Tarix
İçərişəhərdə nərd, qız qaçıran bəy, erotika "qaranquşu"... - - FOTO
Həmin günlərdə sovet Azərbaycanın paytaxtını, Bakını
İstanbula çevirmişdilər. Bakıya bir qədər türk koloriti vermək üçün
küçələrdə çadralı qadınlar belə peyda olmuşdu. Bununla belə, yerli
insanların - xüsusi ilə də içərişəhərlilərin heysiyyatıyla da
oynamaq istəmirdilər. Xüsusi ilə də filmin qəhrəmanı Genanı fahişə
öz evinə çağıranda.
Amma qısa müddətdə mehribanlaşa da bilmişdilər içərişəhərlilərlə.
Axşamlar çəkiliş qrupu Bakını, xüsusən də İçərişəhəri gəzir, yerli
camaatla vaxt keçirirdilər. Xüsusən də Nikulin. O, bakılılarla nərd
oynamağa belə vaxt tapırdı. Və deyilənə görə, mərcdən
oynayırmışlar. Və həmişə də Nikulin uduzurmuş.
Mironov isə bir başqa aləm imiş. Onunla şəkil çəkdirmək üçün növbə
düzülürmüşlər. Milli.Az lent.az-a istinadən bildirir ki, Bakıdakı
çəkilişlərdən sonra aktyor heyətinə, çəkiliş qrupuna böyük bir
ziyafət də verilir. "Mən Bakını, bakılıları unutmayacam. Hər şeyə
görə çox sağ olun" deyib filmin rejissoru. Leonid Qayday. Sovet
kinosuna "Brilyant əl" kimi onlarla möhtəşəm əsər bəxş etmiş dahi
rejissor...
***
Uzaq Sibirdə anadan olmuşdu. 1923-cü il yanvarın 30-da, İrkutskda.
Atası İov İsidoroviç Qayday dəmiryolunda çalışıb. Aktyor olmaq
arzusunda imiş.
Leonid uşaq vaxtlarından orta məktəbin, dəmiryolçular klubunun dram
dərnəklərində çıxış edir. Təzəcə 18 yaşı tamam olur ki, müharibə
başlayır. Döyüşlərin birində yaralanaraq, ordudan tərxis olunur.
1947-ci ildə İrkutsk vilayətinin dram teatrında işıqçı və aktyor
kimi çalışmağa başlayır, eyni zamanda teatr studiyasında təhsil
alır.
1949-cu ildə təhsilini davam etdirmək üçün Moskvaya gedir,
Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə
daxil olur. Burada o, Qriqori Aleksandrovun sinfində dərs alır.
Onun ilk ekran əsəri olan "O biri dünyadan nişanlı" komediyasından
sonra senzura Qaydayı "antisovetçi" adlandırır. Amma "Köpək Barbos
və qeyri-adi kross" filminin ekranlara çıxması ilə rejissor şöhrət
qazanır. Bundan sonra onun çəkdiyi 20-dək filmin, demək olar ki,
hamısı sevilir və tamaşaçılar tərəfindən indi də böyük həvəslə
baxılır: "I" əməliyyatı və Şurikin macəraları", "Qafqaz əsiri", "On
iki stul", "Brilyant əl", "İvan Vasilyeviç peşəsini dəyişir"...
***
Filmlərinin ssenarisini, demək olar ki, həmişə Qayday özü yazırdı.
Bu filmlərdə qəhrəmanların səsləndirdiyi bir çox ifadələr xalqın
dilində zərb-məsələ çevrilmişdi. Rejissor tanınmış aktrisa Nina
Qrebeşkova ilə ailə həyatı qurmuşdu. Onlar 40 il birlikdə
yaşayıblar. Leonid Qayday 1993-cü il noyabrın 19-da vəfat edir. Bu
dahi sənətkarın qısa tərcümeyi-halıdır.
***
Amma onun həyatında olduqca maraqlı məqamlar var. Məsələn, çox az
adam bilir ki, Qayday hər çəkiliş günü bir boşqab sındırırmış. Hə,
ayağının altına salıb qırırmış. Əlamətə inanan adam imiş. Bir dəfə
boşqab sınmayıb. Qayday həmin gün çəkilişi dayandırıbmış. Qara
pişiyin mistikasına da inanırmış. Məhz bu səbəbdən onun bütün
filmlərində qara rəngli pişiklər yer alıb. "I əməliyyatı"
filmindəki o epizod yadınızdamı? Sən demə, Qaydayın öz başına
gəlibmiş...
1942-ci ildə cəbhədə onları sıraya düzürlər. Zabit sıra önündə
qışqırır:
- Artilleriya bir nəfər!
Qayday:
- Mən!
- Kəşfiyyat bir nəfər!
- Mən!
- Kavaleriya bir nəfər!
- Mən!
- Bəsdir, sıravi Qayday! İmkan ver, siyahını oxuyaq!
***
Aktyor duyumu da fantastik olub. "I əməliyyatı və Şurikin
macəraları" filminə əvvəlcə özünü çəkmək istəyirmiş. Əsas qəhrəman
Vladik Arkov roluna 40 nəfər aktyor namizəd idi, aralarında Vitali
Solomin, Aleksandr Lenkov, Evqeni Jarikov da vardı. Heç biri
rejissoru qane etmədi. Bir gün Leonid Qayday Leninqradda Aleksandr
Demyanenkonu görür və qərar verir ki, axtardığını tapıb.
Demyanenko əslində əsmər idi, rola görə onu sarışın edirlər.
Obrazın adını da dəyişib "Şurik" qoyurlar. "I əməliyyatı və Şurikin
başqa macəraları" belə yaranır.
Maraqlı nüanslardan biri də "İvan Vasileviç peşəsini dəyişir"
filminin çəkilişi zamanı olub.
Deyilənə görə, hələ 1934-cü ildə Mixayıl Bulqakov zaman maşını
yaratmağa çalışan moskvalı ixtiraçı-alim Nikolay İvanoviç Timofeyev
haqda komediya-pyes yazır. Pyesdə Nikolay İvanoviç zaman maşını
vasitəislə İvan Qroznını müasir dövrə gətirir, əvəzində isə evlər
idarəsinin müdiri Bunş-Koretski və fırıldaqçı Jorj Miloslavskini
keçmişə yollayır. Senzura pyesi oxuyanlar Bulqakovu pyesdə bəzi
dəyişikliklər etməsi üçün dilə tuturdular. Hər kəs İvan Qroznı ilə
İosif Stalin obrazının açıq-aydın bənzərliyinə görə qorxurdu.
"İvan Vasiliyeviç" məsələsi Leonid Qayday bu işə əl qoyandan sonra
uğur qazandı. Tanınmış rejissor, Bulqakov xəttini tam olaraq
saxladı, təkcə 30-cu illərə aid detalları 70-ci illərə
uyğunlaşdırmalı oldu. Məsələn, pyesdə haqqında bəhs edilən patefon
maqnitofonla, palto dəri gödəkcə ilə dəyişdirildi, zaman maşınında
isə tranzistorlardan istifadə edildi. Filmin qəhrəmanı Yakinin isə
İvan Qroznı ilə görüşündə 30-cu yox, 70-ci illərdə SSRİ-də məşhur
olan kino artistlərinin adını sadalayır. Yeri gəlmişkən, film
amerikalı tamaşaçılara da tanışdır, ancaq filmin amerikan
versiyasının adı "İvan Vasiliyeviç: yenidən keçmişə" olaraq
dəyişdirilib.
***
Leonid Qayday müxtəlif tryuklardan istifadə etməyi xoşlayırdı. Məhz
o, ilk dəfə çimərlik geyimində, qısa ətəkli əlbisələrdə qadın
obrazları yaradır və çəkirdi. Bu, həmin dövrdə sovet kinosunda az
qala erotik səhnə kimi görünürdü.
"Qafqaz əsiri" filminin ekranlara çıxması da maraqlıdır. Filmə ilk
dəfə Brejnev baxıb. Yaltada dincələrkən, köməkçilərinə deyib ki,
təzə komediyaya baxmaq istəyir. "Qafqaz əsiri" isə təzə çəkilibmiş,
amma senzurada imiş. Filmi Brejnevə göstərilər. Baxır, baxır, yenə
də baxır. Və hər dəfə də uğunub gedir.
- Buraxın, sovet xalqı baxsın.
- Leonid İliç, olmaz. Orada bir ifadə var. Keçən il bəy partiya
üzvü olan qızı qaçırıb.
Brejnev yenə gülür:
- Əziz yoldaş, başa düşün, Qafqazdır axı!
Beləcə, film ekranlara çıxır.
***
Əslində, bu gün 94 yaşı tamam olan bu dahi haqda çox yazmaq olar.
Bəlkə də gənc nəslin onu tanıması üçün. Çünki indiki gənclər
bilməz: onların valideynləri, nənə və babaları bu kişinin filmləri
ilə böyüyüblər. Leonid Qaydayın. Bu gün 94 yaşı tamam olan bu böyük
kişinin...
Milli.Az
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq




















.png)


.jpg)














