Avto
Avtomobil bazarında son vəziyyət - Bu modellərə daha çox maraq var
“Avtomobil bazarı çox həssas sahədir. Bu sahənin stabil qalmağı heç vaxt müşahidə edilməyib, yəni bazar daim ya aktivləşir, ya da seyrəklik yaranır”.
Bu sözləri Publika.az-a avtomobil bazarındakı durumu dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, pandemiyanın, eyni zamanda Vətən müharibəsinin bu sahəyə böyük təsirləri oldu: “Pandemiya dövründə bazar tam olaraq qapandı, yalnız internet üzərindən alqı-satqı həyata keçirildi. Bu gün də həmin proses real bazar şəraitindən daha çox internet resursları üzərindən davam edir. Əvvəlki aylara nisbətdə bir qədər aktivlik müşahidə edilir. Biz satış saytlarında yeni maşınların əlavə olunmasını görürük. Demək olmaz ki, onların hamısı alverçilərdir. Real olaraq alanlar və satanlar, sosial vəziyyəti ilə bağlı bahalı maşını satıb bir qədər ucuzunu alanlar və yaxud ümumiyyətlə satmaq istəyənlər var”.
E.Muradlının sözlərinə görə, əsasən taksi sürücüləri arasında hibrid avtomobillərə böyük maraq var: “ “Honda” və “Toyota”nın hibrid avtomobilləri bazarda geniş yayılmaqdadır. Dünyanın bir çox yerində elektromobillərə tətbiq olunan güzəşt hibridlərə də aid edilir. Bizdə də bunu etsələr yəqin ki, insanlar avtomobilin işlənmiş yox, daha müasir formalarını alacaqlar ki, bu da yanacaq üçün qənaət və ətraf mühitin qorunması deməkdir.
Yanacağın qiyməti bahalaşanda həmişə bir müddət iri mühərrikli avtomobillərin qiyməti aşağı düşür və ya alqı-satqısı ləngiyir. Bu, bir müddət davam edir, sonra isə köhnə qaydada alış və satış davam edir. Amma insanların əsas istəyi avtomobilin normal, yanacağın keyfiyyətli olmasıdır. Belə olarsa, qiymət də önəm daşımaz. Avtomobil insan həyatının mühüm hissəsidir. Çox az insan avtomobilini satandan sonra onsuz bir neçə il qalmağa öyrəşə bilir. Amma bir şəxs avtomobil aldısa, daim onu yeniləməyə çalışır və həyat tərzinə çevirir. Bu belədirsə, biz onun sağlam və rahat olmağını təmin etməliyik. Bunun üçün imkan və güzəştlər olmalıdır”.
Ekspert ikinci əl avtomobil bazarında da alqı-satqının getdiyini vurğulayıb. Bildirib ki, xüsusən yeni avtomobil almaq istəyənlər Çin istehsalı olanları almaqda daha çox maraqlıdırlar: “Almaniyanın və Avropanın bir çox ölkələrində maşınlar var ki, biz onlara zamanla öyrəşmişik. Bu modellərin də məşhur brendləri var ki, Azərbaycana gəlib çatmamış artıq sifarişi verilir. Elə insanlar var ki, 2-3 ay əvvəldən onun sıfır kilometrlik modelini sifariş verib gözləyirlər. Dilerlər var ki, gedib hansısa maşını almaq istədiyinizi desəniz, sizə 3-5 aya sifarişlə gələcəyini deyəcəklər. Avtomobil həvəskarları var ki, hansısa proseslər onlara təsir etmir, imkanları var və ildə bir dəfə maşın dəyişirlər, yeni model alırlar. Aşağı və orta təbəqədə isə başqa proseslər gedir.
Avtomobil parkımızı yeniləmək üçün vergilər nəzərdən keçirilməlidir. Təklif edirik ki, 2017-ci ildə mövcud olan qiymətlər bərpa olunsun. Çünki biz avtomobil parkının yenilənməsinə çalışırıq. Cənab Prezidentin qərarı ilə dövlət proqramı qəbul olunub. Orada da köhnə avtomobillərin yığışdırılması və ekoloji təmiz avtomobillərin gətirilməsi nəzərdə tutulur. Amma vergi baha olduğu üçün insanların buna imkanı çatmır. Rüsumlar az olarsa, insanlar çox rahat şəkildə yeniləyə biləcəklər. Yeni avtomobil qəzaya düşəndə ölüm riskinin az olması xəsarətin yüngül olması deməkdir. Köhnə avtomobillərin sayı nə qədər çoxdursa, ölü və xəsarətlərin də sayı çox olacaq”.
Elməddin Muradlı avtomobil bazarında olan nəzarətsizlikdən də danışıb və əlavə edib ki, ölkəmizdə bu bazar tam nəzarətdə olmadığına, avtomobil alverçilərinin əlində bir vasitəyə çevrildiyinə görə bazarı onlar idarə edir, qiymətə təsir edirlər və istədikləri kimi dəyişirlər: “İstədikləri maşını ucuz qiymətə alıb, özlərinə uyğun qiymətə də sata bilirlər. Yəqin ki, onların bu hərisliyi gec-tez öz başlarında çatlayacaq. Çünki artıq qardaş Türkiyədə belə hərəkətlərə görə nəzarət mexanizmi qurulub, avtomobil alqı-satqısı rəsmiləşib. İnsanlar avtomobili yolda, küçədə, harda istədi alıb-sata bilməyəcəklər. Rəsmiləşdirib, rüsumları da ödəyirlər ki, vətəndaşları aldatmasınlar və onların inamlarından sui-istifadə etməsinlər.
Bizdə avtomobil satmaq istəyəni elə ruhdan salırlar ki, maşının 50 problemini ortaya çıxarırlar, hansı ki, o problem yoxdur. Şəxs 10 min manata satmaq niyyəti ilə bazara çıxardığı maşını 5-6 minə satmaq məcburiyyətində qalır. Avtomobili alanlar bir həftədən sonra bir qədər kosmetik dəyişiklik edib 15 min manata satışa qoyur. Dəyərindən iki dəfə artıq pul qazanmaq istəyirlər ki, bu da hərislikdir və onların uçuruma getdiyini göstərir”.
Akqabay Mıradov
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi