• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Tarixin ən qəddar TÜRK DÜŞMƏNİ: Sultan 20 min cəsəddən niyə qorxub geri çəkildi?

  • Tarix
  • 30 Avqust 2017 16:12
  • 5 752 Baxış
Tarixin ən qəddar TÜRK DÜŞMƏNİ: Sultan 20 min cəsəddən niyə qorxub geri çəkildi?

Bu gün – 1400-cü il avqustun 30-da Osmanlı İmperiyasının kabusu olan Drakul nəslinin banisi, tarixin ən qəddar şəxsiyyətlərindən biri II Vlad Drakul dünyaya gəlib.

Publika.az 100 mindən çox Osmanlı əsgərini qətlə yetirən Drakul nəsli haqda bir sıra tarixi faktları oxuculara təqdim edir.

II Vlad Drakul haqda günümüzə çatan dolğun məlumatlar azdır. Amma onun oğlu III Vlad, həmçinin Vlad Sepeş kimi tanınan və ya sadəcə Drakula kimi məşhurlaşan Valaxiya knyazı haqda dəhşətli faktlar məlumdur. Haqqında 200-dən çox film çəkilən Vlad Sepeş Drakula 3 dəfə knyazlığın başçısı olub: 1448-ci ildə, 1456-dan 1462-ci ilə qədər və 1476-cı ildə - Osmanlı imperiyasının Balkanları fəthi dövrünün başlanğıcı zamanı.

Drakula Osmanlı imperiyası ilə qanlı döyüşlərdə, pravoslav xristianlığının müdafiəçisi kimi Şərqi Avropanın bir çox ölkələrində qəhrəman personaj olaraq tarixə düşdü. Amma eyni zamanda tarixin ən qanlı fiqurlardan biri sayılır. Bu baxımdan, qəddar və qanlı sərkərdənin – III Vlad Drakulanın və ümumiyyətlə Drakul nəslinin həyatından ən maraqlı məlumatları oxucularla bölüşürük.

1. Kiçik vətən

III Vlad (Vlad Sepeş) Drakula öz nəslinin ən parlaq nümayəndəsi sayılır. O, 1431-ci ildə Transilvaniyanın Siqişoara şəhərində doğulub. Bu gün onun doğulduğu məkanda müasir restoran fəaliyyət göstərir və hər il bütün dünyadan minlərlə turist qəbul edir.

2. Əjdaha ordeni

“Drakula” sözü 30 avqust 1400-cü ildə doğulmuş II Vlad ilə bağlıdır. Onu "əjdaha" mənasını verən “drakul” adlandırırdılar. Osmanlı İmperiyası ilə mübarizə apardığına görə “Əjdaha Ordeni” ilə təltif olunmuşdu. Buna görə də onu "Drakul" adlandırırdılar. Başqa mənbələrə əsasən, o, həm də "iblis" ləqəbinə malik idi.

3. Ata moldaviyalı knyaz-xanım Vasilisa ilə evli idi

III Vladın anası haqqında dəqiq məlumat yoxdur. Güman edilir ki, atası moldaviyalı knyaz-xanm Vasilisa ilə evli idi. II Vladın bir neçə məşuqəsi var idi. Yəni III Vlad Sepeş Drakulanın əsl anasının kim olması dəqiq məlum deyil.

4. İki od arasında

Transilvaniya iki böyük imperiyanın sərhədində idi: Osmanlı və Avstriya Qabsburqları. Cavanlıqda əvvəlcə türklər, daha sonra isə macarlar onu həbsxanaya salırlar. Ata Drakulanı qətlə yetirirlər, onun böyük qardaşı Mirçanı isə bərk qızdırılmış dəmir payaları ilə kor etdikdən sonra diri-diri basdırırlar. Bu 2 dəhşətli fakt III Vlad Sepeş Drakulanın həddindən artıq amansız, qəddar və qanlı bir sərkərdəyə çevrilməsinə rəvac verdi.

5. XI Paleoloq Konstantin

Hesab edilir ki, gənc Drakula 1443-cü ildə bir müddət Konstantinopolda, XI Paleoloq Konstantinin sarayında yaşayır. Konstantin yunan folklorunun əfsanəvi personajı və Bizansın son imperatoru idi. Bəzi tarixçilər güman edirlər ki, Drakulanın Osmanlılara qarşı nifrəti əsasən orada inkişaf edib.

6. "Sepeş" ləqəbi

"Sepeş" ləqəbi rumın dilindən tərcümədə "payaya keçirən" mənasını bildirir. Ləqəb Vladın ölümündən 30 il sonra meydana gəldi. Belə ki, o, minlərlə türkü qorxunc üsulla öldürmüşdü – payaya keçirərək. Bu edam haqqında o, hələ gənc yaşlarından, Konstantinopolda Osmanlı imperiyasının siyasi girovu olarkən düşünürdü.

7. Osmanlı imperiyasının ən qəddar düşməni

Hesab edilir ki, Drakula yüz mindən çox insanın ölümündə günahkardır. Onların əksəriyyəti türklər idi. O, tarixdə Osmanlı imperiyasının ən qəddar düşməni hesab edilir.

8. 20 min çürüyən cəsəd sultanı qorxutdu

1462-ci ildə, Osmanlı İmperiyası və Valaxiya knyazlığı arasında gedən amansız müharibə zamanı Sultan II Mehmet öz ordusunu müvəqqəti geri çəkir. Buna səbəb Drakulanın knyazlığının paytaxtının kənarında payalara keçirilmiş 20 mindən artıq çürüməkdə olan türk əsgərlərinin cəsədlərini öz gözləri ilə görməsi oldu. Paytaxt Tırqoviştenin yaxınlığındakı bu mənzərə sultanı dəhşətə gətirmişdi. Drakula öz ordusunu dağlara çəkir. Sultan təqibi dayandırır, çünki kilometrlərcə çürüyən cəsədlərin üfunət qoxusunu keçmək mümkün deyildi.

9. Drakulanın başını sultana çatdırdılar

Nəhayət, 45 yaşlı Vladı 1476-cı ildə tutdular və başını kəsdilər. Onun başını sultanın hüzuruna gətirdilər, sultan öz növbəsində kəsilmiş başı sarayının hasarından asaraq, günlərlə tamaşa üçün saxladı.

10. Transilvaniya submədəniyyəti

Drakula iyirminci əsrin ikinci yarısında böyük populyarlıqla anılırdı. Onun haqqında 200-dən çox film ərsəyə gəldi. Heç bir digər tarixi şəxsiyyət haqda bu qədər film çəkilməyib. Bu submədəniyyətin mərkəzində vampirlər ölkəsini təmsil edən Transilvaniya dayanırdı.

11. Drakula və Çauşesku

Rumıniyanın keçmiş prezidenti Nikolay Çauşesku (1965 – 1989-cu il) öz seçki kampaniyasında Drakuladan daim sitatlar gətirirdi. Daha da irəli gedərək, o, Transilvaniyada macarların və başqa etnik azlıqların qarşısında çıxışları zamanı Vladın vətənpərvərliyindən geniş söz açırdı.

12. "Qurbağalar kimi"

"Drakulanın axtarışlarında" adlı kitabda, Vladın iyrənc yumor hissinə malik olması haqda geniş bəhs olunur. O, payaya keçirilmiş qurbanlarının "qurbağalar kimi" dartılmasından ləzzət alır, bunu məzəli hesab edirdi.

Zaur H.

P.S. Publika.az 1560-cı ildə Transilvaniyada, ilahi gözəllik bəxş edilmiş, amma ağlasığmaz qəddarlığı ilə seçilən, təxminən 600 nəfər günahsız gənc qızı qətlə yetirən, demək olar ki, tamamilə ruhsuz bir qadın – Yelizabet Batori haqda yazını da oxucuların diqqətinə çatdırıb. Yazını aşağıdakı keçiddən oxuya bilərsiniz.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR