Fransız dəbinin ən gənc kralı - FOTOLAR
Bizi izləyin

Layihə

Fransız dəbinin ən gənc kralı - FOTOLAR

Moda dünyasında dəb qanunvericisi olmaq üçün yaş böyük rol oynamır. Özünəinam, zəngin yaradıcılıq və təxəyyül hər şeyi həll edir. Məsələn, “Balmain” moda evinin yaradıcısı Pyer Balmen və onun sadiq davamçısı Olivye Rusten gənc yaşlarından böyük moda imperiyasının sahibinə çevrilirlər.

Yazıya başlamazdan əvvəl qeyd edim ki, dünyanın bir çox tanınmış dizaynerləri kimi Olivye Rusten də qadınları gözəlləşdirməklə məşğul olsa da, kişilərlə görüşməyə üstünlük verir. Əks cinsin nümayəndələri onun zövqüncə deyil.

Publika.az “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə “Balmain” moda evinin keçdiyi tarix yolundan bəhs edəcəyəm.

Pyer Balmen qısa vaxt ərzində olduqca populyarlaşa bilən, eyni zamanda sevilən azsaylı dizaynerlərindən biridir. 50-ci illərdə isə artıq Pyer Balmen hər yerdə fransız dəbinin kralı sayılırdı və kübar cəmiyyətin ən parlaq nümayəndələrini bəzəyirdi.

“Balmain” moda evinin banisi Pyer Balmenin tərcümeyi-halı

Pyer Balmen 1914-cü ilin mayında Sen-Jen de Marienn şəhərciyində dünyaya gəlib. Onun atası kiçik parça fabrikinin sahibi, anası isə stil məsələləri üzrə məsləhətçi idi. Pyer uşaqlıqdan ailə müəssisəsinin fəaliyyətini müşahidə etməyi sevirdi. Kiçik yaşlarından Pyeri zərif ziyafət paltarlarının yaradılması prosesi heyran edirdi. Balaca Pyer bunu möcüzə kimi qəbul edirdi. Məktəbi bitirdikdən sonra o, doğma şəhəri tərk edir və atasının sahib olduğu fabriki idarə etməkdən imtina edərək Parisə yollanır.

1934-ci ildə Pyer Parisə gedir və İncəsənət Akademiyasına daxil olur. Gündüz o, mühazirələrdə arxitektura haqqında dərin bilikləri öyrənir, qalan boş vaxtını isə rəsm çəkməyə və dəbdəbəli ziyafət paltarlarının eskizlərinə həsr edir. Bir dəfə Pyerə tanınmış modelyer Rober Piqeyə öz işlərini göstərmək nəsib olur. O, gənc dizaynerin bacarığını yüksək qiymətləndirir, hətta ondan üç eskiz alır.

Bu əlamətdar hadisədən sonra Pyer Balmen qəti şəkildə modelyer olmağa qərar verir. Oğlan Parisin çoxsaylı atelyelərində assistent vəzifəsində işləmək üçün axtarışa başlayır. O, bu arzusuna çatmaq üçün yerə səpələnmiş sancaqları, iynələri yığmağa və döşəmələri süpürməyə hazır idi. Lakin Pyerin axtarışları bir il ərzində heç bir nəticə vermir. Nəhayət ki, 1936-ci ildə Parisin aparıcı modelyeri Edvard Molina onu öz atelyesində təcrübə keçməyə dəvət edir. Pyer bu iş üçün düşünmədən İncəsənət Akademiyasındakı təhsilini atır.

1939-ci ildə, hərbi xidmətdən sonra Pyer Lüsyen Lelonqun emalatxanasına keçir. O, tikmə, naxış, şüşə muncuqları parça üzərinə düzmək sənətini öyrənir, həmçinin şüşəli strazlar metodikasına yiyələnir. Lelonqun emalatxanasında Pyer Kristian Diorla birlikdə çalışırdı. Onlar birlikdə hətta müştərək brendin açmağın mümkünlüyünü müzakirə edirdilər.

Brendin yaranma tarixi

Pyer Balmen yalnız özünə xas olan qeyri-adi, ekzotik üslubda modellər yaradır, dünya sənət əsərlərindən ilham alır, onların arasında əsasən ərəb motivləri üstünlük təşkil edirdi. Bu maraq Balmen yaradıcılığında xüsusilə nəzərə çarpırdı. Belə ki, o, müxtəlif bitki və çiçəklərin iri rəsmlərindən tez-tez istifadə edirdi. Lakin dizayner üslubunun əsas elementi arabesklər, qəribə bitkilərin mürəkkəb şərq ornamentləri, toxunma əl işləri və həndəsi xətlər idi. Bu naxışlar modelyerin yeni kolleksiyasının hər birində mütləq gözə dəyirdi.

Bundan başqa, qızılı saplarla işləmələr, habelə xəz, ipək, atlas kimi parçaların üstündə istifadə olunan mirvarilər, tikmələr modelyerin ənənəvi tərzi idi. Bu tikmələr Balmenin imzası sayılırdı, ziyafət paltarları misilsiz əl işləri ilə tamamlanırdı. O dövrün ən məşhurları, varlı və adlı-sanlı adamları modelyerin dəstlərini məmnuniyyətlə alırdılar. Marlen Ditrix, Cennifer Cons, Jan-Pol Belmond, Britcit Bardo, Vivyen Li, Sofi Loren, Ketrin Xepbern, Tailand kraliçası Sikirit və bir çox başqaları “Balmain” markasının pərəstişkarları idi.

1945-ci ildə marka ilk butikinin qapılarını ziyarətçilərin üzünə açır. Pyer özünün ilk geyim kolleksiyasını həmin ilin oktyabrın 14-də geniş ictimaiyyətə təqdim edir. O, qeyri-adi parçadan tikilmiş kimono, ziyafət paltarı, həmçinin strazlarla, yarpaqlarla, süni giləmeyvələrlə bəzədilmiş dəbdəbəli bal dəstləri təklif edir.

1945-ci ildə “Balmin” moda evinin özünə xas tikmələrlə zəngin, qığılcım saçan paltarı Balmenə dünya şöhrəti gətirir. Bundan sonra moda evinin qəşəng paltarlarına böyük tələbat yaranır. Lakin o dövrün tənqidçiləri “Balmain”-nin nazik parçalar üzərinə düzülən daş-qaşlı və muncuqlu işlərini riskli hesab edirdilər.

Pyerin işi zərgər dəqiqliyi tələb edirdi. O, qadınları gözəl və dəbdəbəli geyindirməyi xoşlayırdı. Lakin moda evinin müştəriləri Pyeri təkcə kuturye kimi deyil, həm də yaxşı həmsöhbət kimi sevirdilər. II Dünya müharibəsinin sonlarına yaxın o dövrün cansıxıcı atmosferindən xilas olmaq istəyən xanımlar Balmen dəbdəbəsini ac quşlar kimi qəbul edir, böyük məmnuniyyətlə geyinirdilər. Ballarda “Balmain”-dən don sifariş vermək qürur mənbəyi idi.

Yazıçı Hertruda Stayn Pyer Balmenin işlərini yeni fransız üslubunun yaradılışı adlandırır. Qeyd edim ki, müasir moda dünyasının əfsanəvi modelyeri Karl Laqerfeld 1947-ci ildə Pyerin yanında 9 il assistent işləyib.

1947-ci ildə “Pierre Balmain - Elyse 64/83” adlı ilk ətir satışa çıxır. Rəqəmlər təsadüfi deyildi, bu rəqəmlər elit moda evinin telefon nömrəsi idi. Uğurundan ilhamlanan dizayner daha sonra bir-birinin ardınca bir neçə ətir istehsal edir. Dizayner 1960-ci ildə ətriyyat hazırlanması və satış hüququnu “Revlon” şirkətinə satır.

1952-ci ildə Pyer Balmen pret-a-porte “Pierre Balmain Florilge” xəttini buraxır. Burada əsas diqqət kostyum formasına - dəqiq dairəyə alınmış çiyinlərə, sinə dekoltesinə və belin incəliyinə yönəlirdi. Dizayner 1968-ci ildə Olimpiya oyunları üçün forma hazırlayır. 1950-ci ildə Birləşmiş Ştatlarda Pyer Balmenin ilk moda nümayişi keçirilir. Həmin vaxt Nyu-York butikinə öz qapılarını açır. Pyer Balmen Balensiaqa Kristobalyadan sonra ABŞ bazarını işğal edən ikinci fransalı dizayner olur. O, öz kolleksiyasını daha dolu amerikalı xanımların ölçülərinə uyğunlaşdırır. Amerikalı xanımlar da ən az zərif fransız gözəlləri qədər modelyerin dəbdəbəli dizaynı və parıltılı modellərinə vurulurlar.

Yeni kolleksiyaların yaradılması ilə yanaşı Balmen kino sənayesi ilə yaxından əməkdaşlıq edir. Belə ki o, Henri Kinqin “Zərif gecə” ("Tender Is the Night"), Roje Vadimin “Tanrı qadını yaratdı” eləcə də bir çox başqa filmlər üçün kostyumlar hazırlayır. Bu işlərin sayəsində o, moda aləmində öz uğurunu möhkəmləndirir.

Eyni zamanda, dizayner ziyafət dəstlərini yaratmağa başlayır. 50-ci illərin sonlarında Balmen o dövr üçün kifayət qədər açıq hesab olunan dekolteli kokteyl paltarları ilə yüksək moda dünyasını təəccübləndirir. Amma bu ideya müştərilərin xoşuna gəlir və yeni modelinin uğur qazanır.

Brendin böhranı

60-cı illərdə moda aləmində bütün ən yaxşı statusları minimalist dizayner İv Sen-Loran qazanmağa başlayır. “Balmain” əsri öz aktuallığını itirir, insanlar fransız modelyerin dəbdəbəli geyimlərindən yorularaq onları çox qəliz, köhnə dəbin qalığı hesab edirlər. Balmenin minlərlə muncuq parıltısı Pablo Pikassonun orijinal printlərinə və rəsm üslubuna xeyli uduzur.

Camaatın öz brendinə marağını itirməsinə baxmayaraq, işgüzar dizayner öz sevimli üslubunda işləməyə davam edir. O, 70-ci illərdə yenə də əl işi olan libaslara üstünlük verir, halbuki bu böyük vəsait tələb edirdi. Bu onillikdə marka ilk dəfə saat, o cümlədən, aksessuar, zinət əşyalarının istehsalı ilə məşğul olmağa başlayır.

1982-ci ildə Balmen ölümündən əvvəl markanın idarəetməsini keçmiş köməkçisi, 1951-cı ildən bəri şirkətdə işləyən Erik Mortense tapşırır. Şirkətin yeni rəhbəri moda evinin işinə bir neçə dəyişiklik edir, amma ümumiyyətlə, ona böyük uğur qazandıra bilmir. Pyerin gedişindən sonra brendin populyarlığı öz-özünə azalır, lakin bu, 1984-ci ildə nüfuzlu "Qızıl oymaq" mükafatını almaqda ona mane olmadı.

80-ci illərin sonunda “Balmain” brendini kanadalı iş adamı Erix Freyer alıb müflis olmaqdan xilas edir, ondan sonra kosmetika satışı ilə varlanmış Alan Şevalye brendin sahibi olur. Artıq 90-cı illərin əvvəlinə təxminən 220 adda məhsul buraxır. Belə siyasət moda evinin daimi müştərilərini daha da uzaqlaşdırır.

Bir-birinin ardınca dəyişən dizaynerlər: Endryu Cen və Jil Dyüfur “Balmain” kolleksiyasına çoxlu yeni obrazlar gətirir, şirkətin ənənəvi dəyərlərini kökündən dəyişirlər. Lakin bunun da heç bir xeyri olmur. 1990-ci ildə Erve Pyer brendin kreativ direktoru təyin olunur, üç il sonra isə Oskar de la Renta onu əvəz edir.

Oskar de la Rentanın uğursuz siyasəti

1993-ci ildən 2001-ci ilə qədər “Balmain”-nin kreativ dizayneri Oskar de la Renta olur. Onun yaratdığı kutyur paltarlar müəyyən populyarlığa malik idi, lakin kolleksiyanın pret-a-porte kolleksiyaları elə də çox mənalı alınmır. Bundan başqa, öz moda evindəki işləri brendin ruhunu kifayət qədər hiss etməyə Oskara mane olur. Nəticədə markanın müştəriləri xeyli dərəcədə azalır.

2001-ci ildə şirkətin rəhbərliyi “Pierre Balmain” adını “Balmain” ilə əvəz etməyə qərar qəbul edir. Bu dəyişikliyin səbəbi markanın adının bir çox hallarda tələffüzü ilə bağlı yaranan problemlər və fransız dilini bilməyən insanlar idi. 2001-ci ildə brendin art-direktoru Loren Merse olur.

İkinci nəfəs

“Paco Rabanne”nin keçmiş baş dizayneri Kristof Dekarnen 2005-ci ildə “Balmain” moda evinin art-direktoru olur, 2007-ci ildə isə dizayner vəzifəsinə keçir. O, külə dönmüş brendi dirildir və ona əvvəlki şöhrətini qaytarır.

Kristof Dekarnen “Nə qədər kədərli olsa da, yüksək moda dövranı həmişəlik getdi. Yeni texnologiyalar meydana gəlib, orijinal ideya vaxtıdır. Mən öz işimdə də buna ümid edirəm.

Mən qəribə, qeyri-adi bucaq altında adi şeylər uydurmağı sevirəm. Düşünürəm ki, bu, mənim müştərilərimin də xoşuna gələcək!”

Dizaynerin əsas xidməti Pyerin nadir lətafəti, yaradıcı və dəbdəbəli ənənələrinə qayıtmaq idi. Onun 80-ci illərin stilində hazırlanmış paltarları, militari və rok-n-roll üslubunda pencəkləri, cırıq cins şalvarlar və bir çox fasonları alıcıların zövqünə uyğun gəlir. 2008-ci ildən brend kişi geyimləri istehsalı xəttini işə salır.

2011-ci ildə brendin art-direktoru postuna gənc dizayneri Olivye Rusten təyin edilir. Markanın əvvəlki şöhrətinin geri qazanılmasında onun da müstəsna rolları var. Bu insanın ilk baxışdan enerji ilə aşıb-daşdığı hiss olunur. Görünür ki, moda evinə gənc baxışı lazım idi. O, əvvəllər “Roberto Kavalli”nin pret-a-porteləri üzərində işləyirdi.

Dizaynerin ilk 2012 yaz-yay kolleksiyası şəksiz əsl qələbə olur. İstisnasız olaraq bütün moda tənqidçiləri onun yaradıcılığında ənənəvi harmoniyanı və özünə xas moda ideyalarını görürlər. Kolleksiyanın aparıcı motivləri yumşaq dəri, təmiz ağ rəngli açıq-mavi cinslər, dəbdəbəli qızıl qrafik tikmələr, bədii tikmə, gül printləri, həmçinin jaketlərin və paltarların qollarında sallanan ağır metal aksessuarlar olur. Gül mötivləri kolleksiyadakı dəstlərin incəliyini gücləndirir.

“Balmain”-nın daha sonrakı payız və qış kolleksiyası da gənc dizayner Olivye Rustena yenidən uğur gətirir. Dizaynerin yaradıcılığının əsas ilham mənbələrindən biri Nyu-Yorkda “Christies” hərracına qoyulmuş Karl Faberjenin məşhur yumurta əsəri olur. Kolleksiyanın xüsusiyyətlərindən biri zəngin dekor, zərif tikmələr, mirvari, kristal və muncuq işləmələr, eləcə də məxmər ilə uzlaşan dəri parçalar olur. Nümayişin hiti qısaldılmış jaket - sərt düzbucaqlı silueti ilə kolleksiyaya maskulin çalar verirdi. Brend qadın bədən incəliyini vurğulayan ənənələrinin qoruması üçün zəruri olan mürəkkəb ornamentlərdən və çiçək dekorlarından istifadə edirdi.

“Pierre Balmain”-nin ikinci xətti

Oliyve Rusten: “On min dollar bahasına başa gələn paltarlar mənim sevimlimdir, amma mən bizim dəbdəbəli paltarların kiçik bacılarının yaradılmasını sevirəm. Qadın 25 min dollara paltar almağa məcbur deyil, o, bizim mağazalardan birinə gedib uzun illər geyinə biləcəyi və dəbdən düşməyən bleyzer ala bilər. Mən bütün qadınlar üçün geyim yaradıram və modellərimi bütün qadınların əynində görməkdən məmnunam. Böyük pullar sərf etmədən klassik obraz yaratmaq olar.

“Balmain” ənənəvi fransız evi olmasına baxmayaraq, onu beynəlxalq səviyyəyə çıxarmaq istəyirəm. Mən həmişə müxtəlif mənbələrdən ilham alıram. Müxtəlif mədəniyyətləri qarışdırmaq xoşuma gəlir, çünki mənim hazırladığım geyimləri fərqli qadınlar alırlar”.

Qəşəng pret-a-porte kolleksiyaları ilə yanaşı, 2011-ci ildən brendin banisinin şərəfinə demokratik geyim xətti buraxılır. Brendin tarixində ilk dəfə olaraq alıcıların bəyəndiyi geyimləri 10 min dollara deyil, 100-200 dollara almaq şansı yaranır. Baxmayaraq ki, demokratik geyim ideyası bilavasitə Olivye Ruistenə aid idi, o özü kolleksiyaların hazırlanmasında iştirak etməyib. Üstəlik, ucuz markaların onun üslubunu təqlid etməyindən narahat deyil.

Qeyd edim ki, fransız moda evi “Balmain” 2014-cü ildə ilk ayaqqabı kolleksiyasını da müştərilərin ixtiyarına buraxıb.

Hazırda “Balmain” ənənəvi fəlsəfəsini qoruyub saxlaya bilib. Balmen öz modellərini mürəkkəb tikmələrlə bəzəməyi və təkrarolunmaz obraz yaratmağı sevirdi. Göründüyü kimi Olivye Rusten də markanın fəlsəfəsində bu istiqaməti seçib. Ona görə də kristallarla və mirvarilərlə işlənmiş parlaq dəstlər müasir modapərəstlərin tələblərinə cavab verir.

Olivye Rustenin şəxsi həyatı

Şəxsi həyatı barədə danışan Olivye etiraf edir ki, o, məşhur olandan sonra cəlbedici gənclərdən çoxlu sevgi təklifləri alıb. Amma həyatının kişisi ilə qarşılana qədər o tənha olmaqdan narazı deyil. İtalyan oğlan sevgilisi ilə beşillik münasibətlərinə son qoymasını Olivye belə izah edib: “O, ailəsinə mavi olduğunu etiraf etməkdən qorxurdu. Mənim valideynlərim oriyentasiyama böyük anlayışla yanaşırlar, hətta mən onlarla öz məhəbbət macəralarım haqqında danışmayanda onlar məni həmişə dəstəkləyir, başa düşür və müdafiə edirdilər".

Bir qədər İsveçrə saatı “Balmain” haqqında

1987-ci ildə “Balmain” markasının saat xətti dünyanın ən iri saat istehsalçısı “Swatch Group” şirkətinin mülkiyyətinə keçir. Həmin vaxtdan etibarən brendin saatları əsl İsveçrə saatı sayılır. 1993-cü ildən başlayaraq saatların siferblatlarını "Pierre Balmain" yazılmış arabesklər bəzəyir. 1997-ci ildə “Pierre Balmain” İsveçrə saat brendinin 10 illik fəaliyyəti şərəfinə platindən hazırlanan məhdud sayda aksessuarlar buraxılır. 1999-ci ildə şirkət düzbucaq titan saatın ilk istehsalçısı olur. Onlar "Elysee" saat kolleksiyasının tərkibinə daxildir. Həmin "Elegance Haute" xətti ən nazik, korpusun qalınlığı 4 mm. olan saatı ilə rekord qırır. 2000-ci ildə brend dünyada ilk dəfə olaraq güzgülü saatını buraxır.

2001-ci ildə Bazeldə beynəlxalq sərgidə brendin "Excessive" pişik gözləri formasına malik olan saat kolleksiyası təqdim olunur. Rəqəmlərin qeyri-adi formaları, həmçinin xüsusi siferblatlar qeyri-adi, bənzərsiz obraz yaradırdı. 2002-ci ildə brend düzbucaqlı, kvadrat, üçbucaq və assimetrik fiqurlar şəklində saat buraxır. Bu isə yeni saat dəbinin əsasını qoyur.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm