Tarix
Cümhuriyyəti satan adam: Çingiz İldırımın xəyanəti və qəribə aqibəti - TARİXİ ARAŞDIRMA
...1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğunda yeni bir şəxs peyda oldu. Məğrur duruşlu, zadəgan görkəmli, çərkəzi geyimli bu gənc Qarabağın və Zəngəzurun hörmətli simalarından olan İldırım bəy Sultanovun oğlu Çingiz bəy (Çingiz İldırım) idi. Şuşaya gəldiyi ilk günlərdən Çingiz İldırım general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi.
Bu yüksəlişə heç kim təəccüb də eləmirdi. Onun ali təhsilli
mühəndis olması və bəy əsil-nəcabəti burada az rol oynamırdı. Bir
də heç kimə sirr deyildi ki, Çingiz İldırım Qarabağ qəzasının
general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sultanovun əmisi oğlu
idi.
Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli
erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu. O, imkan
düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin
əlinə keçən bolşevikləri azad etdirirdi.
1919-cu ilin iyun ayında Şuşa və Gorus polisinin həbs etdiyi bir
qrup bolşevikin onun tərəfindən azad etdirilməsində maraqlı bir
məqam diqqəti cəlb eləyir. Dustaqlar Qarabağ general-qubernatorunun
möhürü və imzası olan blankda yazılmış göstəriş əsasında azad
edilmişdi. Ən maraqlısı isə odur ki, müavininin işləri barədə
dəfələrlə Xosrov bəyə məlumat verilsə də bu müəmmalı məsələlər
araşdırılmamış qalmışdı.
Çingiz İldırımın kəndlərdə mövcud quruluşa, bəylərə və varlılara
qarşı çıxışlarını, hətta öz doğma qardaşının əlavə torpaq sahəsini
əlindən alaraq yoxsul kəndlilərə verməsini kəndlilər təəccüblə,
bəylər isə qəzəblə qarşılayırdı.
“...Gələcəkdə yaradılacaq yeni, ədalətli məhkəmə bütün
müqəssirləri, zəhmətkeş xalqı istismar edənləri mühakimə edib
cəzalandıracaq, onlardan intiqam alacaq”.
1919-cu ilin iyulunda Şuşa qəzasının Mafruzlu kəndindən olan Alış
bəylə aralarında baş vermiş münaqişədən sonra Çingiz İldırımın kənd
camaatı qarşısındakı bu çıxışı isə Qarabağ bəylərinin ona olan
münasibətini tamamilə dəyişdi. Xosrov bəyin qorxusundan
nifrətlərini açıq büruzə verməsələr də, artıq Çingiz İldırımın
gizlicə aradan götürülməsi üçün plan hazırlanırdı.
Belə bir dövrdə - 1919-cu ilin avqustunda Çingiz İldırım müəmmalı
şəkildə general-qubernatorluqdan Bakıya çağırıldı. Ancaq bu onun
Şuşada hökumət əleyhinə fəaliyyəti ilə bağlı deyildi. Əksinə ona
Nazirlər kabinetində daha yüksək vəzifə təklif olunurdu...
Həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğundan Bakı və
Sovet Rusiyası arasındakı yollar bağlı idi. Ona görə də Bakıda
gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı Həştərxan dəniz
yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə
yaratmağı qarşılarına məqsəd qoymuşdular. Bu vəzifəni
müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər
dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul
vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi.
Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi.
Ona eyni zamanda iki vəzifə verildi: Bakı limanı rəisinin baş
köməkçisi və Hərbi donanmanın rəis müavini. Bir neçə aydan sonra
isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi
vəzifəsi də ona tapşırıldı.
Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz
İldırımın səlahiyyətində idi. Hərbi Donanmada “Qars”, “Ərdəhan” və
“Yunanıstan” gözətçi qayıqları, “Kursk”, “Oryol”, “Astrabad” və
“Göy Təpə” xidmət gəmiləri, “Araz” hidroqraf gəmisi, “Bayıl” yedək
gəmisi, “Puşkin” kreyseri və “Ələsgəriyyə” hospital gəmisi
vardı.
Bu gəmilərdə qulluq edən azərbaycanlı zabitlər əsasən keçmişdə
ticarət donanmasında qulluq etmiş dənizçilər idi. Gəmilərdə qulluq
edən rus zabit və əsgərlər isə Milli donanmada qulluq etmək
istəmirdilər və yerli zabitlərlə münasibətləri o qədər də yaxşı
deyildi.
ADR hökumətinin Çingiz İldırımı birdən-birə belə bir məsul sahəyə
təyin etməsi doğrudan da təəccüb doğuran bir hadisədir. Şuşada
hökumət əleyhinə fəaliyyətini bir kənara qoyub, təkcə
tərcümeyi-halına diqqət yetirmək kifayət idi ki, onun bolşevizmə nə
qədər sadiq bir insan olduğunu aydın görəsən. O, 1916-cı ildə
mühəndis-metallurq ixtisası üzrə Petroqrad Politexnik İnstitutunu
bitirdikdən sonra burada “Ayvaz” mexaniki zavodunda mühəndis kimi
fəaliyyətə başlamışdı. Zavodda işlədiyi müddətdə bolşeviklərə
qoşulmuş, hətta 1917-ci il oktyabrın 25-də (yeni stillə noyabrın
7-də) Qış Sarayına hücumda iştirak etmişdi.
1917-ci ildən 1919-cu ilin ortalarına qədər Rusiya Xalq
Komissarları Sovetində Rusiya müsəlmanlarının işi üzrə büroya
rəhbərlik etmişdi. O zaman Çingiz İldırım eyni zamanda Petroqrad
Hərbi Komissarlığında müsəlman hərbi kollegiyasına rəhbərlik
edirdi. 1918-ci ilin iyununda Çingiz İldırım Peterburqda və Şimal
vilayətində ilk müsəlman hərbi eskadronunu yaratmışdı. Qızıl
əsgərlər tərəfindən sonralar «İldırımiyyə» adlandırılan bu eskadron
Qızıl Ordu tərkibində vətəndaş müharibəsində, Şərq çəbhəsində
düşmənə qarşı vuruşmalarda iştirak etmişdi.
Çingiz İldırımın yeni vəzifəsindəki fəaliyyətinə keçməzdən əvvəl
onun bu pilləyə qədər yüksəlməsindəki müəmmalara qismən aydınlıq
gətirəcək bir məqama diqqət yetirməyi vacib sayırıq.
Aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan dərhal
sonra Qarabağ qəzasının general-qubernatoru Xosrov bəy Sultanov
özünü Qarabağ Hərbi İnqilab Komitəsinin sədri elan elədi. Çingiz
İldırım onun bu vəzifədə saxlanılmasını N.Nərimanovdan xahiş etsə
də o bu təklifi qəbul etmədi və iki həftə sonra bu vəzifəyə Dadaş
Bünyadzadəni təyin etdi.
1920-ci ilin 12 may tarixində XI Qızıl Ordunun Xüsusi Şöbəsinin
müdirinin əmri ilə Xosrov bəy həbs olundu və 1920-ci ilin 9
avqustunda onun şəxsi işi Ali Tribunala verildi. Ancaq N.Nərimanov,
Ə.H.Qarayev və Ç. İldırım Ali Tribunala onun keçmiş xidmətlərini
nəzərə alaraq azad edilməsi xahişi ilə müraciət etdilər. Xosrov bəy
azad olundu və 1923-cü ilə qədər Azərbaycanda yaşadıqdan sonra
Türkiyəyə mühacirət etdi.
1919-cu ildə Çingiz İldırım bolşeviklər partiyasının tapşırığı ilə
Bakıdan Rusiyaya neft daşıyan Xüsusi dəniz ekspedisiyasını yaratdı.
Dəniz ekspedisiyasının Həştərxana gedən və Bakıya qayıdan bütün
qayıqlarının yola salınmasında S. M. Kirov şəxsən iştirak edir və
dənizçilərə lazımi tapşırıqlar verirdi. Dəniz ekspedisiyasına daxil
olan hər bir qayığın təklikdə hərəkət planı var idi və bir qayığın
ekipajının digərinin işindən xəbəri yox idi. İş son dərəçə gizli
aparıldığından ekspedisiyanın bütövlükdə fəaliyyəti əsasən
S.M.Kirova, A.İ.Mikoyana. Çingiz İldırıma və başqa rəhbər
bolşeviklərə məlum idi.
Xususi dəniz ekspedisiyasından olan hər bir qayığın Bakıdan
təhlukəsiz yola salınmasını və qarşılanmasını Çingiz İldırım
bilavasitə təşkil edir və onun işini planlaşdırırdı. Bu sahədə,
donanmada və limanda səmərəli iş aparmaq üçün o, partiyanın
tapşırığı ilə onlarca kommunisti əlverişli vəzifələrə işə düzəltdi.
Məsələn, partiya tərəfindən Həştərxandan Bakıya gizli işə
göndərilmiş Yan Lukyanenkonu Çingiz İldırım. Aleksandr Leontiyeviç
Titorets adı ilə Bakı dəniz limanında məsul vəzifəyə işə
duzəltmişdi.
ADR nəqliyyat rabitə nazirinin Dəniz nəqliyyatı üzrə xüsusi
müvəkkili Çingiz İldırımın imzası ilə Yan Lukyanenkoya verilən
vəsiqədə gösərilir ki, A.L.Titorets ADR hökuməti nəqliyyat rabitə
nazirinin dəniz nəqliyyatı üzrə gizli məmurudur. O, Bakı limanına
qaçaq mal gətirən və aparan gəmilər üzərində dövlət
nəzarətçisidir.
1919-cu il noyabrın axırlarına aid polis sənədlərindən birində
bolşeviklərin Bakı- Həştərxan arasınlakı əlaqəsi haqqında deyilir:
“Həştərxandan gələn qayıqlar bolşevik təbliğatı məqsədilə Bakıya
görkəmli kommunistlər gətirirlər və buradan geriyə, Bakıdan
Həştərxana ağ neft və benzin aparırlar”. Ancaq Bakı polisinin
xəbəri yox idi ki, qayıqlarla Bakıya külli miqdarda pul və silah
daşınır. Ekspedisiyanın dənizçiləri son dərəcə dəqiq və ehtiyatla
hərəkət edirdilər.
A.P.Mikoyan Türküstan cəbhəsinə komandanlıq edən M.V.Frunzenin
bilavasitə yaxından köməyi ilə Bakı və Dağıstan bolşevikləri üçün
çoxlu miqdarda silah göndərilməsini təşkil edirdi.
1920-ci il martın 6-da A.İ.Mikoyan Daşkənddən telefonla o zaman
Həştərxanda olan S.M.Kirova məlumat verərək deyirdi: “Bakını və
Dağıstanı silah və pulla təchiz etmək üçün biz burada bütün
tədbirləri görüruk”.
Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi
üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir,
silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah
anbarlarında yerləşdirirdi.
Həmin vaxtlarda, martın 25-də A.İ.Mikoyan Krasnovodskdan Bakı
bolşeviklərinə göndərdiyi teleqramında yazırdı: “Türküstan
Hərbi-İnqilab Şurası Qafqaz Ölkə Komitəsinin ehtiyacı üçün Storojuk
yoldaşla Bakıya patronla bərabər yeddi yüz tüfəng və beş milyon
manat pul göndərdi”. Bu, təkcə mart ayı ərzində Bakıya daşınan
silah-sursatın kiçik bir qismi idi.
Çingiz İldırım silahlı üsyana hazırlıq dövründə həm də orduda və
donanmada ideoloji təbliğat işlərinin gücləndirilməsini vacib
sayırdı. 1920-ci il yanvarın 5-də kommunistlərin hərbi təşkilatının
Mərkəzi İnqilab qərargahı Çingiz İldırımın təklifi ilə orduda və
donanmada gizli bolşevik təbliğat şöbələrinin yaradılmasını qərara
aldı.
ADR ordusunun Bakıdakı qarnizonunun hər bir dəstəsində bolşevik
özəkləri yaradılmışdı. Mirzə Davud Hüseynov yazır ki, 5-ci polkun
hətta bütöv rotaları bolşeviklərin tərəfində idi. ADR ordusu və
donanmasının demək olar ki, bütün döyüş hissələrində güclü bolşevik
özəkləri fəaliyyət göstərirdi.
1920-ci il yanvarın 22-də Bakı polismeysteri Bakı şəhər bələdiyyə
idarəsinin rəisinə göndərdiyi raportunda bu barədə təşvişlə
yazmışdı: “Məndə olan xəfiyyə məlumatına görə, kommunist
təşkilatları əhali içərisində güclü təşviqat aparırlar, son
vaxtlarda isə bu təşviqat həm əsgərlər, həm də polislər arasında
yayılır”.
1920-ci ilin yazında Polşa Rusiya ilə müharibəyə başladı. Həmin
vaxtda Rusiya kəskin yanacaq problemi ilə üzləşmişdi. Yalnız Bakı
bolşevik hökumətini çətin vəziyyətdən qurtara bilərdi. Leninin
bütün teleqramlarında deyilirdi: “Bakını almaq, almaq, almaq
lazımdır”.
Çiçerin Azərbaycan hökumətinə nota göndərdi. Notada deyilirdi ki,
ümumi düşmənləri əzmək üçün Azərbaycan hərbi əməkdaşlığa razılıq
versin. Azərbaycanın xarici işlər nazirliyi əvvəlcə Azərbaycanın
müstəqilliyinin Rusiya tərəfdən tanınmasını tələb etdi. Amma
Çiçerin cavabdan boyun qaçırdı. Həmin vaxt artıq Denikin Şimali
Qafqazda məğlubiyyətə uğramış, Sovet Rusiyasının Azərbaycana yolu
açılmışdı.
Rusiya Azərbaycana hücuma hazırlaşdığı bir vaxtda Azərbaycan
hökumətində daxili intriqaların nəticəsi olaraq böhran bir-birini
əvəz edirdi. Baş nazir Yusifbəylinin istefasından sonra yeni
kabinet təşkili Hacınskiyə tapşırıldı. Aprelin 15-də Xoyski
danışıqların aparılması barədə Çiçerinə nota göndərdi. Notanın
cavabsız qalması son ümidləri də puça çıxartdı. Artıq Sovet
Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başlamışdı. Milli
ordu qüvvələrinin əsas hissəsi Qarabağda baş vermiş erməni
üsyanlarını yatırmaqla məşğul olduğundan müdafiə çox zəif idi.
ADR hökuməti əsas diqqətini öz hərbi donanmasını möhkəmlətmək və
Bakı yaxınlığındakı adalarda yerləşən artilleriyanı qüvvətləndirmək
işinə verirdi. 1920-ci il aprelin 7-də ADR hökumətinin Bakı rayonu
hərbi general-qubernatoru Bakı və Balaxanı- Sabunçu
polismeysterlərinə dəniz sahillərində və yaxın adalarda hərbi
mövqeləri möhkəmlətmək göstərişi verərək bu işin “son dərəcə böyük
dövlət əhəmiyyətli” bir vəzifə olduğunu göstərirdi. ADR hökuməti
Nargində, Şıxovda, Bayılda, Zığda, Pirallahıda öz istehkamlarını
möhkəmlətməyə xüsusi diqqət verirdi. Çingiz İldırım yazır ki, ADR
hökumət başçıları Bayıl, Şıxov və Nargin istehkamlarını
qüvvətləndirib burada öz möhkəmliyinə görə ikinci Kronştadta
çevirəcəklərini deyirdilər.
Hərbi donanmadakı “Qars” və “Ərdəhan” gəmilərinə Yalama-Xaçmaz
istiqamətində sərhəddi keçəcək Sovet zirehli qatarlarını dənizdən
atəşlə məhv etmək göstərişi verilmişdi.
Aprelin 22-də XI Qızıl Ordunun Bakıya gələn nümayəndələrinin
iştirakı ilə Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu
yanında keçirilən təcili müşavirədə aprelin 27-də gündüz saat 12-də
hakimiyyəti təslim vermək haqqında ADR hökumətinə ultimatum
verilməsi və dərhal silahlı üsyana başlamaq qərara alındı.
Qafqaz cəbhəsi komandanı M.N.Tuxaçevskinin Q.K.Orconikidze ilə
birlikdə aprelin 21-də verdiyi 490 nömrəli əmrdə XI Ordunun aprelin
27-də Azərbaycan sərhəddini keçib sürətli hücumla Bakı quberniyası
ərazisini tutmaq tapşırığı verilmişdi.
1920-ci il aprelin 27-də səhər tezdən partiyanın Mərkəzi Komitəsi
başda Nəriman Nərimanov olmaqla Müvəqqətn İnqilab Komitəsi
yaratdı.
Həmin gün tezdən Çingiz İldırımın göstərişilə Xəzər dəniz
donanmasının matros və fəhlələrinə «Qafqaz» yük gəmisində gizli
saxlanılan silah sursat paylandı.
Çingiz İldırım tərəfindən hazırlanmış silahlı üsyan planına əsasən
əməliyyat aparacaq donanma yeddi hərb gəmisindən ibarət idi. “Qars”
və “Ərdəhan” gəmiləri başda olmaqla onlardan beşinin böyük kalibrli
qüvvətli və müdhiş topları var idi. Digər ikisi isə sərbəst atəşli
toplar və minaatanlarla silahlanmışdılar.
Üsyan zamanı donanmanın təhlükəsizliyini təmin eləmək üçün, hər
şeydən əvvəl, Bayılın ən uca yerində yerləşdirilmiş iki uzaq-vuran
güclü sahil artilleriyası və ağır səhra topunu sıradan çıxarmaq
lazım idi. Bu işi də Çingiz İldırım öz öhdəsinə götürdü. O, aprelin
26-dan 27-nə keçən gecə iki nəfər döyüşçü ilə silah gücünə
Bayıldakı bütün sahil toplarını ələ keçirdi və ADR-in Nargin
adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə
əlaqə saxladığı telefon xəttini kəsdi.
Bayılda yerləşən topların ələ keçirilməsini Çingiz İldırım
sonralar-1922-ci il aprelin 28-də «Bakinski raboçi» qəzetində çap
olunan öz xatirəsində belə təsvir edirdi:
“...İlin bu vaxtı üçün nadir olan isti bir gecə idi. Ay bütün
ətrafı və məğrur meşəni andıran Bibiheybət mədənlərini özünün aydın
işığına qərq etmişdi. Müsavatın başlıca dayağı olan iki nəhəng top
ay işığında aydın görünürdü.
Topların yanına mərmilər yığılmışdı. Batareya mövqeyi rəisi bu
mərmilərlə bizim döyüşçüləri qarşılamaq ümidində idi.
Toplara tərəf gedən yolu qoruyan növbətçi əsgər səslənərək bizi
saxladı. O, növbətçi zabiti çağırdı. Qısa muddətli izahatdan sonra
onlar bizi müvəqqəti düşmənlərimizin-topların yanına
buraxdılar.
Mən topları nəzərdən keçirib zabitə onların açarlarını çıxarmağı
əmr etdim. Əvvəlcə gənc podporuçnik əmri yerinə yetirməkdən imtina
edərək, mövqe ba-tareyaları rəisinin yazılı əmrini tələb etdi.
Lakin danışığın qısa olaçağını gördükdə...
Topların açarlarını çıxardıb gəmiyə göndərdikdən sonra rahat nəfəs
aldım.
Düşmən tərksilah edilmiş, qələbə demək olar ki, təmin olunmuşdu.
Donanmanı səhra toplarının təhlükəsindən də qurtarmaq lazım idi.
Doğrudur, əslində bu toplar o qədər də qorxulu deyildi, lakin
onların gurultusu əngəl törədə bilərdi.
Səhra artilleriyasının öhdəsindən gəlmək vəzifəsi çətin deyildi.
Toplar asanlıqla zərərsizləşdirildi. Onların çıxarılmış açarlarını
“Puşkin” gəmisinə göndərdik və sonra biz yola düşdük”.
Aprelin 27-də səhər tezdən Çingiz İldırım Bakı yunkerlər məktəbinə
qəflətən daxil olub onları tərksilah elədi.
Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı
dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis
idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər.
Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə
götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün
siyasi məhbusları azad elədilər.
Azərbaycan K(b)P MK-nın göstərişilə Çingiz İldırımın komandanlığı
altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də səhər döyüşə tam
hazır vəziyyət aldı. Donanmanın bütün gəmilərindəki üç rəngli
bayraqlar çıxarıldı və əvəzinə Qırmızı bayraqlar asıldı. Səhər saat
10-da bütün gəmilər Bakı buxtasına daxil olaraq öz toplarının
ağzını hökumətin və parlamentin yerləşdiyi binalara doğru
yönəltdilər. Bundan bir az sonra Həmid Sultanov başda olmaqla
kommunistlərin nümayəndə heyəti Azərbaycan K(b)P MK, Rusiya K(b)P
Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı
adından hökumətə və parlamentə yazılı ultimatum verdi:
“Azərbaycan parlamentinə və hökumətinə.
Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi adından Azərbaycan
proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək
Mərkəzi Komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti
dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimativ şəkildə
qarşınızda qoymağı özünə borc bilir...”.
Bu ultimatumla yanaşı Çingiz İldırım da hərbi donanma adından
parlamentə ayrıca ultimatum göndərmişdi:
“Azərbayçan hökumətinə və parlamentinə.
Azərbayçan Sosialist Şura Cümhuriyyətinin Qızıl donanması
hakimiyyəti dərhal başda yoldaş Nərimanov olmaqla fəhlə-kəndli Şura
hökumətinə vermənizi tələb edir. Qızıl Donanma bu halda
milliyyətindən asılı olmayaraq bütün Bakı şəhər əhalisinə asayiş və
əmin-amanlıq təmin edir. Cavab, ultimatum alınandan sonra, 2 (iki)
saat ərzində verilməlidir. Əks təqdirdə atəş açılacaqdır.
Şura Azərbaycanının Qızıl donanma komandanı, mühəndis İldırım.
27 aprel 1920-ci il”.
Aprelin 28-də isə XI Ordunun 28-ci atıcı diviziyasının iki
rotasının köməyi ilə Dəmiryol döyüş sahəsinin rəisi M. Q.
Yefremovun komandanlıq etdiyi “III İnternasional”, “Qırmızı
Həştərxan”, “Qırmızı Dağıstan” və “Timofey Ulyantsev” zirehli
qatarlar qrupu Samur körpüsünü keçdi. Elə həmin gün Azərbaycanda
Sovet hakimiyyəti elan edildi. Bu xidmətlərinə görə Çingiz İldırım
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilən ilk azərbaycanlı oldu
və düz 17 il müxtəlif yüksək vəzifələrdə sədaqətlə inandığı rejimə
qulluq elədi.
1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər
Komissarlığı (XDİK) Çingiz İldırımı həbs elədi. Üzərində “Əbədi
saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş
əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya
kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və
xarici kəşfiyyata satılmaqda ittiham edirdilər.
Hər şey aydın idi... Onu güllələyəcəkdilər...
Elə də oldu. Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən
istintaq və dindirmələrdən sonra XDİK-in “troyka”sı onu ölüm
cəzasına məhkum elədi. Ancaq ölüm hökmü dərhal icra olunmadı. O düz
4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən
dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün
ölüm hökmünün icra ediləcəyi saatı gözlədi.
Onu 1941-ci il aprel ayının 27-də güllələdilər. Aprel ayının
27-də... Taleyin ironiyasına bax...
Füzuli Sabiroğlu
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR