• USD 1,7000 0,00% EUR 2,0023 +0,07%
    • GBP 2,3372 -0,09% RUB 0,0230 -0,43%

Bayram məllim (müəllim)

  • Köşə
  • 16 İyul 2021 18:36
  • 3 220 Baxış
Bayram məllim (müəllim)

İradə Tuncay

Bu bayram ki var ha, adına mətbuat bayramı deyirsiniz - o, hamı üçündü, ya başı sığallıların?

Hər il belə olurdu, deməli - bir ortaq mal atılırdı meydana və orfoqrafik qaydaları bilən-bilməyən kütləvi yazı ordusu folklorun ən dərin qatlarından gələn söyüşləri düzürdü sıraya. Yəni son illər belə tərbiyə olundu ordu ...ya da tərbiyə deməyək. ...Həmin sözə dəxli yoxdu olanların - əksinə tam əksi nə varsa odur. Kiməsə orden, kiməsə fəxri ad, lap bəxti gətirənlərə ev... Əsas imtiyaz isə kapital...

Hər beşillik planın öz davaları və vədləri... Kimin abrı-həyası yerindədirsə (azdı belə adamlar) ona da üç barmaq işarəsi kombinasiyası!!! Bir-iki adamı da araya qatırlar ki, ortaya çıxarılmalı kimsə olsun da. Qəribə sistem qurulub və hər gələn öz dəstəsi ilə hücuma keçir. Bir dəstə qocaları ilə, o biri dəstə cavanları ilə. Bir dəstənin fiziki gücü çoxdu, o biri dəstənin təcrübəsi. İkisi də toplu halda qüdrət yarada bilir. Amma ziyanlı qüdrət. İslahat sözünə yaxın gedə bilməyən qüdrət. Halbuki bütün narazılıqların kökündə dayanan elə bu amillərdir. Ortaq mövqedə dayanan adamlar yoxmu??? Var əlbəttə!!! Onlara isə bütün zərbələri yönləndirirlər. Mərkəzdə durmaq və hər tərəfi, hər boşluğu görmək bacarığı isə iki cinahda da xüsusi nifrət yaradır. Cəmiyyət və ictimai mühit varsa - bunların problemləri, aktual məsələləri, müxtəlif yönləri də var. Mətbuat ictimai fikri, baxışları, maraq və məqsədləri formalaşdıran, sosial institutların fəaliyyətinə təsir edə biləcək vasitədir, əsas məqsədi yatanları oyatmaq, oyaqları isə səfərbər etməkdir. Həyatın müxtəlif sahələrinə dair problemlər qaldırmaq, cəmiyyətə, xalqa xeyirli işləri təbliğ, zərərli, nöqsan cəhətləri tənqid etməkdir. Mahiyyətini bilmədən ən adi hadisəni nə tərifləmək, nə də pisləmək olar. Belə olan halda jurnalistin ən ümdə vəzifəsi toxunduğu məsələlərin ətraflı öyrənilməsi və bunu şirin, yığcam dildə kütləyə çatdırmaqdır.

Müşahidələr isə deyir ki, mətbuat cəmiyyət üçün yox, qruplaşmalar üçün çalışır. Amma paradoksal cəhət budur ki, insanlar bütün instansiyalara şikayət edib usanandan sonra üz tuturlar mətbuata. Sonuncu ümid yerləri yenə söz olur. Biz də yazırıq. Nəticənin necə olacağından asılı olmayaraq yazırıq. Olur ki, kiməsə xeyiri də dəyir. Əksər hallarda isə özbaşına məmurların hiddətiylə sonuclanır. Hələ üstəlik bu məmurlar əyalətdədirlərsə, demək, içlərində padşahlıq iddiası gəzdirirlər. Hələ bunlardan bu qədər yazırlar belə havalıdırlar, gör deyib-danışan olmasa neyləyərlər. Və ümumiyyətlə, çox qəribə tendensiya yaranıb - fikir verirsinizmi nə qədər balaca padşahlar cücərməkdədir? Hər hansı balaca bir şirkətin sədr kreslosunu qamarlayan kimi şəxsi tərifçilər başlayırlar həmin balaca padşahın apardığı uğurlu islahatları mədh eləməyə. Dövlət və dövlətçilik varkən, dövlətin apardığı siyasət varkən ayrı-ayrı adamlara tərif vurmaq nə anlama gəlir? Belə çıxır ki, hər kəs hakimiyyət iddiasındadır. Bütün bunlar niyə diqqətdən kənarda qalır?

Sovet dönəmində, müəyyən bir vaxtda "konfliktsizlik" konsepsiyasını ortaya atmışdılar. Sovet cəmiyyətində sosial konfliktin mövcud olmadığı iddia olunurdu. Təbii ki, ideologiyaya xidmət edən bütün vasitələrdən də bu şüara xidmət tələb olunurdu. Yaxşı ki, ruslar bu absurd fikrə qarşı döyüşə bildilər, yoxsa kiçik millətlərin ümidinə qalsaydı "ləbbeyk" deyib ötüb keçəcəkdilər. Və biz də gül-çiçəkli, cənnət sovetlər ölkəsinin vətəndaşları ətrafımızda baş verənlərin fərqinə varmadan, ağ kağız üzərində yazılmış ağ yalanlarla bəxtəvər saymalıydıq özümüzü. Həmin dövrün publisistikası öz bədii keyfiyyətləri ilə də seçilir - güclü senzor baxışlarından sətirlər arasında fikir gizlətmək və nəsə deyə bilmək bacarığıyla. Həyatın gerçək görüntüsünü təsvir etmək, hadisələrə real qiymət vermək, ədalətli hökm çıxarıb perspektivləri göstərə bilmək bacarığıyla. İndi sovet tarix olsa da ," ləbbeyk" tarix olmayıb. Daha qorxulu şəkil alıb. Qamarlamaq, ağ yalanlar şəkil dəyişib. Sovet yoxdu, okeanın o tayından gələn ideologiya var. Bir qərar versinlər bəlkə - o sistemə keçmişiksə bütünlüklə olmalı deyilmi? Bütünlüklə - yəni məhkəməsiylə, ədliyyəsiylə, təhsiliylə, səhiyyəsiylə və sairə? Və ən vacibi mətbu sözüylə? Tezislə olmaz bu iş. Əgər mətbu söz dəstə ilə idarə olunacaqsa (necə ki olunur), "konflikt" sözünə münasibət də sosial şəbəkələrdə söyüşlə idarə olunacaq!!! Əgər bunu ağılla yaza biləcək söz adamları yenə dışlanırsa - nəyin bayramıdı? Zatən heç bir maraq qalmayıb. Yəni qoymayıblar qalsın. Biz yenə də partiyalı mətbuat prinsipindən çox da uzağa gedə bilmirik. Partiyalı mətbuat "oliqarx xozeyin" mətbuatı vəziyyətinə gəlib. Daha pis... Və bu savaşın içində nələri itirdiyimizin fərqində də deyilik. Əsas savaş isə içimizlə olası savaşdı. Sadəcə, sabit "hava şəraiti" lazımdır...

Müstəqilliyə yeni qədəm qoymuş bu gənc ölkədə, ancaq mətbuat tarixi 146 ili ötmüş bu ölkədə ixtisaslaşmış jurnalistləriylə, xarici ölkələrdəki müxbirləriylə qəzet niyə olmasın? Ona görə ki, "ləbbeyk" deyənlər azalacaq? Prinsip etibarilə mümkünsüz deyil. Həm iqtidar, həm müxalifət, həm də mərkəzçi mətbuatda nə qədər gözəl jurnalistlər çalışır. Bəlkə eksperiment kimi belə bir qəzet buraxmaq olar?! İqtisadiyyatdan yazan öz yazısını yazsın, siyasətdən yazan özününkünü, mədəniyyətdən yazan özününkünü, ədəbiyyatdan, idmandan, təsərrüfatdan yazan da özününkünü yazsın. Bu gün bizim düşmənçilik cərəyanına yox, maarifçilik cərəyanına böyük ehtiyacımız var. Və belə bir qəzetin oxucusu olmazdımı?! Lap məcburi şəkildə abunə tətbiq olunsa belə. Kontr baxışlı müəlliflərin debatıyla, təhlillərlə, ağıllı, savadlı şərhlərlə. Bəlkə onda yeni dövlətin yeni vətəndaşı tamam başqa cür formalaşardı. Qəribə oxucu yetişdirmişik, söyüş, böhtan yoxdursa - yazılana baxan da yoxdur. Və bu oxucu müxtəlif yönümlü sarı mətbuatın çiçəklənməsinə rəvac verir. Alternativ fikir (söyüş yox) yeddi köydən qovulur.

Mirzə Fətəli Axundov "Kamalüddövlə məktubları"nda Nadir şahdan yazan tarixçi Mirzə Mehdi Əstərəbadidən misal gətirir: "Elə bir padşah ki, əgər döyüş meydanında onun iradə sərkərdəsi dənizin sükutuna işarə edərsə, dalğa tufanın ləngərçisi olar və ağır dağın hərəkətinə fərman verərsə, sıldırım qayalar narın qum kimi axışıb gedər. Əgər qaranlıq gecədə od yandırmağı qadağan edərsə, ildırım şimşək çaxmağını vurmağa cəsarət etməz və əgər səhər-səhər susmaq əmrini verərsə, sübh nəfəs çəkməyə cəsarət edə bilməz". Bunun dalınca Axundov öz şərhini yazır: "Yalançının evi yıxılsın! Deyən ola ki, ay axmaq tarixçi, sən ki zəhmət çəkib bu qədər sözü yazırsan, barı bu zəhməti elə bir mətləb üçün sərf et ki, içindən bir xeyir çıxsın. Nə üçün ancaq cəfəngiyyat yazırsan?". Bunu Axundov XIX əsrdə yazıb, ancaq bu gün də nə qədər belə cəfəngiyyatlar yazılır. Faktlar qalır qıraqda, boş-boş söz yığını, boş-boş təriflər... Ağıllı təhlil yoxdursa nə inanan olacaq, nə də ürəyindən keçirən. Bunlar da məlumatsızlıqdan, savadsızlıqdan doğan nəticələrdi. Günümüzün mətbuatında bu da var. Dövrün təzadları, ağrıları ona görə narahatlıqla yazılır ki, vaxtında həll olunsun, gələcək nəsillərin işi yüngülləşsin. Deyək ki, bu gün biz kəndi, orada yaşayan insanları əməlli-başlı unutmuşuq. Siyasi davalardan, oliqarx savaşlarından gözümüz açılmır. O insanların qayğıları nədi, nəylə nəfəs alırlar? İrəliləyiş, tərəqqi hardadı, nə çöküb? Vallah, mən şəhərdə doğulub böyümüşəm, kəndi bilmirəm, amma bilənlər var axı, yazmaq olar. Milçəyi fil eləmədən, qaraya ağ demədən.

Publisistika sosial həyatın ən müxtəlif olaylarını özündə əks etdirir. Buna görə həm də tarixi mənbə ictimai-siyasi mühitin salnaməsi sayılır. Bizdən əvvəlki nəsillər bugünkü mətbuatı yaratdı. Biz kimləri yetirəcəyik? Oliqarx sözçülərini?

Dünən oxudum ki, yeni binaya köçüb yeni agentliyimiz. Yeni bina yeni düşüncə sayılacaq? Köhnə hara gedib ki? Təsirindən çıxmısınız köhnə sahiblərin? Köhnə sahib mətbuatı gözəl bilirdi və tanıyırdı. Sadəcə sevmirdi müstəqil adamları. Siz guya sevirsiniz? Yox təbii... Üstəlik də... Nə isə, özünüz bildiniz nə deyirəm. Evi mübarək bayram məllimin (müəllimin)!!!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR