Postkorona dövründə Qarabağın taleyi: Bakının planı reallaşır, İrəvan...
Bizi izləyin

Köşə

Postkorona dövründə Qarabağın taleyi: Bakının planı reallaşır, İrəvan...

Asif Nərimanlı

Dünən Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü baş tutdu. Görüşün əsas tezisi COVID-19 pandemiyasının danışıqlar prosesinə təsirinin qarşısını almaq idi. İşğalçı Ermənistanın danışıqlar prosesini dayandıracaq istənilən hadisədə maraqlı olmasına rəğmən, Azərbaycan tərəfi və Minsk qrupu bu tezis üzərində dayanır. Bu görüş fonunda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin “mərhələli həll” variantında nizama salınması haqda səsləndirdiyi bəyanat da diqqət çəkdi. Azərbaycanın maraqlarına uyğun olan bu variant sülh prosesinin bazasını təşkil edən “Madrid prinsipləri”ndə öz əksini tapır.

Lakin indiki situasiyada təkcə Lavrovun bəyanatı yox, həm də pandemiyanın dünyada yaratdığı vəziyyət və bunun münaqişənin həllinə necə təsir edəcəyi maraqlıdır.

Aprelin 14-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimdə “prezident seçkiləri”nin ikinci turu keçirildi və “Qarabağ klanı”nın keçmiş üzvü, “inqilabdan” sonra Paşinyanın cəbhəsinə keçmiş oliqarx Araik Artünyan “prezident” seçildi. Bu, Paşinyanın rəqibləri üzərində əsas qələbəsidir və prosesdən güclü çıxan “küçə populisti”nin belə bir qələbədən həm də danışıqlar prosesini pozmaq üçün istifadə edəcəyi istisna deyil. Hərçənd, Paşinyanın “qələbəsi”nin pandemiyanın dünyada yaratdığı kataklizimlər dövrünə düşməsi onun hesablarını da alt-üst edir. Və proseslər Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini dəyişdirir.

BİRİNCİ FAKTOR: Ermənistanın çətin vəziyyətdə olan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı mənzərədə ciddi zərbə alacaq. Bu zərbə xüsusilə erməni diasporundan gələn ianələrin kəsilməsindən sonra hiss olunacaq. ABŞ və Avropa, bu iki məkan erməni diasporunun güclü olduğu və Ermənistana iqtisadi dəstəyin gəlməsini təmin etdiyi coğrafiyalardır. ABŞ-da başlanan iqtisadi böhran pandemiya ilə daha da güclənir, Avropa isə koronavirus qarşısında məğlub vəziyyətdədir. Bu coğrafiyada milyonlarla insanın işsiz qalması, sosial-iqtisadi sistemin çökməsi erməni diasporunun da imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, işləmək üçün Qərb ölkələrinə üz tutan ermənilərin ailələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsiləcəyi, ən yaxşı halda azalacağı istisna deyil.

Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır, kiçik və orta sahibkarlıq çökür, hesablamalara görə Rusiyada 2,5 milyon olan işsiz sayı 8 milyona qədər yüksələ bilər. Bu, Ermənistandan iş üçün Rusiyaya axışan və ailələrinə pul göndərən ermənilər üçün də çətin günlərin gəldiyi deməkdir. Rusiyalı ekspert Dmitri Verxoturovun açıqladığı bir fakt bu kontekstdə xüsusilə diqqət çəkir: “Erməni diasporu əsasən Rusiyanın cənubunda, Krasnodar, Stavropol və digər şəhərlərdə cəmlənib. Orada artıq millətlərarası gərginlik artır, hətta proses ciddi toqquşmalara qədər gedib çıxa bilər”.

Bütün mübarizə pul və iş uğrundadır. Proses göstərir ki, pandemiyanın digər ölkələrdə sosial-iqtisadi sistemə vurduğu zərbə Ermənistanın qida təminatında və sosial vəziyyətində çətinlikləri artıracaq. Bu vəziyyətdə işğalçı ölkənin üz tuta biləcəyi yeganə ölkə İrandır, halbuki, rəsmi Tehran iqtisadi böhranla əlləşir. Hətta İran Beynəlxalq Valyuta Fondundan 5 milyard borc almaq üçün bütün siyasi-iqtisadi şərtlərlə razılaşıb.

İKİNCİ FAKTOR: İqtisadi köməkdən məhrum olacaq Ermənistanın siyasi dəstəyi də itirəcəyi gözlənilir. ABŞ bütün diqqəti daxili problemlərinə yönəldib, Avropa İttifaqı dağılmaq həddindədir, erməni diasporunun ən güclü olduğu Avropa ölkəsi – Fransa özünü xilas etməyin dərdindədir, Rusiya isə Lavrovun dili ilə mövqeyini növbəti dəfə təsdiqlədi. İndiyə qədər adıçəkilən ölkələrin xarici siyasətinə təsir göstərən erməni diasporu/lobbisinin artıq buna nail olmaq imkanları azalacaq. Artıq yeni dünyada ölkələr milli maraqlarını lobbi maraqlarına qurban verməyəcək.

ÜÇÜNCÜ FAKTOR: Proseslərin inkişafı Lavrovun niyə indi “mərhələli həll” variantından bəhs etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatmasını anlamağa imkan verir. COVID-19 pandemiyası dünyada siyasi sistemləri də alt-üst etdi və beynəlxalq ekspertlərin proqnozlarına görə, yeni dünyada regional ittifaqlar ön plana çıxacaq. Güclü Qərb ittifaqlarının üzləşdiyi mənzərə fonunda bu perspektivlər aydın hiss olunur. Moskva anlayır ki, regional ittifaqın formalaşması, güclənməsi üçün Türkiyə və Azərbaycanın dəstəyi lazımdır. Rəsmi Ankara və Bakı dəfələrlə bəyan edib ki, istənilən əməkdaşlığın yolu Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından keçir. Ruslar regional əməkdaşlıq platformasında hərbi bazalarının yerləşdiyi Ermənistanın da kənarda qalmaması, xüsusilə İranın çətiri altına keçməməsini istəyir. Və bunun yeganə yolu Qarabağ münaqişəsinin həlli, işğal faktorunun aradan qaldırılmasıdır. Bu baxımdan, Lavrovun məlum bəyanatını yeni prosesin başlanğıcı kimi görmək olar.

Burada ATƏT-in Minsk qrupunun gələcəyini də iki istiqamətdə proqnozlaşdırmaq olar: 1. Minsk qrupu formatı dağılır, münaqişənin həllində əsas vasitəçilik Rusiya və Türkiyənin əlinə keçir, Ankara uzun müddətdir bu prosesi izləməkdədir, Moskva da ideyanı yaxına buraxır; 2. Minsk qrupunun üç həmsədrindən yalnız birinin – Rusiyanın indiyə qədər mövcud olan həlledici rolu daha da güclənir, bu ehtimalı həm Vaşinqton və Parisin düşdüyü vəziyyət, həm də postkorona dövründə regional siyasi platformaların güclənəcəyi perspektivi də ön plana çıxarır;

Hər iki halda münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək.

Və nəhayət, Ermənistanın yeganə çıxış yolu nədir?

Bütün qapıların bağlandığı, siyasi və iqtisadi dəstəyin kəsiləcəyi (ən yaxşı halda minimuma düşəcəyi) vəziyyətdə İrəvanın regional əməkdaşlıq platformalarında yerini almaq, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi dəstək əldə etmək, bir sözlə mövcud olmaq üçün yeganə çıxış yolu ərazilərin qaytarılmasıdır. Bu perspektiv rəsmi Bakının “Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi” təklifinin gerçəkləşməsi deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm