10 uşaq doğan bakir kişilər...
Bizi izləyin

Köşə

10 uşaq doğan bakir kişilər...

Leyla Sarabi

Şəhərin gün döyən hər bucağı şərdən düyün düşürdü. Nə qədər ki, sapın ağı qarasından seçilir, evin həndəvərinə yetişməli idi. Qorxurdu... Bunun qurd süfrəsində oruclu nəfislərin iftarına çevrilməyi var, tindəki yad hənirtilərin küləyinə soyunmağın acı-acı titrəməyi var...

Hər səhər qəssabının yatağından qalxıb qara quzu kimi işə qaçırdı. Axşamlar da əliqanlı cəlladları küçələrə düzülürdü. Ağzında köpüklənən nifrətini gah qoyun sürüsünə, gah da qanı qurumamış ət qoxan əzrayıl dəstəsinə qusurdu. Yəni bu fırlanan kürənin can verib, can alanına dönmədən yaşaya bilməzdikmi? Bu dünyanın yaşayanı kimi yaşaya bilməzdikmi?

Beynindəki çobanyastığının yetim qalan “bilmərik” ləçəyini qopartmadan liftə yaxınlaşdı. Barmaqlarını parça-parça eliyən yükünü yerə qoyub lifti yerin altına çağırmaq istədi ki, sarı saçlarını başının düz ortasında topuzlayıb, canındakı suyunda üzən qadın arxadan ona sarı gəldi.

Son ləçəyi qırıldı...

Qısır səslə: "Xanım, olar mən də sizinlə liftə minim?” dedi

İçindəki rahatlığı “dünya mənim, dünya mənəm” baxışına qarışan qadın bir anda kişi qəlibində gizlənmiş balaca oğlana acıdı. Körpəni hürkütmədən liftin düyməsini basdı. Şüşəli tabuta girdilər.

Əlindəki açarları çevirə-çevirə güzgüdə suyunu süzən bu qadının nəfəsi də dərisini oymağa başladı. İnsanın bütöv can kimi öz olmağı budur yəqin. Yanındakı, evindəki, şəhərində - kəndindəki kişilərə yad qalan özgüvəndir, bu. Ovucundan silib ata bilmədiyi xatirəsi boğazını kəsdi yenə. İlk qorxusu bu sarı saç qoxurdu.

10 il əvvəl arxasınca xısın-xısın addımlayan ölüm iyi...

Xəbər yayılmışdı, məhlədə manyak gəzir. Uşaq demir, böyük bilmir, oğlanları tək tutdumu, caynağına alır. Kim qışqırıb can qurtarır, kim də sarı saçlı ölüm qıza məğlub olurdu. Bir dostunu zorlamışdı sarı ölüm. Bircə bu yaxasını qurtarmışdı cəhənnəmdən. Daha dərin qatda için-için yanmaq üçün...

Təhsilini də, sevgisini də qalib gələn bəkarətə uduzmuşdu. Gözünü yumub-açan kimi oxuduğu kitabların tozuna da yaraşmayan, ürəyinin yerində yatmış saat gəzdirən zamansıza satmışdılar onu evdən. Bəkarəti məsamələrini elə kilidləmişdi ki, arvadı da açarından əl üzmüşdü.

Bilirsən, bu cəmiyyətin kişisi 10 uşaq doğsa da bakirdi, həyatının axınına naməhrəm qalan acizdi. İpi sahibinin əlindən düşməyən marionet kukladı bizim kişi... Quru daşdı, nursuz gözdə duzsuz yaşdı... Bəzən bir işləmlik, arada da şərəflənsə yarıminsandı. Hissələri tapılmayan natamamdır bu məmləkətin kişisi.

Nə gözəl kitab başlığı olardı bu cümlələr. Amma kimdi mənim ruhuma o azadlığı tay bilən? Evdə bıçağımı itiləyən qəssabımmı, indidən libasımın qarışına qeyrəti ölçən qızımmı? Küləyindən kül olduğum sarı ölüm qoxusumu?

Yaramıram bu ölkəyə, yaraşmıram bu şəhərə. Mən kişiyəm, demək yerim zibil qabıdır.

Tabutun qapağı açıldı, beynini zorlamaqdan yorğun düşən kişi cismi cəhənnəmin qapısını döydü...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm