Keçmiş ruhların qovduğu insanlar və BOŞALAN ŞƏHƏRLƏR - FOTOLAR
Bizi izləyin

Tarix

Keçmiş ruhların qovduğu insanlar və BOŞALAN ŞƏHƏRLƏR - FOTOLAR

Donub qalmış şəkillərə bənzəyir.

Yəqin dünyada elə adam tapılmaz ki, heç olmasa bir dəfə İtaliyada olmaq istəməsin. Həm də deyirlər ki, tarixi min illərə çatan bu qədim ölkəyə bir dəfə gedən adam mütləq yenidən ora qayıtmaq istəyir. Xüsusən də İtaliyaya səyahət edən turistlər sevgi şəhəri olan Venesiyaya, moda mərkəzi Milana, eləcə də Roma, Turin, Neapol, Toksana, Florensiyaya getməyə can atır. Hətta Venesiyaya hər il o qədər turist axın edir ki, şəhər hakimiyyəti artıq turistlərin sayına məhdudiyyət qoyub.

Publika.az xəbər verir ki, bununla yanaşı İtaliyanın elə qəsəbə və kiçik şəhərləri də var ki, bura nəinki turistlər gəlmir, hətta yerli əhali də böyük şəhərlər arzusu ilə oranı tərk edir. Nəticədə həmin ərazilər ruhlar şəhərinə çevrilirlər. Adamsız küçələr, boş pizza kafeləri, kilsələr, beli bükülmüş qoca ağaclar sanki tarixin müəyyən dönəmində donub qalmış şəkillərə bənzəyir.

Rəsmi məlumatlara görə, ölkədə 2430 belə kiçik şəhər var ki, adamsızlıqdan əziyyət çəkir. Xüsusən də gənclərin çıxıb getməsilə əlaqədar olaraq doğum səviyyəsi düşüb. Bu şəhərlər demək olar ki, uşaq səsinə, körpə qığıltısına həsrətdirlər. Aydın məsələdir ki, böyük ümidlərlə aşıb-daşan gənclik iri şəhərlərdə oxumaq, əylənmək üçün doğma yerlərini tərk edirlər. Tezliklə bu şəhərlərin tamamilə kimsəsiz, tərk edilmiş ərazilərə çevriləcəyini deyirlər. Odur ki, Apennin yarımadasında kiçik şəhərlərin “dirilməsi” istiqamətində planlar qurulmağa başlanılıb. Hətta bəzi kiçik şəhər rəhbərlikləri qəribə qərarlar verməyə başlayıblar: Selliya şəhərinin meri 65 yaşdan tez ölməyi qadağan edib! Bunun üçün tibbi mərkəzlər açdıraraq qocaları pulsuz müalicə etdirir ki, təki daha bir neçə il də yaşasınlar.

İtaliya hökuməti ilk növbədə tursitləri bura cəlb etmək istəyir. Çünki turist olan yerdə maraq da var, iş də, qazanc da. Amma bəzi şəhərlərin təbiəti buna imkan vermir. Məsələn Çivita şəhəri yüksəklikdə yerləşir və onun gil torpağı getdikcə ovulmağa başlayır. Ona görə də qədim tikililərin çoxu erroziyaya uğrayır. Hazırda bir çox tikililərin qorunması istiqamətində işlər aparılır. Ancaq əsrlərin xatirəsini özündə saxlamış bəzi tarixi abidələr artıq sıradan çıxıb.

Latsio qəsəbəsində isə cəmi-cümlətanı 10 sakin qalıb. Bu ərazidə yaşamaq mümkün deyil – güclü küləklər hətta turistləri də uzaqlaşdırır. “Küləklər şəhəri”nə girişi 1 avroya qədər ucuzlaşdırsalar da, bura gələn bir saatdan artıq qalmır. Turistlərin bir saatlıq həvəsi isə məhz qədim etrusklardan qalmış körpü və kilsələrdir. Bu 10 nəfərlik şəhərin turisti özündən qat-qat çoxdur – 2015-ci ildə 350 min turist bura səfər edib.

Amma italyanların qorxusu artıq gerçəkləşib, tamamilə boşalmış şəhərlər də var ki, heç turistlər də bu kabus şəhərə girmək istəmirlər. Abrutso və San Stefani şəhərlərində insan yaşamadığından küçə it-pişiyi də tapılmır. Hazırda bu şəhəri tamamilə yeniləyib, hotellər mərkəzinə çevirmək istəyirlər. Şəhər isə uzun müddət həsrət qaldığı insan səsi ilə tezliklə yenidən canlanacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm