81 yaşlı məşhur siyasətçidən ömrü uzadan İBRƏTAMİZ SÖZLƏR
Bizi izləyin

İnanc

81 yaşlı məşhur siyasətçidən ömrü uzadan İBRƏTAMİZ SÖZLƏR

Rusiyanın 81 yaşlı tanınmış kino rejissoru və siyasətçisi Andrey Konçalovski cavanlığını aclıq fəlsəfəsinə borclu olduğunu deyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rejissor illərdir aclıq ömrü uzadır, toxluq isə ölümdür fəlsəfəsinə inanaraq yaşayır. O, hesab edir ki, aclıq xüsusən yaradıcı insanın önünə yeni ilham qapılarını açır.

Tanınmış rejissor Andrey Konçalovskinin "Dünyanın sonunda" olan monoloqunu təqdim edirik:

"Bəli, həyat ağrıdır. Hər halda həyat həm də böyük istəklər toplusudur. Həyat defisitdir ("Defisit" latıncadan “çatışmazlıq və "qıtlıq” mənasında işlənir). Bolluq isə ölümdür. Sönmüş baxışlar və tükənmiş arzular həyatın bitdiyini bildirir. Öz arzularını elə tərbiyə etmək lazımdır ki, onlar tükənməsin və yaşamağa davam etsin. Bu, istər yaradıcılığa, istərsə də digər sahələrə eyni dərəcədə aiddir. Ac qalmaq ömrü uzadır. Toxluq isə ölümə daha yaxındır. Defisit qəribə hisslər doğurur. Ac qalanda və ya pəhriz saxlayanda yeməyə və bir tikə çörəyə qarşı münasibəti tamamilə dəyişir. Orqanizm aclıqdan sonra yeməkdən daha çox zövq almağa başlayır. Yenidən qidaya qovuşduğu üçün tamam müstəviyə keçir. Orqanizm yenidən həyata bağlanır. Bu defisit həyat üçün vacibdir.

Beyin sənə aclığa görə minnətdar olur. Hər aclıq günlərindən sonra beynində azad hissələrin artdığını görürsən. Beynin sənə elə işarələr, elə fikirlər, ideyalar verir ki, əvvəl bunların ağlına niyə gəlmədiyinə təəccüblənirsən. Sənin ömrün o qədər qısadır ki, onu bazar-dükan və masa arxasında sərf etmək heyifdir. İqtisadiyyat, qida insanları tox etməyə hesablanıb. Amma fikir verin, insan nə qədər tox olduqca, bir o qədər bədbəxtləşir. Yemək xoşbəxtliyi artırmır. Əksinə, ac qaldıqca, xoşbəxt hisslərə yaxınlaşacaqsan.

Qıtlıq hər bir şeydə çox vacibdir. Azadlığın çərçivələri olmalıdır, hətta zəruridir. İnsana dünyanın bütün azadlığı veriləndə, o, tədricən heyvana çevrilməyə başlayır. Ölüm haqqında düşünməmək olmaz, xüsusilə yaşa dolduqca bu fikirlərin iştirakı qaçılmazdır. Daha çox yaşadıqca yavaş-yavaş sona yaxınlaşdığını anlamaq daha maraqlı olur. Sənin təzahür etmiş və təzahür etməyən mahiyyətin başa çatır.

Necə öldüyümüzü bilmirik. Düşünürəm ki, xəttin arxasında sonsuzadək qalan nə isə var. Həyatın sənsiz də davam edəcəyini biləndə hedoizm hissi (Hedonizm Kirene məktəbinin, yəni Sokratın tələbəsi Aristipposun (e.ə. 435-355) təlimidir. Təlimə görə, həzz hissi həyatda ən ali məqsəddir) yoxa çıxır. Əlbəttə, bu, qorxudur. Amma nə qədər ki sağsan, bu fikirləri özündən qovmağa çalışırsan.

İnsan hüquqları Avropa sivilizasiyasının yanlış hərəkətidir. Bu, yalanların böyük diktaturasıdır. İnsan hüquqlarına hər yerdə riayət edilmir.

Bütün böyük sivilizasiyalar vəzifələr üzərində qurulur, insan hüquqlarını onun üzərinə qoya bilməzsiniz. Vəzifələrini yerinə yetirə bilməyənlərin hüquqları ola bilməz. Çin və xristian mədəniyyətinə baxın - hər şeydən əvvəl vəzifələr dayanır. Bir şəxs bütün hüquqları əldə edəndə, tədricən insan simasını itirir. Hansı vəzifələrdən söhbət gedir? Bu, mədəniyyətdir! Mənim fikrimcə, liberal Avropa düşüncəsi uçuruma gətirib çıxarır, çünki o, hüquqlarını fetiş edir. Bu, cəhənnəmə aparan yoldur. Mən bu mənada cahiləm.

Qloballaşma dövlətlərin suverenliyini məhv edir... Təəssüf ki, izləyicilərimiz getdikcə daha amerikalı olur. Seans vaxtı popkorn yeyir. Niyə indi filmlər yüksək səslə nümayiş olunur? Çünki film gedən zaman hər kəs ağzında nə isə çeynəyir. Hollivud çənəsi dayanmayanlar üçün film çəkir. Mən oxuyanlar üçün film çəkirəm. Bazarın tələbi isə mədəniyyətin məhvinə gətirib çıxarır. Çünki tələbat ehtiyacdan həmişə yüksəkdir. Kütləvilik məhvedicidir. Şəxsiyyət insana xasdır. Müqəddəs kitablarda boşuna yazılmayıb ki, irəliyə aparan yol mürəkkəb və keçilməzdir. Odur ki, sənətdə bazar getdikcə kütləviləşir.

Bir insanın səy göstərmədən yaşaması daha asandır, lakin bu zaman inkişafdan söhbət gedə bilməz. Oğluma həmişə deyirəm ki, kitab oxuyan insanlar onları oxumayanları idarə edəcək.

Norveç uğurlu iqtisadiyyatına və intihar sayına görə lider ölkədir. İqtisadiyyat rəqəmlərlə ölçülür, insanların xoşbəxtliyi ilə ölçülmür. Bazar dəyəri və insan dəyəri iki fərqli şeydir.

Biz hamımız dəyişirik, bircə səheflər dəyişmir. Yaşla bağlı digər illüziyalar ortaya çıxır. Niyə illuziyalar? Çünki hər on ildən bəri deyirik “Ah necə də axmaq olmuşam”. Otuzda düşünürsən ki, iyirmidə axmaq olmusan, qırx yaşda otuzunda saf olduğunu düşünürsən. Bu, səksən yaş üçün də keçərlidir, düşünürsən ki, yetmiş yaşda daha gənc idim.

Aktyora ağıl lazımlıdırmı? Burada vəziyyət qəlizdir. Böyük aktrisalar nəhəng müdrikliyə malikdirlər. İnna Çurikova, Cülyetta Mazinu, Anna Manyani kimi sənətçilər böyük aktrisalar olub. Onlar fenomenal müdrikliyə malik idi. Aktyor çox sadəlövh, amma böyük sənətkar da ola bilər. Yaxud da çox ağıllı insan, amma pis aktyor ola bilər. Burada vahid düstur yoxdur. Keşa Smoktunovski intellektual insan deyildi, amma aktyor kimi dahi idi. Narsist aktyorlar var ki, onlarda müəyyən narsisizm olur, onların aktyor mahiyyəti aşağı İQ-sünü ələ verir.

Kişi üçün xoşa gəlmək arzusu qeyri-təbiidir. Bu tamamilə qadına xasdır. Xoşa gəlmək arzusu yalnız aktyorlara məxsus deyil, yaradıcı insanlarında da bu istək üstündür. Bütövlükdə bu, çox fərdidir. Məsələn, Bunin xoşa gəlməyi sevirdi, amma Anton Pavel Çexov buna dözə bilmirdi. Özü bir damcı göz yaşı tökmədən başqalarını ağlada bilən insanlara paxıllıq edirəm. Bu mənada, Konstantin Simonov fenomenaldır. Onun səsləndirdiyi “Жди меня” şeiri kişi istedadının şah əsəridir.

Rəssam mədəniyyətsiz ola bilməz, bu gün bu, ciddi problemdir. Bütün ciddi rəssamlar dünya mədəniyyətinə yaxşı bələddir. Ənənələri bilirdilər, ənənələr insan müdrikliyinin toplusudur. Yenilik isə artıq ənənələrin pozulmasıdır. Nəyisə pozmazdan əvvəl, bilmək lazımdır. Blokbaster maraqlı olsa da, kino bitən kimi onu tez unudurlar. Lakin kino incəsənət əsəridirsə, bu halda filmdən sonra danışmaq istəmirsən və uzun müddət susursan.

Rejissor üçün ən dəyərli şey bilirsiniz, nədir? Filmdən sonra tamaşaçıların səssizliyi. Bu, onu göstərir ki, tamaşaçı hisslərini ifadə etməkdə acizdir. Siz isə azadlıq deyirsiniz. Məsələ azadlıqda deyil, istedaddadır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm