Urməvinin nadir əlyazması və erməni iddiası
Bizi izləyin

Köşə

Urməvinin nadir əlyazması və erməni iddiası

Səudiyyə Ərəbistanı KİV-lərinin yaydığı məlumata görə, Ər-Riyaddakı Kral Əbdüləziz Kitabxanası ərəbdilli İslam mədəni irsinin nadir incilərindən olan “Kitab əl ədvar” (Musiqidə dövrələr, mətndə “Əl-ədvar fil-musiqi-Musiqidə dövrələr) kitabının əlyazmasının nadir nüsxəsini aşkara çıxarıb.

Xəbər verilir ki, kitab tanınmış musiqişünas Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvinin (mətndə əl-Bağdadi nisbəsi də əlavə edilib) qələmindən çıxıb.

Qeyd edilir ki, S.Urməvi (hicri 613-693, miladi 1216-1294) iki kitab yazıb. Şərq musiqisinə aid ən nadir mənbələrdən sayılan “Kitab əl-ədvar”la yanaşı Abbasi xilafətinin son illərinə aid digər əsər “Risaleyi-şərəfiyyə”dir. O, həmçinin tələbələrə xəttatlıq və musiqi dərsləri verməklə məşhur olmuş, mədrəsələrin idarə olunmasında, əlyazmaların redaktəsində və qorunmasında iştirak etmişdir. Urməvinin “müğni” və “nüzhə” adlı iki simli musiqi aləti icad etdiyi haqda da məlumatlar var.

Rəvayətlərə görə, onun musiqi sahəsində xüsusi istedadı sayəsində Bağdadın monqollar tərəfindən tam yandırlmasının qarşısı alınıb. Yeri gəlmişkən, Əliağa Vahidin xanəndələr tərəfindən tez-tez ifa olunan “Musiqi məclisinin türfə əlamətləri var” mətləli qəzəlində keçən “Musiqi zövqü Hülakilərə təsir etmiş; Oxu tarixi, gör orda nə rəvayətləri var” beyti bu hadisəyə işarə edir.

Çox güman ki, Səudiyyə mediasının bəhs etdiyi nadir əlyazma hicri X əsrin ikinci yarısı və XI əsrin birinci yarısına (miladi 16-cı əsr) aiddir. Əlyazmanın üzərində hicri 1058-ci ildə edilmiş qeyd var. Məlumat verilir ki, bu, kitabın tam nüsxəsidir. Əlyazmanın girişində Urməvi o dövrün tanınmış dövlət xadimi, vəzir, bir müddət himayəsində olduğu, digər böyük alim Nəsrəddin Tusiyə minnətdarlıq edir, onu “ağamız”, “fəzilətlilərin padşahı”, “alimlərin sultanı”, “ümmətin tacı” kimi epitetlərlə yad edir. Bundan sonra musiqi alətləri haqda, əbcəd (klassik ərəb əlifbası) əsasında tərtib etdiyi not sistemi haqda məlumat verir.

Onun “Kitab-əl-ədvar” əsəri ərəb dilində musiqi nəzəriyyəsinə aid ilk traktatlardan biridir. Əsərdə mürəkkəb klassik not sistemi (melodiyalar, tonlar, subtonlar, minorlar, təqtlər) təqdim olunur. Yaradıcılığı özündən sonrakı bütün Şərq musiqiçilərinə böyük təsir edib, əsəri hələ orta əsrlərdə fars və osmanlı dillərinə tərcümə edilib. Kitabın Britaniya Muzeyində, Avstriya Milli Kitabxanasında, ABŞ-ın Filadelfiya Universitet Kitabxanasında, Türkiyə, Bağdad və Qahirənin milli kitabxanalarında köçürülmüş bir neçə əlyazması var.

Səudiyyə mediasında S.Urməvinin əsli haqda məlumat verərkən Azərbaycan ölkəsinin Ərminiya (Ərməniyyə kimi yox, məhz belə yazılıb) vilayətindən olması göstərilir. Güman ki, “Urməvi” nisbəsinin yazılışına görə “Ərməvi” kimi də oxuna bilməsi yazı müəllifini çaşdırıb. Oda ola bilər ki, yenə də qonşularımızın mədəni irsimizə qəsdi ilə qarşı-qarşıyayıq. Xatırladım ki, Urməvi haqda Azərbaycanda tədqiqatlar aparılıb, musiqi irsimizə təsiri öyrənilib, yubileyi keçirilib.

Qərbli tədqiqatçılar, o cümlədən “İranica” ensiklopediyası müəllifləri Urməvinin ərəb musiqisi ilə yanaşı, fars və türk (Azərbaycan) musiqisinə təsiri haqda məlumatlar verir, onu bu ortaq irsin nümayəndəsi kim təqdim edirlər. Mənşəyinə gəlincə, Azərbaycandan və şafii olması haqda məlumat verilir. Bilindiyi üzrə Cənubi Azərbaycanın həmin ərazilərində uzun müddət şafiilik geniş yayılıb, indi də şafii azərbaycanlılar (kürəsünni) icması mövcuddur (Azərbaycan Respublikasında əsasən Astara və Quba rayonlarında, İranda daha çox Qərbi Azərbaycan vilayətində, Türkiyədə Şərqi Anadoluda).

İranda, adətən, bütün Qafqaz, indiki İran və Mərkəzi Asiya coğrafiyasında orta əsrlərdə yazıb-yaratmış hər kəs yaradıcılıq dilindən (ərəb, türk (Azərbaycan və cağatay), dari, puştun, hətta urdu) asılı olmayaraq İran-fars mədəniyyətinin nümayəndəsi elan olunur. Son zamanlar Nizaminin, Füzulinin, hətta Şəhriyarın, Lütfizadənin, eləcə də “böyük fars mədəniyyəti” nümayəndəsi olmaları haqda çoxsaylı “tədqiqatlar”, yazılar dərc olunub. Onların Azərbaycanda yubileylərinin qeyd olunması, öyrənilməsi, hətta bizdə zorxana və çovkan yarışlarının keçirilməsi də “Böyük İran mədəni irsinə qəsd” kimi təqdim olunur. Amma nədənsə bu tarixi şəxsiyyətlərimizdən kimsə kürd, ya erməni elan edildikdə, “İranşəhri” təəssübkeşləri susmağa üstünük verirlər; təki azərbaycanlıların əlindən alınsınlar...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm