Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR
Bizi izləyin

Tarix

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

Casus, kəşfiyyatçı, məxfi agent – bütün bu sözlər bir ölkədə qəhrəman, digərində isə xain sayılan bir adamın təsviridir. Casusluğa boyun olanlar böyük riskə getdiyini yaxşı anlayırdı və biriləri üçün bu məşğuliyyət mənfəətli qazanc yeri idisə, digərləri bu tapşırıqlara əxlaq və şərəf nöqteyi-nəzərindən yollanırdı.

Publika.az müasir tarixin 5 ən məşhur məxfi agentini dəyərli oxuculara aşağıdakı icmalda təqdim edir.

1. Rixard Zorge

Alman mənşəli sovet kəşfiyyatçısı Rixard Zorge casuslar arasında bir əfsanə sayılır. İkinci Dünya müharibəsi dövründə özü Yaponiyada olub, əhəmiyyətli məlumatlar toplayaraq, onları Sovet İttifaqına ötürürdü. Agentlik şəbəkəsini mahiranə şəkildə təşkil etmiş Zorge düz on il boyunca müharibənin gedişatına təsir göstərən mühüm məlumatlarla təmin olunmuşdu. 1944-cü ildə Rixard Zorge məxfilikdən kənarlaşdırılaraq, uzun müddət işgəncələrə məruz qalmış, sonra da asılaraq edam edilmişdi.

2. Yan Fleminq

Ceyms Bondun sərgüzəştləri haqqında kitabların meydana çıxmasını məhz Yan Fleminqə borcluyuq. Yazıçılığa başlamazdan əvvəl o, Britaniyanın hərbi-dəniz kəşfiyyatında xidmət edib. Riskli casus əməliyyatlarını zabit Yan Fleminq real həyatda yaşamaqdan daha çox, yazdığı əsərlərdə təsvir etməyə üstünlük verirdi.

3. Sidney Reyli

Ceyms Bondun prototiplərindən biri də britaniyalı agent Sidney Reyli sayılır. Onun tərcümeyi-halında boşluqlar çox olsa da, gələcək casusun Solomon Rozenblyum adı ilə Odessada dünyaya gəldiyi məlumdur. O, 19 yaşında ikən Britaniya gəmilərindən birinə düşmüş və Britaniya Kraliçasının kəşfiyyatına cəlb edilmişdi. Yeddi dildə sərbəst danışan Sidney Reyli SSRİ-də hakimiyyətə gəlmiş Bolşevist rejiminin qatı əleyhdarı olub. Casus kommunistlərə qarşı təxribatçılıq və fitnəkarlıq əməliyyatlarını böyük uğurla həyata keçirmiş, lakin 1925-ci ildə XDİK (NKVD) əməkdaşları tərəfindən həbs edilərək, güllələnmə yolu ilə edam edilmişdi.

4. Kim Filbi

Kim Filbi yaşlı bir ingilis nəslinin nümayəndəsidir. Tələbəlik dövründən Karl Marksın əsərləri ilə ciddi maraqlanmağa başlayan Filbi 1934-cü ildə sovet kəşfiyyatına cəlb edildi. Filbinin Böyük Britaniyanın ordu kəşfiyyatına qəbul olunması gərək idi və buna nail olduqdan sonra, onun karyerası yüksəlişə doğru irəlilədi. Casusun İngiltərə kəşfiyyatı üçün əldə etdiyi məlumatlar son dərəcə mühüm məlumatlar idi. Filbi hətta «Kommunizmlə mübarizə» şöbəsinə rəhbərlik edirdi. Onun ikili agent olduğu uzun müddət kimsədə şübhə doğurmadı. İflas təhlükəsi yarandıqda isə, Kim Filbi Sovet İttifaqına göndərildi və orada bir sıra mükafatlarla təltif olundu. Təcrübəli bir casus olduğu nəzərə alınaraq, o, tez-tez xüsusi xidmət orqanlarına konsultasiyalar keçirməyə cəlb olunurdu.

5. Olqa Çexova

1920-ci ildə Olqa Çexova Rusiyadan Almaniyaya köçdü. Orada parlaq aktrisalıq karyerası qurdu. Hitlerin «İlham pərisi» adını qazanmış bu qadının Mussolini və Gebbelslə də yaxın dostluq əlaqələri var idi. Bəzi tədqiqatçılar Çexovanın Sovet kəşfiyyatına çalışdığını hesab edir. Lakin bu versiyaya dəstək olaraq yalnız dolayı sübutlar gətirilir. Belə ki, aktrisanın özü ömrünün sonuna qədər casusluqla heç bir əlaqəsinin olmadığını iddia etmişdi.

Bəlkə də sovet tarixçiləri dünyanın qüdrətli simalarına son dərəcə yaxın olan Çexovanın məxfi agent olduğunun həqiqət olmasını çox istərdi. İstənilən halda, müharibədən sonrakı Avropada onu rusiyalı Mata Xari adlandırırdılar.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm