Tarix
Qılınclarla çılpaq rəqs: Salvador Dali məşhur erməni bəstəkarı necə dolamışdı - - GİZLİ TARİX
Dahi ispan rəssamı Dalinin qalmaqallı hərəkətləri
çoxlarına məlumdur. Həmin hərəkətlərdən biri erməni bəstəkarı Aram
Xaçaturyanın başına gəlib. Amma bu əhvalatı çoxları
bilmir.
Aram İspaniyada qastrol səfərində olarkən yaltaqlıqla bu ölkəyə
vurğun olduğunu və ələlxüsus məşhur sürrealist rəssam Salvador Dali
ilə görüşmək arzusu ilə yandığını bildirir. İspanlar bu təklifdən
heyrətlənirlər. Belə ki, Dali təbiətcə çox qəliz, itoynadan, şuluq
adam idi və Amerikada yaşadığından vətəninə çox nadir hallarda
gəlirdi.
Buna baxmayaraq, qastrolun təşkilatçıları Salvador Dali ilə telefon
əlaqəsi yaradır və bəstəkarın xahişini ona çatdırırlar. Və Dali
məmnuniyyətlə həmin görüşə razılıq verir. Rəssam həmçinin
qeyd edir ki, Xaçaturyanın pərəstişkarı olmaqla yanaşı, onu öz
evində görməklə böyük fərəh hissi keçirəcək. Elə həmin dəqiqə
təyyarəyə bilet sifariş edəcəyini və ertəsi gün günorta saat ikidə
onu qəbul etməyə hazır olduğunu bildirir.
Bu təklif restoranda cavan senyoritaların əhatəyə aldığı pianoda
temperamentli ispan rəqsi ifa edən Arama çatdırılır. Və ertəsi gün
təyin olunan vaxtda yaraşıqlı hökumət limuzini Xaçaturyanı
impressario, katibi və tərcüməçisi ilə birlikdə Salvador Dalinin
bəyaz rəngli "Mavritaniya" qəsrinə gətirir.
Darvazanın qarşısında qonaqları xidmətçi qarşılayaraq ev sahibinin
yalnız bəstəkarla təkbətək görüşmək istədiyini söyləyir. Dalinin
zövcəsi rus olduğuna görə heç bir tərcüməçiyə ehtiyac olmayacağını
da Arama bildirir.
Xaçaturyanı müşaiyət edən şəxslər Dalinin xasiyyətinə bələd
olduğundan belə qəbula görə heç də təccüblənmirlər. Onlar bəstəkara
gözəl istirahət arzulayaraq, oranı tərk edirlər.

Xaçaturyanı mənzərəli mərmər dəhlizlə qəsrə gətirirlər. O, naxışlı
parket və güzgülərlə bəzədilmiş zala tamaşa edərək, valeh olduğunu
bildirir. Az sonra onu müşayət edən xidmətçi tezliklə ev sahibinin
qarşıdakı qapı arxasından peyda olacağını söyləyib, baş əyərək
otağı tərk edir.
Xaçaturyan böyük zalda tək qalır. Zaldakı kəfkirli saatin
əqrəbləri arasından xoruz başı irəli uzanaraq, iki dəfə banlayır.
Lakin içəri girən olmur.
Vaxt ötdüyünə baxmayaraq, Dali hələ də gəlib çıxmırdı. İyirmi
dəqiqə də ötür. Aram kresloda rahat əyləşib siqar çəkir, bir qədər
sakitləşmək üçün qarşısındakı badəyə “Barselona” konyakı süzüb
içir. Saat üçün yarısında bir qədəh konyakın ardınca iki badə
“Viqo” şərabı gillədir, masanın üstünə qoyulmuş üzümdən yeməyə
girişir. Dali hələ də gəlib çıxmırdı...
Xaçaturyan pencəyinin düymələrini açıb, qalstukunu bir qədər
boşaldaraq, əsəbi halda otaqda var-gəl etməyə başlayır.
Əqrəblər üçə on beş dəqiqə qalmışı göstərirdi. O, Dalinin
peyda olacağı qapıya yaxınlaşıb dəstəyi dartdıqda, onun bağlı
olduğunu aşkar edir. Bu hadisədən özünü itirən Xaçaturyan bir qədəh
də konyak içib, ucadan erməni dilində söyüş söyməyə başlayır. Sonra
isə otaqda olan qəfəsin içərisindəki tovuzquşunun üstünə tüpürərək,
boynundakı qalstuku qəzəblə çıxarıb, cibinə dürtür.
Bu minvalla bir saat da ötür. Saatlar dörd tamamı göstərdikdə
gözlənilmədən gizli dinamiklərdən Xaçaturyaın "Qılınclarla rəqs"
əsəri səslənməyə başlayır. Bu dəm qapı tappıltı ilə açılır və
Salvador Dali tamamilə çılpaq, lüt anadangəlmə vəziyyətdə
əlində qılınc tutaraq, süpürgə “at” üzərində otağa daxil
olur!
O, qılıncı başının üzərində yellədərək, bütün zalı çapıb, dövrə
vuraraq otağı tərk edir. Onun ardınca musiqinin də səsi
kəsilir.
Bu zaman xidmətçi otağa daxil olaraq, qəbulun bitdiyini
bildirir və Xaçaturyanı çıxışa dəvət edir. Bərk dilxor
olmuş Xaçaturyan əyin-başını sahmana salaraq, çıxışa doğru
yollanır. Qəsrin astanasında ona Dalinin imzası olan yaraşıqlı
albom hədiyyə olunur.
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq




















.png)


.jpg)














