Qeysərin haqqı qeysərə, Tanrının haqqı Tanrıya!
Bizi izləyin

Köşə

Qeysərin haqqı qeysərə, Tanrının haqqı Tanrıya!

Mərkəzi Asiya türk xalqlarına aid bir açıq sosial şəbəkə qrupunda maraqlı mübahisə izləmişdim. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk respublika olması haqda deyilənlərlə razılaşmır, Alaş Respublikasının adını çəkirdilər. Amma o politiyaya dövlət, ya cümhuriyyət demək bir az çətindir. Çünki özlərini Rusiya tərkibində muxtariyyət kimi görürdülər. Kokand xanlığının ərazisini bərpa etmək iddiasında idilər, hərçənd həmin xanlığın hakimi sülaləsi indi özbək kimi bildiyimiz xalqa mənsub idi və dövlət dili də cağatay (özbək) dili idi.

Hansısa seçkili orqandan danışmaq da çətindir; “Alaş”ın əsas qurucuları da, dövlət postlarını da müxtəlif qazax, qırğız və başqırd, müəyyən qədər də Fərqanənin türkdilli (qıpçaq) əhalisi arasından olanlar (özbək adlandırlanlar) idi. Sonra o dövlətin ərazisində əvvəl iki (Özbəkistan SSR və Qırğız Muxtar Respublikası), daha sonra dörd (Qırğızıstan, Qazaxıstan, müəyyən qədər Özbəkistan və Başqırdıstan) respublikası yarandı. Bir müddət Alaşın paytaxtı olmuş Orenburq ümumən alınıb Rusiyaya birləşdirildi və s. Dövlətin yaranması üçün gərək olan dövlətqurucu xalqın kim olması belə 1936-cı ilə qədər qeyri-müəyyən idi – Orta Asiya və Sibirin bütün qıpçaq əhalisimi, Kokandın cağataycadan ədəbi dil kimi istifadə edən əhalisimi, qazaxlarla qırğızlar birgə, ya sadəcə qazaxlar?

Bəs, dövlətin qurulmasını əsaslandırmaq üçün tələb olunan ilkin tarixi narrativ haradan götürülməli idi - Kokand xanlığının tarixindənmi, Qazax xanlığının tarixindənmi, Sibir xanlığının tarixindənmi? Ya bütün türk və monqol xalqlarının ortaq tarixi keçmişinəmi iddia edilməli idi? Deyəsən, bu problem oralarda indi də açıq qalır. Yəqin Vladimir Putinin qazax dövlətçilyinin banisi kimi Nursultan Nazarbayevin adını çəkməsinə cavab olaraq sonuncunun Qazax xanı adlandırdıqları Keneseri Kasimulinin nəşinin qalıqlarını istəməsini xatırlayırsınız. Orta Asiya sosial şəbəkə forumlarında ortaq tarixə iddialar üstündə qazaxlarla özbəklər, qırğızlar, monqollar, hətta noğaylar arasında mübahisələr bizimlə qonşu xalqlar arasında mübahisələrdən bəzən daha tünd olur. Çox yaxın dillərdə danışıb, ortaq mədəniyyəti, dini, mətbəxi, coğrafiyanı bölüşən qohum xalqların bu qədər tündləşən mübahisələrini izləyib asan sinirmək də olmur.

Belə uzun girişdən məqsədim Türküstan- Sibir-Ural ellərinin yad bilmədiyimiz xalqlarının tarixini kiçiltmək, özümüzü böyütmək deyil. Digər xalqların, xüsusən bizə yaxın xalqların tarixi irsinə hörmətlə yanaşılmalıdır. Məqsədim öz yaxın tariximizə, Cümhuriyyətin, Cümhuriyyət qurucularının, illah da ki MİLLƏT İNŞA ETMİŞ tarixi şəxsiyyətlərimizin roluna qədirbilənliklə, daha obyektiv yanaşılması zərurətini vurğulamaqdır. Yazıda tarixi araşdırmaya iddia edilmədiyindən, istinadlara, sitatlara geniş yer vermədən ictimai fəal kəsimin bildiyi və ya bilməli olduğu ən ümdə faktları ümumiləşdirməklə gəlinən qənaətləri bölüşürəm.

Yalnız Alaş Muxtariyyətinin deyil, Xivə, Buxara respublikalarının, eləcə Uralın, Qafqazın uqor, çərkəz, dağlı və türk əsilli xalqlarının elan etdikləri dövlət birləşmələrinin ərazisinin və statusunun taleyi, indiki Ukrayna, Stavrapol, Rostov, Belarusda elan edilən (Litbel, Belarusiya Xalq Respublikası, Don Respublikası, Ukrayna Xalq Respublikası, Qalisiya və s.) dövlətlərin ərazisi, statusu, hakim etnosların adları da dəfələrlə dəyişdirilib. Məsələn, indiki Özbəkistanda Sart Respublikası elan edilməsi belə gündəlikdə olmuşdu. Sonradan karluk mənşəli, bəzən də bilinqvin sartlar, özlərini əsasən özbək adlandıran Fərqanə qıpçaqları, oğuz xivəlilər, pamir xalqlarının türkləşmiş nümayəndələri özbək adı ilə vahid etnos kimi ortaya çıx(arıl)dı və s.

Xalq Cümhuriyyətinin taleyi bu baxımdan daha uğurlu idi. Millətləşmə və dövlətləşmə bir-birini tamamlayırdı. Ad seçimi mübahisəsiz ötüşməsə də, ümumi ictimai konsensus “Azərbaycan” adı üzərində idi. Çünki keçmiş Rusiya imperiyasının sadaladığımız müstəmləkələrində yaşamış xalqların çoxundan fərqli olaraq azərbaycanlıların bəxtinə olduqca parlaq ziyalı pleyadası düşmüşdü. XIX əsrin ilk yarısından etibarən əvvəl dilimizin müxtəlif linqvonimlərlə adlanmasından tədricən “Azərbaycan dili” (“Azərbaycan türkcəsi”, “türk-Azərbaycan dili” versiyaları ilə) adlanmasına keçildi, daha sonra bu dildə yaradılmış ədəbi irs məhz Azərbaycan ədəbiyyatı kimi tədqiq və təqdim olundu( Adolf Berje və Hüseyn Əfəndi Qayıbovun antologiyaları, Firudin bəy Köçərlinin, Yusif Vəzirin ədəbiyyat tarixinə aid əsərləri və s.). XIX əsrdən başlayaraq “Qafqaz tatarı” etnoniminə etiraz edən ziyalılar “Azərbaycan türkü”, “azəri”, “azərbaycanlı” etnonimlərinə üstünlük verirlər. Cənubi Azərbaycandakı məşrurtə hərəkatı bu tendensiyanı daha da gücləndirmişdi. Hərçənd sonuncu rus-osmanlı savaşı, savaşdan sonra keçmiş Osmanlı ərazilərinin (Qars-Ərdəhan, Batum) ilhaq edilməsi ilə ümumtürk identifikasiyası da artırmışdı.

Ümumtürk meyilləri ilə yanaşı, əlbəttə ki, yenidən ümumiran (Axundzadə, Ağaoğlu yaradıcılığının erkən dövrü), ümumşərq (Cəmaləddin Əfqani, panislamistlər) var idi. Ancaq özünü bu ümumların içində tanıma ənənəsi sürətlə yerini dil və coğrafiya üzərindən identifikasiya etməyə verirdi. Ola bilsin ki, o mərhələ tam keçmədi, heç indi də başa çatmayıb. Lakin bir şey dəqiqdir ki, Cümhuriyyət o keçidi başlayanların, yoxdan bir ideal yaradanların əsəridir. Yazının hədəfini başqa səmtdə yönləndirmək üçün adını çəkmək istəmədyim, ciddi saydığım müəlliflərdən biri bu prosesi bir cümlə ilə belə xülasə etmişdi-Azərbaycan xalqını Azərbaycan ziyalıları yaradıb. Cümhuriyyət qurucularından biri, azərbaycançılığın ilk böyük ideoloqu Məmməd Əmin Rəsulzadənin indi tənqid olunan “Əsrimizin Siyavuşu” həm də bu prosesin başa çatmamasının ağrısının ifadəsidir (hərçənd əsər daha çox Azərbaycan Cümhuriyyətinin mənsub olduğu tarixi mədəniyyətlərin varisləri tərəfindən yenidən istilaçılar qarşında tərk edilməsinə, geosiyasi tənhalığa verilən reaksiyadır).

Azərbaycan Cümhuriyyətinin, azərbaycanlıların sadaladığım xalqlardan və dövlətlərdən fərqli üstünlüyü bundadır-Cümhuriyyət quruculuğundan əvvəl millət quruculuğu gedib, dövlətqurucu etnosun adı, kimliyi müəyyən edilib, dilin adı (akademik çevrələrdə mübahisələr indiyədək davam etsə də), siyasi coğrafiyanın adı, təxmini hüdudları bəlirlənib (buna görə ittiham olunsalar da). Bəli, itkilər olub, iddia etdikləri ərazilərin hamısını ala bilməyiblər, işğaldan sonra Azərbaycana ilhaq olunma qərarı qəbul etmiş Dağlılar Respublikasının ərazisi ilə bağlı hüquqi prosedurlar başlatmayıblar, amma ilkin quruluş coğrafiyasını əsasən qoruyub saxlayaraq Azərbaycan kommunistlərinə təhvil veriblər. İşğal aktını pərdələmək üçün yeni qüvvə də “müstəqil Şura Azərbaycanı” şüarı ilə gəlib, Azərbaycan adını, coğrafiyasını qorumağa məcbur olub.

Şura (sovet) Azərbaycanının sonuncu baş ideoloqu Danil Quliyevin 1990-cı il mayında rəsmi qəzetlərdə dərc etdiyi məqalədə etiraf edildiyi kimi Azərbaycan SSR-in coğrafiyası və adı Cümhuriyyətçilərin xidməti idi. “Müstəqil Şura Azərbaycanı” şüarının irəli sürülməsi, bu şüarın müəllifinin (Nərimanovun) həm də “Azərbaycan dili” linqvonimin möhkəmlənməsində xidməti keçmiş şəxs olması, çevrəsindəki kommunistlərin də əsasən bu ideyaya inanması ərazimizin, dövlətimizin adının qorunmasında rol oynayıb. Bunları etiraf etmək, dəyərləndirmək lazımdır. Yeri gəlmişkən, o zaman Sovet İttifaqının hər yerində milli kadrların yetişdirilməsini, milli dillərin, mədəniyyətlərin inkişafını nəzərdə tutan və “korenizasiya” (yerliləşdirmə) adı verilən siyasət yürüdülürdü. Hələ fevral inqilabından əvvəl Rusiya bolşeviklərinin milli məsələlər üzrə əsas mütəxəssisi sayılan İosif Stalin Avstriya-Macarıstan modelini öyrənmişdi; çar Rusiyasından narazı, artıq milli burjuaziyası, mədəni maarif müəssisələri olan xalqlara o model əsasında muxtariyyətlər verilməsi də milli dillərdə (o cümlədən Azərbaycan dilində) nəşr olunan solçu KİV-lərdə geniş müzakirə edilirdi. Bolşevik hakimiyyəti qurulduqdan dərhal sonra isə Stalin milli məsələlər üzrə xalq komissarı təyin olunmuş, Lenin Rusiya xalqlarının hüquqları deklarasiyasını imzalamışdı.

“Korenizasiya” siyasəti yürüdülərkən burjua millətçisi kimi tanınan alim və ədiblər belə yenidən milli respublikalara dəvət edilir, onlara milli kadrların yetişdirilməsi həvalə olunurdu. Ukraynada millətçilərin lideri Mixail Qruşevskinin, Ermənistanda keçmiş baş nazir Hovanes Kaçazuninin vətənlərinə dəvət edilib yerli kardrların hazırlanması, milli tarixinin yazılmasının cəlb edilmələri bu siyasət çərçivəsində idi. Azərbaycanda da eyni siyasət çərçivəsində Mirzə Cəlil, Yusif Vəzir Çəmənzəminli xaricdən Bakıya dəvət edilmiş, Rəsulzadə Moskvaya aparılmışdı. Səbəbinə geniş toxunmadan deyək ki, “korenizasiya” Azərbaycanda “türkləşdirmə” şəklində icra edilirdi. Babalarımızın o dövrə aid l ilk pasportlarında “türk” yazılması da “korenizasiya” siyasətinin nəticəsidir. Amma məhz Rəsulzadə və dostlarının elmi, siyasi, publisistik fəaliyyətlərində siyasi etnos adı kimi “azəri” və “azərbaycanlı” terminlərinə üstünlük verməsi türk (Türkiyə) və ingilisdilli ədəbiyyatlarda digər türk xalqlarından fərqli tanınmamıza kömək edib.

Dövrün tarixi haqda təfərrüata varmıram, bu, tarixçilərin işidir. Mən sadəcə, “Azərbaycan” sözünü siyasi coğrafiyanın, dilin və xalqın adı kimi qoruya bilməyimizdə, hüdudları dəfələrlə dəyişən, qayçılanan digər keçmiş Rusiya müstəmləklərindən fərqli olaraq siyasi hüqdudlarımızı kiçik itkilərlə saxlaya bilməyimizdə rolu olanlar haqda xatırlatma etdim. Bir nəsil həm millət inşa edib, həm dövlət qurub, həm o dövlətin və millətin adını hifz edib, həm hüdudlarını çağımızacan ötürə biliblər. Bu regionda, bu coğrafiyada bizimlə eyni müstəmləkə keçmişini bölüşən digər xalqların çoxuna bunlar nəsib olmayıb.

Bir əsr sonra oturub qeyri-real şərt şəkilçiləri, ya arzu ədatları ilə zəngin çoxlu cümlələr qurmaq olar. Ki, bu da alternativ tarix həvəskarlarının işidir. Özündə siyasi yük hiss edən, ictimai rəyə təsir gücü olan şəxslərin məşğul olacağı iş bu deyil, mövcud olanları qədirşünaslıqla qiymətləndirmək, yarımçıq işləri (o cümlədən millətləşmə sahəsində) başa çatdırmaq üçün təşəbbüsləri, fəaliyyətləri dəstəkləmək lazımdır. Mövcud olanları şübhə altına almaq, yenidən hansısa ümumların tərkibində identifikasiyaya, siyasi coğrafiyanı, siyasi etnonimi, rəsmi linqvonimi mübahisləndirmək, üstəlik, bunu guya hansısa keçmiş korrupsioner məmura qarşı mübarizə fonunda təqdim etmək dövlət və millət quruculığuna xidmət deyil, dağıdıcılıqdır.

Başqa bir təhlükəli meyil, tarixdə birinin rolunu danmaqla digərini qaldırmaq, Cümhuriyyət qurucularını və sonrakı tarixi şəxsiyyətləri bir-birinə qarşı qoymaqdır. Dünyanın ən böyük humanistlərindən olan Həzrəti İsanın yüzillərin o üzündən gələn müdrikliyini unutmayın: Tanrıya aid olan ı(ilahi mahiyyətdə olanı) Tanrıya, qeysərə aid olanı qeysərə verin (Matta İncili, 22-ci fəsil, 21-ci ayə). Qeysər ona görə qeysərdir ki, ilahi süzeren olmadığını özü də bilir, demək, ilahi keyfiyyətləri ona yük etməyə də lüzum yoxdur.

Bizə, malik olduqlarımıza malik olmaq səadəti yaşadan qurucu ataların xatirəsinə minnətdarlıqla...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm