Heydər Əliyev iki cümlə ilə onu bütün təhlükələrdən qurtardı - Alim SİRLƏRİ AÇDI (VİDEO)
Bizi izləyin

Tarix

Heydər Əliyev iki cümlə ilə onu bütün təhlükələrdən qurtardı - Alim SİRLƏRİ AÇDI (VİDEO)

Video əlavə olunub.

xxx

“Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu imperiya xalqımıza qarşı çox ağır cinayətlər törədib”.

Bunu Publika.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov qeyd edib ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur: “Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman ulu öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

Tarixçi alim bildirib: “1960-61-ci illər idi, IV kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini pisləyən vərəqələr yaymışdı. Hamımız qorxurduq ki, bu gənci məhv edəcəklər. Mənə dedilər ki, qapalı komsomol yığıncağı keçirim. Yığıncaqda Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) gəlmiş Heydər Əliyev də iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin vəziyyətini yüngülləşdirməyi, digər qrup isə onun universitetdən qovulmasını tələb edirdi. Yığıncaqda ulu öndər bir saatadək çıxış etdi. Çox ibrətli çıxış idi və sonda iki cümlə ilə bu gəncin taleyini bütün təhlükələrdən qurtardı. Dedi ki, “görürəm, burada yoldaşlarını cəsarətlə müdafiə edən sağlam gənclik çoxluq təşkil edir, onların bu gəncin tərbiyəsinə gücləri çatar”. Sonralar başa düşdük ki, xalqını sevən cəsarətli azərbaycanlının DTK kimi təşkilatda çalışması minlərlə övladımızın məhvolma təhlükəsindən xilası deməkdir. Mən sonralar da Heydər Əliyevin xalqımızın bir çox oğullarını, ziyalılarını repressiya qurbanı olmaqdan xilas etməsinin dəfələrlə şahidi olmuşam”.

Akademik qeyd edib ki, Heydər Əliyev Atatürk, Cəvahirləl Nehru, Corc Vaşinqton, Bismark, de Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada, özü də daha uca zirvədə durur: “Çünki Heydər Əliyev onların hamısından fərqli olaraq bir-birilə daban-dabana zidd olan iki sistemdə yaşayıb və bu sistemlərin hər ikisində siyasət olimpinin ən uca zirvəsinə yüksələ bilib. Sovet vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını Volqaboyuna köçürmək istəyirdilər. Ulu öndər bunun qarşısını aldı və əksinə Bakıda Dərin Özüllər Zavodunu tikdirdi. Bununla da müstəqil Azərbaycanın iqtisadi təməllərindən birinin özülünü qoydu. Müasir Azərbaycan dövlətini qurdu”.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm