Köşə
Rus ədəbiyyatı ilə azərbaycanlı tərbiyə etmək olarmı?
Azərbaycanda rus dilində təhsil ənənəsi hələ çar dövründən var. Ölkəmizdə etnik ruslar da yaşayır, bundan əlavə rusdilli insanlar da var. Bu qruplara aid insanların rus dilində təhsil alması tamamilə təbiidir. Ancaq mövzumuz bu deyil.
Təhsil ana dilində olmalıdır. Bu, birmənalıdır. Pedaqogikada bu barədə hansısa bir mübahisə, polemika, ziddiyyət yoxdur. Uşaq hansı dıldə danışırsa, evdə hansı dildə ünsiyyət qurulursa, uşaq dünyanı hansı dildə qavrayır, görür, duyur və düşünürsə, təlim də o dildə olmalıdır. Vəssalam!
Ancaq elə bir ölkədə, elə bir dördə yaşayırıq ki, təlim dilinin nə olduğunu da aydınlaşdırmaq lazımdır. Təlim dili tədris edilən fənnlərin dilidir. Riyaziyyat hansı dildə keçilir, tarix hansı dildə danışılır. Bunlardan əlavə, məktəblərdə xarici dil də öyrədilir. Bunlar fərqli anlayışlardır. İlber Ortaylı Ankarada türk dilində təhsil alıb, amma 6 dil bilir. Yəni, əcnəbi dili öyrənmək üçün o dilin təlim dili olmasına ehtiyac yoxdur.
Uşaq hansı dildə düşünürsə, o dildə də təhsil almalıdır. Bu, onun dərsləri daha yaxşı qavraması deməkdir. Əks halda uşaq bilikləri əxz etmək əvəzinə dili öyrənməyə çalışacaq. Bilik olmadan dil nəyə gərəkdir? Tamadalara fikir verin, gözəl danışırlar, amma əksəriyyəti boş danışır. Yad dildə təhsil də bu cürdür. Və sözsüz ki, heç kim aurası içində olmadığı dili yaxşı hiss edə bilməz. Yad dildəki bilikləri özününküləşdirə, əxz edə, mənəvi aləmini formalaşdıra bilməz. Dildən qırıq qalmaq yetim qalmaq kimidir. O, öz dünyasından qopardılacaq, yeni dilə isə montaj ola bilməyəcək, hibrid, gərəksiz bir varlığa çevriləcək.
Pedaqoqların üstündə durduğu əhəmiyyətli bir məqam da ana dilində təhsil alan uşağın keçilən fənlərlə birgə başqa dilləri daha yaxşı mənimsəyəcəyidir. Başqa dillər bir yana dursun, rus bölməsində təhsil alanlar azərbaycan dilində səlis danışa bilmir, yaxşı yazmaq, oxumaq imkanlarından məhrumdurlar.
Rus bölməsini bitirən azərbaycandillilər arasında meyxana meyli niyə güclüdür? Sabiri bilməyən, Müşfiqi anlamayan, Səməd Vurğunu hiss etməyən, Füzulinin yanından ötməyən, Əli Kərimi tanımayan, Mirzə Cəlilin yanından salamsız keçən adamın axırı nə olacaqr? Rus ədəbiyyatı ilə azərbaycanlı tərbiyə etmək olarmı? Əvvəlcə, uşaq öz mənəvi aləmini yaratmalıdır. Cəfərqulunun çayxanada “bizim uşaq rus sektorunda oxuyur” deyə öyünməsi üçün bu qədər məhrumiyyət uşağın başına gətirilir?
Marksist fəlsəfənin bir prinsipi vardı: Əvvəlcə milli, sonra beynəlmiləl. Öz ədəbiyyatını qavramadan adam bəşər mədəniyyətini, dünya ədəbiyyatını öyrənə bilməz. Milli köklərdən məhrum qalan kosmopolit olacaq. Yəni, vecsiz, mahiyyətsiz bir sosial heçlik...
“Rus dili elm dilidir”. Guya. Əvvəl uşaq elmin özünü öyrənməlidir, sonra dilini. İlber Ortaylı kimi alimlər türk dilində tarixi öyrəndikləri üçün istədikləri dili öyrənib o dildə araşdırma apara bilirlər. O biliklər olmasaydı dil kimin nəyinə gərəkdir. Üstəlik, birinci sinfə gedən uşaqların son nəticədə heç 0.5 faizi də elm dalınca getmir. Gerçəklikdən uzaq düşmək nəyin naminədir? Balacaxanım “qadın salonunda bizim uşaq rusca çırtlayır” deməsi üçündür?
Ana dildə təhsil uşağın müstəsna hüququdur. BMT-nin “Uşaq Hüquqları Haqqında Konvensiya”sının 30-cu maddəsi uşağın ana dilindən istifadə hüququndan məhrum edilməsini yolverilməz sayır. Cəfərqulu bunu hardan bilsin?!
UNESKO hər il 21 fevralı Ana Dili Günü kimi qeyd edir. Balacaxanımın xəbəri olsa da, olmasa da...
Qan Turalı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

































