Əmma nəft!
Bizi izləyin

Köşə

Əmma nəft!

Tanınmış xalq elçisinin oturduğu budağı kəsmək, su içdiyi qabı murdarlamaq əməliyyatını növbəti dəfə təkrarlamasından sonra qopmuş vaveyla Arazın o tayında əhli-məclislə bağlı danışılan bir lətifəni yadıma saldı. Bəri başdan deyim ki, “Facebook”da əvvəllər də paylaşılıb, yəni sizə tanış gələ bilər.

Bir gün tanınmış ərdəbilli bir orta məktəb müəllimi sözü sarayda ötkəm olan dostuna güzəranından giley- güzar edib, çax-çuxlu vəzifə istəyir.

Dostu ona məclis üzvü olmağı təklif edir, o da sevincək olub əlüstü razılaşır. Və ”tam demokratik seçki” ilə olur əhli-məclis, parlaman üzvü.

Bir müddət vicdanı təmiz, amma cibi də təmiz gəzib dolaşır, iclaslarda çıxış edir, qanunvericiliklə məşğul olur, özünü əsl xalq tribunu kimi tanıdır, publikaya oynayır, eldən çəpik, sosial şəbəkədən ürəkli layk qazanır. Fəqət tribunumuz vicdanı təmizlikdən bir şey çıxmayacağını kəsdirəndən sonra dostuna gənəşib pul qazanmaq istədiyini deyir. Dostu deyir ki, növbəti iclasda gündəlikdəki məsələyə baxma, söz al, ölkədəki sosial durumu tənqid elə, üz -gözünü turşut, əllərini bərkdən kürsüyə vurub, ucadan de: “Əmma nəft!..”

Xalq tribunu məsləhətə əməl edir, növbəti iclasda alovlu çıxışdan sonra əllərini kürsüyə çırpır: "Əmma nəft!" İclas bitən kimi tanımadığı şəxslər gəlib onun problemləriylə maraqlanırlar. Dərdi açılır; uşaqlarının, qohumlarının iş-güc qayğılarını, mənzil problemlərini deyir, birər-birər qeyd edirlər. Az keçmədən müşkülləri çözülür.

Bir müddət sonra tribuna yenə nəsə lazım olur, bu dəfə gənəşib eləmədən iclasda söz alıb alovlu nitq söyləyir, yenə əllərini kürsüyə çırpıb, "Əmma nəft!.." deyir. Eyni minvalla yenə də yaxınlaşıb növbəti istəklərini qeydə alırlar, arzularını Səməndər quşu sürətilə çin edirlər.

Ancaq tribun əvvəlki sadə kəndli balası deyildi daha. “Əmma nəft!” deyib sərvətdən pay istəməyə öyrəşmişdi, ağzı neftin istisini dadmışdı. Aylar, illər, fəsillər keçdikcə tribunun çevrəsi də, tayfa-uruğu da, tələbatı da artır, hərdən xırda narazılıq hiss olunan kimi də tribuna xatir onların qayğılarına əncam çəkilirdi.

Günün birində böyür-başındakı çoxsaylı yaxınlarından birinin “tırka”sına gedib məclisdə yenə də "Əmma nəft!" deyib guruldayır. Bu dəfə tanımadığı adamlar onun dərdlərinə zindanda qulaq asmağa üstünlük verirlər.

Dostu bir xeyli sonra xəbər tutur. Zindana yoluxmağa gedəndə günahlarını da boynuna alır:
-Bəy- müəllim, vəbalın mənim boynuma. Mən gərək səni başa salaydım ki, hər deputat neçə dəfə, hansı məqamda "Əmma nətf!" deyə bilər. Artıq olanda başına elə oyun açarlar ki...

Məzkur, tribunumuz, yadıma gələli Kamran Bağırovun zamanında “Amma və lakin nöyüt!” deyib - nəzərə alıblar, Əbdürrəhman Xəliloviçin vaxtında deyib - nəzərə alıblar, Ayaz Niyazoviçin zamanında deyib - nəzərə alıblar, Böyük bəyin zamanında deyib - nəzərə alıblar. Ata Əliyevin zamanında ilk dəfə deyəndə nəzərə alıblar, ikinci dəfə deyəndə 12 illiyə küncə qoyublar. Oğul Əliyevin zamanında 2005-dən bəri gah özü üçün, gah qüdrətli məmur eloğlusu, gah da qüdrətli iş adamı eloğluları üçün deyib - nəzərə alıblar.

Daha bəsdir! Basta! Tamam! Yetər! İndi imkan ver, bir aylanma dəxi gözüaçıq, bədzad, kreativ, diribaş gənclər də “Amma və lakin nöyüt!” desinlər, neft gəlirlərinin ədalətli bölgüsü də habelə təmin olunsun. Yoxsa bu nədir, 40 ildir eyni sözləri eyni adam deyə bilməz axı. Qoy başqalarının da “Amma və lakin nöyüt!” demək imkanları olsun ki, daha heç bir partiya sədri mühacir biznesinə, dələduzluğa, erməni “soyqırımı”nı tanımağa, heç bir KİV və ya QHT rəhbəri də reketliyə girişməsin.
*Aylanma-şimal dialektlərində “dövrə “mənasındadır.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm