Azərbaycanın bütün dünyada örnək göstərilən dəyərləri
Bizi izləyin

İnanc

Azərbaycanın bütün dünyada örnək göstərilən dəyərləri

  • 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, Azərbaycanda istər dinlərarası, istərsə də millətlərarası tolerant münasibətlər, multikultural dəyərlərə xalqın və dövlətin verdiyi qiymət, birlik və bərabərlik içərisində birgə yaşayış dünyanın heç bir ölkəsində olmayacaq dərəcədə yüksək səviyyədədir: “Bu inkişaf getdikcə daha da yüksəlməkdədir. Azərbaycan xalqının genefondundan gələn bütünlüklə birlik, bərabərlik, digər xalqlara münasibətdə xoşgörü bizdə olduğu qədər dünyanın heç bir ölkəsində yoxdur. Bu, xalqın özünün genefondundan gələn rəhmət, şəfqət, xeyirxah əməllərə bağlılıqdan doğan ülvi hislərdirsə, digər tərəfdən də dünyada heç bir ölkənin Azərbaycana çata bilməyəcəyi qədər Azərbaycan dövlətinin tolerantlığa, birlik və bərabərliyə xüsusi önəm verməsinin bariz nümunəsidir.

Əgər tolerantlıqla bağlı, dinlərarası, istərsə də millətlərarası münasibətlərin möhkəmlənməsi, dostluq səviyyəsinə cilalanması baxımından Azərbaycan Respublikasında son 5 ilin monitorinqini aparsaq, görərik ki, Azərbaycan nə qədər milli, mədəni, tolerantlıqla, multikultural dəyərlərlə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan həm də o ölkələrdəndir ki, 30 ilə yaxın torpaqlarını işğal edən qəsbkar ermənilərlə müharibə şəraitində olduğumuz bir vəziyyətdə, torpaqlarımızı girov saxladıqları bir durumda Bakıda, şəhərin ən önəmli, ən vacib və strateji yerində erməni kilsəsi Azərbaycan dövləti tərəfindən təmir edilib, qorunub saxlanılır. Bütün bunları nəzərə aldıqda, Azərbaycanda nəinki məzhəblərarası, digər dinlərarası münasibətlərin dövlət və xalq tərəfindən mühafizə olunması, şəxsən ölkə başçısının özü tərəfindən himayə olunması Azərbaycan modeli kimi bütün dünyaya nümunədir. Azərbaycanda fəaliyyət göstərən Avropa ölkələrinin səfirləri ilə dialoqda olarkən, İslam ölkələrinin diplomatları ilə görüşərkən belə bu tolerantlığa, birlik və bərabərliyə heyranlığı heç bir vaxt gizlətmirlər. Halbuki, Qərbin, Avropanın səsinin batdığı, susduqları bir vaxtda, 30 ildən sonra torpaqlarımızı azad etdikdə biz tarixi abidələrimizin, hətta İslama aidiyyəti olmayan, digər dinlərə məxsus abidələrin erməni vəhşilikləri ilə üzləşdiyini gördük. Ancaq Azərbaycan dövləti birmənalı olaraq bu dəyərlərə bağlılığını israrla qorumaqdadır. Düşünürəm ki, Azərbaycan xalqının özünün genefondundan gələn mərhəmət hisləri, xeyriyyəçilik ənənələrinə bağlılıq o qədər möhkəmdir ki, buradan da bir qaynaq olaraq xalqımızın istənilən təmsilçisi digər dinlərə də qayğı və ehtiram bəsləyir. Azərbaycan dövlətinin isə bu dəyərləri mühafizə etməsi, qoruması, dövlətimizin mənbəyi olan xalqımızın din-dövlət münasibətlərinin möhkəmləndirilməsində müstəsna rola çevrilir”.

S.C.Əzimbəyli qeyd edib ki, dünyəvi ölkə olsaq da, dövlət özü birbaşa milli, mənəvi, dini dəyərlərin təəssübkeşliyində liderliyini qoruyur: “Sevindirici hal ondan ibarətdir ki, dövlət başçımızın özü milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi, qoruyucusudur. Bu da Azərbaycan xalqının uğurudur. Bütövlükdə din-dövlət münasibətlərinin möhkəmlənməsində Azərbaycan dövlətinin özünün proqramlı şəkildə həyata keçirdiyi uğurlu layihələr var. Burada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətini xüsusi olaraq qeyd etmək lazımdır. Digər tərəfdən, Heydər Əliyev Fondunun bu məsələlərdə xalqın özünün içərisindən aztəminatlı ailələrdən tutmuş milli-mənəvi dəyərlərə bağlı inanclı vətəndaşlarla, qazi və şəhid ailələri ilə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Onların da əksəriyyəti dini inanca bağlı olan insanlardır, bunu da çəkinmədən hər zaman gündəmdə saxlamalıyıq ki, bu, realdır, faktdır. Çünki Vətən uğrunda döyüşən hər bir şəxs də inanc sahibləridirlər ki, Vətənin müdafiəsinə yollandılar, imana bağlı olduqlarını bildirdilər. Ona görə də Ali Baş Komandanın rəhbərliyi ilə biz Qarabağda zəfər qazandıq. Demək ki, tolerantlığın, birlik və bərabərliyin, vəhdətin dövlət tərəfindən mühafizə olunması, qorunması həm də bizim Qarabağdakı o tarixi hərbi zəfərimizin reallaşmasına münbit şərait və zəmin yaratdı. Bu məsələlərdə, din-dövlət münasibətlərinin möhkəmlənməsində, qorunmasında, yerlərdə xüsusi olaraq ən ucqar dağın zirvəsində hər bir vətəndaşın, xüsusilə inanclı insanların, ayrıca, digər din mənsubları olan inanclı insanların da alban kilsəsindən tutmuş digər kilsələrə qədər, tək tarixi abidələrin deyil, həm də digər fərdlərin hüquqlarının qorunmasında da Azərbaycan dövlətinin birbaşa qayğısı və himayəsi Azərbaycan dövlətçiliyinin bütövlüyünə və vəhdətin mühafizəsinə düşünürəm ki, qiyamətə qədər möhürdür”.

Dağ yəhudilərinin sinaqoqu (Bakı)

Şərqşünas bildirib ki, Azərbaycanda digər dinlərlə bərabər, başqa din mənsubları olan Azərbaycan vətəndaşlarının dövlətimiz tərəfindən yüksək qayğı və ehtiramla mühafizə olunması, onların himayə olunması faktı da bütün dünya tərəfindən artıq görünməkdədir: “Təqdir edən edir, etməyənlər isə bunu qısqanclıqla qarşılayır. Çünki bu tolerantlıq və xoşgörüyə biz dinlərərası münasibətlərin dözümlülüyü kimi yanaşırıq, əksinə İslam dininin gətirdiyi qaydalarda, İslamın təməl prinsiplərində dözümlülük yoxdur. Qarşılıqlı münasibətlərin qorunması, mühafizə olunması, digər yad mədəniyyətlərə ehtiram göstərilməsi prinsipləri var. Azərbaycan o ölkələrdəndir ki, İslamın gətirdiyi qaydaları dünyəvi ölkə olaraq tolerantlıq, birlik və bərabərlik şəraitində digər azsaylı xalqlarla münasibətdə mühafizə edir və qoruyur. Ötən ay Prezident İlham Əliyev tərəfindən Azərbaycanda fəaliyyət göstərən digər dini icmalara ayrılan yardıma nəzər salaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Təyərlərin Təbliği Fonduna 100 min manat, icmanın üzvləri olan Azərbaycan vətəndaşlarının həyata keçirdikləri layihələrə dəstək olaraq digər dini icmalara isə ondan iki-üç qat artıq dövlət yardımı ayrılıb. Bu da ölkəmizdə tolerantlığın, vəhdətin, digər dinlərə Azərbaycan xalqı ilə bərabər dövlətin və dövlət başçısının qayğısını ortaya qoymuş olur”.

S.C.Əzimbəyli vurğulayıb ki, 44 günlük müharibədə Azərbaycan Respublikasının vətəndaşı olan və digər dinlərə sitayiş edən, başqa dinlərə mənsub olan, ancaq əsrlərdir Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də bu Vətən uğrunda, “Bir Vətən var, o da Azərbaycandır” ideyası ətrafında şəhadət zirvəsinə ucaldıqlarının, canlarını fəda etdiklərinin və qəhrəmanlıq salnaməsini yazanların səhifəsinə qoşulduqlarının şahidi olduq: “Bu, tolerantlığın, birlik və bərabərliyin göstəricisidir. Dövlətin qayğısı ilə bərabər xalqın özünün birlik, bərabərlik, vəhdət içərisində qohumluq münasibətlərini digər din mənsubları ilə qardaşlıq səviyyəsinə yüksəltməsində də ayrıca xidmətləri var. Milli bayramımız olan Novruzu digər azsaylı xalqların təntənəli şəkildə qeyd etməsi, dinindən asılı olmayaraq hər kəsin bir-birləri ilə bayramlaşması, tonqal ətrafında digər xalqların da nümayəndələrinin iştirak etməsi milli bayramın bütövlükdə Azərbaycanın vəhdət bayramına çevrilməsidir. Bu, həm də xalqımızın uğurudur. Azsaylı xalqların nüməyəndələrinin bizim vətəndaşlarımız qədər, hətta bəzən bizimkilərdən də artıq necə döyüşdüklərinin şəxsən şahidi olmuşam. Biz yəhudi kimliyi ilə tanınan Azərbaycanın şərəfli vətəndaşı, dillərdə dastana çevrilən Albert Aqarunovu da unutmayaq. O, Birinci Qarabağ müharibəsində Vətən, dövlət, xalq üçün canını fəda etdi. İkinci Qarabağ savaşında da çox sayda digər xalqların nümayəndələri “Vətənimiz Azərbaycandır” deyib döyüşlərə yollandılar. Onların içərisində qazi olanlar var. Bu da tolerantlığın, birlik və bərabərliyin inkişafı, bütün dünyaya nümunə olacaq bir işıqdır. Bundan baxıb bəhrələnənlər də, narahat olanlar da var”.

Bakı - Multikulturalizmin beşiyi

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, tarix boyu Azərbaycanda bir çox xalqlar, etnik qruplar məskunlaşıb, onlar arasında möhkəm dözümlülük əlaqələri olub, öz milli xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayıb, milli, irqi və dini zəmində ayrı-seçkilik baş verməyiblər: “Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb, bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətiriblər. Onlar burada özlərini nəinki yad hiss etməyib, hətta, yerli əhali ilə qaynayıb qarışıb, qohumluq əlaqələri qurub və Azərbaycan xalqı ilə həmrəy olublar. Müasir dövrdə ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur”.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan dünyada multikulturalizm və tolerantlığın mərkəzlərindən biri sayılır: “Bu gün Bakıda üç pravoslav kilsəsi, iki yəhudi sinaqoqu, bir katolik kilsəsi və onlarla dini icma sərbəst fəaliyyət göstərir. Eləcə də Bakıda bu gün erməni kilsəsi mövcuddur və dövlətimiz tərəfindən qorunur. Ermənistandan fərqli olaraq biz burada hansısa bir saxtalaşdırmanı həyata keçirməmişik. Hətta bu kilsənin içərisində 5 minə yaxın erməni dilində ədəbiyyat var. Azərbaycan azsaylı müsəlman ölkələrindəndir ki, burada yəhudi, müsəlman, xristian dost və qardaşlıq mühitində yaşayırlar. Bu gün azadlıq var, dövlətimiz bu istiqamətdə bütün siyasətləri uğurla həyata keçirir. Bundan əlavə, Bakıda davamlı olaraq tolerantlıqla, multikulturalizmlə, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirməsi ilə bağlı tez-tez beynəlxalq konfranslar keçirilir. Müxtəlif formatlarda qlobal forumlar baş tutur. Yəni bir dövlət olaraq Azərbaycan bu münasibətləri təşviq edir və mövcud münasibətlərin inkişafı üçün şərait yaradır. Azərbaycanda ayrı-ayrı xalqların nümayəndələri - talışlar, kürdlər, ləzgilər, saxurlar, avarlar və.s. bir yerdə fəaliyyət göstərərək dövlətimizin inkişafına öz töhfəsini verir. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada Bakı Beynəlxalq Multikulturalizm mərkəzi fəaliyyət göstərir. Dövlət bu baxımdan böyük şərait yaradır, hər il dövlət büdcəsindən Azərbaycanda fəaliyyət göstərən icmalara maliyyə yardımları ayırır. Ötən ay da cənab Prezidentin sərəncamı ilə belə bir addım atıldı və dini icmalara maliyyə yardımı ayrıldı. Dövlət özü məscidlərin, kilsə və sinaqoqların inşasına davamlı dəstək verir, yardım göstərir. Bu, tolerantlıq və multikulturalizm kimi məsələlərin dövlətimizin daim diqqətində olduğunu göstərir”.

Müqəddəs Maarifləndirici Qriqori Kilsəsi (Bakı Erməni Kilsəsi)

C.Məmmədov qeyd edib ki, dövlət-din münasibətlərindən bəhs edərkən nəzərə çatdırmaq lazımdır ki, bu istiqamət kimlər üçünsə sadə və asan məsələ təəssüratı yarada bilər. Əslində, bu sahə mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi qatlara malik amil kimi dəyərləndirilməlidir: “Hər halda, fəlsəfə tarixi və ümumiyyətlə, bu sahə ilə məşğul olan mütəxəssislərə sözügedən tendensiyanın tarixi dinamikliyi və fəlsəfi problematikası aydındır. Yaxın tarixdən danışarkən Qərb və Şərq ölkələrində baş verən hadisə və proseslərin timsalında bunu nəinki filosof və ya alim, az qala, əksəriyyət dərk etməkdədir.

Bir faktı da qeyd edək ki, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi və digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm də dərin fəlsəfi məzmuna malikdir. Eyni zamanda, respublikada təşkil olunan dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq və əməkdaşlıq platformalarını, konfransları, humanitar forumları,yüksəksəviyyəli beynəlxalq tədbirləri, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyada apardığı möhtəşəm fəaliyyəti də bura əlavə etdikdə görürük ki, Azərbaycan rəhbərliyi dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda nə qədər möhtəşəm işlər aparır”.

Akqabay Mıradov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm