Köşə
Görün, kimlər deputat olmaq istəyir
Zümrüd Kərimova
Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkdi. Qərar YAP-ın bu gün keçirilən Siyasi Şurasında qəbul edildi.
YAP kimdir?
YAP parlamentdə 125 deputat...mmm... nəsil-şəcərə ağacından 71-nə sahibdir. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatdan imtina etsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı...mmm...qoca çinarı var.
Milli Məclis niyə özünü buraxır?
Qanunvericilliyə görə, parlamentdə üstünlüyü olan partiya deputatlarını geri çəkərsə, yetərsay olmadığı üçün Milli Məclis özünü buraxmağa məcbur olacaq.
Xalq bu xəbəri necə qarşıladı?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xalqın mövqeyini toyda məclisə gətirilməsi üçün xüsusi vaxtı təyin edilən plov dəqiqliyi ilə ortaya qoyan sosial media vasitəsilə öyrəndik ki, prezidentin 2018-ci il seçkilərindən bəri apardığı və bir çoxlarının çənə əzələlərini həyatında olmadığı qədər açılmağa məcbur qoyan islahatlar kimi, Milli Məclisin buraxılması da Oğuz elində şadyanalıqla qarşılanır. O dərəcə ki, xalq plovun üstündəki alovla kifayətlənməyib 3 gün 3 gecə yanmaq potensialı olan tonqallar qalayır, Afrika qəbilələri kimi ətrafında dövrə vurub rəqs edir, Dədə Qorquddan xeyir-dualar alır. Elimizin ölümsüzlüyə məhkum olan bu ağsaqqalı da gənclərə ad qoymaq mərasimini xətm edib, keçib indi onlara vəzifə təyin etməyə.
Bu gənclər kimlərdən ibarətdir?
Hökumətdə təmsil olunan qoca çinarlar o qədər qol budaq atıb ki, hətta Günəşin qızğın vaxtında belə onun saralıb əldən düşmüş yarpaqlarının arasından boy atmağa çalışan növcavanların kəkilləri belə görsənmir. Bağbanların ayda bir dəfə yadlarına düşən iməcilikləri sayəsində qurumuş budaqlar yerinə yaşlar kəsiləndə görürük ki, yox, hələ ümid var. Hələ də təbiətin təbii seçmə üsuluna məhkum olanlar boy atıb, heç olmasa, öz xoş və yeni ətrindən ətrafa saça bilər. Ancaq məni səhv başa düşməyin, bu növcavanların gizlənməsində təkcə qoca çinarların rolu yoxdur. Elə bilirsiniz, yetişən nəslin içində genetik kodlarında çürük xromosomlar daşıyan nümayəndələr yoxdur? Hər zaman olub, var, olacaq da!
***
Xalqımın öz təmiz üzünü göstərməkdə hələ ki, yeganə aynası olan sosial mediada elə insanlar Milli Məclisə namizədliyini irəli sürəcəyini açıqlayır ki, az qala, köhnələrə şükür edək. Hansısa təsadüfi şansın və yaxud elə feysbuk reklamlarının hesabına 15 dənə izləyici toplayıb özünü Sokrat, Demokrit havasında hiss edənlər ali palatada oturmaq haqqında dərin xəyallara dalır. Halbuki, heç namizədliyin irəli sürülməsi ilə bağlı tələblərdən xəbərləri belə yoxdur.
Biz kimi görmək istəyirik?
Deputat olmaq, ən səthi mənada, seçicilərinin arzu və istəklərini hökumətdə təmsil etməkdir. Onların tələblərinə və rifahına cavab verməkdir. Yeri gələndə, onların boğazından qışqırmaq, yeri gələndə, onların yaralarından ağrımaqdır. Yeri gələndə yırtıq kirəmit damdan axan yağış damcılarının dəmir vedrədə yaratdığı rəməl bəhrinə birlikdə qulaq asmaqdır. Yəni deputat olmaq, əslində, bu gün o binanın, bu xalqın gördüklərindən çox fərqli şeydir. Xeyr, mən deputat olmamışam. Amma haqqını və vətəndaşlığını müdafiə etməyi bacaran bir insan kimi görmək istədiyim deputat obrazı məhz bu cürdür!
İndi ölkədə nə ki, evdə həyat yoldaşının öhdəsindən gələ bilməyən var, gedib yatacaq Ali Seçki Komissiyasının qapısının ağzında.
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Sosial11:00
Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO
-
Ekologiya10:05
Yağış, qar və külək... - FAKTİKİ HAVA
-
Rəsmi xronika09:21
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı
-
MDB06:16
Rusiya "Santa Klaus"u da vurdu - Müzakirələrə səbəb olan VİDEO
-
Qoroskop02:43
Proqnozu düz çıxan astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Bu tarixdə...
-
Dünya01:55
“Mən sənin xidmətçin deyiləm” - Fitsodan Zelenskiyə sərt cavab
-
Nəqliyyat01:35
Qəzaya uğrayan təyyarənin uçuş zamanı radarda görünməyən trayektoriyası - FOTO