Məgər kişinin yaxşı ər olmağı telefon ekranını hirslənmədən dəyişdirib, gətirməyi ilə ölçülür? Bəs mənəviyyat, qarşılıqlı müzakirələr, birgə filmə baxıb, aktyorların ifasını, ssenarinin zəif yönlərini təhlil etmək? Uşağın gələcəyi ilə bağlı mübahisəli planlar? Bəs şeir, bəs poema?..
Bilmirəm, bəlkə də o daha xoşbəxtdir. Bəlkə niyə, dəqiq elədir. Axı onun ürəyini dünyanın hər bucağını bürüyən savaşlar, çarəsiz xəstəliklərdən ölən milyonların acısı deşmir. Vaxt kasadlığından oxuya bilmədiyi “qaymaq” əsərlərə görə vicdan əzabı da çəkmir. Balaca xəyal dünyasının ən möhtəşəm qəhrəmanı isə zahirən azca ərinə bənzəyən dəli-dolu serial qəhrəmanıdır.
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO