1-ci sinfə gedən məmurun sərgüzəştləri
Bizi izləyin

Köşə

1-ci sinfə gedən məmurun sərgüzəştləri

Leyla Sarabi

Diqqət! Bu hekayədə təsvir olunan obrazlar uydurma deyil. Xəyal ürünü də deyil. Dəyirmanda xəyalları üyüdülmüş məmləkət insanlarıdır.

Hadisə Vatsap qrupunda vaqeə edir:

(qərinələr boyu bu qrup olmadan valideynlərimiz bizi nə haqla oxudub, necə böyüdüb?!)

Tort sifarişi Lala

- Qızlar, təklif edirəm, hər uşağın ad gününə ayrıca pul yığıb hədiyyə alaq

Fatya

- Mənsə deyirəm, bütün pulları indidən toplayaq ki, hər dəfə eyni əziyyəti çəkməyək

Nailə

- Analar sabahın dərs cədvəlini yazın daaa...

Qusikin maması

- Qarşıdan Müəllimlər günü gəlir. Aliyə İsmayılovnaya (ad şərtidir, elə oxuduğunuz bütün adlar şərtidir) nə alaq?

Bülənt Ərsoy (rusca səsli mesaj yollayır)

- Təklif edirəm hərəmiz 50 manatdan toplayıb pul verək. Böyük uşaqlarımın sinfində də belə edirik. Düzdür, mən evdar qadınam. Təkcə həyat yoldaşım işləyir. Amma vacibdir.

Tükəzbanulyanın nazlı səsi

- Məncə də. Baxmayın daaa, uşaqların illik təhsilini də sığortalamış oluruq. Qiymətlərini də pis yazmaz.

Nailə

- Ay analar, sabahın cədvəlini yazın, bilək...

Alyoşanın anası Maşa

- Siz nə danışırsınız? 50 manat nədir? Müəlliməyə ipotekaya ev götürürsünüz? Mən Rusiyadan yenicə köçmüşəm Bakıya. Rusiyada belə rüşvətə görə cinayət işi açarlar. Uşağınızı körpəliyindən rüşvətə alışdırın, sonra da korrupsiyadan şikayətlənin. Bu nə məntiqsizlikdir?!

Anita

- Salam əziz analar (Filippinlidir, bizim rusca danışmağa başımız qarışmışkən, dilimizdəki debütünü sınaqdan keçirir zalımın qızı, amma uşağı ilə ingiliscə danışır).

Nadya (Valideyn komitəsinin sədri)

- Xanımlar, siz nə danışırsınız? Pul yığılmayacaq. Müəlliməni təbrik etmək istəyən yaxınlaşıb “bayramınız mübarək” desin. Pul toplamayacağıq. Bir daha deyirəm, pul toplamayacağıq.

Nailə

- Mamoçkalar, bəs ev tap... QARA DƏLİK

Telefonumun enerjisini yediniz, ay anam-bacım...

Ruscanın müxtəlif aksent və dialektlərindən tərcümə: Leyla Sarabi

Gözün aydın, Vətən! Oğlum birinci sinfə gedir.

Zərurətdir ki, hər icmanı bir lider idarə etsin. Bizim sinfin də Valideyn komitəsinin rəhbəri rus Nadyadır. İlk günlər beynimdə rasist yelləri əssə də, son söhbətdən sonra əmin oldum ki, nastyalardan, maşalardan hələ öyrənəcəklərimiz var.

Mən hələ sizə məktəb hazırlığımızdan danışmamışam axı. Öncə uşaq üçün məktəbli forması ovuna çıxdıq. Ağ köynək, tünd klassik şalvar, üstündə ovuc boyda emblem olan pencək.

Bəli, mən dərsə 6 yaşlı məmurcuq yollayacam. O da öz kabinetinin rahat kreslosunda oturub darıxanda sənəd imzalayacaq.

Hələ Günəş oyanmamış (oğluma istinadən) yuxusuna haram qatmağı azmış kimi xırda köynək düymələrini barmaq ucu boyda deşikdən keçirəcək. Məmur diskomfortluğunda şalvarını da seyf məsəli 3-4 üsulla qıfıllayacaq. Ağzının südü qurumayan uşağım da yarım gün bu halətdə gəzəcək.

Məsələn, ayaqyoluna gedəndə, o seyfin şifrələrindən birini unutduqca bir gün öz güvənini, ikinci gün mənliyinə hörmətini zədələyəcək. Sizin üçün xırda görünən bu məqam şəxsiyyətin əsas təməlidir, əzizlərim.

Hiddətli misralarımı aidiyyəyti qurumlara tuturam. Keyfiyyəti yağışdan sonra şəhər kanalizasiyasına bənzəyən uniformalarınızı daha rahat geyimlə əvəzləyin.

Əsla uniforma sisteminizi tənqid etmirəm. Bura qəhr olmuş Avropa deyil ki, varlının da kasıbın da uşağı dərsə sadə libasda gəlsin. Amma köynəklərin düymələrini minimuma endirin. Ancaq adi iplə açıla bilən şalvar və ətəklər tikin. Lakin vahid broş emblemlər hazırlayıb ödənişsiz paylayın.

Rahat bədən həm də iti zehin deməkdir...

Məktəbli çantasından danışmadım. 2 gün otopedik çanta axtarmışam. Bir-bir hamısını sınaqdan keçirmişəm. Nəhayət çiynimizə (çiynimə, mənim çiynimə, öz çiynimə) uyğununu tapıb dincəlmişəm.

Onsuz da sərxoş təhsilimizin bütün yükünü içinə doldurduğunuz bu xurcunlar 6 yaşlı göyərçin canların onurğası üçün nəzərdə tutulmayıb. İnanın elə mənim də qəddimi əyir.

Kosmik intellekt sürətinizə yetməyən fəqir ağlımla cahil təklifimi ərz etmək istəyirəm. Mən sehrli kəməri belində durana qədər su yerinə kitab içən Elşən böyütmürəm. Ən azı ibtidai siniflərin tapşırıqlarını məktəbdə tamamlayın. Kitabları sinif otaqarına əmanət edin. Evdə boş qalan zamanlarını şifahi əyləncəli məşğuliyyətlərlə bəzəməyə çalışın. Məsələn, Finlandiya təcrübəsində hətta nənə və babalarla müsahibə etmək kimi fərqli üsul sınaqdan keçirilir.

Əziz anacanlar, atacanlar, bu gün planetin inkişaf yoluna rişxənd edən İsveçrə adlı məmləkət 70 faiz yeniyetmələrinə peşə təhsili verir. Bəli, ali təhsil deyil, müqəddəs kitab kimi toz basan saxta diplom deyil, şərəfli peşə… Bəlkə biz də genimizə hopan ali təhsil damğasına pozanla silib damarlarımıza dinclik verək?

Siz düşünün, mən də gedim, xurcunumu boşaldım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm