• USD 1,7000 0,00% EUR 1,8722 -0,55%
    • GBP 2,1110 -0,41% RUB 0,0266 0,00%

Azərbaycanda "mənəvi islahat" nə zaman başlayacaq?

  • Köşə
  • 23 Aprel 2019 13:02
  • 1 008 Baxış
Azərbaycanda "mənəvi islahat" nə zaman başlayacaq?

Aqşin Evrən

Son vaxtlar dövlət orqanlarında həyata keçirilən islahatları cəmiyyət olaraq maraqla izləyirik. Bəli, sadəcə izləməklə məşğuluq, başqa heç nə! Bütün islahatlar bizim iradəmizlə deyil, toplum olaraq bunlara hazır deyilik. Niyə?

Çünki polisimiz, məhkəməmiz, həkimimiz, müəllimimiz fərd olaraq özündən islahata başlamayıb.

Heç düşünmüşükmü niyə Azərbaycan polisinin imici belədir – yekəqarın və rüşvətxor. Bütün polislərimiz belədir? Əsla! Mən çox şərəfli, ləyaqətli polislər də tanıyıram və onların sayı heç də az deyil. Amma bəzi polislərimiz (polis adı ilə ümumiləşdiririk – bura hüquq-mühafizə orqanları əməkdaşları aiddir) özlərini elə hala salıb ki, çirkləri təmizlərin də yan-yörəsinə sıçrayıb.

Uzağa getməyək, Türkiyədə polisi əsgərdən də üstün tuturlar, ona potensial şəhid kimi baxırlar. Bizdə isə polis karikatura obyektinə çevrilir.

Səbəb budur: xalqda mənəvi islahat getməyib.

Təsəvvür edin, dövlət polisə 1000 manat maaş verir, üstəlik deyir ki, qanun pozuntusuna yol verənləri cərimələ və bundan 25 faiz haqqını al. Amma nəticə necə olur?

Polisin içində elələri tapılır ki, qanunu pozan sürücüyə deyir, qardaş, sənə 100 manat cərimə yazacam, ordan 25 manat mənə qalacaq. Ondansa 50 manat ver, sənin də xeyirin olsun, mənim də. Məsələ budur: qanuna bazar zehniyyəti ilə yanaşanları bu sistemdən təmizləyib bitirmək olmur – qanun qəbul edilir, maaş artırılır, xeyri olmur. Çünki təfəkkür dəyişməlidir, mənəviyyat islah olunmalıdır ki, bu da polisdən başlamır, orta məktəbdən başlayır.

Bəs, təhsildə necədir?

Əksər direktorlar məktəbi kriminal avtoritet, mafiya təfəkkürü ilə idarə edir. Mən indiyə kimi öz şəxsiyyəti, insanlığı, pedaqoqluğu ilə öyünüləsi direktor, əlbəttə ki görmüşəm, ancaq barmaqlarımın sayından az! Ancaq görkəmi, siması, davranışı, mədəniyyəti ilə iki eşşəyin arpasını bölə bilməyən, dana otarmağa belə layiq olmayan direktorların sayı-hesabı yoxdur...

Nə qədər islahatlar aparılır, necə gözəl məktəblər tikilir – görürük. Direktorların seçimi də dəyişib, imtahanladır, savadladır! Elə dərd də ondadır ki, təkcə savadladır. Direktor isə qabiliyyətlə, qanacaqla, təşkilati bacarıqla, peşəkarlıqla, insanlıqla, adam balası adam olmaqla ölçülüb-qiymətləndirilməlidir.

Bu isə hardan başlayır – ailədən, cəmiyyətdən, ictimai münasibətlərdən. Avtobusa, metroya hələ də minib-düşə bilməyən, bir-birinə qarşı sayğısız, ədalətsiz münasibəti ilə öyünən toplum “adam balası adamlar” yetişdirə bilər ki?

***

Təzəlikcə yüzlərlə xəstəxana nazirlikdən alınıb, yeni yaradılmış TƏBİB-in tabeliyinə veriləcək. Bəs sizcə, bu islahat səhiyyəmizin dərdinə təbib olacaqmı? Çətin məsələdir. Çətin məsələ yox e, ciddi dəyişiklik olacağına inanmıram.

Çünki TƏBİB-in tabeliyinə keçənlər də dünənə qədər SN-nin tabeliyində işləyən həmən həkimlərdir – TƏBİB öz sıralarına bir günün içində Aydan, Marsdan həkim doldurmadı ki?!

Bu həkimlərin böyük əksəriyyəti haqda təsəvvürümüz nədən ibarətdir: apteklə əlbir olub, xəstəyə bahalı firma dərmanlarını yazanlar, bəzən bir dərmanın bir neçə versiyasını təyin etməklə xəstənin pulunu yemək üçün canını zəhərləyənlər, əməliyyata ehtiyac olmadığı təqdirdə pul qoparmaq üçün camaatın balasını yaranlar...

Təbii, söhbət bütün həkimlərimizdən getmir. Vicdanlı, namuslu, peşəkar həkimlərimiz də var. Ancaq onlar səhiyyəmizi xilas edəcək saydadırlarmı?

***

Xalqın gələcəyinin formalaşmasında rolu olan bu strukturların nümayəndələri arasında “zay məhsullar” azalmaq əvəzinə artır. Çünki toplum olaraq dəyişmirik: həkimimiz pula görə qardaşımızın-bacımızın canını alır, sürücümüz təcili yardım maşınına yol vermir; polisimiz bizimlə başıyla-mədəniyyətiylə yox, gücüylə, hikkəsiylə danışır, universitetlərimizdə alimimiz, ziyalımız fərd yetişdirmək əvəzinə semestrdə tələbələri rüşvətə öyrətməklə məşğul olur, oxumaq-öyrənmək üçün yox, diplom almaq üçün ali məktəbə giririk, küçədə siqareti çəkib vızıllatmaqdan həzz alırıq, yol gedəndə qışqırıb-bağırmaqla ətrafımızdakı anamızı-bacımızı narahat etməkdən əsla utanıb yerə girmirik, piyada zolağından yolu keçəndə bulvarda başmaqseyrinə çıxdığımızı zənn edirik, metroya minəndə düşənlərə gücümüz çatan qədər mane olmağa çalışırıq...

Sonra da durub siyasi, iqtisadi, sosial islahatların daha da sürətlənməsini istəyirik.

Halbuki bizə mənəvi islahat lazımdır, özümüzü, təfəkkürümüzü, davranışımızı, ictimai əxlaqımızı, ailə münasibətlərimizi dəyişməsək, yüz TƏBİB də gəlsə, sağalmayacağıq!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR