İnanc
Dini ali təhsilin inkişafı: Azərbaycan bu uğuru necə qazandı? - REKTORLA MÜSAHİBƏ
Aprelin 11-də Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak etdi. Dövlət başçısının 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda İnstitut ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının diqqət mərkəzində olmasının nümunəsidir. Xurafata varma, dini ayinləri dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icraetmə ekstremist meyillərin güclənməsinə gətirib çıxarır. Biz bunun nümunəsini 2016-cı ildəki Nardaran hadisələrində də gördük. Bütün bunların fonunda dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin qarşısında duran mühüm vəzifələrdən biridir və İlahiyyat İnstitutu da bu baxımdan böyük əhəmiyyətə malikdir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov Publika.az">Publika.az-a müsahibəsində İnstitutun fəaliyyətindən danışıb, eyni zamanda dini təhsil və ölkəmizin dini mühiti ilə bağlı mühüm fikirlər səsləndirib.
- Aqil müəllim, İslam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilən ölkəmizdə, onun dini mühitində İlahiyyat İnstitutu hansı mühüm əhəmiyyətə sahibdir?
- Azərbaycan İlahiyyat İnstitutu yaradıldığı gündən etibarən dövlət qayğısı ilə əhatə olunub. İnstitutda tədris tamamilə ödənişsizdir, tələbələr təqaüdlə yanaşı, eyni zamanda yemək pulu ilə də təmin olunurlar. Həmçinin, geyimlə də təmin olunmaları nəzərdə tutulub. Yataqxana ehtiyacı olan tələbələrimizə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü ayrılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanda dövlətimiz ali dini təhsil almaq üçün hər şəraiti yaradıb. Aİİ-də peşəkar kadrlar fəaliyyət göstərir. Həmin kadrlar təhsilin bütün səviyyələri üzrə - həm bakalavr və magistratura, həm də doktorantura üzrə tədrisi həyata keçirirlər. Bakalavriat səviyyəsində iki ixtisaslaşma var: İslamşünaslıq və Dinşünaslıq. İslamşünaslıq ixtisası İslam dini üzrə din xadimləri hazırlamağı qarşısına məqsəd qoyub. Bu ixtisasın tədrisinin əsas hədəfi İslam dinini səhih mənbələrə əsasən, xurafatdan kənar şəkildə elmi üsullarla insanlara çatdıran mütəxəssislər hazırlamaqdır. Dinşünaslıq ixtisasında İslamla yanaşı, digər böyük dinlər də tədris olunur. Xüsusilə də burada xristianlıq və yəhudilik tədqiqatlarına yer ayrılır və digər böyük dünya dinləri araşdırılır. Azərbaycandakı xristian və yəhudi icmaları ilə də sıx əlaqələrimiz mövcuddur. Qəbələnin Nic kəndində fəaliyyət göstərən Alban-udi dini icması üçün xüsusi xristianlıq kursları təşkil edirik, mütəxəssislərimiz bu kurslarda mühazirələr oxuyurlar. Magistratura pilləsində Dinlər tarixi ixtisaslaşması var. Burada da müxtəlif dinlərin araşdırılması mümkündür. Bütün bunlar Azərbaycan İlahiyyat İnstitutunda peşəkar mütəxəssislərin mövcudluğu sayəsindədir. Çünki əgər bu dərsləri keçə biləcək peşəkar mütəxəssislər olmasa, bu ixtisasların açılmasının heç bir mənası olmazdı. Ancaq ölkəmizdə bu potensial var. Azərbaycan İlahiyyat İnstitutunda tədrisin səviyyəsi heç də dünyanın başqa ölkələrindəki tədrisin səviyyəsindən aşağı deyil. Biz təhsil proqramını hazırlayarkən də beynəlxalq standartları nəzərə aldıq. Bu gün Aİİ-nin xaricdə fəaliyyət göstərən bir çox böyük universitetlərlə müqaviləsi var. Bu da tələbə-müəllim mübadiləsi aparmağa imkan verir. Bunun ilkin nəticələrini biz bu il gördük. Hazırda Qazaxıstandan olan 2 tələbə İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə təhsilini davam etdirir. Həmin tələbələr üçün İnstitutumuzda xüsusi ingilisdilli bölmə açıldı və burada bütün fənlər ingilis dilində tədris olunur. O cümlədən, xaricdə yaşayan soydaşlarımız da Azərbaycan İlahiyyat İnstitutuna böyük rəğbət göstərirlər. Bununla yanaşı, biz də öz tələbələrimizi təcrübə üçün xarici ölkələrə göndərməyi planlayırıq. Bu il 2 tələbəmiz mübadilə proqramı çərçivəsində 1 semestr müddətinə təhsillərini Türkiyədə davam etdirirlər. Bütün bunlar İlahiyyat İnstitutunun qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, böyük nailiyyətlərinin olduğunun göstəricisidir. Bunların da hamısı dövlətimizin dinə, İslama olan qayğısı əsasında formalaşıb. Çünki dövlət qayğısı və dəstəyi olmasa biz bu nailiyyətləri əldə edə bilməzdik.
- Müstəqilliyin ilk illərində gənclərimiz dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tuturdu ki, bu da onların destruktiv mahiyyətli təriqət və məzhəblərin ideoloji təsirləri altına düşməsi ilə nəticələnirdi. Bir sözlə, bu, milli maraqlarımızı və təhlükəsizliyimizi ciddi şəkildə təhdid edirdi. Bu kontekstdə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Müstəqilliyin ilk illərində Azərbaycanda dini təhsil yetərli qədər mövcud deyildi. Çünki biz 70 il SSRİ dövründə yaşamışıq və o zaman dini təhsil demək olar ki, qadağan idi. Ancaq müəyyən yerlərdə dini təhsil almaq mümkün idi və orda da çox məhdud sayda tələbə qəbul olunurdu. Bu baxımdan, müstəqilliyimizin ilk illərində bu sahədə boşluq var idi. Həmin dövrdə dini təhsil almaq üçün xaricə üz tutanlar oldu. Xaricdə təhsil alıb gələnlər içərisində çox peşəkar mütəxəssislərlə yanaşı, destruktiv mahiyyətli dini qrupların ideoloji təsirləri altına düşən, həmin qüvvələrin alətinə çevrilən insanların da mövcud olduğunu gördük. Şübhəsiz ki, bu da Azərbaycanda tarixən mövcud olmuş dini ənənəyə zidd idi. Çünki Azərbaycan tarixən tolerant bir ölkə olub, burada müxtəlif dinlərin və məzhəblərin nümayəndələri daim sülh şəraitində yaşayıblar. Bu baxımdan, Azərbaycanda din təhsilini yüksək səviyyədə həyata keçirən ali məktəbin olması xaricə gedərək dini təhsil alma ehtiyacını aradan qaldırır. Ölkəmizdə ali dini təhsil almaq üçün bütün şərait yaradılıb, buna görə də xaricə getməyə ehtiyac da qalmır. Eyni zamanda hər ölkənin özünəməxsus xüsusiyyətləri var və bu, din sahəsində də belədir. Bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Məsələn, başqa ölkədə verilən din təhsilində istər-istəməz onların öz dini ənənələrinin spesifik xüsusiyyətləri nəzərə alınır və dini təhsil ona uyğun şəkildə aparılır. Bizdə də təhsildə Azərbaycan reallığı, ölkəmizin tarixi dini ənənəsi nəzərə alınır. Beləcə İntitutumuzdan məzun olacaq tələbələr dini insanlara olduğu kimi, radikallıqdan, xurafatdan uzaq, elmi şəkildə çatdıra bilən kadrlar olacaqlar. Bütün bunların fonunda dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutunun qarşısında duran ən mühüm vəzifələrdən biridir.
- Son illər Qərbdə milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması müşahidə olunur. Bu proseslər fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühitini necə qiymətləndirirsiniz?
- Çox təəssüf ki, dünyanın ən böyük inkişaf etmiş ölkəsində belə, dini ayrı-seçkiliyin mövcud olduğunun şahidi oluruq. Onlarla Azərbaycanı müqayisə etdikdə, ölkəmizin istər tarixən, istərsə də hazırki dövrdə tolerant mühiti qoruyub saxladığını və multikultural dəyərlərə sadiq olduğunu görürük. Tariximiz bunun əyani nümunələri ilə zəngindir. Çünki tarixə nəzər yetirdikdə görürük ki, Azərbaycanda müxtəlif etnosların, dinlərin nümayəndələri birgə yaşayıblar və onların arasında etnik və dini zəmində hər hansı problem olmayıb. Bu gün də Azərbaycanda bu ənənə davam edir. Xalqımız tolerantdır və heç vaxt başqalarına qarşı diskriminasiyaya yol verməyib. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsinin də burada çox ciddi rolu var. Dövlətimizin tolerant, multikultural dəyərlərə verdiyi əhəmiyyətin də burada rolu böyükdür. Azərbaycan bu gün bütün dünyada tolerantlığı təbliğ edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “tolerantlıq bizim həyat tərzimizdir”. Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli nəinki Şərq ölkələri üçün, eyni zamanda, Qərb üçün də çox yaxşı modeldir.
- Son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələri, məscidlər, ziyarətgahlar, müqəddəs dini sitayiş, inanc yerləri təmir və bərpa olunur. Bu da elə bütün dünyaya Azərbaycan tolerantlığı nümunəsidir.
- İstər Ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda həm müsəlman, həm də qeyri-müsəlman dini abidələrinə qayğı ilə yanaşılıb. Ölkəmizdə xeyli sayda məscid, ziyarətgah, sinaqoq və kilsə dövlət tərəfindən inşa olunub, bərpa olunub və ya yenidən tikilib. Bu gün dünyəvi dövlət olan Azərbaycanda dövlətlə din arasında əməkdaşlığa əsaslanan bir əlaqə var. Bu əlaqənin sayəsində dövlətimiz dini dəyərlərə çox böyük əhəmiyyət verir. Təkcə müsəlman dini dəyərlərinə və müsəlman dinin icmalarına qarşı deyil, eyni zamanda xristian, yəhudi dini dəyərlərinə, onları təmsil edən icmalara qarşı da bu qayğını görürük. Məsələn, hər il ölkə Prezidenti tərəfindən müxtəlif dini icmalara dəstək məqsədilə maddi vəsait ayrılır. Onların içərisində həm müsəlman, həm də qeyri-müsəlman dini icmalar var. Bakıda, eləcə də bir çox digər şəhər və rayonlarımızda məscidlə yanaşı kilsəyə, sinaqoqa da rast gəlmək olar. Bu mənzərəni dünyanın başqa ölkələrində çox nadirən görmək olar. Bu da onu göstərir ki, həm tarixən, həm də hazırkı dövrdə Azərbaycanda tolerantlıq mühiti hakimdir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO