Xoşqədəm Hidayətqızı: "Bu məsələ mənim üçün bitdi!" - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı: "Bu məsələ mənim üçün bitdi!" - MÜSAHİBƏ

Xoşqədəm Hidayətqızının layihə rəhbəri olduğu “Səni axtarıram” verilişi ilə bağlı ATV telekanalıyla aralarında başlanan mübahisə davam edir. Belə ki, həftəsonu yerli internet saytları yenə də ATV ilə teleaparıcı arasında artıq bir neçə gündür ki gündəmi zəbt edən hadisələrin yeni dalğası ilə çalxalandı. Həftəyə bu dəfə damğasını vuran xəbər isə 5 il bundan öncə ATV telekanalının vitse-prezidenti olmuş Həsən Abdullayevdən gəldi. O, Vüqar Qaradağlının iddialarını puç elədi.

Xatırladaq ki, ATV telekanalının indiki rəhbəri Vüqar Qaradağlı “Səni axtarıram” layihəsinin Hidayətqızının beyninin deyil, məhz Həsən Abdullayevin beyninin məhsulu olduğunu iddia etmişdi.

H. Abdullayevin Publika.az-a verdiyi bu açıqlamadan sonra nəzərlər yenidən ATV-də cəmləşsə də, bir neçə bəndlik bəyənnamə ilə kifayətlənən ATV rəhbərliyi susmağa üstünlük verdi. Halbuki həmin bəyannaməni əsassız çıxaran bu yeni açıqlama ilə bağlı məhz ATV-nin ortaya atacağı yeni bir əsaslandırma ictimai maraq kəsb edir.

Bəs bu açıqlama müəlliflik hüquqları uğrunda gedən mübarizəyə öz töhfəsini verdimi? Həsən Abdullayevin açıqlaması verilişlə bağlı mübahisələrə aydınlıq gətirib son qoya bildimi?

Bununla bağlı Publika.az-ın Xoşqədəm Hidayətqızı ilə müsahibəsini təqdim edirik:

- Doğrusu, Həsən Abdullayevin açıqlaması məni təəccübləndirmədi. Mən Həsən Abdullayevi onu bir çoxundan fərqləndirən ədalətli addımları ilə tanımışam. Onu belə xatırlayıram. Ancaq son günlər məni sındırmaq məqsədi ilə edilən elə hadisələrlə rastlaşdım, elə haqsızlıq və ədalətsizliklər gördüm ki, düşündüm ki, Həsən müəllim də həqiqəti üzə çıxarmaq üçün heç bir addım atmayacaq. Saytda onun açıqlamasını oxuyanda anladım ki, bir kişinin sözünün üstündə durması qanunlarla ölçülmür. Həsən müəllim bir daha sübut etdi ki, kimin harada olmasından asılı olmayaraq, o, öz vidanın səsinə qulaq asır, haqqın, ədalətin yanında olur. Mən ona sizin sayt vasitəsilə təşəkkür edirəm.

- Bu açıqlamanın bir çox mətləblərə aydınlıq gətirdiyini düşünürük... Yəni, sizin verilişin müəllifi olduğunuz sübut olundu?

- Bəli. Həsən Abdullayev həm də onu sübut etdi ki, o, əsl rəhbərdir. Bilirsiniz ki, ATV-ni quran insanlardan biri Həsən Abdullayevdir. İndi ATV-nin daşından, divarından da pul tökülür. Bu gün ATV-də Həsən Abdullayevin xətti, stili var. Düşünürəm ki, Həsən Abdullayev ATV-də rəhbər vəzifə tutsaydı, proseslər bu şəkildə cərəyan etməyəcəkdi. Həsən Abdullayevin bu cavabı təkcə Qaradağlıya yox, eyni zamanda, son günlər ortalıqda quyruq bulayanlara tutarlı cavab oldu. Hesab edirəm ki, onlara ən yaxşı cavabı məhz Həsən Abdullayev verdi.

- Sizin bundan sonrakı addımınız maraqlı olardı...

- Bu məsələ artıq bitdi mənim üçün. Artıq yeni verilişə hazırlaşıram. Həftəsonu saat 22:00-da bütün tamaşaçılarım məni izləyəcək. Artıq bu barədə hamı məlumat əldə edib. Gələn zənglər də təsdiq edir ki, mənim təqdimatımda eyni formatlı veriliş üçün tamaşaçı marağı var və onlar məni gözləyir. Dünən efirdə olmadım, bunu gördüm. Telefonum susmadı. Dünyanın hər yerindən, Azərbaycanın ən ucqar nöqtələrindən gələn dəstək zənglərinə görə, “whatsapp”, “facebook”, “instagram”, “twitter” sosial şəbəkələrində yazan, göz yaşı qoyan tamaşaçılarıma demək istəyirəm ki, həsrət bitir. Hər bazar görüşəcəyik. Gözlər ANS-ə dikilsin”.

- Bəs “Xoşqədəmlə axtarıram səni” verilişi niyə yayımlanmadı?

- Dekorasiyalar gecikdi. Qaradağlının bizə yaratdığı maneələrin nəticəsidir. ATV müqaviləni pozduğu üçün verilişə dəyişikliklər etmək məcburiyyətində qaldıq. Yeni veriliş isə yeni dekorasiyalar tələb edir. Çatdıra bilmədik. Bu həftə efirdə olacağıq.

- Vüqar Qaradağlının “Səni axtarıram” verilişinin arxivinin ATV-dən çıxarılmasına qadağa qoyduğunu bildirmişdiniz. Məsələnin sonu necə oldu?

- Bu, qanunla həll olunacaq. Mənə elə gəlir ki, Həsən Abdullayevin vicdanlı addım atması, kişilik göstərməsi hər kəsə bir nümunə oldu. Düşünürəm ki, Qaradağlı bu həddə gətirib çatdırmaz. Yəqin, onun ətrafında bir ağsaqqal, ağıllı adamı olar ki, ona yüz minlərin səbirsizliklə gözlədiyi verilişi dayandırmağın düzgun olmadığını söyləsin.Bir də ki, o arxivi yaradan Xoşqədəm Hidayətqızıdır. Mən Suriyaya, Əfqanıstana, İraqa Qaradağlıya demədən getmişəm. Suriyada şirkətin xəbəri olmadan çəkiliş aparmışam. O arxivi yaradan baş, beyin Xoşqədəm Hidayətqızındadır. Canı sağ olsun, yenə yaradarıq. Nə var ki?!

- Yayılan xəbərlərdə “Xoşqədəmlə axtarıram səni” layihəsi ilə yanaşı, həftə içi 5 gün veriliş aparacağınız da deyilir...

- Bəli, həftə içi də tamaşaçılarla birgə olacam. Çox möhtəşəm olacaq. Reytinqləri qıracağıq.

- Bu verilişin “Xoşqədəmlə axtarıram səni” layihəsi ilə əlaqəsi var?

- (Fikirləşir) Əlaqəsi olacaq. Olmasa, olmaz. Bu, mənim çoxdankı arzumdur. Çox sağ olsun, ANS mənim arzumu reallaşdırdı.

- Sizin ANS-ə Elgiz Əkbərin yerinə gəldiyinizi və onun işdən çıxarıldığını deyirlər...

- Xeyr! Mən Elgizi çox istəyirəm. Elgiz bu gün Azərbaycanda çoxlarından fərqlənir. Həyata keçirilən sosial layihələrdə Elgiz öz yanaşması, hətta sualları ilə fərqlənir. Mən hər adama “həmkar” demirəm. Elgizə isə cəsarətlə “həmkar” deyirəm. O, jurnalistikaya qəzetdən gəlib. Yazmağı, cümlə qurmağı bilir. O, professionallığını, mərdliyini başqa bir davranışı ilə də təsdiq edib. Belə ki, ayrı-ayrı kanallarda işləməyimizə baxmayaraq, onun verilişinə yaxınını tapmaq məqsədi ilə gələnləri “Səni axtarıram” verilişinə yönləndirirdi. Mən belə bir adamın incidilməsinə, inciməsinə razı olmaram. İkinci də ki, Elgizin verilişi hər zaman reytinqli olub. ANS ona əmək verən, zəhmət çəkən işçini incitməz. Bu, ANS məktəbinə xas olan cəhət olmaz. Belə bir şey olsaydı, mən heç vaxt ANS-ə getməzdim. Elgiz mənim qəbul etdiyim, “həmkar” dediyim aparıcıdır. Mən ona qarşı belə bir addım atmaram. Bu yalandır. ANS-də bir rəhbər var. Hər kəs də bir amala xidmət edir. Mən neçə gündür oradayam, hər şeyi görürəm.

- Artıq həftənin 6 günü efirdə olacaqsınız. Yeni ailə qurmusunuz. Özünüzü tamamilə işlərə, telekana verməyinizə Doğuş bəy necə baxır?

- Bu barədə danışmaq istəmirəm. No comment!

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm