Marixuananı leqallaşdıran siyasətçi: “Revmatizmli qoca kimi öləcəm” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Layihə

Marixuananı leqallaşdıran siyasətçi: “Revmatizmli qoca kimi öləcəm” – MÜSAHİBƏ/FOTOLAR

Uruqvayın keçmiş prezidenti Joze Pepe Mujikanı yəqin ki, tanıyırsınız. 2010-cu ildə prezident seçilən 80 yaşlı nurani kişi bir anda bütün dünyanın ən çox sevdiyi siyasətçiyə çevrildi. Onu sevdirən səbəblərdən biri də prezident seçiləndən sonrakı davranışı oldu. Belə ki, o, prezident sarayına köçməyi rədd edərək 40 illik evində həyat yoldaşı, qonşuları və topal iti ilə yaşamağa üstünlük verdi. Maaşının 70 faizini kasıblara paylayan nurani prezident həm də insan olaraq nüfuz qazandı. Çe Qevara ilə tanış, Fidel Kastro, Uqo Çavez ilə sirdaş olan Joze Pepe Mujika, özünün dediyinə görə, insan kimi yaşayıb insan kimi ölməyə illər öncə düşdüyü həbsxanada qərar verib.

"Hürriyət" ötən gün Türkiyəyə səfər edən Joze Pepe Mujikadan müsahibə almağa nail olub.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində prezident olduqdan sonra da həyat fəlsəfəsinə uyğun yaşayan, Latın Amerikasının qəhrəmanına çevrilən bu qoca divi yaxından tanımaq şansı əldə edəcəksiniz:

- Niyə prezident sarayına köçməyi inadla rədd etdiniz?

- Mən düşüncələrimə uyğun yaşamağa üstünlük verdim. Düşündüyün kimi yaşasan, yaşadığın kimi düşünərsən.

- Buna əvvəlcədən qərar vermişdiniz?

- Bəli, çox öncədən qərar vermişdim, hətta millət vəkili olmadan öncə...

- Həbsxanada?

- Bəli, həbsxanada düşünmək üçün vaxtım çox idi. Həyatı sadə, maddi qayğılar olmadan yaşamaq istəyirdim. Xoşuma gələnləri edə bilməyin ən yaxşı yolu bu idi. Mənim üçün azadlıq bu deməkdir.

- Bir ölkənin prezidenti olmağınıza baxmayaraq?

- Prezident xalqının necə yaşadığını görməlidir. Başqa lazımsız işlərlə məşğul olsanız, buna vaxtınız qalmaz.

- 13 il həbsxanada yatmısınız. Yeddi il kitab oxumağınız belə qadağan edilib. Dəli olmamaq üçün qurbağalarla, böcəklərlə danışmısınız. Keçmiş haqqında düşünəndə "yaxşı ki, bunları yaşamışam" deyirsinizmi?

- Həbs edildim, çünki dünyanı dəyişmək istəyirdim. Nə etmişəmsə, dünyanın daha yaxşı bir yerə çevrilməsi üçün etmişəm. Həbs xasiyyətimi formalaşdırdı, düşüncəmi dərinləşdirdi. Çox uzun müddət həbsdə qaldım. Ona görə də, oxuduqlarım üzərində gen-bol düşünə bildim. Azadlığa çıxanda hər şey gözümə fərqli görünürdü. Artıq uşaq kimi düşünmürdüm. Qızıl dəyərində bir dərs almışdım: məğlubiyyət zəfərdən daha çox şey öyrədir.

- Sizə bunları yaşadanları bağışladınızmı?

- Bağışlamadım, mən hakim deyiləm. Mən öz yolumnan gedirəm. Digərlərinin nə işlə məşğul olduqlarına baxmıram. Nə bağışlayıram, nə də unuduram. Gələcəyə baxıram. Çünki keçmişdə olanları dəyişmək mümkün deyil.

- "Tupamaro"dan (Mujikanın liderlik etdiyi partizan təşkilatı - Red.) olan keçmiş dostlarınız sizi praqmatiklikdə və sosialist fikirlərinizi yumşaltmaqda günahlandırır, tənqid edirlər...

- Doğrudur, haqlıdırlar.

- Bəs bu tənqidlər sizi kədərləndirir?

- Yox, kədərlənmirəm. Mən pillələri bir-bir çıxmaq lazım olduğunu öyrəndim. Radikal addımlar atsam, heç nə əldə edə bilmərəm. Danışaram, çığıraram, bağıraram, amma bu heç nəyi dəyişdirməz. İndi ölkəmizdə işsizlər iş tapır, adam kimi yemək yeyir, başlarını soxacaq evləri olur, təhsil alırlar. Bəli, dünyanı dəyişdirmirəm, amma insanların həyatı dəyişir.

- Gənclik illərində Sovetlər İttifaqına etdiyiniz səfər sosializmə baxışınızı dəyişib. Orada nə gördünüz?

- Sən demə, yuxu görürükmüş. İstehsal vasitələrinin paylaşdırılmasını təşkil edərək cəmiyyəti dəyişdirə biləcəyimizi düşünürdük. Yanılmışıq. Mədəniyyəti dəyişdirməsən, heç nə dəyişmir. Ancaq onu dəyişdirmək çox çətindir. Yeni və fərqli bir mədəniyyətin mərkəzində fəlsəfə və etika dayanmalıdır. Kapitalizmə dəstək vermirəm. Amma insanların işsiz, ac qalmasına, səhiyyə xidmətlərindən faydalana bilməmələrinə də razı olmaram. Çünki insanlar, sadəcə, bir dəfə yaşayırlar. Ona görə də, onların həyatını yaxşılaşdırmalıyıq. Mən mübarizəmi sistemin içində, sistemə daxil olaraq aparıram. Ancaq bunu unutmamaq lazımdır: sağ ilə solun mübarizəsi yeni bir şey deyil.

- Necə yəni?

- Fransız inqilabından, hətta ən qədim tarixdən bu yana belə olub. İnsan oğlunun bir qismi mühafizəkar olub, bir qismi də dəyişiklik istəyib. Qədim Yunanıstanda, Romada, hətta İsanın dövründə belə… Sosial ədaləti tələb edənlər həmişə olub. Nə mühafizəkarlar, nə də dəyişiklik tələb edənlər qəti surətdə zəfər qazana biliblər. Mübarizə davam edir. Bu bir yoldur, səfərdir. Bizim nəsil bir gün daimi ədaləti əldə edə biləcəklərinə inandı. Halbuki bu, reallığa uyğun deyildi. Çünki mübarizə davamlılıq tələb edir. Uduzmaq hələ məhv olmaq mənasını vermir. Mübarizəyə yenidən başlaya bilərik.

- Sizin Uruqvayda həbs edildiyiniz illərdə Türkiyədə tələbələr öldürüldü, asıldı. Latın Amerikası və Türkiyənin tarixi həmişə bir-birinə oxşar hesab edilib. Mədəniyyəti, siyasi tarixi, inqilabları ilə bu oxşarlıq göz qabağındadır. Ancaq orada sizin kimi, Lula kimi insanlar hakimiyyətə gələ bildilər. Türkiyə isə islam yolunu seçən, ölkəni geriyə doğru aparan insanların əlinə keçdi. Solçuların səsi çıxmadı. Sizcə, niyə belə oldu?

- Sadəcə, Türkiyədə deyil, bütün dünyada solçuların dərdi birləşə bilməməkdir. Fransada, İspaniyada bunu gördük. Almaniyada kommunistlərlə sosialistlər bir-birini öldürməyə başlayanda Hitler zəfər çaldı. Uruqvayda solçular birləşməyə qərar verdi, ortaq planlar hazırladılar, birlikdə addımlamağı öyrəndilər. Ondan sonra qazanmağa başladıq. Qazandıq, çünki birləşdik. Fərqli fikirlərə hörmət etməyi öyrəndik. İnsanlar axmaq deyillər. Həyatlarının bir heç uğruna məhv olmasını istəmirlər. Heç kim boş sözlər, boş vədlər istəmir. İqtidara gəlmək üçün güclü olmaq lazımdır. Güc isə çoxluqdan gəlir. Olduqca sadədir, ancaq bunu solçuların anlaması üçün uzun müddət tələb olunur.

- Güc, iqtidar insanı çirkləndirir?

- Çirklənmə istehlak mədəniyyətinin nəticəsidir. Zəngin olmaq istəyən insan əvvəl-axır ruhunu şeytana satacaq. Bu, əsrimizin xəstəliyidir. İstehlak mədəniyyəti hörümçək toru kimidir, hamımızı yaxalayır. Xoşbəxtliyi mütəmadi olaraq yeni şeylər almaq hesab edirik. Belə bir sistemdə pozulmaq çox asandır.

-Tarixə düşəcək iki qərarınız oldu: marixuana və homoseksual evliliklərə sərbəstlik verdiniz. Sizi bu radikal qərarları verməyə nə vadar etdi?

- Homoseksuallıq insanlıq tarixi qədər qədimdir. Xoşlasam da, xoşlamasam da, bu, reallıqdır. Ən nifrət etdiyim reallıqla barışmamaqdır. Marixuana mövzusunda isə belə bir nəticəyə gəldik ki, narkotik qaçaqçılığı narkotikdən daha pisdir. Onlarla mübarizədə heç bir dövlət uğur qazana bilməyib. Onlar böyüyürlər, polisi yoldan çıxarırlar, zorakılığa səbəb olurlar. İstifadəçiləri qaçaqçılara təslim etmək nə qədər düzgündür? Mən deyirəm ki, istifadəçi narkotiki aptekdən alsın. Biri bundan istifadə edirsə, müalicə oluna bilər. Marixuana yaxşı deyil, təhlükəlidir. Ondan istifadəni dəstəkləmirəm. Ancaq kimsə bunu normal dozada qəbul edirsə, bu, leqallaşdırılmalıdır. Bu, insanların taleyini qaçaqmalçıların insafına buraxmaqdan yaxşıdır.

- Obama ilə aranız yaxşıdır. Sizcə, necə prezidentdir?

- Obama Amerika siyasi sisteminin bizə verə biləcəyi ən yaxşı insandır. Amma vəzifəsi məhduddur. Prezidentliyi versələr də, gücünü məhdudlaşdırıblar. Əsas problemləri belə həll edə bilmir.

- Türk hökuməti ilə PKK qarşıdurması mövzusunda nə deyə bilərsiniz?

- Fikirlərim var, lakin dilə gətirməyəcəm. Buraya Uruqvay ilə Türkiyə münasibətlərini yaxşılaşdırmaq üçün gəlmişəm. Türkiyənin problemləri ilə bağlı danışmağım faydalı olmaz.

- Uzunmüddətli siyasi karyeranız boyunca Maodan Çeyə kimi bir çox tarixi şəxsiyyətlə tanış olmusunuz…

- Mao ilə tanış olduğumu deyə bilmərəm. Gənc ikən evində bir şəkil çəkdirmişdik. Yanımızda başqaları da vardı.

- Bəs Çe?

- Bəli. Onunla üç dəfə görüşmüşəm. Bizim generasiyaya nümunə olub.

- Onun verdiyi ismarışlar bu gün üçün çox əlçatmaz deyil?

- Mən Çe Qevara kimi miras qoya biləcəyimə inanmıram. Yəqin ki, yatağımda revmatizmli qoca olaraq öləcəm.

- Uşaq ikən ananız sizə "övladım, sosializm utopiyadır, çünki insan oğlu şərə meyillidir" deyib. Ananız haqlı çıxdı?

- Qismən haqlı idi. İnsan eqoistdir. Özünü inkişaf etdirə bilən, eyni zamanda da, öz-özünü məhv edə biləcək tək canlıdır.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm