Dünyaya səs salan azərbaycanlı gözəllik ilahəsi – FOTOLAR
Bizi izləyin

Layihə

Dünyaya səs salan azərbaycanlı gözəllik ilahəsi – FOTOLAR

Maqnit kimi insanı özünə cəlb edən mavi gözlər

Dünyanın ən populyar modellərindən biri Bianka Baltidir. Atası italyan, anası azərbaycanlı olan Bianka Baltinin qüsursuz gözəlliyi bütün dünyanı heyrətləndirir.

"Onların stili" layihəsində bu dəfə Azərbaycanın fəxri, İtaliyanın bir nömrəli modeli, Karl Laqerfeldin "gözəllik ilahəsi" adlandırdığı Bianka Baltidən bəhs edəcəyəm.

Cazibədar modelin gözəllik və stil sirlərindən öncə özü haqqında bir az məlumat vermək istəyirəm. Çünki Biankanın modellik karyerasına başlamaq hekayəsi çox maraqlıdır.

Füsunkarlığı ilə hazırda moda dünyasını ardınca qaçmağa məcbur edən Bianka modelliyə çox gec yaşlarda başlayıb. Əsrarəngiz gözəlliyə sahib olan bu xanım əvvəllər heç kəsin diqqətini çəkə bilməyib. Milanda keçirilən dəfilələri yaxından təqib edən Biankanın model agentliklərinə etdiyi müraciətlər nəticəsiz qalıb.

Hətta həmin model agentliklərindən birində ona "səndən model olmaz, xüsusi gözəlliyə malik deyilsən" deyilib.

20 yaşına çatanda təhsil xərclərini ödəmək üçün satıcı işləməyə başlayan Biankanın həyatı elə həmin mağazada dəyişib. Təsadüf nəticəsində mağazada Bruno Pauletta ilə qarşılaşan Biankanın gələcək taleyi həll olunub, uşaqlıq arzuları reallaşıb.

Bruno Paulettanın sözlərindən belə məlum olur ki, Biankanın illərdir model agentliklərindən müsbət cavab ala bilməməsinin əsas səbəbkarı onun kəkili olub. Çünki kəkil gözəlin insanı valeh edən mavi gözlərini örtüb: "Mən ona kəkillərini kənara etməsini xahiş etdim. Saçını üzündən çəkəndə maqnit kimi insanı özünə çəkən gözlərini gördüm. Və başa düşdüm ki, onu qarşıda parlaq karyera gözləyir".

Parlaq karyera

Mağazada kəşf edildikdən sonra qısa zamanda populyarlaşan model bu günə kimi dünyanın ən məşhur moda evləri ilə əməkdaşlıq edib.

"Hermes", "Valentino", "Alexander McQueen", "Donna Karan", "Marc Jacobs", "Dolce & Gabbana", "Emanuel Ungaro", "Galliano, Prada", "Christian Dior" kimi brendlərin dəfilələrində çıxış edən model bir müddət "Victorias Secret"in mələklərindən biri kimi fəaliyyət göstərib.

2011-ci ildə məşhur moda dizayneri Karl Laqerfeldin hazırladığı məşhur "Pirelli" təqviminə çəkilib.

"Loreal Paris", "Salvatore Ferragamo" və "Dolce & Gabbana" kimi brendlərin siması olub. Xüsusilə, Dolce& Gabbana" ilə əməkdaşlığı çox uğurlu alınıb. Ona görə də brend bir neçə il ard-arda modellə işləyib.

Buna səbəb markanın güllü-çiçəkli, zərif, eyni zamanda da diqqətçəkən eynək, çanta, xüsusilə də zərgərlik əşyalarının Biankaya çox yaraşmasıdır.

Bu aksessuarlar Bianka Baltidə o qədər gözəl görünür ki, bütün xanımlar dərhal həmin eynəklərdən və ya boyunbağı və sırğalardan əldə etmək istəyir.

Model həm də xeyriyyəçiliklə məşğul olur.

"SOS Children’s Villages" adlı təşkilatın sponsoru olan cazibədar ulduz ehtiyacı olan uşaqlara yardım göndərir. Son illərdə isə xeyriyyəçilik fəaliyyətinin əsasını şiddətə məruz qalan, üzünə turşu atılaraq çirkin vəziyyətə salınan pakistanlı qadınlara yardım göndərmək təşkil edir.

Kim deyər ki, onun iki qızı var?

31 yaşlı model bir dəfə ailə qurub. 2007-ci ildə tanınmış fotoqraf Kristian Lusidiyə ərə gedib.

Bu nikahdan qızı Matilda dünyaya gəlib. Təəssüf ki, cütlük cəmi iki il evli qalıb.

Model hazırda vətəndaş nikahında yaşadığı Metyudan bu ilin aprel ayında bir qız övladı dünyaya gətirib.

Qüsursuz stili

Bianka iştirak etdiyi hər dəvətdə, hər qırmızı xalı gecəsində diqqət mərkəzində olmağı bacarır.

Bədən ölçüləri 80, 58, 86 olan model ideal vücudunu vurğulamaq üçün bədənə yapışan libaslara üstünlük verir.

Əsasən maksi donlar geyinir. Balıq siluetli ziyafət libaslarını çox bəyənir. Gözəlliyindən o qədər əmindir ki, dekolteli geyimlərdən uzaq durmağa çalışır. Çünki demək olar ki, bir çox ulduz gözəl sinəyə və ya ayaqlara sahibdir. Ən valehedici gözlər isə məhz Bianka Baltidədir.

Model rəngarəng geyinməyi xoşlayır. Ancaq ən çox çəhrayı, qırmızı, yasəmən və qara rənglərində geyinməyi sevir.

Çiçək naxışlı, gipürlü, yarışəffaf libaslar qarderobunda çoxluq təşkil edir.

Boyu 1.73 sm olsa da o, hündürdaban ayaqqabıları ən yaxın dostu hesab edir. Adətən, klassik modelləri seçir. Stiletto isə ən çox bəyəndiyi ayaqqabı növüdür.

Gözqamaşdıran, dəbdəbəli aksessuarlar

Kombinlərini şıq, dəbdəbəli zərgərlik əşyaları ilə tamamlayır.

Onun iri yaqut, zümrüd kimi qiymətli daşlardan, incidən hazırlanan möhtəşəm boyunbağıları, üzükləri, qolbaqları və saç akseesuarları diqqətə layiqdir.

Qüsursuz üz cizgilərinə və məftunedici gözlərə sahib olan Biankaya iri aksessuarlar taxmaq çox yaraşır.

Elə buna görə də, "Dolce Gabbana" başda olmaqla, bir çox məşhur brend ona sponsorluq edir.

Möhtəşəm Bianka Balti makiyajı

Bianka Baltinin ən diqqətçəkici xüsusiyyətlərindən biri də onun qüsursuz makiyajıdır.

Tanınmağa başladığı ilk vaxtlarda məşhur aktrisa Ancelina Coliyə bənzədilsə də, model başqaları kimi bundan istifadə etməyib. Yəni, makiyaj, saç və geyimlərini Ancelinaya oxşatmağa çalışmayıb. Əksinə damarlarında zövqlü, Azərbaycan qadının qanı axan Bianka məhz özünəməxsus makiyajı və stili ilə fərqlənməyi bacarıb.

Xüsusilə, mavi gözlülər, həmçinin gözlərinin gözəlliyinə əmin olanlar modelin makiyaj stilindən ilham ala bilərlər.

Bianka daim gözlərini ön planda saxlayır.

Mütləq layner çəkir. Bəzən alt kirpiklərinə qara qələm çəkir, bəzən də gözlərini bütöv haşiyələyir. Gözlərinin füsunkarlığını artırmaq üçün kirpiklərini burur və ikiqat tuş çəkir.

Yanaqlarına zərif çəhrayı və ya gül tonlarında ənlik çəkir.

Dodaqlarını isə geyiminə uyğun olan çalarlarda boyayır. Ona ən çox "Dior"un al-qırmızı dodaq boyasının yaraşdığını düşünür.

Bianka Baltinin saç modelləri də olduqca gözəldir.

Əvvəllər bal rəngli saçları ilə diqqətçəkən model, son vaxtlar qəhvəyi və şabalıdı rəngə meyil edir.

Bianka saçlarını toplamağı çox xoşlayır.

Adi toppuz, təpədən yığılan toppuz və dağınıq toppuz onun ən çox müraciət etdiyi saç modelləridir.

Bəzən də saçını düzləşdirir. Dalğalı saçları da sevir.

Heç vaxt pəhriz saxlamayan gözəllik ilahəsi

Yəqin ki, bu qədər möhtəşəm görünən qadının vaxtının çoxunu idman salonunda keçirdiyini və ya sərt pəhrizlər saxladığını düşünürsünüz. Ancaq iki qız anası olan Bianka heç vaxt pəhriz saxlamadığını və tənbəl olduğu üçün idman etmədiyini deyərək bizi qısqandırmağa davam edir.

"Çox tənbələm, həm də idman etməyi xoşlamıram. İşim və qızım onsuz da bütün günü aktiv keçirməyimə səbəb olurlar. İstədiyim şeyi yeyib-içsəm kökəlmədiyim üçün şanslıyam. Sadəcə qızım Matilda dünyaya gələndə pəhriz saxlamışam. Daha doğrusu hər gecə yeməyi yapon restoranında yeyirdim. Bilmirəm, bu pəhriz sayılırmı?" (gülür).

Bianka Balti kumirinin anası olduğunu deyir və onun stilindən ilham aldığını bildirir.

"Anam hələ də çox gözəl və təbiidir".

Model qüsursuz dərisinin sirrini isə davamlı qulluğa borclu olduğunu bildirir.

Makiyajla yatmadığını vurğulayan Bianka üzünü gellə yuduğunu və ardından yaşına uyğun üz zərdab çəkdiyini deyir.

Lüt soyunmaqdan çəkinmir

Bu günə kimi "Vogue", "Marie Claire", "L'Officiel", "Vanity Fair", "Nargis" kimi məşhur jurnalların üz qabığını bəzəyən gözəlçə cəsur pozaları ilə diqqət çəkib. Onun ən çox səs-küyə səbəb olan fotosessiyası isə "Playboy" jurnalında yayımlanıb. "Playboy"un bir nömrəsi üçün lüt soyunan gözəlçə ana olduqdan sonra bu tip açıq-saçıq fotosessiayalar etdirməyib.

Modelin ən gözəl fotolarını toplamışıq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm