Tarix
Nobel mükafatı laureatı Ceyms Uotsonun elmdə yaşadığı HƏYAT DƏRSLƏRİ
Məşhur bioloq Ceyms Uotson 1953-cü ildə Frensis Kriklə birgə DNT-nin strukturunu kəşf etdikdən sonra məşhurlaşdı. Bu işə görə onların hər ikisi “Fiziologiya və tibb üzrə” Nobel mükafatına layiq görüldülər. Sonralar Uotson ABŞ-da insan genomunu tədqiq edən Milli Mərkəzin ilk direktoru olmuş və məşhur “İnsan genomu” layihəsinə rəhbərlik etmişdir.
O, həyatı boyu xatirələrini qeydə almış, sonralar bu xatirələri təhlil edərək ömrünün hər mərhələsi üçün əldə etdiyi həyat dərslərini müəyyənləşdirmişdir.
Uotson yazırdı: “Mən hər zaman dahilərin, müdriklərin və tanınmış alimlərin həyat dərslərinə çox böyük önəm vermişəm. Çünki bu dərslər insana gələcək həyatında çox faydalı ola bilər”.
Uotsonun həyat dərsləri həm də ona görə maraqlıdır ki, bunlar şərəfli alim ömrünün həyat dərsidir, dəqiqdir, böyük alim zəkasının “süzgəcindən” keçdikdən sonra qeydə alınıb. Bu dərslər savadlı, ziyalı, alim, rəhbər olmaq istəyən məktəblidən və tələbədən başlayaraq, bu gün elm sahəsində çalışan gənc, orta və yaşlı nəsil alimlər üçün olduqca faydalı ola bilər.
“Müəllimlərinizlə münasibətdə hörmətsizlik etməyin”.
“Kollec düşünməyi öyrənmək üçün lazımdır”.
“Yeni ideyalar üçün adətən faktlar gərəkdir”.
“Müəllimləriniz kimi düşünməyə çalışın”.
“Əgər düşünməyi öyrənsəniz, bu, sizin həyatınızı yaxşılaşdıra bilər. Universitetdə oxuduğum ilk illərdə imtahanlara hazırlaşarkən olduqca çox əzbərləməyə çalışırdım, cəhd edirdim ki, tədris proqramlarında və kitablarda yazılanlardan daha çox bilim. Məncə müəllimlərimin verməyə hazırlaşdıqları suallar ətrafında diqqətimi cəmləməyim daha yaxşı olardı. Əgər onların ev tapşırıqları üçün verdikləri əsas mövzulara diqqət yetirsəydim həmin sualları asanlıqla cavablandıra bilərdim. Müəllimlərim mənim diqqətimi xüsusi maraqlandığım şeylərə cəmləşdirdikdə onların fikirlərini daha asan başa düşürdüm”.
“Gənc professoru adətən onun nüfuzlu adına görə yox, elmi fəaliyyətin yeni istiqamətini təmsil etdiyinə görə rəhbər seçirlər.”
“Sizin intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən daha geniş olmalıdır”.
“Nə qədər mümkündürsə adla müraciət etməyə tez başlayın”.
“Bazar günləri işləyin”.
“Nadir istisnalar olmaqla eksperimentlərin zaman qaydasını əvvəlcədən söyləmək olmaz və əqli dincliyi planlaşdırmaq lazım deyil. Eksperiment zamanı həll olunmamış məsələlər qaçılmaz olaraq sizin şüurunuzda qalacaq. Həm də istirahət günü işləmək adi günlərdə işləməkdən daha maraqlı olur.
“Yalnız yaxın illərdə hiss oluna bilən uğur gətirəcək məsələlər üzərində işləyin”.
Öz zamanını qabaqlayan çox əhəmiyyətli məsələləri tapmaq olar. Mən hər hansı bir məsələ üzrə inamla işə o vaxt başlayıram ki, yaxın üç-beş ildə düşünülmüş nəticələr almaq mümkün olsun. Əgər sizin tunelin sonunda işıq görmək şansınız olduqca azdırsa, bu sahəyə aid mövzu götürüb öz elmi karyeranızı risk altına salmayın. Əgər 30% ehtimalla yaxın iki-üç ildə suallara cavab tapacağınıza əsasınız varsa və digər əksəriyyət yaxın on ildə onu həlledilməz hesab edəcəksə, belə cəhdi etməkdən çəkinməyin.
“Kollec tələbələrini elmi işə həvəsləndirin”.
Ceyms Uotson yazır: “Laboratoriya masaları boş olan kimi, mən ləngimədən rəhbərliyim altında tədqiqatlar aparmağa can atan qabiliyyətli kollec tələbələrini qəbul edirdim. Onlardan çoxu hələ müəyyən etməmişdi ki, magistraturaya yaxud tibb kollecinə daxil olsun. Onlar üçün elmi işlə klinikadakı işin fərqini görmək faydalı idi. Bundan başqa tədqiqat qrupunda iştirak onlara elm sahəsində şəxsi keyfiyyətlərin əqli qabiliyyətdən az əhəmiyyətli olmadığına inanmaq imkanı verirdi. Elm ilə uğurlu məşğul olmaq üçün “xüsusi növ qabiliyyət lazımdır” fikri doğrudur. Laboratoriyalarda çox vaxt elə adamlara rast gəlmək olur ki, onların müstəsna istedadları imtahanlar vaxtı aşkar olunmayıb. Onlar yalnız o vaxt oyanırlar ki, qarşılarına “köhnə məlum olana” aid yox, “yeni məlum olmayana” aid məsələ qoyulur”.
“Heç vaxt iştirakçılardan ən ağıllısı olmayın”.
İntellektual turnirlərdən həmişə qalib çıxmaq üçün gözlənilməz intellektual yarışlarda iştirak etmək lazımdır. Mühakimələrinizdə səhvləri tutan və ya fikrinizi təsdiq, yaxud inkar edə bilən kifayət qədər biliyə və qabiliyyətə malik olan adamların məclisinin əvəzini heç nə verə bilməz. Ətrafdakıların ağılı nə qədər itidirsə sizin də ağlınız bir o qədər iti olcaq. Bu, insan təbiətinə, xüsusən də kişi təbiətinə ziddir, amma sürünün başçısının mövqeyi daha böyük uğurlar əldə etməyə mane ola bilər. Birinci dərəcəli kimya bölməsində az-çox inkişaf etmiş kimyaçı olmaq o qədər də yaxşı olmayan bölmədə birinci dərəcəli ulduz olmaqdan daha yaxşıdır.
“İntellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın”.
Əgər siz əhəmiyyətli məqsəd uğrunda çalışırsınızsa, çox ehtimal ki, ciddi rəqabətlə qarşılaşacaqsınız. Kim tədqiqatla tək məşğul olmaq istəyirsə, elmdən kənarda qalmağa məhkumdur. Yarışda iştirak düşüncəsi güclü əsəb gətirə bilər, amma layiqli rəqiblərin olması sizin şərəfli məqsədə can atmanızın təminatçısına çevrilə bilər. Əgər onlar olduqca çoxdursa düşünməyə dəyər. Bu, o deməkdir ki, siz olduqca aydın, öz zamanını kifayət qədər qabaqlayaraq daha konservativ və əksəriyyəti qorxuda bilən məqsəd uğrunda yarışda iştirak etmirsiniz. Üç və ya dörddən çox rəqibin olması təkcə sizin uğur şansınızın az olmasını deyil, həm də adekvat qiymətləndirmə aparmağın mümkün olmadığını deyir. Bu halda əksər rəqiblərinizin güclü və zəif tərəfləri haqqında adekvat təsəvvürünüzün ehtimalı az olur. Onlar nə qədər az olsalar, məsələləri aydınlaşdırmaq daha asan olur və daha çox şansınız yaranır ki, bu yarışda ağıllı hərəkət edə biləsiniz. Rəqiblər çox olduqda onlardan qaçmaq təhlükəli yol açmaqdır.
“Sizinlə intellekt baxımından bərabər olan adamla bir yerdə işləyin”.
Adətən iki alim bir yerdə işləyərkən iki tək işləyən və hər biri öz yolu ilə gedənə nisbətən daha çox uğur əldə edir. Yaxşı elmi cütlüklər yaxşı seçilmiş evliliyə bənzəyir və bir-birini uğurla tamamlayan insanları birləşdirir.
Amma elmi komandada ikidən çox adam olduqda orada sıxlıq yarana bilər. Əgər üç adam ümumi məqsəd ardınca gedirsə, onlardan biri lider olur, digərlərindən biri isə gec-tez özünü başqalarından zəif hiss etməyə başlayır və incik düşür. Əsas qərarlar onsuz qəbul olunur. Bundan başqa üç nəfər bir yerdə işlədikdə hər bir iştirakçının alınan nəticələrdə iştirakını ifadə etmək çətin olur.
“Qoy həmişə sizi xilas edə bilən adamınız olsun”
Siz dövrünüzü qabaqlamağa çalışdıqda özünüzə çox şey götürdüyünüzü hesab edən adamları daim olaraq qıcıqlandıracaqsınız. Onlar sizin uğursuzluqlarınıza sevinəcəklər, hesab edəcəklər ki, tale sizi haqlı olaraq cəzalandırır. Bəzən onlar yalnız özlərini o anda göstərirlər ki, siz fəlakətə uğrayırsınız. Sizə təqaüd və ya qrant verilməsini uzatmaq haqqında onların qərarlarından biləcəksiniz ki, siz onlardan necə asılısınız. Odur ki, təsir gücünə malik olanlardan (valideynlərinizdən başqa) kimlərin sizin tərəfinizdə olmasını həmişə bilməyiniz yaxşıdır.
“Mühazirələrdə öz tədqiqatlarınızdan danışın”
“Tələbələrdən söylənilən faktlardan uzağı görməyi tələb edin”
Bacarıqlı tələbələrdən yalnız digərlərindən öyrəndikləri faktları və ya ideyaları sizə söyləməyi tələb etsəniz bu onları auditoriyadan kənardakı həyata hazırlamır.
“Tələbələrinizi sizin mütəxəssis olmadığınız predmetləri mənimsəməyə görə mükafatlandırın”.
Tələbələrin hamısı sərbəstliyə can atır. Gələcəkdə inkişaf etmək üçün onları bu sərbəstliyə hazırlamağın ən yaxşı üsulu lazım olan yaxın fənlər və texnologiyalarla tanışlıq üçün onlara imkanların verilməsidir.
“Heç vaxt imkan verməyin ki, tələbələriniz özlərini laborant hiss etsinlər”.
Tələbələrinizə sizin maraqlandığınız mövzu üzrə gələcəkdə dissertasiya mövzusu vermək məqsədə uyğundur. Eyni zamanda heç cür imkan vermək olmaz ki, onlar sizin karyeranız üçün işlədiklərini hiss etsinlər. Tələbələr gördükləri işlərin hər şeydən əvvəl onların öz xidmətləri kimi qeyd olunacağına əmin olduqda daha yaxşı çalışırlar.
Ceyms Uotson qeyd edir ki, tələbə onun laboratoriyasına gəldikdən bir və ya iki ay sonra onun işinə hər gün etdiyi nəzarəti dayandırır. “Mən imkan verirəm ki, tələbə, öz tempində işləsin və mənim kabinetimə yalnız onun nəsə göstərə biləcəyi halda gəlsin.” Əgər tələbə işlədiyi laboratoriyada məzmunlu seminar keçirə bilirsə, bu o deməkdir ki, o, artıq sərbəst işləməyə öyrənib.
Uğursuz olsa idi, istirahət günü işə gəlməzdiniz”.
“Elm ünsiyyət tələb edir”.
Siz məktəbdə oxuyarkən digərləri ilə ünsiyyətdə olmadan faktları və ideyaları öyrənməkdə uğur qazana bilərsiniz. Amma, elm aləminə düşdükdən sonra bu sferalar qarışır və təkcə sizin istirahətinizin keyfiyyəti yox, həm də peşə uğurlarınız tələb edir ki, siz başqalarının təkcə elmi işlərini yox, həm də şəxsi keyfiyyətlərini də qiymətləndirə biləsiniz. Qeybət etmək hamıya, o cümlədən alimlərə də xasdır, yenilikləri bilməmək isə qolları bağlı işləmək deməkdir.
Elmi karyeranın başlanğıcında digər laboratoriyaların necə işlədiyinə diqqət yetirmək həm də bu və ya digər nəticənin interpretasiyası haqqında digərləri ilə söhbət etmək xüsusilə əhəmiyyətlidir. Yeni başlayanların öz həmkarlarını rəqib görməsi tamamilə təbiidir. Bu xüsusi halda lazımdır. Siz öz həmkarlarınızı nə qədər yaxşı tanısanız bir o qədər öz kökə payınızı götürmək şansınız çoxalar.
Ceyms Uotson yazır:
“Harvardda ümumi uğura inam naminə əmək haqqı ciddi rəqiblərinkindən daha yüksək olmalıdır. Ulduzları cəlb etmək üçün ulduz əmək haqqı vermək lazımdır. Yaxşı alimlər artıq Harvarddan ona görə getmirlər ki, heç kim elmə varlanmaq üçün gəlmir.
Elmin horizont kənarına çıxarılması üçün yaxşı ağılları toplamaq lazımdır. Və onlara imkan vermək lazımdır ki, yaxşı ağıllar təbii yolla etmək istədiklərini etsinlər, başqa sözlə öz dövrlərinin ən cəlbedici məsələlərini həll etsinlər. Belə ağıllar qaçılmaz olaraq özlərinə oxşarları cəlb edəcəklər və yerdə qalanlar özü-özünə çıxdaş olacaq”.
“Əgər seminarın mövzusu sizin üçün maraqlıdırsa, birinci sırada oturun”.
Sizə maraqlı olan seminarlardan fayda götürməyin ən yaxşı yolu birinci sırada oturmaqdır. Əgər sizin üçün darıxdırıcı deyilsə, onda hamının gözü qarşısında yuxulayıb pis vəziyyətə düşməyə risk etmirsiniz. Birinci sırada oturduqda seminarı aparanın fikirlərinin gedişini izləyə bilməsəniz, hər zaman onu dayandırıb nəsə soruşa bilərsiniz. Çox böyük ehtimalla təkcə siz mühakimələrin ip ucunu itirmirsiniz. Sizin sualınız seminarı aparanın nəsə əhəmiyyətli bir şey demək istəməsində hamıya kömək edə bilər. Sual vermək üçün seminarın sonunu gözləmək patoloji nəzakətlilik göstərmək deməkdir. Siz böyük ehtimalla mühakimələrin sapını harada itirdiyinizi unudacaqsınız və nəyisə başa düşmədiyiniz haqda sual verəcəksiniz. Əgər siz seminarın cansıxıcı olacağından şübhələnir, ancaq həm də onu buraxmağa risk etmirsinizsə, onda arxa sırada oturun.
“Yayın sonunda eksperimentlər aparmaq qeyri-təbiidir”.
Uzun iyun günlərinin yaratdığı eyforiya intensiv işləməyə və oynamağa imkan verir. Tamamilə eksperimentə həsr olunan gün erkən axşam softbol və ya voleybol oynamağa az da olsun mane olmur. Amma avqustun əvvəlində havanın qaralması şam yeməyi vaxtına düşür və saralmış yarpaqlar xatırlayır ki, payız uzaqda deyil. Bu zaman, suyun temperaturu hələ də artmaqda davam etdiyindən eksperiment aparmaq əvəzinə çimərliyə getmək daha ağıllı qərar ola bilər. Bu halda eksperimentlərin icrasını növbəti səhərə saxlamaq da olar. Avqustun son həftəsində elə uzaq və cəlbedici yerə getmək olar ki, iki və ya üç gün müddətində elm haqqında düşünməyi tam unudasan. Əgər özünüzə bir neçə həftə məzuniyyət götürsəniz bu, heç vaxt sizə ziyan gətirməz. Məzuniyyətin sonuna yaxın siz beyninizin kifayət qədər dincəldiyini hiss edəcəksiniz.
“Yeni jurnalın redaksiya heyətinin tərkibinə daxil olun”.
Çoxdan mövcud olan jurnalın redkollegiyasının tərkibi olduqca nadir hallarda dəyişir ki, yeni elmi istiqamətlərin tələblərinə cavab versin. Yeni istiqamət yeni düşüncə tərzi yaradır və yeni jurnal tələb edir. Keçmiş ilə yaşayan redaktorlar heç də həmişə elmdə yeniliyin qiymətini layiqincə verə bilmir və çox vaxt bilmir ki, rəy üçün kimə müraciət etsin.
“Böyük kəşflərin nəticələrini ləngimədən çap etdirin”.
“Səyahət elmi fəaliyyəti yaxşılaşdırır”.
Hansı mötəbər elmi müəssisədə işləməyinizdən asılı olmayaraq sizin ixtisasınız üçün əhəmiyyətli olan işlər böyük ehtimalla hardasa başqa yerdə də icra olunur. Digər auditoriyalar qarşısında çıxışlardan imtina etməklə siz öz gələcəyinizi zədələyirsiniz. Öz ərazinizdən kənara çıxmaqla siz bacarıqlı aspirantlar və digər elmə gəlmək üçün istedadlı adamlarla görüşə bilərsiniz və onları komandanıza dəvət etməklə birliyinizi gücləndirə bilərsiniz.
“Həyata keçməsi möcüzələr tələb edən layihələri müdafiə etməyin. Hətta onlar həyata keçirilsə belə verəcəkləri mənfəət məsrəflərdən az olacaq”.
“Mübahisəli məsələlərə aid təkliflər siyasi müdaxilə tələb edir”
“Ərazini gəzin”
Sizin əməkdaşlarınız qarşıya çıxan problemləri sizə çatdırmaq üçün kabinetinizə nadir hallarda gəlirlər. Dəhşətli həqiqət sizə o vaxt məlum olacaq ki, artıq “ağacın budağı” qırılır. Qabaqda olmaq üçün hər günün bir hissəsini əraziyə baxışla keçirmək vacibdir. Bu sizə laboratoriyada vəzifə pillələrində yüksək yer tutmayan əməkdaşlarla görüşmək və onlara işlədikləri üçün gülümsəmək və ya razılıq sözləri ilə təşəkkür etmək imkanı verəcək. Həmçinin laboratoriyalara axşamlar və istirahət günləri də baş çəkmək əhəmiyyətlidir. Yalnız adi günlərdə və ya gündüz saatlarında iş aparılan laboratoriyalara baş çəkmək güman ki, faydasızdır. Əksinə şənbə günü gündüz laboratoriya masası arxasında çalışan işçi orada vaxtını keçirmək üçün durmur.
“Mümkün olduqca daha çox səlahiyyətləri başqalarına həvalə edin”
Administratorlar da alimlər kimi öz işlərini sakit qaydada daha yaxşı icra edir.
“İstənilən idarə ya irəli və ya da geri gedir”
Aparıcı elmi müəssisəyə rəhbərlik boş dayanmağı tələb etmir. Yeni ideyaları və texnologiyaları tez istifadə etmək lazımdır ki, digər yerlərdə çalışan alimlər sizin əməkdaşlarınızın edəcəyi təcrübələri onlardan daha tez edə bilməsinlər. Uğur avtomatik olaraq yeni əməkdaşlara və avadanlıqlara tələbat yaradır ki, bunun üçün çox vaxt yeni binalar tikmək lazım gəlir. Əgər siz çox az hallarda irəli hərəkət edirsinizsə yeni elmi sıçrayışların bir qismi digərlərinə qismət olacaq. Aparıcı əməkdaşlarınızın bir qismi isə digər yerlərə işləməyə keçəcək. Elmdə də idmanda olduğu kimi mövsümün sonunda, yaxud bir il qabaq kimin çempion olması əhəmiyyətli deyil. Odur ki, özünüzə iş yeri seçərkən sentimental olmayın və bunu digər alimlərdən də gözləməyin. Gəmi ilə birgə batmaq ağılsızlıqdır.
Yazı Millət vəkili Etibar Əliyevin “Yeni təhsil, tərbiyə və elm ontologiyası” kitabından götürülüb.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO